Ev Bədii Sonun başlanğıcı – Hekayə

Sonun başlanğıcı – Hekayə

1011

Pərvanə Bayramqızı

– Nə üçün atamla evlənmək istəyirsən?
– Atanı sevirəm.
– Sevdiyiniz üçün evləndiyinizi nədən bilim?
– Ağlına başqa hansı səbəb gəlir?
– Bəlkə, evinə sahib olmaq istəyirsiniz?
– Evim var.
– Puluna.
– Ona da ehtiyacım yoxdur. – Qadın gülümsəyib əlavə etdi: – Övladlarım həmişə pul göndərirlər, özüm də işləyirəm.
– Niyə övladlarınızla yaşamırsınız?
– Xaricdədirlər.
– Lap yaxşı.
– Nəyi yaxşı?
– Rahat yaşayarsınız, ölkələri gəzərsiniz.
– Bu mənimçün rahatlıq deyil. Elə bilirsən bu yaşdan sonra Vətəndən ayrı xoşbəxt olmaq olur?
– Övladlarınızdan ayrı necə? Xoşbəxtsinizmi?
– Buna dözmək olur. Bilirəm ki, işləyirlər, günləri də xoş keçir.
– Siz burdan getsəniz, sizcə, Vətən nəsə itirəcək?
– Sən atana görə getməyimi istəyirsən. Sənə gərək olmaya bilərəm, amma bütün vicdanlı adamlar öz rahatlıqları üçün ölkəsindən getsə, cəmiyyətdə boşluq yaranar. Hər kəsin vətəndaşlıq borcu var. Çalışdığım müəssisədə lazımam, işimi bilirəm, kollektivə zərər vurmuram.
– Görürəm şikayət edəcəyiniz heç nə yoxdur, elə isə açıq deyim, atamdan əl çəkin.
– Gəncsən, qəlbin nəyə ehtiyacı olduğunu bilmirsən. İnsan yaşın elə bir həddinə gəlir ki, təklikdən qəribsəyir, dosta ehtiyacı olur – könül dostuna. Fikirlərini bölüşməyə həmdəm axtarır. Buna gənclikdə də ehtiyac olur, amma onda enerji bol olduğundan hər şeyin öhdədindən gəlir, itkiyə də dözürsən. Bu yaşda sevmək də çətindir, ayrılmaq da. Qovuşmaqsa hər ikisindən.
Gözləri dolsa da gülümsəməyə çalışdı.
– Məncə, öhdəsindən gələrsiniz.
– Qəzəblə yanaşanda hadisələri düzgün qiymətləndirmək olmur. Bir dəə… axı atanı sevirəm. Çox nigaranam ondan.
– Nigaran olmayın. Mən varam.
– Əlbəttə, varsan. Səni çox sevir. Sən də onu sevirsən. Mənsə hər ikinizi sevirəm. Bir yerdə yaşayarıq, mehriban ailə kimi…
– İmkan verin, atamla xoşbəxt yaşayım.
– Gəlin köçəcəksən, atana kim qayğı göstərəcək?
– Özüm.
– Bəlkə, uzağa getdin.
– Onu da aparacam.
– Getməsə?
– Siz yoldan çıxarmasanız gedər.
– Bəzən sevdiklərimizi bilmədən incidirik. Valideynlər də çox vaxt övladlarının istəyinin əleyhinə çıxırlar. Düşünürlər ki, ən yaxşı şeyləri özləri övladlarına verə bilərlər. Zamansa əslində onların balalarını bədbəxt etdiyini göstərir.
– Necə?
– Birini sevdiyi peşədən çəkindirməklə, birini sərbəstliyini əlindən almaqla, birini də…
Onun susduğunu görüb səbirsizliklə:
– Hə? – deyə yarıda saxladığı fikri söyləməsini istədi.
– … birini də sevdiyindən ayırmaqla.
– Siz bunların hansını etdiniz?
– Heç hansını.
