Ev Bədii Əlişir Nəvayi mədəniyyət və ədəbiyyatımızın parlaq simasıdır- MÜSAHİBƏ

Əlişir Nəvayi mədəniyyət və ədəbiyyatımızın parlaq simasıdır- MÜSAHİBƏ

422

– Sizdə özbək ədəbiyyatına maraq necə yarandı?

– İlk gənclik illərindən bəri məndə qardaş Özbəkistana qarşı dərin bir sevgi yaranmışdı. Bu, rus yazıçısı Sergey Botrodinin “Səmərqənd ulduzları” trilogiyası, məşhur özbək sənətkarları Pirimqul Qədirovun “Ulduzlu gecələr” və Adil Yaqubovun “Uluğbəyin xəzinələri” romanlarının təsiri altında daha da güclənmişdi. Sonra tale elə gətirdi ki, Özbəkistan mövzusu mənim həyatıma möhkəm şəkildə daxil oldu.

Uzun illər jurnalist kimi fəaliyyət göstərdikdən sonra 2002-ci ildə mən Bakı Dövlət Universiteti bədii tərcümə laboratoriyasının müdiri oldum, daha sonra türk xalqları ədəbiyyatı və türkologiya kafedralarının müdiri seçildum. Bu zaman tədris və tədqiqat sahəsində böyük çatışmazlıqlar olduğunu gördüm. Bu daha çox tərcümə məsələləri ilə bağlı idi. Məsələn, özbək şairlərinin yaradıcılığı tədris olunurdu, ancaq onların əsərləri dilimizdə yox idi. Mən bu problemin həlli ilə intensiv şəkildə məşğul olmağa başladım.

– Məhz hardan başladınız?

– İlk iş olaraq 2009-cu ildə “XX əsr özbək şeiri antologiyası” kitabını tərcümə edərək çapdan buraxdım. Həcmcə kiçik olan bu kitabda 50 özbək şairinin, o cümlədən Çolpan, Elbək, Batu, Qafur Qulam, Aybek, Uyğun, Maqsud Şeyxzadə, Həmid Alimcan, Zülfiyyə, Erkin Vahidov, Abdulla Arifov və başqa ədiblərin qısa bioqrafiyası və şeirlərindən nümunələr var idi.

2011-ci ildə bu tərcüməni türk tarixinin nadir şəxsiyyəti, qılınc və qələm sərkərdəsi Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri” və məşhur “Baburnamə”si izlədi. “Baburnamə”nin miniatürlü nəfis nəşri oxucuların böyük sevincinə səbəb oldu. Şairin “Seçilmiş əsərləri”nə onun 500 dən çox qəzəli, məsnəvisi, rübaisi, müəmması, qitəsi, tuyuğu, mətləsi və digər janrlarda şeirləri daxil idi. Əlavə olaraq, Baburun dini mövzuda yazdığı „Etiqadiyyə” risaləsi və tərcümə etdiyi „Risaleyi-validiyyə” əsəri də kitaba salınmışdı.

Yenə həmin ildə məşhur şair və hökmdar Sultan Hüseyn Bayqaranın “Divan”ını da ədəbi ictimaiyyətə təqdim etdim. Bu kitab da oxucular tərəfindən eyni rəğbətlə qarşılandı. Sonra başım başqa işlərə qarışdı və on il özbək ədəbiyyatı ilə məşğul ola bilmədim. Ancaq Nəvayini tərcümə etmək düşüncəsi məni rahat buraxmırdı. Doğrusu, əvvəlcə bu məsuliyyətli işin altına girməyə ehtiyat edirdim.

– Ramiz müəllim, bəs bu qorxu hissini necə dəf etdiniz?

– 5 fevral 2018-ci il mənim elmi bioqrafiyamda mühüm yer tutur. Həmin gün mən Əlişir Nəvayinin 577-ci ildönümünə həsr olunmuş konfransda iştirak edirdim. Tədbir dahi sənətkarın adını daşıyan Nəvayi şəhərində keçirilirdi. Orada mənə və bir neçə alimə “Nəvayi şəhərinin fəxri vətəndaşı” adı verildi. Mən də orada söz verdim ki, Nəvayinin “xəmsə”sini ana dilimizə tərcümə edəcəyəm. Bakıya qayıdan kimi Nəvayinin “xəmsə”sinin tərcüməsinə girişdim. Əvvəlcə “Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “Leyli və Məcnun” dastanlarını tərcümə elədim. Sonra digər poemalar üzrə tədqiqatlar aparmağa başladım. 2020-ci ildə “Əlişir Nəvayi və onun xəmsəsi” adlı tədqiqat əsərim çapdan çıxdı. Burada dahi şairin “xəmsə”si haqqında yazdığım məqalələr toplanmışdır. Bunun ardınca özbəkcədən çevirdiyim əsərlərə yazdığım ön sözlərin yer aldığı “Özbək ədəbiyyatı tədqiqatları” adlı kitabım işıq üzü gördü. 2021-ci ildə bu iki kitabı tanınmış tərcüman Şəhla xanım Qasımova özbək dilinə çevirdi və onlar Daşkənddə nəşr olundu.

