Əbdürrəhim bəy Haqverdiyev 1906-cı ilin noyabr ayında “Molla Nəsrəddin”in sorağı ilə Rusiyadan Tiflisə gəlir. Əbdürrəhim bəy xatirələrində yazır ki, “bir qədər mehmanxanada rahat olduqdan sonra birbaş “Molla Nəsrəddin” idarəsinə getdim”.
Əbdürrəhim bəy “Odissey kompleksinə” malik yazıçıdır. Odissey kimi, yerdəyişmə onun taleyinə yazılmışdı. Mehmanxana da evdir, amma müvəqqəti evdir, “özgə dünya”nın bir hissəsidir. Əbdürrəhim bəyin qəhrəmanları da sanki evdə yox, mehmanxanada rahatlıq tapırlar. Bəlkə ona görə də mehmanxanalarda qalmağı sevirdi…
Əbdürrəhim bəy “Ağa Məhəmməd Şah Qacar”ı yazanda İranda, bir müddət mehmanxanada da qalmalı olur.
1919-cu ildə Müsavat hökuməti göndərişi ilə Dağıstana gələndə öncə mehmanxanaya gedir…
Şuşa onun yaddaşında “uca dağ başında” böyük bir mehmanxanaya dönmüşdü. Mehmanxana metaforası bəlkə bu uşaqlığının travması ilə bağlıydı: anası atasının ölümündən sonra başqa ərə gedir. Balaca Əbdürrəhimə əmisigildə göz verib, işıq vermirlər. Biçarə uşaq əzablara dözməyib anasının yanına qayıdır…
Onun bioqrafiyası “mehmanxana mətni”ndən ibarətdir.
Onun bədii süjetlərinin əsas xronotopunu da mehmanxana təşkil edir, süjetlərdə mənayaradıcı məkandır. Mehmanxana yeganə yerdir ki, qəhrəman öz mehmanxana sərgüzəştlərinin tarixini, keçən günləri ardıcıllıqla danışa bilir. Qəza ispalkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov” üç min manat cibimə pul qoyub Tiflisə varid olub birbaş “Oriyant” mehmanxanasına getməsini xatırlayır. (“Keçmiş günlər”). Bütün yollar onun “marallar”ını mehmanxanaya aparır. Ona görə də “bir baş” zərfini çox işlədir.
Şeyx Şabanın, Mirzə Səfərin, qoca tarzənin evində həmişə bir fanilik, müvəqqətilik rüzgarı dolaşır. “Röya” hekayəsində “Dərbənd” mehmanxanası qoca acar Süleyman əfəndinin mənzili olur.
Dramlarında hadisələr otaqlarda cərəyan edir. Bu otaqlar sanki mehmanxana nömrələridir. Ağa Məhəmməd şah Qacar Şuşada xan evində qalır və bura da onun son mənzili olur…
Onun personajları hansı şəhərə gedirlərsə, öncə mehmanxananın yerini soruşurlar. Mozalan bəyin səyahətinin əsas “marşurutu” mehmanxanalardan keçir. Onun Gəncə səyahəti “Tehran” mehmanxanasından başlayır.
“Müsəlman qəstinləri” əyalət şəhərlərinin ayrılmaz hissəsidir, vizit kartıdır. Şəhərlə tanışlıq mehmanxanadan başlayır: “Çox gözəl müsəlman qəsdin”ləri var. “İstanbul”, “Tehran”, “Parij” yaxşı əla nömrələr, əla xörəklər, çox rahat olarsınız” (“Mozalan bəyin səyahətnaməsi”). “Əla nömrələr”, “göyçək nömrələr” bu mehmanxanaların reklam epitetləridir.
Gəncədə mehmanxana biznesi ilə məşğul olan Seyid Bala onunla öyünür ki, onun mehmanxanasında, “nömrələrdə qumar oynanmır, cavanlar yığılıb kef eləmirlər. Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram, müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər”. “Müsəlman qəstinləri” əla xörəkləri ilə tanınırsa, “Rusiya nömrələrinin samovarına söz ola bilməz”.