– Bəlkə, buna görə təklikdən həmdəm axtarırsınız. Bəlkə, başqa cür etsəydiniz övladlarınız öz xoşbəxtlikləri üçün sizi qoyub getməzdilər.
– Övladlarıma xobəxtliyi başqa cür anlatmışdım.
– Nə cür?
– İstəklərinin arxasınca getsələr, xoşbəxt olacaqlarını demişdim.
– Günah özünüzdədir.
– Demək asandır. Hələ gəncsən, təcrübəsizsən.
– Övladlarınızın yerinə olsaydım sizi də aparardım, ya da sizin yerinizə olsaydım onların yanına gedərdim.
– Bəs öz yerinə olsan hansı qərarı verərdin?
– Qərarımı bilirsiniz, atamdan ayırlmağınızı istəyirəm.
– Əminsən?
– Əminəm.
– Düzgün qərar olduğunu nədən bilirsən?
– Düzgünü budur – məni o böyüdüb, tək buraxmayacam, yaşlı vaxtında özüm qulluq edəcəm.
– Atan yaşlı deyil.
– İyirmi yaşında da deyil.
– Yaxşı. Necə istəyirsən elə olsun.
– Söz verirsiniz?
– Bu çox çətindir. Amma çalışacam səni incitməyim.
Restorandan çıxanda qız “vay” deyib eynəyini taxtı. İstidən hər yer yanırdı. O isə gülümsədi:
– Günəşdən qorxmazlar, onun atəşi də gözəldir. Sudan ləzzət ala-ala içirsən, ən gözəl geyimlərini yay fəslində geyinirsən, istirahətə yayda gedirsən, kölgənin qədrini də Günəş bildirir. Qışda bunların heç biri olmur. Yalnız canının hayına qalırsan. İsti ocaq, qalın geyim, vəssalam. Bayıra çıxmağın gəlmir. Ömür də belədir.
– İsti ocaq axtarırsınız, o da varınızdır.
– Ocağın qırağında oxuyacağın bir kitaba mütləq ehtiyacın olur. Vərəqləyəsən, özünü tapasan orda.
– O kitab atamdırmı?
– Səncə?
– Məncə, hə.
– Birindən kitab əsirgəyərsənmi?
– Sevdiyim kitabdırsa hə.
– Qəsdən belə deyirsən.
– “Hə” desəm neynəyərsiniz?
– Heç nə.
Qadının səmimi münasibətindən yumşalmışdı. Gələndə özüylə gətirdiyi qəzəbi sanki restoranın bir küncünə atmışdı. Ayrılmaq istəmirdi. Söhbəti xoşuna gəlmişdi.
– Bəlkə, biz yenə görüşək…
– Qərarımı bilmək üçün görüşmək istəyirsənsə, indidən deyim: atandan uzaq durmağa çalışacam.
– Belə yaxşı olar – deyə ürəyindəkinin əleyhinə olaraq özünü sərt göstərib söylədi.
– Sağ ol.
– Siz də.
Özünü qınayırdı: “Bu yaşda sevgi cəzasız olmur. Hazır olmalısan, dözməlisən. Bəlkə, unudum. Yox, olmayacaq. Axı ömrümdə bu cür sevməmişəm”.
Bilirdi ki, ruhuna yaxın olan adamı indi tapıb. Arzuladığı sevgi gənclik ötəndən sonra gəlmişdi. İndiyəcən heç nədən belə əmin olmamışdı. Xoşbəxt olacağına inanırdı.
Arxadan ayaq səsi gəldi. Hənirti basdı. Dayandı. Geri dönməyib gözlədi. Arxadakı adam qarşıya keçdi. Təəccüblə:
– Sən? – dedi.
– Söhbətimiz barəsində atama heç nə deməyin.
– Yaxşı.
Üzündə elə bir mehribanlıq vardı ki, qız bu baxışlardan utandı. Tərpənməyib baxmağa davam etdi.
– Daha nədən narahatsan, deməyəcəm dedim. And içməyi sevmirəm.
