Ev Bədii Eşq əhlinə yer dayazdı, göy dərin – Şeirlər

Eşq əhlinə yer dayazdı, göy dərin – Şeirlər

1896

Məmməd Dəmirçioğlu – 70

***
Sevda quluyam, azmışam,
Sevginə tuş eylə məni.
Sıx köksünə, sal könlünə,
Qəfəsdə quş eylə məni.

Neynirəm şəkəri qəndi,
Neynirəm şəhəri, kəndi,
mənim işim könülnəndi,
Könül ver, nuş eylə məni.

Qərq oldum sevda sehrinə,
Baxma qəhr olmuş təhrimə.
Qonaq gəl könül şəhrimə,
Gəl də, bihuş eylə məni.

 

***
Adam olan – edam olur dünyanın
Qəpiyinə, quruşuna bənd olub.
Eşq əhlinin gözü, könlü durulur,
Bir çiçəyin duruşuna bənd olub.

Sevən kəsin gözlərində çay gözəl,
Ürəyinə oxlar atan yay gözəl…
Bir dərdimi çəkəmmədin, ay gözəl,
Dəli könlüm bir qoşuna bənd olub.

Sevə-sevə oxşayasan Kürə sən,
Axa-axa könüllərə girəsən.
Hara gedir Dəmirçoğlu görəsən,
Bu yolların yoxuşuna bənd olub?

Dərd əhlinə avazı xoş neylərin,
Eşq əhlinə yer dayazdı, göy dərin.
Axır bir gün uçacağam, göylərin
Alabəzək bir quşuna bənd olub.

 

***
“YAHU” Allaha sevdadı,
Sevdalı dillər Yahudu.
Üstündə şehlər titrəşən
Çiçəklər , güllər Yahudu.

Kimi nisgilli, kimi şən.
Bizik ağlaşan, gülüşən.
Sonalar, qular çimişən
Dəryalar, göllər Yahudu

Hər zirvənin öz qarı var,
Hər bağın öz nübarı var.
Hər aşiqin bir yarı var,
Lilparlar, lillər Yahudu.

Kimdi o neyi dinləyən,
Varmı dinləyib ölməyən?
Sazda, kamanda inləyən
Pərdələr, tellər Yahudu.

Quş nə söylər, daş nə dilər,
Bilməyənlər hardan bilər.
Meh söylədər, yarpaq dinər
Yarpaqlar, yellər Yahudu.

Getmək, gəlmək də sevdadı,
Yanmaq, sönmək də sevdadı.
Billah, ölmək də sevdadı,
Ocaqlar, küllər Yahudu.

Yetim dağlara layla

Bu bahar yaylaqlar yadıma düşdü,
Dindi xatirələr, dil fağır oldu.
Ağladı şehlərlə Leyli qönçələr,
Bülbül cəh-cəh vurdu, gül fağır oldu.

Məzəm tamaşaydı, Göy dağ şəkildi
Dağdağan o döşdə qıvrım kəkildi.
Ayğır bulağından duman çəkildi,
Açıldı köysündən, tül fağır oldu…

Ot-ələf göyərdi köç yollarında,
Bədöylər kişnəməz doloylarında.
O ötən illərin aloylarında,
Ocaqlar qaraldı, kül fağır oldu.

Getsin

Çırpınıb sinənə sığışmayırsa,
Göndər ürəyini o quşla getsin.
Dərdlərin göylərə ağırlıq etsə
Sıxvar buludları yağışla getsin.

Dəli dərdlərimdən dərdin betərmi?
Bir ya hu deməyə səsin yetərmi?
Tanrı dərgahına səs, ün yetərmi?
Göndər duaları baxışla getsin.

Getdi o sevdalar, ötdü o anlar,
Of…bundan o yana adi yalanlar.
Mənim tək havalı şair olanlar,
Yoluyla barışıb, yoxuşla getsin

Arzum göyərərdi, mən dən olmadım,
Məni sən yaratdın, səndən olmadım.
Allah bir ağıllı bəndən olmadım,
Məni mən dəliyə bağışla getsin.

Səhra gülləri

Əsdi səmum yeli, qalxdı qumlar,
Yaradan açılmış sarıqdı qumlar…
Darıxdı zirvələr, darıxdı qumlar,
Bir nəğmə oxuyun, səhra gülləri.

İlğım arzulara çatmaq nağıldı,
Üyünür yollara qum yoxuşları.
Kölgə də salmayır qısır buludlar,
Yağır göy üzündən qum yağışları.

Sovrulub yellərə karvan yolları,
Sığallı şırımlar Leyla qolları.
Sevdalı Məcnundu ulğun kolları,
Bir nəğmə oxuyun, səhra gülləri.

Yanır dodağında suların səsi,
Köçür durnalarla meh arzuların.
İlğımda əriyir qönçə istəyin,
Qumlarda göyərir şeh arzuların.

