“İDİKUT” ƏSƏRİNİN YAZARINA
Sayın Əhmədcan Əşiri əfəndi!
Odlar yurdu Azərbaycandan Sizə Zəfər müjdəli salamlar olsun!
Min doqquz yüz əlli altıncı ildən bu yana ədəbiyyat-sənət yollarında cəfakeşliklə çalışmaqla Türk dünyası ədəbi mühitində özünüzəməxsus yolunuz və xidmətləriniz vardır.
Səksən üç il yaşamaq, on səkkiz yaşından qələmli mücadilə aparmaq, milli düşüncə və təfəkkürün inkişafına xidmət etmək, amal və əqidəyə qovuşmaq yolunda hər bir cəfaya qatlaşmaq, istər tarixi, istərsə bədii əsəsrlər ərsəyə gətirmək o qədər də asan deyildir.
Bütün bunlar yuxusuz gecələrin, gərgin əməyin, qətiyyətliliyin, qan yaddaşı saflığının, səmərəli araşdırmaların məntiqi nəticəsidir.
Sizin yaradıcılığınızla tanışlığım “İdukut” kitabınızı (552 səhifəlik, Bakı, “Zərdabi”-2020) oxuduqdan sonra başladı.
Həqiqəti söyləyim ki, bu tarixi roman məni özümdən asılı olmayaraq o dövrlərə apardı. Əsəriniz məni sanki həmin döyüşlərin, hadisələrin, qanları axıdılan insanların naləsi, fəryadının tanığı etdi.
Romanda təsvir etdiyiniz “Uyğur dövlətinin mübarək və qəhrəman hökmdarı Bavurcuk Art Təkin hündür, cüssəli, güclü, dikburunlu, bığları və saqqalı qapqara, yaraşıqlı biri… fateh Cingiz xanın hər bir sınağına və hiyləsinə səbrlə, mətanətlə dözən, onun qarşısında qürurunu qoruyan, ağlı və fiziki gücü ilə insanı heyrətə salan İdukut hökmdarının yanında hiss etdim özümü.
Bu, Sizin qələminizin qüdrəti, zəkanızın itiliyi və hadisələrə tarixi gerçəklikdən yanaşmanızın hesabına yarandı.
Tanrıqut Bavurcuk, Art Təkin özündən öncəki Oğuz xan, Pan Təkin, Buka Təkin, İrdimin xan, Aslan xan, Bilgə Təkin kimi qəhrəman və qurucu şəxslərin ruhlarına ehsan verir, onların yaddan çıxmamaları üçün törənlər keçirməklə bir daha necə qüdrətli şəxsiyyət olmasını təsdiqləyirdi. Aprinçur Təkin, Göl Tərkan, Sinku Salı Tutunq, Kalimə Kayşı, Firat Yaşri, Kıy Aşıq Tutunq, Ciysuya Tutunq kimi ədiblərin əsərlərinə verdiyi əvəzsiz qiymət və dəyər tarix üçün örnək olmuşdur.
Sayın Əhmədcan əfəndi,
məqsədim mükəmməl tarixi faktlarla zəngin, yüksək sənnətkarlıq, peşəkarlıqla qələmə alınmış “İdikut” romanının sənətkarlıq və tarixi baxımdan nə qədər dəyərli olmasını araşdırmaq deyil. Bu, dərin elmi tədqiqiqatın mövzusudur. Məqsədim sadə Azərbaycan oxucusu olaraq, dəyərli bilgilərlə zəngin əsərinizin uyğur türklərinin şanlı keçmişi ilə yaxından tanış olmağımıza gözəl bir vəsilə olduğunu qeyd etməkdir.
Kitab “Təqdim”, “Önsöz” və qırx iki başlıqdan ibarətdir. Hər bir başlıqda cərəyan edən hadisələr oxucunu öz arxasınca aparır, həmin zaman və məkanın iştirakçısına çevririr; sanki özün də bilmədən o qəhrəmanlarla çiyin-çiyinə olursan. Sayın Canseyit Tüymebayev əfəndimizin “Qardaş Uyğur dövlətçiliyinin, uyğur xalqının həyatını anladan, günümüzə ibrət olacaq tarixi olayları açan romanın, Azərbaycan oxucusunun da ilgisini çəkəcəyindən əminəm.
Könül birliyi – tanıtmaqdan keçər” fikri ilə könüldən razıyam. Belə əsərlər Türk dünyamızın birliyinə və qalxınmasına layiqli töhfədir. Qəlbimdən keçənləri, fikrimi Dos.Dr. Təranə Turan Rəhimlinin “Önsöz”dəki fikirləri ilə tamamlamaq istərdim: “İdikut romanı ulu türkün – adını daş kitabələrə, tarixi səlnamələrə, dastanlara yazmış, əsrlərin hafizəsinə köçürülmüş ulu bir millətin tarix meydanındakı heykəli kimi qürur hissi doğurur”.
Ümidvaram ki, tək Azərbaycanda deyil, bütün Türk dünyasında özünə və yazarına rəğbət qazandıran “İdikut” romanı daim oxucusuna yol göstərən mayak olacaq.
Sağ olun! Yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Tanrı Türkü qorusun!
P.S: “İdikut” romanı Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Qazaxıstan Xalqı Assambleyasının (QXA) ortaq yayını olaraq 2020-ci ildə Bakıda işıq üzü görüb.
İsmayıl Həkimov (Padaroğlu)
Azərbaycan, 20.04.2021