– Sizə inanmaq istəyirəm.– bir az yumşaq tonla dilləndi.
– Niyə? Axı mənə bələd deyilsən.
– Bilirsiniz… – Sözünü yarıda kəsdi. – Yaxşı, mən gedim, sağlıqla qalın.
Dinmədi. Qəlbi narahatlıqla döyünürdü. Birdən özü söhbəti gedib atasına başqa cür çatdırsa necə? Məni istəmir, atasından uzaq durmağımı tapşırdı. Onu zorla yola gətirəsi deyiləm ki. Gərək ürəyimlə mübarizəyə başlayım.

Qapının zəngini dalbadal basdı. Atası qapını açdı.
– Nə gec gəldin?
– Rəfiqəmlə bir az hərləndik.
Heç biri daha dinmədi. Atası telefonunu götürüb otağına keçdi. O isə çantasını qoyub əl-üzünü yumağa getdi. Atasının telefonu qurdalayıb
dilxor halda çarpayının üstünə atdığını görməsə də, narahat olduğunu hiss etdi. Yuyunduqdan sonra yanına gəldi.
– Yemək yemisən?
– Hə – deyib universitetdəki vəziyyəti soruşdu.
– Heç. Maraqlı bir şey yoxdur.
– Yaxşısan?
– Yaxşıyam.
– Elə görünmürsən.
– Heç nə yoxdur. – Yaxınlaşıb:
– Səni çox istəyirəm ata. – dedi.
Qucaqlaşdılar.
– Sənə pis nəsə olmağına dözə bilmərəm.
– Mənə heç nə olmaz – atası güldü.
– Heç nə?
– Hə.
– Bəs o qadın?
– Yaxşı insandır.
Atasının qətiyyətini duyub soruşdu:
– Əminsən?
– Hə.
– Nədən bu qədər arxayınsan?
– Ona yaxından bələd olduğum üçün.
– Tərifləyəcəksən, bilirəm. Bəlkə, özünü sənə elə göstərir.
Atası qəhqəhə çəkdi.
– Biz insanları sosial şəbəkələrdən tanımağa adət etməmişik.
– Sosial şəbəkədə də kimin necə olduğunu bilmək olur.
– Nədən bilirsən biri pisdir, biri yaxşı?
– Paylaşımlarından.
Atası yenə qəşş elədi:
– Hansı pis adam yazacaq ki, məni bağışlayın, çox pis adamam?
– Tərbiyəsiz adam tərbiyəsiz sözlər yazır da. Əgər birini yaxşı adam kimi tanıyarıqsa, bir-iki statusundan, yaxud inboksa yazdıqlarından sonra əslində necə ədəbsiz olduğunu öyrənirik.
– Siz adamların cizgilərinə, mimikalarına bələd deyilsiniz. Hazır smayliklərlə gülüb, ağlayırsınız.
– Nolsun, vəziyyətimizi ki ifadə edir.
– Virtual tanışlığa alışan uşaq mənə adamı “hardan tanıyırsan?” sualı verir.
İkisi də güldü.
Pəncərədən gələn külək divardakı şəkili tərpədirdi. Şəkil divarı sürtdükcə səs çıxırdı. Sanki o da söhbətə qarışmaq istəyirdi. Eyni anda ikisi də yuxarı baxdı. Atası dedi:
– İndi şəkilləri telefonda albom düzəldib saxlayırlar, daha şəkil çəkdirib lentdən çıxaran yoxdur.
– Ata…
– Can!
– Anamı unutmusan?
– Yox.
– Bəs niyə evlənmək istəyirsən?
– Gəl, bu barədə danışmayaq.
– Anamın yerini tutacaq qadının olmasını istəmirəm.
– Buna çalışmaz. Görsən, sən də sevəcəksən onu.
– Mən də sevəcəm? Demək, sən onu sevirmişsən… Elə bilirdim qayğını çəksin deyə evlənirsən.