Qəhrəmanlarının canındakı macəra-sərgüzəşt instinkti, cismani ehtirasları, erotik xülyaları yalnız “yad məkanlarda” – mehmanxana nömrələrində gerçəkləşə bilir. Mehmanxana kələkbazlıq və gopçuluq üçün ən əlverişli məkandır.
Tiflis “qəstin”ləri zəngin, varlı bəylərin eyş-işrət yeridir. “Dördü bir yerdə olanda Tiflis qəstinlərində sürdükləri kefdən bir-birinə söyləyənlər” (“Xortdanın cəhənnəm məktubları”).
İranlı Mərdudqulu xanın Tiflisdə bir nömrədə başı bir xanımla kefə necə qarışırsa, gecə var-yoxunu oğurlayırlar, bircə papağına toxunmurlar.
Keçmiş günlərin nostaljisi onların yaddaşını rahat buraxmır. “Budur, neçə ildir ha çalışıram ki, heç olmasa, gedim gendən də olsa o kef çəkdiyim mehmanxanalara tamaşa eləyim”.
Ən maraqlı hadisələr mehmanxana tarixçələridir: “Axşam saat səkkizdə, gecə paltomun boynunu yuxarı qovzayıb, papağımı gözlərimin üstünə basıb birbaş “Qryaznaya nömrəyə” rəvan oldum. Qapıçıdan soruşdum: “Filankəs mənzildədirmi?” Dedi: “Buyurun, mənzildədir” və cavab vermədən ikiqat baş əyib, iki barmağı ilə boynunun ardını qaşıdı. Boynun ardını qaşımaq bir zəbani-haldır. Bunun mənası budur ki, “buraya gəlib-gedəndə kasıb-kusubu unutma”.
Yazıçı əyalət həyatının absurdluğunu və məntiqsizliyini təsvir edərkən sarkazmından qalmır. Qərvənddəki mehmanxananın qəribəliyi ondadır ki, nömrələrin yolu yoxdur. Səbəbini belə izah edirlər: “Burada oğru-əyri çox olduğundan müştəriləri nərdivanla çıxardıb sonra nərdivanı götürürük”. Bu mehmanxananın bir pəncərəsi də süşəsizdir. Səbəbi də budur ki, pəncərə olanda ditdili və milçək çıxmağa yol tapmır.
Rusiya mehmanxanalarının vəziyyəti ürəkaçan deyil, “rütubət qoxusu nömrələrin zinətidir…” Əbdürrəhimbəyin rus mehmanxanalarının bir xoşagəlməz detalını da qeyd edir: “Rusiya nömrələrində həşaratül-ərzdən hər nə istəsən tapılar: birə, taxtabiti, siçan, tarakan deyilən bir növ dozanqurdu ki, adına bizim kəndlərdə “qara fatma” deyirlər…”
Bu təsvir Qoqolun “Ölü canlar”ında bir bənzətməni xatırlatdı: “Qara gavalı kimi görünən tarakanlar”.
“Mehmanxana” obrazı Ə.Haqverdiyevdə (M.Cəlildə də!) xalqın, toplumun metaforasıdır. Yadınızdadırsa, Mirzə Cəlilin “Nigarançılıq” hekayəsi belə başlayır: “Tiflisdə “İslamiyyə” mehmanxanasının üçüncü nömrəsinə iki nəfər müsafir düşmüşdü, ikisi də naxçıvanlı idi…
Həmin gün mehmanxanaya bir nəfər də gəldi düşdü, bu da şirvanlı Məşədi Məmmədbağır idi ki, özgə nömrələrdə yer olmadığından qabaqkı məşədilərin razılığı ilə həmin üçüncü nömrəyə bir kravat qoydurdu, bunlara yoldaş oldu”.
Əbdürrəhim bəydə isə “İnsafiyyə” mehmanxanasının sahibi altı nəfər iranlını bir nömrədə yerləşdirir (“Həmşəri pasportu”). Göründüyü kimi, metafora hekayəni pritçaya çevirmək gücündədir…
“Ədəbiyyat” qəzeti