Ev Bədii Ənvər Rza – Kəlbəcərə gedən yollar

Ənvər Rza – Kəlbəcərə gedən yollar

573

Kəlbəcərə gedən yollar

Kəlbəcərə gedən yollar
Yazda əriş-arğac olur
Kəlbəcərə gedə yollar.
Köçdə örüş, arxac olur

Cürət yeyib, tər üyüdür;
Dağ nənnisi, yürüyüdür.
Dəlidağın hörüyüdür
Kəlbəcərə gedən yollar.

Tələsəni salar bəndə,
Haçalanar neçə kəndə.
Düşməni azdırar çəndə
Kəlbəcərə gedən yollar.

Bu nə əsrar, bu nə fənddir?
Göy üzündə daş kəmənddir.
Şəmşir yazan gıfılbənddir
Kəlbəcərə gedən yollar.

Min bulaqdan içib gedir,
Qayaları biçib gedir.
Ürəyimdən keçib gedir
Kəlbəcərə gedən yollar.

Nə yaxşı görüşdük, nə yaxşı yenə

Kəndin hər nemətdən yenə var payı–
Qayanın kəkotu, dağın qar payı…
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxş görüşdük, nə yaxşı yenə.

Xəyalım buludtək burdan ötəndir,
Soruş “Saçındakı bu dən nə dəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng bağçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da “yehərləyib” mindiyim boz daş…
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər
Meyl edər yarpıza, umaca Ənvər!
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!
1979

Dağlara

Ayağında bir balaca yer verə,
Başmaq olam, dolaq olam dağlara.
Ya da çəkib sinəsində cücərdə,
Palıd olam, qovaq olam dağlara.

Yaddaşımı xatirələr kötəklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.

Çaşqın dövran əməlini azdımı?
Daş kitaba qanla tarix yazdımı?
Kövrəltmərəm, özcə dərdi azdımı,
Bir yandan da mən dağ olam dağlara?!

Dağlar oğlu, dağa qoyma yağını!
Aldatdılar, uzaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını–
Ay batanda çıraq olam dağlara.

Könül, eylə duyduğunu saf-çürük.
Bu dağlardan ayrı keçən ömür–yük.
Bir yer versin balasına ömürlük,
İstəmirəm qonaq olam dağlara
1985

Gəlmişəm

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yaza nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.

Susuz yurdum, tək məcməyi, tək sini
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.

Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağına sürünür.
Ata yurdu, qardaş yeri görünür,
Bir doyunca ağlamağa gəlmişəm.

Naxış olub biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,
Dağ çayıyam, çağlamağa gəlmişəm.

Tut qolumdan

Səhər-səhər qismətə bax, bəxtə bax,
Qarşılaşdıq çiçək fəsli, sakit bağ!
Nəfəs nərgiz,qamət çinar, əl zambaq,
Gözlərdəki bir tilsimli nağıldı,
Tut qolumdan, huş başımdan dağıldı!

İsmətindən yanağına al düşdü,
Meh tərpəndi, sinən üstə şal düşdü,
Ürəyimə xalın boyda xal düşdü,
Axan sular gözlərimdən sağıldı…
Tut qolumdan, huş başımdan dağıldı!

Tamaşadı saçlarının pırpızı,
Utandırdın bənövşəni, yarpızı.
Görən deyir: bu yerlərin gül qızı,
Duyğusuzdu, insafsızdı, paxıldı,
Tut qolumdan, huş başımdan dağıldı!

Düşdü

Qızlar keçdi qatar-qatar,
Cavanlığım yada düşdü.
Mən ki bulaq başındayam,
Canım niyə oda düşdü?

Vurğun könül bənddir himə,
Kirpik–qarmaq, qaşlar–qəmə.
Mənim dəniz ürəyimə
Həsrət adlı ada düşdü.

Baxışımdan kim şəkləndi?–
Baxışları şimşəkləndi.
Hərə bir yana təkləndi–
Çəmənlərə buta düşdü.

Biri qaldı baxa-baxa
Qırov qonmuş saça, bığa.
Ümüdüm dşndü yarpağa,
Bir meh əsdi, oda düşdü.

Zirvələrdən bac almışam,
Şahdağından tac almışam.
Ənvər dedi: Qocalmışam?
Yaylaqlara səda düşdü.
1979

Görüşdük, xəyalmı bu?

Qoşun çəkər həsrətin
Ürəyimin başıyla.
Getdi, vüsal baharım,
Qaldım hicran qışıyla.

Ötüb keçdin köç kimi,
Yıxdın könül köşkümü.
Zalım qızı, eşqimi
Ölçdün üzük qaşıyla.

Güləndə də ağladım,
Qəmlə ülfət bağladım.
Küsdüm, küsü saxladım
Sizin bağın quşuyla.

Yazıldı qəlbə dağın
Min dərdi qəlbi dağın.
Bilmirdim, qəlb otağın
Hörülübmüş daşıyla.

Görüşdük, xəyalmı bu?
Yoxsa şirin bir yuxu?
Gözünün yaşını yu,
Yu, gözümün yaşıyla

Nahaq ağladın, nahaq

Gözlərinin seliylə
Kədərə atdın məni.
Nahaq ağlatdın, nahaq,
Nahaq ağlatdın məni.
İçin-için hönkürüb
Kölgəsində söyüdün
Bəxtini qarğıyırdın,
Taleyini söyürdün.
Ürəyimi ovlayıb,
Yoldan saxlatdın məni,
Nahaq ağlatdın, nahaq.
Nahaq ağlatdın məni.