– Sevmək pis deyil ki, qızım. Bir də… o sevimlidir.
Az qaldı desin ki, “mənim də xoşuma gəldi” özünü saxladı.
“Hə, atam daha çox olub yanında, cazibəsinə düşüb. Maraqlı söhbət edir. Xətrə dəyəcək sözü də mehribanlıqla deyir. Atamı ona bağlayan da budur. Qılıqlı insanları sevir”.
– Bəzən kobudluğum olub. Gec anlamışam. Elə bilmişəm cavab qaytaracaq, yaxud yazacaq ki, münasibətimiz bitsin, amma susub. Məni üzməyi istəməyib. Ümumiyyətlə, o insanları incitməyi bacarmır.
Atasının dedikləri ilə gördükləri uyğun gəldikcə qəlbinə rahatlıq dolsa da qısqanclıq hissinə güc gələ bilmirdi. Elə bilirdi, o qadın bu evə gələn gün atasını itirəcək.
Susdular.
Sanki sükut əlini qoynunda çarpazlayıb otaqda var-gəl edirdi.

Səhər universitetdən çıxanda gözü həmin restoranın qapısına dikildi. Ürəyindən qadını görmək keçdi. Görəsən, təsadüfən burda deyil ki? Nahara bəzən bura gəldiyini demişdi.
Rəfiqəsi onu çəkə-çəkə evlərinə aparmağa çalışırdı.
– Gedək bizə.
– Atama deməmişəm axı.
– Ay qız, telefonun var da, zəng elə de.
– Bəlkə, yatıb oyatmaq istəmirəm.
– Ay adamayovuşmaz, açıq de ki getmirəm.
Könülsüz halda telefonu çıxardı. Atası gec cavab verdiyindən narahat oldu. İkinci dəfə zəng etmək istərkən telefonun ekranında hər üç hərfin böyük yazılan “ATA” sözü işıqlandı. Hər dəfə oxuyanda ürəyində bu sözü əzizləyir, atasını gördüyünü zənn edirdi. Atası: – yuxulamışdım, – deyəndə təəssüfləndi:
– Oyatdım səni…
– Tənbələ bu da azdır.
– Ata, rəfiqəmgilə getsəm acığın tutmaz ki?
– Yox, niyə ki? Amma gecikmə. Səni gözləyirəm.
– Yaxşı.
Qızlar həyətə daxil olanda içəridən səs-küy gəlirdi. O, qorxub dayandı.
– Qorxma gəl, atamla anam mübahisə edirlər.
Qızdakı arxayınlıq onu təəccübləndirdi:
– Necə də sakit qarşılayırsan…
– Neynəyim, əlimdən nə gəlir? Bir də ki savaşıb barışacaqlar, yenə savaşacaqlar. Öyrəşiblər.
Evə girmək istəmədi, təklif etdi ki, həyətdə əyləşsinlər. Rəfiqəsi razılaşmayıb, güclə çəkib onu içəri saldı. Onları görəndə ev sahibi kişi dilxor halda həyətə çıxdı. Qadınsa qışqırmağına ara verdib qonağa yaxınlaşdı.
– Xoş gəlmisən, qızım, – dedi, – bağışla, bir az əsəbiləşmişəm.
– Yersiz vaxt gəldiyim üçün üzr istəyirəm – deyib peşman-peşman qadına baxdı.
– Eybi yox narahat olma, hansı vaxt gəlsən, bizdə qovğa eşidəcəksən– dedyib qadın uğundu. – adətimizdir – dedi.
O, məəttəl-məəttəl qadının tamaşa edirdi. Bir qədər sonra qadın otaqdan çıxdı. Fürsət tapıb soruşdu:
– Qorxmursan?
– Nədən?
– Onların savaşından.
– Uşaq vaxtlarımda qorxurdum, indi bezmişəm.
– Sən uşaq olanda da dalaşırdılar?
– O qədər…
– Bəs niyə ayrılmayıblar?
