Ev Xəbərlər Əkbər Qoşalının şeirləri udmurt ədəbi dərgisində…

Əkbər Qoşalının şeirləri udmurt ədəbi dərgisində…

424

İjevskdə nəşr olunan nüfuzlu udmurt ədəbi jurnalı “Keneş”in bu ilki IV nömrəsində Azərbaycan şairi Əkbər Qoşalının şeirləri dərc olunub. Jurnalın baş redaktoru Anastasiya Şumilova həmkarını 50 yaşı münasibətilə təbrik edib.

Dilimizvarlığımız.az xəbər verir ki, Əkbər Qoşalının şeirlərinin udmurt dilinə tərcüməsini Udmurtiyanın Xalq şairi Vyaçeslav Ar-Sergi edib.

Azərbaycan şairinin şeirlərinə giriş sözü də ona məxsusdur. Burada o, Saxa-Yakutiyada, ünlü Saxa şairi Semyon Danilovun xatirəsinə həsr olunmuş “Böyük qarın kəraməti” Poeziya festivalında Əkbər Qoşalı ilə yaxından tanışlığından, yol yoldaşı olmasında danışıb.

Vyaçeslav Ar-Sergi yazır: “Əkbər Qoşalının yaradıcılığında poetik yeniliklər faktı Azərbaycanın tərcümeyi-halı ilə, sağlam ədəbi ənənələrlə ustalıqla – üzvi surətdə bağlanıb. Şair Əkbər Qoşalının ədəbiyyatda yaxşı bu günü və əmin gələcəyi var”.

Tərcüməçi Azərbaycanlı yazarın poeziyasındakı özəl alqoritmi, ruhi-mənəvi enerjini oxucuya çatdırmaq üçün udmurt dilinin ən uyğun ifadə vasitələrini tapmağı bacarıb.

Onu da vurğulayaq ki, Vyaçeslav Ar-Sergi Azərbaycan ədəbiyyatının udmurtcaya, ruscaya çevrilməsinə böyük diqqət yetirir.

Udmurt oxucuları onun sayəsində Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını, Xalq şairi Sabir Rüstəmxanlının şeirlərini öz ana dilində oxuyur. Öz növbəsində Azərbaycan ədəbi nəşrləri onun şeirlərini, nəsr əsərlərini çap edib. Vyaçeslav Ar-Seginin yaradıcılıq örnəklərini azərbaycancaya Siyavuş Məmmədzadə və Məmməd Oruc çevirib.