– Sizdə Nəvayinin əsərləri əvvəllər tərcümə edilməmişdi?

– Edilmişdi. Müxtəlif illərdə onun Bakıda “Fərhad və Şirin”, “Yeddi səyyarə”, “Seçilmiş əsərləri”, “Seçilmiş şeirləri” işıq üzü görmüşdü. Ancaq şairin  poemalarını sözün həqiqi mənasında tərcümə adlandırmaq çətindir. Bunlarda əruz, rədif və qafiyə sistemi qorunmamış, beytlər mənaya görə heca vəznində verilmişdi. 2020-ci ilə qədər Nəvayinin “Heyrət ül-əbrar”, “Leyli və Məcnun” və “Səddi İskəndəri” poemaları və risalələri ana dilimizə ümumən çevrilməmişdi. Azərbaycan filologiyası üçün ciddi nöqsan sayılan bu çatışmazlıqlar şairin 580 illik yubileyi ərəfəsində aradan qaldırıldı. Mən son dörd il ərzində onun xəmsəsinə daxil olan beş möhtəşəm poemanı, o cümlədən “Heyrət ül-əbrar”, “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Səbbayi səyyar” və “Səddi İskəndəri” dastanını tam həcmdə, həm də orijinala uyğun şəkildə tərcümə edib çapdan buraxdım. Bu poemaların hər birinə geniş müqəddimə, izah və şərhlər yazdım, lüğət tərtib elədim.

–  Ramiz müəllim, tərcümə prosesində hansı çətinliklərlə üzləşdiniz?

–  Qohum dillər arasında tərcümə həmişə çətin olur. Özbək dili türk dillərinin karluq, bizim dilimiz oğuz qrupuna aiddir. Burada bəzi mühüm fərqlər var ki, əruz vəzni ilə yazılmış əsərlərin tərcüməsində çətinliklər yaradır. Məsələn, ismin yeddi halından altısında fərq var. “Ev” sözünü götürək: bizdə “evin”, sizdə “uyning”, bizdə “evə”, sizdə “uyga”, bizdə “evi”, sizdə “uyni”. Son iki halda da fərq var: bizdə “evində”, sizdə “uyida”, bizdə “evindən”, sizdə “uyidan”. Bu zaman qapalı heca açıq hecaya, açıq heca qapalı hecaya keçir ki, nəticədə əruz pozulur. Başqa çətinliklər də var.

–  Nəvayi ilə bağlı daha nə işlər gördünüz?

– Nəvayinin nəzm və nəsrlə qarışıq şəkildə yazılmış bəzi risalələrini də tərcümə etməklə onun yaradıcılığı haqqında dolğun təsəvvür yaratmaq lazım idi. Bu məqsədlə şairin ən böyük risaləsi olan “Məhbub ül-qülub”u ayrıca kitab halında tərcümə etdim. Bundan sonra Nəvayinin “Risaleyi-tiyr əndaxtən”, “Haləti-Seyid Həsən Ərdəşir”, “Haləti-Pəhləvan Məhəmməd”, “Minacat” və “Məhbub ül-qülub” adlı əsərlərini ehtiva edən “Beş risalə” kitabını çap elədim.

Azərbaycanca “xəmsə”nin tirajının az olduğunu nəzərə alaraq hər poemadan müəyyən qədər götürməklə Nəvayinin “Əsərləri”ni və “Seçilmiş əsərləri”ni ayrı cildlər halında nəşr etdim ki, daha çox oxucuya çatsın.

Yubiley ilində “Əlişir Nəvayi: şəxsiyyəti və sənəti” və “Əlişir Nəvayinin lirikası” adlı iki tədqiqat əsəri də yazıb nəşr etdirdim.

– Ramiz müəllim, bütün bunlardan sonra Əlişir Nəvayinin türk, Şərq və dünya ədəbiyyatındakı yerini necə müəyyən etmək olar?

– Nəvayi türk dünyasının ən böyük şairidir. Əsərlərinin sayı, həcmi, bədii səviyyəsi, ideyası baxımından ona bərabər ikinci bir sənətkar yoxdur. O, türk xalqlarının mədəniyyət və ədəbiyyat tarixində müstəsna şəxsiyyətdir. Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi və Əbdürrəhman Cami kimi xəmsənəvislərdən sonra Nəvayi “Xəmsə” yazan misilsiz dühadır. Həm də xələflərindən fərqli olaraq öz “xəmsə”sini türkcə yaratmışdır. Halbuki bu dörd mütəfəkkirdən üçü (Nizami, Dəhləvi və Nəvayi) milliyətcə türk olduğu halda yalnız Nəvayi öz “Xəmsə”ni türkcə qələmə almışdır.