– Mən də anamdan bunu soruşmuşam. Deyir, boşanan qadına pis baxırlar. Həm də axı anam heç yanda işləmir…
– Bəs bu cür çığırtıda uşaqların aldığı psixi travma, bəs narahat olan qonşular?
– Anam deyir, bütün ailələrdə dava-dalaş olur.
– Bizdə olmayıb.
– Hardan bilirsən?
– Yadıma gəlmir.
– Sən ananla az müddət bir yerdə olmusan, yadında qalmayıb.
– Yəni savaşmayan ər-arvad yoxdur?
– Bəlkə də, var.
– Ərlə arvad niyə savaşır?
– Nə bilim, o qədər səbəb var ki…
– Məsələn…
– Bilmirəm, əmim arvadını nənəmə qayğı göstərmədiyi üçün döyür.
– Döyür?
– Hə.
– Vayy!!! Bəs o neynəyir?
– Neynəsin ki? Qorxusundan əmimin yanında nənəmlə mehriban olur.
– Bəs anangil niyə yol getmirlər?
– Anam atamı sevməyib. Onu zorla qaçırıb. İndi anam qaş-qabaqlı olan kimi atam deyir məni sevmirsən, kimisə xatırlayırsan.
– Atan haqlıdır?
– Yox.
– Anan deyib bunu?
– Atamın rəftarından bilirəm.
– Bunlar sənə necə təsir edir?
– Çox pis. İkisinin də əlindən bezmişəm. Bir dəfə nənəmə yalvardım ki, sizinlə qalım atamgildən qorxuram, qışıqırırlar. Nənəm dedi özüm burda qonaq kimi sıxılıram, əmidostun səni də istəməz. Bilirsən, adam gərək sevdiyi adamla ailə qursun ki, ötürdüyü günləri havayı keçirməsin, hər dəqiqəsindən zövq alsın.
– Bunu kim deyib sənə?
– Müşahidə etmişəm. Rəfiqələrimin ailələri çox mehribandırlar. Onlarda olanda valideynlərinin bir-biri ilə münasibətinə gizlicə göz qoyuram. Elə xoşuma gəlir ki. – Qızın gözləri yaşarmışdı. Astadan əlavə etdi – Sevməsəm heç kəslə ailə qurmayacam, ömürlük tək yaşayacam.
Mütəssir olmuşdu, ev sahibi gətirdiyi çayı təkidlə içirməsəydi qəmgin-qəmgin onları süzməyə davam edəcəkdi. Bu evdən qurtulmaq istəyirdi. Yalan danışmağa məcbur oldu.
– Bağışlayın, atam yazıb ki, gəzməyə getməliyik. Ləngiyə bilmərəm.
Rəfiqəsinin əlindən birtəhər çıxıb sağollaşıb getdi.
Necə ola ki, eyni evdə savaşa-savaşa yaşayasan? Qadın ərini sevməyəndə necə pis olurmuş. Tutaq ki, kişi qadını sevmir, onda necə olur? Qəribədir. Görəsən, ikisi də bir-birini sevsələr yenə də savaşarlar? Yoxsa sevib ailə quranda ömür boyu mehriban yaşayırlar? Görəsən, atam heç anama acıqlanıb? Bəs anam atamla evləndiyi üçün peşmanlıq keçirib?
Yol boyu öz-özünə xeyli suallar versə də, atasından bu barədə soruşmağa utanırdı. Qadının sözlərini xatırladı: “hələ gəncsən çox şeydən xəbərsizsən”. Nəyi nəzərdə tuturdu? Amma haqlıdır, indiyəcən belə bir ailə görməmişdim. İlahi, bundan sonra nələr görəcəm?

 

– Sevgi budur?
– Nə?
– Səni görməyəndə darıxıram.
– Sonra?
– Görəndə sevinirəm.
– Başqa?
– İstəyirəm həmişə bir yerdə olaq.
– Ömrünü məndən ayrı təsəvvür edirsən?
– Yox.
– Məni incidərsən?
– Qətiyyən.
