C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 2021-2022-ci il teatr mövsümü ilə bir-birindən maraqlı premyeralarla tamaşaçı qarşısına çıxır.
Teatr binasının olmaması yaradıcı kollektivi ruhdan salmır, bunun da təbii ki, kollektivin rəhbəri İftixar Piriyevin əməyi böyükdür. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Hidayətin “Burdan min atlı keçdi” əsərindən sonra, may ayının 9-da, Özbəkistanın tanınmış ədəbi simalarından olan Qoçkar Norkabilin “Xoşbəxtliyin bazarı varmı? yaxud beş dul və bir rəis” adlı əsəri əsasında hazırlanan “Beş dul qadın və rəis” birhissəli musiqili komediyasının premyerası Rəşid Behbudov adına Mahnı Teatrında baş tutdu. Premyeranın özəlliyi həm də onda idi ki, zalda Özbəkistandan gələn qonaqlar var idi. Qonaqlar arasında komediyanın müəllifi Qoçkar Norkabil, “Şöhrət” medallı şair-publisist Xasiyət Rüstəm (Qoçkar Norkabilin həyat yoldaşı) də vardı.
Premyera teatrın baş direktoru, Respublikanın Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin nitqi ilə açıldı. İftixar müəllim hər kəsi salamlayaraq, müəllifi və qonaqları tamaşaçılara təqdim etdi. Söz MM məclisin deputatı Qənirə Paşayevaya verildi. Onu da qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının bu əsərə müraciət etməsinin səbəbi MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə olmuşdur. Qənirə xanım əvvəlcə, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivini teatrın 140 illik münasibətilə təbrik edib, qonaqlara “varıb gəldikləri” üçün təşəkkür etdi. Bildirdi ki, ilk dəfə Ümummilli lider Heydər Əliyevlə jurnalist kimi Özbəkistanda olmuşdur.
Yaxın illərdə isə orada olarkən dramaturqun dəvəti ilə tamaşaya baxımışdır. Qənirə Paşayeva onu da qeyd etdi ki, türk dünyasında ünsiyyətin qurulması vacibdir və bu ünsiyyət ədəbi əlaqələrin üzərindən daha çevik yarana bilər. Daha sonra MM Mədəniyyət Komitəsinin adından qonaqlara təltif və hədiyyələr verildi. Əsərin müəllifi Qoçkar Norkabil çıxışı zamanı qonaqlara və kollektivə minnətdarlığını bildirərək, milli ornamentlərlə zəngin hədiyyələri həmkarlarına təqdim etdi. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Sərvər Əliyev, bəstəkarı xalq artisti Sərdar Fərəcov, ədəbi dram hissəsinin rəhbəri Nərminə Ağayeva, tərtibatçı rəssam Vahid Mürsəliyev idi. Qeyd etmək lazımdır ki, əsər filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) tərəfindən tərcümə edilərək, azərbaycan dilində oxucuların ixtiyarına verilib.
Tamaşada Rəsmiyyə Sabirin şeirlərindən istifadə olunmuşdu. Quruluş milli çalarlarla zəngin idi. Mahnı Teatrının dramatik səhnə imkanları məhdud olması yaradıcı heyətə müəyyən çətinlik yaratsa da, tamaşanın ümumi keyfiyyətini aşağı salmırdı.
Tamaşanın səhnə dekarosiyası, rəssamlıq işi əsərin məzmunu ilə çox ahəngdardı. Geyimlər personajların xarakterini tamamlayırdı. Aktrisa Xədicə Məmmədovanın ifası elə ilk səhnədəcə tamaşaçı diqqətini pərçimlədi. Onun ifasındakı yamsılanma jestləri tamaşaçını əyəndirə bilirdi.
Süjetin inkişafına çıxan problermin özü də kifayət qədər komik idi. Belə ki, şirkətə yeni rəis təyin olunmasından bərk narahatlıq keçirən gənc dul xanımlar onun “qəlbinə” yol tapmaq üçün bütün vasitələrdən istifadə edirlər. Subay və dul xanımların “rəis uğrunda mübarizə”si tamaşaçılara tanış mövzu idi. Bu tanış mövzu dramatuqun qələmində, əməkdar artist Sərvər Əliyevin quruluşunda yeni nəfəs qazanmışdı.
Tamaşanın canlılığında aktyor peşəkarlığı da rol oynayırdı.
Falçı xala obrazının ifaçısı aktrisa Elnarə Heydərova ona tapşırılan rolunun öhdəsindən məharətlə gəlsə də, cənub dialektindən aşırı istifadə tamaşanı şoulaşdırırdı. Bu, fikrimizcə, rejissorun tamaşanı daha əyləncəli etmək məqsədini daşıyırdı. Elnarə Heydərova öz ifasını zalda davam etdirməsi tamaşaçıda bir canlılıq yaratdı. Aktrisa rejissorun tamaşaçı ifaçı ünsiyyətini qurmaq tapşırığının öhdəsindən gələ bildi.
Ümumiyyətlə, tamaşa əyləndirici elementlərlə zəngindir. Amma əsərin ümumi motivi tamaşaçını əyləndirmək yox, həm də sosial problemlər ətrafında düşündürmək məqsədi üzərində qurulmuşdu. Qeyri-peşəkarların müəssələrdə müəyyən vəzifələrdə çalışması, falçı, baxıcı kimi problemlər ətrafında qurulan məzmun əslində kifayət qədər aktualdır. Ona görə də o, özbək tamaşaçısı kimi Azərbaycan tamaşaçısı üçün də maraqlı ola bilir. Amma bir tamaşanın maraqlı olması yalnız onun daşıdığı məzmunla, yəni mətnlə əlaqəli ola bilməz, bunda yaradıcı heyətin böyük rolu olur. Və məhz “Beş dul qadın və rəis” tamaşasında İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti bu işin öhdəsindən gələ bilmişdi. Əsərin səhnə uğuru ilə yanaşı Özbəkistan – Azərbaycan ədəbi əlaqələrini gücləndirmək yönündə görüdüyü işi də qeyd etmək lazımdır. Xüsusilə bu iş türk dünyası arealını əhatə edirsə, onun əhəmiyyəti daha da böyüyür. Həm də nəzərə alsaq ki, dövlətimizin siyasəti də bu istiqmət üzərində qurulub onda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının gördüyü işin dəyəri daha da artır.
Əsmər HÜSEYNOVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Ədəbi tənqid şöbəsinin əməkdaşı
esmer74.17@mail.ru