Əlişir Nəvayinin Şərq və dünya ədəbiyyatının ən böyük klassiklərindən biridir. İngilislər üçün Bayron, italyanlar üçün Dante, ruslar üçün Puşkin, farslar üçün Firdovsi, ərəblər üçün əl-Məəri nədirsə, özbəklər üçün də Nəvayi odur.

–  Ramiz müəllim, Özbəkistanda sizin əməyinizə yüksək qiymət verilib…

–  Bəli. Mən hələ 2011-ci ildə Babur adına beynəlxalq mükafata layiq görülmüşəm. Daha sonra Nəvayi şəhərinin fəxri vətəndaşı və Daşkənddəki “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilmişəm. Özbəkistan Respublikasının  Prezidenti hörmətli cənab Şavqat Mirziyoyev məni ötən il Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinə verdiyi mühüm töhfəyə görə  “Dostlik” ordeni ilə təltif edib. Bundan başqa, Beynəlxalq Türk Akademiyası məni “Əlişir Nəvayi” adına qızıl medalla layiq görüb.

–  Əlişir Nəvayi yaradıcılığını öyrənmək, oxumaq və dərk etmək adama nə verir?

–  Nizaməddin Mir Əlişir Nəvayi ümumtürk ədəbiyyatının ən böyük, ən ulu şairidir. O bizim mədəniyyət və ədəbiyyatımızın ən nəhəng, ən parlaq simasıdır, üstəlik, ən müdrik dövlət və siyasət adamıdır. Başqa sözlə, onun həyatı və yaradıcılığı bizim üçün əsil həyat məktəbidir. O, fiziki, cismani mənada cəmisi 60 il yaşayıb, mənəvi həyatı isə 520 ildir davam edir. O, hələ uzun əsrlər boyu bizim müasirimiz olacaq, bizi öz ölməz sənəti ilə tərbiyə edəcək… Nəvayi kimi dahi şairin və mütəfəkkirin əsərlərini dərindən mütaliə edib öyrənən oxucu əsil mənəvi kamilliyə çata bilər.

– Xalqlarımız və ölkələrimiz arasında mədəni əlaqələrin mahiyyəti barədə qısaca nə demək mümkündür?

– Hər şeydən əvvəl onu deyim ki, bu əlaqələrin tarixi çox qədimdir. İkincisi, Azərbaycan və özbək xalqlarının əlaqələri ümumi tarixi-mədəni və ictimai-siyasi yaxınlıq və etnik qohumluqla şərtlənir. Azərbaycanla Özbəkistan qanı, canı, dili, dini, mədəniyyəti bir olan iki qardaş xalqdır.

– Ramiz müəllim, ədəbi əlaqələrimiz haqqında yənə nə demək olar?

– Bizim ədəbi əlaqələrimiz hələ dahi Əlişir Nəvayinin sağlığında başlamış-dır. Bir çox Azərbaycan şairi Nəvayinin misilsiz əsərlərinə nəzirələr yazmışdır. Məsələn, böyük Füzuli onun şeirlərinə təxmislər, Qövsi Təbrizi, Kişvəri, Həqiqi kimi söz ustaları isə Nəvayinin təsir altında çağatay dilində şeirlər qələmə almışlar. Şairlərimiz bu ənənəni XIX əsrə qədər davam etdirmişlər. Onların arasında Qarabağdan Abdulla bəy Asi, Həsən Qara Hadi və Mirzə Ələsgər Növrəs, Şamaxıdan Hacı Seyid Əzim, Qazaxdan Kazım ağa Salik, Dərbənddən Mirzə Cərbail Sipehri kimi şairləri göstərmək olar.

– Bir neçə kəlmədə gələcək planlarınız haqqında məlumat verməyinizi xahiş edirik.

– Son vaxtlarda istedadlı özbək şairi Xasiyyət Rüstəmin “Məcnun tal” kitabını, ötən il isə Kokand ədəbi məktəbinin görkəmli nümayəndələri, Kokand xanı Əmirinin və onun həyat yoldaşı Nadirənin “Seçilmiş əsərlər” kitablarını tərcümə və çap elədim. Hazırda  “Müasir özbək ədəbiyyatı antologiyası” üzərində işləyirəm. Burada 200 ə yaxın şairin qısa bioqrafiyası və yaradıcılığından nümunələr veriləcək. Gələcəkdə özbək ədəbiyyatı və Nəvayi ilə bağlı işlərimi davam etdirəcəyəm. Sağlıq olsun. Mənim bu anda 300 dən artıq elmi əsərim, 27 orijinal kitabım, monoqrafiyam, dərs vəsaitim, müxtəlif türk dillərindən 61 tərcümə kitabım (toplam 88 kitab) vardır. Bunlardan yalnız 22 si özbək ədəbiyyatı ilə bağlıdır. Bunların sayını artırmaq lazımdır.

 

Müsahibəni Rəhmət Babacan apardı