– Demək, sevirsən.
– Hə.
– Köç bizə gəl.
– Gəl, apar.
“Gəl, apar…” yazdığı sözləri təkrar nəzərdən keçirdi. Necə yəni “gəl, apar” bəs atam? O tək qalsın? Axı ömürlük atamla qalacaqdım, ona qayğı göstərəcəkdim, nə oldu mənə?
– Burdasan?
İnboksun divarından gələn çıqqıltıya fikridən ayıldı.
– Burdayam.
– Niyə yazmırsan?
– Bir az narahatam, olar sonra yazaq?
– Ağrıyırsan?
– Yox.
– Yaxşı. Mesajını gözləyəcəm.
– Sağ ol.
Tərəddüd içində idi. Əvvəl-axır bu evdən getməyə məcburdu. Gəlin köçəcəkdi. Atası tək qalacaqdı. “Yox, heç yana getməyəcəm” desə də hiss edirdi ki, qəlbi onunla razılaşmır. “Atam da bizimlə getsin. Buna razı olmaz. Onda sevgilim bizimlə qalsın. O da razı olmasa necə olsun?”

Neçə vaxt idi ki ondan xəbər yox idi. Yazdığı mesajlara cavab gəlmirdi. Telefona da zəng çatmırdı. Narahat idi. “Bezdirdim yəqin. Yoruldu. Ya da ailə qurmaq fikrindən daşındı. Bəlkə, xəstədir…”
Sabah iş yerinə getdi.
Binanın qarşısında rastlaşdılar. Elə bildi həmişə olduğu kimi gülümsəyib qabağına gələcək, görüşdüklərinə sevinəcək. Üzündəki kədər bu dəfə belə olmayacağını hiss etdirirdi.
– Necəsən?
– Təşəkkür edirəm… – “yaxşıyam” söyləyə bilmədi. “Sən necəsən?” deyə də soruşmadı. Həmişə bir-birinin səhhətini xəbər alır, ikisi də yaxşı olanda yaxşı, pis olanda da “pisəm” deyirdilər. Ona görə də reallıqdan uzaqlaşa bilmədi.
– Telefonun işləmir?
– Yox.
– Niyə ustaya göstərmirsən?
– Tənbəllikdən.
– Bəs bilmirsən narahatam?
– Olma.
– Nolub sənə?
– Heç nə.
– Gəl. – deyib əlindən tutub kənara çəkdi: – Niyə belə edirsən?
– Heç, bir az işlərim çoxdur, yorğunam.
– Bunu demək çətindir bəyəm? Yazıb bildirə bilməzdin?
– Hə… bağışla.
– Gedək bir az hərlənək.
– Gedə bilməyəcəm.
– Niyə axı?
– İşim çoxdur.
– Gözləyərəm.
– Gec olar.
– Bəhanə axtarırsan.
– Yox.
– Hə!
– Yox.
– Evlənməyə qərar verə bilmirsən, peşmansan ona görə qaçırsan.
– Hə.
– Demək, belə?
– Hə.
– Bilirdim, axırda qaçacaqsan, tək yaşamağa alışmısan.
– Hə.
– Bunu açıq deyə bilərdin, gizlənməyə gərək yox idi. Yaxşı, necə istəyirsən, elə olsun.
– Anlayışın üçün təşəkkür edirəm.
Acıqlandığı bilinirdi. Sağollaşmadan evə öndü.
Qadınsa ağır addımlarla işə qayıtdı. Özünü ələ almağa çalışırdı. Ağlamamaq üçün özünü ovundururdu.

Çarpayıya uzanıb düşünürdü. Özünü günahlandırırdı. “Yordum onu. Səhlənkarlığımla, diqqətsizliyimlə bezdirdim. Uzaqdan-uzağa belə yorulubsa, birgə yaşayandan sonra zəhləsini daha çox tökəcəyimdən narahat olub evlənməkdən boyun qaçırır. Bəlkə də, qızımla yola getməyi dərd edib özünə”.