Ümidlər bağlayır bizi göylərə,
Dualar aparıır sözü göylərə,
Allahı çağırıb,üzü göylərə
Bir nəğmə oxuyun, səhra gülləri…

Qan verən dan yeri… Can verən qürub…
Köçən durnaların karvan kölgəsi…
İlahi sükutun son nəfəsidi,
Hardasa mələyən ahunun səsi…

Göy üzü Tanrıdı, yer üzü bəndə,
Göy üzü səndədir, yer üzü məndə.
Yer üzü, göy üzü düşübdü bəndə,
Bir nəğmə oxuyaq, səhra gülləri…

 

***
Göy üzü çisəklədi,
Duman məni təklədi.
Ölümüm çiçəklədi,-
Bəlkə ömrümdə yazdı?

Dərdim də atır məni,
Nağıl de, yatır məni.
Ölümdə batır məni,
Mənə ömür dəyazdı.

İnadımı sınadım,
Sınadıqca qınadım.
Sındısa da inadım,
Mənə ölüm də azdı

Hardasan

De görüm indi hardasan,
Qu səsim uçunur sənə.
Yetim yurd yeridi canım,
Nəfəsim uçunur sənə.

Hardasan, indi hardasan,
Yerdə, göydə yoxsan axı,
Divanəyəm, dərd əhliyəm,
Neydə, meydə yoxsan axı.

Sən hardasan, tapammadım,
Gəzdim bu dünyanı tamam.
Yer üzündə, göy üzündə
Sən varsan, bəlkə mən yoxam?

 

***
Kimə layla oxuyum,
Qolum var, qucağiım yox.
Korun tüstümə baxma,
Odum var, ocağım yox.

Ürək qəfəsdə quşdu,
Qəfil qəzaya tuşdu.
Könül qurmuşdum, uçdu,
Daha olacağım yox.

Sevgilər laldı səndə,
Zəhər də baldı səndə.
Ürəyim qaldı səndə,
Oda salacağım yox.

Qaldım

Cığırıydım, çəhlimdə,
Yoluydum, çəndə qaldım.
Arzum sabaha uçdu,
Özüm dünəndə qaldım.

Ərimişəm o şamda,
İzi qalıb o camda.
Bu gündə yaşasamda,
Dünən öləndə qaldım.

Arı olub bir tütək,
Sinəmdə bağlar pətək.
Yaddan çıxmış namə tək,
Gedib gələndə qaldım

Gəldim payi-piyada,
Bu aha bu fəryada.
Deyəsən bu dünyada,
Varıydım, səndə qaldım.

Çiçəklər

Gözümə baxan baxış
Könlümdə salar naxış.
Gecəmə yağan yağış,
Gündüzümdə çiçəklər.

Haqqa aşiq olanlar,
Sevər haqqı salamlar.
Bir izimdə solanlar,
Bir izimdə çiçəklər.

Sabahın adı sirrdir,
Bu gün açıldı bir-bir.
Bir üzüm qəbir-qəbir,
Bir üzümdə çiçəklər

Küskün

Bu bahar çiçəklərin,
Güllərin halı küsgün.
Qəm çəkən arıların,
Pətəkdə balı küskün.

Lalələrə nə olmuş,
Gözləri yaşla dolmuş.
Yanaqda alı solmuş,
Buxaqda xalı küskün.

O qönçə qıza bax bir,
Gözündə buza bax bir.
Eşq ol könlünə ax gir,
Huşu, xəyalı küskün.

Nədir o quş oxuyur,
Dərdi qəmə toxuyur.
Çiçəyi qəm qoxuyur,
Özü havalı, küskün.

Ömrün üç anı

Çıxdım qəza qəhrindən,
Qopdum ulduz təhrindən.
Endim göylər şəhrindən,
Binə qurduğum yerə.

Məndən ölüb çıxmışam,
Yeri dəlib çıxmışam.
Allah, gəlib çıxmışam,
Səni sorduğum yerə.

Ehsanımdan yeyərlər,
Gah öyüb, gah söyərlər
“Məzarıdı” deyərlər
Möhür vurduğum yerə.

Dəymə

Bu talanı taladın,
Barı güllərə, dəymə.
Dərddən dəli bülbülün
Yarı güllərə, dəymə.

Göy budağı əyibsən,
Əyib yerə səribsən.
Alı, ağı dəribsən
Sarı güllərə dəymə.

Qönçə açıb şalını,
Lalə düzüb xalını.
Aparıbsan balını,
Arı, güllərə dəymə.

Ay talanı talayan,
Məni oda qalayan,
Könlümün olan-qalan
Varı güllərə dəymə.

 

***
Şamın canı dar hücrə,
Ruhu başından yanır.
Yaşı donur gözündə,
Gözü yaşından yanır.

O şam kimi yanıram.
Sönürəm o şam kimi.
Şamaca oxşayıram,
Bir əkiz qoşam kimi.

O şamın ağ canında,
Ruh adlı piltəsi var
O piltənin başında,
Alovdan nəfəsi var…

Qaranlıqda yanırdım
İşıqda söndüm, Allah.
İşıqda sönə-sönə
İşığa döndüm, Allah.

 

***
Mənə gələn nə səsdi?
Of “yahu”, “yahu” derlər.
Ovçu nişangahında
Mələyi ahu derlər.

Yön verə mövlam bizə,
Bulunaq közdən-közə,
Bizdə durulan sözə
Sözlərin ahı derlər.