Nəşə, fərəh bir anda
Gözlərimdən soğuldu.
Ağlar-ağlar misralar
Ürəyimdə doğuldu.
Həsrətə fürsət verib
Nahaq oxlatdın məni.
Nahaq ağlatdın, nahaq,
Nahaq ağlatdın məni.

Qəlbinin qəm dağını
Fərhad olub çapardım.
Getdim, fəqət özümlə
Bir dünya qəm apardım.
Dərddən ocaq qalayıb,
Ocağa çatdın məni.
Nahaq ağlatdın, nahaq,
Nahaq ağlatdın məni.

Qayıdanda istədim
Ordan xəlvət ötüm mən,
Gördüm söyüd məst olub
Şirin gülüşlərindən.
Sən güldün, mən də güldüm;
Qəmi qəlbdən kürüdüm.
Bu ağlayan şeirimi
Bəs mən necə kiridim?!
1983

Əlim ayrılmasın kaş əllərindən

Mənim qoca anam, ağbirçək anam,
Kövrək baxışların sozaltdı məni.
Döndüm nəzərində fərəh dağına,
Gözlərin qəlbinə boşaltdı məni.

Daddım yavan çörək, aş, əllərindən,
Əlim ayrılmasın kaş əllərindən.
Sənin göy damarlı daş əllərindən
Əyilib öpməyim ucaltdı məni.

O şirin dilində təkcə, bircə mən,
Eşqin, məhəbbətin solmaz bir çəmən.
Anam, qocalmazdım ölən günəcən,
Sənin qocalmağın qocaltdı məni.
1979

Günahdır ha!

Ömrü gödək bi çəpərə
Barı demək günühdır ha!
Laləyə ağ, bənövşəyə
Sarı demək günühdır ha!

Bir məbəddir eşqi adı,
Çox nadanı eşq qınadı.
Hər atəşə eşqin odu,
Qoru demək günühdır ha!

Sözü söylə söz qanana —
Çəkilməsin söx qınına.
Gül üstünə hər qonana
Arı demək günühdır ha!

Çox borcluyuq biz əllərə,
İllər salar iz əllərə.
Yaşı ötmüş gözəllərə
Qarı demək günühdır ha!

Boran isti, ocaq sərin,
Dərə hündür, təpə dərin,
Hər ağ saça zirvələrin
Qarı demək günühdır ha!

Payız əllərinə xına yaxacaq

Bu sənsiz ömrümün sənli günləri
Kişnəyər sinəmdə səssiz-səmirsiz.
Bu sənsiz ömrümün çənli günləri
Dolanar səmərsiz, keçər səmərsiz.

Bu bahar mən deyən bahardan deyil,
Yolumda o həsrət toxumu əkdi.
Gözümün yaşından içib, bu nisgil
Payızda sinəmdə göyərəcəkdi.

Ümüd–ciliklənmiş zərif bir şüşə,
Ot basmış cığırda qoşa iz itib.
Kolların dibində nərgiz, bənövşə,
O şümşad barmaqda bi üzük bitib.

Bu payız əlinə xına yaxacaq,
“Vağzalı” düşəcək sümüklərinə.
Mənsə göz yaşımı mağardan uzaq
Çəkərəm başıma vüsal yerinə…
1982

Qoşalaşdıq

Qoşalaşdıq bi cüt qoşa göz kimi,
Yuva qurduq, isindirdik köz kimi,
Şirinləşdik dodaqlarda söz kimi.
Küsülülər bizi görüb barışır,
Adət olub-yaxın dostlar, tanışlar
Səni məndən, məni səndən soruşur.

Eşqimizdən hicran qorxar, lal olar;
Bu sevdamız nağıllaşar,bal olar.
Evimizdə şirin-şəkər balalar
Qaqqıldaçıb bir-birinə qarışar
Səni məndən, məni səndən soruşur.

Gül açıram bu günümü mən görüb,
Qonum-qonşu bizi hər vaxt şən görüb.
Gəl qəmlənmə saçlarında dən görüb–
Ağ saçların ağ günümə yaraşır.
Qəribədir, doğma atan, anan da
Səni məndən, məni səndən soruşur.
1983

Yollar haçalanır

Mən səndən ayrıldım yenə bu axşam,
Göylər gör necə də çılçıraqlıdır.
Yolun ortasında tək dayanmışam,
Yol da ağac kimi qol-budaqlıdır.

Şirin arzularım, xoş diləyin var,
Hələ bu həyatdan kam almamışam.
Bəs niyə ayırır bizi bu yollar?
Mən ki, sənsiz olub, tək qalmamışam!

Ürəyim şam kimi alışıb burda,
Qayit təsəlli ver, barı, yanmasın.
Yollar birləşər də, haçalanar da,
Çalış məhəbbətin haçalanmasın!

Gözlərinə göz dəyər

(Mahnı)

Səni görüb dayanmışam nitdi lal,
Süzgün baxma, kirpiyini yavaş çal.
Gözlərinin qarşısında, ay maral,
Təkcə mən yox, hər kim olsa, baş əyər,
Elə baxma, gözlərinə göz dəyər.

Dikilibdir təkcə sənə gözlərim,
Sanki baxır aya, günə gözlərim,
Vurulubdur gözlərinə gözlərim.
Məhəbbətin ilk sözünü göz deyər,
Elə baxma, gözlərinə göz dəyər.

Qoşa gəzək bu çəməni, bu dağı,
Çiçəklənsin eşqimizin növrağı,
Gözlərindir məhəbbətin çırağı
Şölələnib ömrümə nur çiləyər.
Elə baxma, gözlərinə göz dəyər.
1981

Tural Adışirinin təqdimatında