Nə qədər götür-qoy edirdisə, qərar verə bilmirdi. Sevirdi. Ayrılmaq çətin idi. Bağlanmışdı. Amma bunu söyləməyə mane olan nə idisə, onu anlaya bilmirdi. “Necə istəyirsən, elə olsun” – nahaq belə dedim…

Könlümü almaq üçün nə bir kəlmə xoş söz, nə də “ayrılmayaq” dedi. Demək, ürəyindən imiş. Qızı evlənməyimizi istəmədiyini deməyə cəsarəti çatmadı. Fürsət gözləyirmiş ki, imtina edim.
Televizoru açıb qarşısında əyləşdi. Eynini açmağa əyləncəli proqram axtardı. Pultun düymələrini bərk, həm də tez-tez sıxdığını hiss etmirdi. Gözü ekranda, fikri uzaqlarda idi.
“Necə istəyirsən, elə olsun” – Gün boyu beynində min dəfə təkrarladı.
Ürəyisə başqa şeylər deyrdi. Az qala uşağa təpnirmiş kimi “kəs səsini” deyə ürəyinə acıqlanacaqdı. Hiss edirdi ki, ağlı ilə ürəyinin əlində qalıb. Yox, ağıl da ürəyə tabe olmuşdu. Onu istəmədiyi səmtə yönəldən. Qıza verdiyi söz idi. “Çalışaram” demişdi. Çalışırdı.

İndi atasından daha tez-tez icazə alırdı. Hər dəfə bir bəhanə ilə. Buna görə peşmanlıq hissi duysa da, sevglisi ilə görüşmək istəyirdi. Getdikcə atasını sevən qadına haqsızlıq etdiyini anlayırdı. “O atamı sevir. İnsan sevməyəndə necə soyuqqanlı olurmuş. Onun hisslərini duymamışdım. Atam bu barədə danışmasa da, bilirəm ki, o da sevir. “Sevimlidir” demişdi. Haqlıdır. Söhbət etməyə dəvət edəndə acıqlanacaqdım. Üzünü görəndən sonra içimdə qəribə hisslər başq qaldırdı. Elə bildim çoxdan görmədiyim yaxın adamı gördüm. Xoş təsir bağışladı. Məni sərt olmağa məcbur edən qısqnclıq hissi imiş. Atamı qısqandım ona. Anamın ruhunun narahat olacağını istəmədim. Yox, görüşməliyəm qadınla. Atam neçə vaxtdır kefsizdir. Bilirəm niyə belədir. Qadın verdiyi sözün üstündə durub görüşmür. Ümidini üzüb qadından. Mütləq görüşməliyəm onunla”.

Qürur gözəl hissdir. İnsanı ləyaqətli edən odur. Sevgidə isə qürur gözləmək xoşbəxtliyin qarşısını kəsir. Nə qədər qürurunu əzizləsə, sevgisindən o qədər uzaqlaşacağını, ömrünün sonunadək təhna həsrət içində qalacağını dərk edirdi. Özünü danlayırdı: “Sevgidə qürur gözləmək ayrılığı könüllü dəvət etməkdir. Qulaqlarında nəğmə səsləndi: “Sənə olan eşqimi, sənə də alçaltmaram”. Yox, bu başqa mənadadır. Sevdiyinlə rəftarda “bu mənə yaraşmaz”, “bunu etmərəm” fikirlərini əsas götürürsənsə, demək, ağıllısan. Ağıllı olmaq sevməməkdir. Bundan betəri isə eqonu bəsləməkdir. “Əvvəlcə o eləsin”, “birinci o barışsın” kimi eqoist yanaşma qarşı tərəfin sevgisini öldürür. Barışıq üçün uzanan əli eqonun ucbatından geri qaytaranda məhəbbət hissinin yerini peşmanlıqla alır. Qürur gözəl hissdir, baxır kimə göstərəsən. Eqoistlik isə… yox, səhv edirəm. Ayrıla bilmərəm. Mümkün deyil”.