Girək eşqin şalına,
Dönək Yunis halına,
Bu yolların quluna
Şahların şahı derlər.

 

***
Könül, qanlar çiçəklədin,
Çatlayan nar oldunmu heç?
Eşq ilə sevdaya vardın,
Bir kəsə yar oldunmu heç?

Verən bu dünya mülkünü,
Gələr bir gün alan günü,
Nəfsinə qul olan günü
Utanıb xar oldunmu heç?

Çiçək açır – solum deyə,
Sular axır – dolum deyə,
Bağlarda bar olum deyə
Dağlarda qar oldunmu heç?

Solan güllər solmaq deyil,
Dolan göllər dolmaq deyil,
Yaşamaq var olmaq deyil,
Dünyada var oldunmu heç?

 

***
Evinizin pəncərəsi bağçaya,
Pəncərə tək açılıbdı bağ çaya.
Məni sorsan, çıx bağçaya, bax çaya
Çayda batan çilik-çilik ay mənəm.

Yuyub getdi o dağların daşını,
Görəmmədin gözlərimin yaşını.
Bağçanızın ayağını, başını
Yarpız-yarpız öpüb gedən çay mənəm.

Qərib gecə ayrılığa yoldu, bax,
Qara-qara saçlarını yoldu bax,
Pəncərədən durna səsi doldu, bax,
Köçüb gedən qatarını say – mənəm.

 

***
Bu gün yenə gün doğdu,
Demək varmış sabahlar.
Hər gün yaşanıb gedən
Arzularmış sabahlar.

Dan üzündən doğan gün,
Qürubdaca boğuldu.
Kim bilir bu gün yenə
Kim öldü, kim doğuldu.

Bu gecə zinriyində
Kimi acdı, kimi tox.
Görünmür ay işığı,
Dünən vardı, bu gün yox.

Saban gün doğacaqmı,
Nələr olacaq sabah?
Bu sirrlərin içində,
Yaxşı ki varsan, Allah!

 

***
Sən haqsansa geri dön,
Meh ol, naləmdə gəl gəz.
Durul göz yaşım kimi,
Şeh ol, naləmdə gəl gəz
.
Sən hardasan, mən harda?
Yoxu axtarma varda.
Mən yoxam oralarda,
Ol, bu aləmdə gəl gəz.

Nədi adam deyilən?-
Adam döyən, döyülən.
Mən adam ha deyiləm,
Ruham, haləmdə gəl gəz.

 

***
Ağacda çiçək oldum,
Narı ola bilmədim.
Ömrü tamam eylədim,
Yarı ola bilmədim.

Əriyəcək qar-buzun,
Gəl oduma bir qızın.
Məni sevən bir qızın,
Yarı ola bilmədim.

Ağdı, sarıdı, aldı…
Çiçəklər dolu baldı.
Qönçələr dolu qaldı,
Arı ola bilmədim.

Söz ürəkdə duruldu,
Dilə möhür vuruldu.
Dar ağacı quruldu,
Barı ola bilmədim.

 

***
Bütün dostlar tükəndi,
Varılacaq yer də yox.
Mənə həmdəm olacaq
Daha bu yerlərdə yox.

Perikdi yuvalardan
Qərib quşlar hürkərək.
Perikirəm içimdən,
İçimə sığınan tək.

Hara vardı olanlar,
Qalanlar niyə yaddır.
Sabah yenə təzədi,
Bu gün yenə boyatdı.

Heç kim ölmək istəmir,
Baldı dünyanın tamı.
Amma hamı tələsir,
Ölümə qaçır hamı..

Ürək çat, əlim yalın,
Mənə qalan boş həvəs.
Tanrımdan əmanətdi,
Qoymur ölüm bu nəfəs.

Qərib quşdan betərdi,
Neyə sal nəfəsimi.
Bu nəfəs qoymur öləm,
Allah, al nəfəsimi.

 

***
Bu dünyanın vərdişinə,
Alışa bilmədim, lələ.
Tayım-tuşum adamlara,
Qarışa bilmədim, lələ.

Ağladım gülənlər ilə,
Dirildim ölənlər ilə.
Gözlərim görənlər ilə,
Barışa bilmədim lələ.

Bilirəm yer nə, göy nədi,
Sirrini mənə söylədi.
Sözüm içimdə göynədi,
Danışa bilmədim, lələ

 

***
İnanmıram əcəl ilə,
Ölmək dünyanın sonudu.
Birdən birə havalanıb,
Gülmək dünyanın sonudu.

Payız şimşəyi çaxdısa,
Qara leysanlar axdısa,
Son ümid son yarpaqdısa,
Külək dünyanın sonudu.

Pozulmaz Haqqın bölümü,
Birdi sevinci, zülümü.
Ölməkdən qabaq ölümü,
Bilmək dünyanın sonudur.

Ötüşər pəsdən durnalar,
Hürküşər səsdən durnalar.
Pozulsa səfdən durnalar,
Demək dünyanın sonudur.

Tural Adışirinin təqdimatında