İnsanları birləşdirən yollar kimi xalqların taleyini birləşdirən yollar da var. Türk xalqalarının çox hissəsi qədim dövlət ənənləri olan xalqlardır. Bu ənənələri yaşatmaq uğrunda mübarizə isə bu gün də davam edir. Vətəninə, xalqına bağlılığını hərə öz cəbhəsində sübut edir. Azadlıq verilmir, alınır. Azad olmaq, hürr yaşamaq mücadilə istəyir. Türk xalqları da hürriyyətlərini mücadilələr üzərindən əldə etdilər. Müasir dövrdə də dünya tərəfindən tanınmış böyük Türk dövlətləri Vətən sevdalı ürəklərin üzərində quruldu və yaaşdıldı.
Qazaxıstan da dövlət olaraq varlığını nəinki hərbi cəbhədə, eləcə də mədəniyyət, ədəbiyyat, incəsənət, elm cəbhəsində vuruşaraq, mücadilə apararaq qorumuş, yaşatmış qədim və böyük bir Türk yurdudur.
Sözün gücü silahın gücündən də üstündür. Söz adamlarının dövlətin inkişafında rolu heç də siyasətçilərdən, hərbçilərdən geri qalmır. Dövlət ideologiyasını çox vaxt məhz bədii ədəbiyyat vasitəsilə yaşadır.
Bu mənada “Birliyimiz diriliyimizdir!” – devizi ilə digər türk xalqları ilə olduğu kimi Qazaxıstanla da bir- birimizin yol birliyimizi göstərən əsərlərin üzə çıxarılması, öyrənilməsi, yaşadılması çox vacib bir fəaliyətdir.
Bu yaxınlarda Qazax ədəbiyyatının önəmli imzalarından olan Rahimcan Otarbayevin Azərbaycan türkcəsinə uyğunlaşdırılmış “Baş” romanını oxudum.
DGTYB -nin layihəsi çərçivəsində 2017- ci ildə işıq üzü görmüş “Baş” dilimizə Türkiyə türkcəsindən uyğulayan Günay Nəriman Həsənlidir. Kitabın redaktoru Əkbər Qoşalı, rəyçiləri millət vəkili Qənirə Paşayeva və Elxan Zaldır. Məsləhətçilər millət vəkili Cavanşir Feyziyev, Şəmil Sadiq və Malik Otarbayevdir.
Kitabın ilk səhifələrində Əkbər Qoşalının “Qazax qardaşlarımızın taleyindən keçənlərə Rahimcanca baxış” başlıqlı təqdimatı və Günay Nərimanın “Baş” romanı eldən- elə, dildən- dilə” başlıqlı Ön Sözü var.
Tanışlıq üçün qeyd edək ki, Rahimcan Otarbayev 19 noyabr 1956- cı ildə Qazaxıstanın Atrau vilayətinin Kurmanqazı şəhərində doğulub. 1977- ci ildə Ural Pedoqoji İnstitutunu bitirib. “Ural bğlgəsi” qəzetində müxbir, müxtəlif məktəblərdə müəllim, Qazaxıstan Televiziya və Radio Şirkətində redaktor, “Qazax ədəbiyyatı” qəzetində, “Jalın” almanaxında şöbə redaktoru, Bişkek şəhərində diplomat, Mangistau əyalətindəki Televiziya və Radio Şirkətində direktor, Atırau əyalətin Teatrının
müdiri, Qazaxıstan Prezident Aparatında şöbə rəhbəri, Astana Milli Kitabxanasının müdiri vəzifələrində çalışıb.
“Şeir”, “Ulduzların düşdüyü yer”, “Jayık hekayəsi”, ‘Noyabr qazları dönərkən”, “Səsini duydum”, “Qəsəbəmizin amazonları” adlı kitabları çap olunub. Əsərləri çin, rus, fransız, ingilis, türk, ərəb dillərinə tərcümə edilib. “Sultan Baybars”, “Baş”,”Sırım Batur”, “Mustafa Çokay” kimi əsərləri teatrlarda səhnəyə qoyulub.
Rahumcan Otarbayev Qazaxıstanın əməkdar sənətçisidir.
“Baş” romanını Günay Nəriman Həsənli Türkiyə türkcəsindən bizim türkcəyə uyğulayıb. Türkiyə türkcəsinə isə Gülzadə Temenova tərəfindən tərcümə olunaraq 2016-cı ildə Ankarada “BENGÜ” Yayınevində işıq üzü görmüşdür.
Əsərin qəhrəmanı Noel Şayahmetov Qazaxıstanın görkəmli antropoloqu məşhur Gerasimovun tələbəsidir. O, tarixi şəxsiyyətlərin itmiş məzarlarını axtarır, onları yenidən xalqa qazandırmağa çalışır. Bu yolda xeyli maneələrlə qarşılaşır. Əsəri oxuduqca Qazax xalqının Abılay xan, Aziz Tauken, Kenasarı, Kulbarak Batır, Mahambet, İsatay, Karakerey Kabanbay, Kanjığalı Bögembay kimi tarixi şəxsiyyətlərini tanıyırıq.
Noel öz məqsədini bildirəndə bəziləri bu işin təhlükəli olduğunu bəhanə edirdilər. Ona bu işdən əl çəkməsi üçün hökmdar Teymurun məzarı açılan gün faşist almanların ölkələrinə hücumunu xatırladırlar. Ya da Mədəni abidələri Qoruma Qurumunun müdiri gülüb yalnız ayaqda olan heykəllərin müdafiəsi ilə məşğul olduqlarını bildirir. “Bunun xaricində torpaq altında kimlər var, yaşayarkən nələr bacarıblar?- belə şeylərlə bizim işimiz olmaz.” – deyib Noeli meydanda tək qoyurdular. Hətta kurqan və məzarlardan xəzinə tapıb mənimsədiyi ehtimalı ilə müfəttişlər evində axtarış aparırlar. Qızıl adına arvadlnın nişan üzüyündən başqa bir şey tapmayanda utanıb evi tərk edirlər.
Noel Şayahmetova kömək edən obrazlar da var: Ayım, Dauren adlı iki gənc onun tapdığı kəlləyə sahib çıxırlar, lazımi vaxta qədər qoruyurlar.
Əsərdə Qazax xalqına məxsus maraqlı kəlamlar da diqqətimi çəkdi:
– Yerdən bezsək də, yurddan bezməmişik.
– Qaranlıq meşəyə tərəf gedən xeyir tapmaz.
– Ər doğulduğu yerə, it doyduğu yerə!
– Qohumlar yola gedərsə, aş bol olar.
Uzun mücadilələrdən sonra Noel öz məqsədinə çatır. Dövlət səviyyəsində tədqiqatların aparılması üçün hər kəsin fikrini bu istiqamətə yönləndirə bilir. Onun kimi olmaq istəyən antropoloqlar yetişir.
Əsər mənəvi sərvətlərə yiyələnməyin önəmini üzə çıxarır. Tarixi öyrənmək, mədəniyyət nümunələrini araşdırmağın xalqın varlığında, inkişafında vacib olduğu ideyasını təlqin edir.
Bu mənada Rahimcan Otarbayevin “Baş” romanı qazax ədəbiyyatında diqqət çəkən bir əsərdir. Azərbaycan – Qazaxıstan mədəniyyətlərinin eyni kökdən su içdiyi üçün belə əsərlərin dilimizə uyğulanması, ədəbiyyatımıza qazandırılması çox əhəmiyyətlidir.
Ümid edirik ki, bu yönümdə işlər daha da sürətlənəcək və geniş vüsət alacaq.
Aygün YAŞAR