Zəngi basıb həyəcanla gözlədi. “Evdə olacaq, istirahət günüdür”. Sanki ilk görüşə gəlmişdi. Əvvəllər bu qədər kövrək deyildi.
Qapı açılandı, sevincini gizlədə bilmədi. Ona elə gəldi ki, aylardır bir-birini görmürlər. Bağrına basmaq istədi. Utandı. “Elə bilər buna görə gəlmişəm”. Qollarını yanında güclə saxladı.
– İçəri dəvət etmək fikrin yoxdur?
– Buyur.
– Yaxşı ki, yadına saldım.
Geri çəkilib yol verdi. Zalı göstərib “keç” dedi. Lakin heç biri tərpənmədi. Üz-üzə dayandılar.
– Yoruldun məndən, hə?
– Qəsdən yorurdun?
– Cavab ver.
– Sən cavab ver.
– Höcətlik etmə!
– Sən də!
– Nolub sənə?
– Heç nə.
– Olub axı.
– Sənə nə olubsa, mənə də ondan olub.
– Mənə heç nə olmayıb.
– Olmasaydı…
İrəli gəlib qolundan tutub gözlərinin içinə baxdı:
– Olmasaydı?
– …
– Neynəyərdim olmasaydı?
– Heç nə.
– Tək yaşamağa alışmısan, qayğımı çəkməkdən qorxdun.
– Sən də “qorxma” demədin. Necə istəyirsən, elə olsun dedin.
– Hə, demədim… çünki özüm daha çox qorxuram…
– Nədən qorxasısan ki?
– Səni itirməkdən.
Canından xoş gizilti keçdi. Həyata birdən-birə təzədən gəlmək, təzədən sevmək istədi. Üzdə isə özünü sərt göstərməyə çalışdı:
– Burax qolumu!
– Buraxmıram, nə qolunu nə də səni…
– Niyə? Nəyinəm sənin?
– Sus…
– Yadam sənə.
– Yad deyilsən, yad kimi göstərirsən. Bizim gözləməyə zamanımızmı var? Ömrün yarısı gedib. Yığış.
– Hara?
– Bizə.
– Yox!
– Hə!
– Olmaz!
– Olar.
– Təkbaşına qərar veriləcək iş deyil.
– Kimdən soruşmalıyıq?
– Övladlarımızdan.
– Etiraz etmirlər demişdin.
– Sənin də övladın var.
– Yığış dedim!
– Belə olmaz.
– Tərslik etmə. Gedib nikah üçün ərizə yazacağıq.
– Mənə görə övladınla münasibətini korlama.
– Qızım mənə etiraz etməyib.
– Mənə… – “mənə edib” deyəcəkdi… amma susdu.
Telefonun səsi söhbəti yarıda kəsdi. Baxdı. O idi. Açmadı. Soruşsaydı ki, atam səninlədir, yalan deyə bilməyəcəkdi. Düzünü də demək istəmirdi. Qəribə vəziyyət yaranmışdı.
– Yaxşı, bir az vaxt ver, düşünüm.
– Düşünməyə vaxt yoxdur.
“Düşünməyə də vaxt yoxdur…” Söz özüylə bərabər qorxu gətirdi. Ömrə etibar varmı?
Qapıdan o yanda onları xoşbəxtlikmi, peşmanlıqmı gözləyirdi, bunu bilmirdi. Bildiyi tək şey bu idi ki, sevgi var, o gec də gələ bilirmiş… Əlindən tutub gəldiyin yollarla səni geriyə – ürəkdolusu yaşamadığın illərə təzədən aparır, harda nəyi buraxmısansa, onu yığa-yığa qayıdır. Son deyə bir şey yoxdur. Bitdiyini zənn etdiyin hər nəsnə nəyinsə başlangıcı olur. Əgər başlamğa cəsarətin varsa…
Telefonun ekranında zəng edildiyini bildirən qırmızı işarə qalmışdı.