Ev Bədii Sözün işığında yaşa – Ağasəfanın şeirləri

Sözün işığında yaşa – Ağasəfanın şeirləri

877

AĞASƏFA – 80

İNSANLIĞIN TALEYİ

Bu bəxtsiz Yer kürəmiz
Kainatda bir ada.
Hər küncündə tank-raket,
Hər bucaqda qan-qada.

Orda-burda Tanrının
Eləcə adı qalıb.
Nə çörəyin, nə duzun,
Nə sözün dadı qalıb.

Hər dəlikdən tuşlanan
Silah… silah… silahdır…
Əvvəllər Allah vardı,
İndi silah allahdır.

Adəmin övladları
Bir-birinə yağıdır.
Bir əl tikir, ucaldır,
Bir əl sökür, dağıdır.

İnsanlığın taleyi
Bir düymənin ucunda.
Bir nöqtəcən düyməcik
Nələr… nələr gücündə.

Yerdən alov püskürür,
Göydən də kül ələnir.
Bir ucdan doğulanlar
Bir ucdan güllələnir

İnsan qatili insan,
İnsan qənimi insan.
Qalacaqmı axıra
Beş-on həqiqi insan?

TANRIM, BİZİ QUL ELƏMƏ

SƏN böyüksən!
Biz nəçiyik?
Əkinçiyik, biçinçiyik,
Daş üstünə daş qoyanıq.
Haqq yolundan dönməmişik,
Haqq yolunda baş qoyanıq,
Tanrım, bizi qul eləmə.

Cəzamızı əlinlə ver,
Səbrimizi hər gün sına,
Aman, Tanrım, qovma, bizi
Salma düşmən qapısına,
Tanrım, bizi qul eləmə.

Haqqa sarı sürüklənən
Arabaya qoşqu olaq,
Gecə-gündüz dən daşıyan
Əzabkeş qarışqa olaq,
Tanrım, bizi qul eləmə.

Götür, halal toxum kimi
Səp torpağa, dən-dən elə,
Qoy cücərək halallıqla,
Bizi halal bəndən elə,
Tanrım, bizi qul eləmə.

Səni candan sevənlərik,
Kəsmə haqdan ruzumuzu.
Eşit… Eşit… eşit… Eheyyy…
Eşit bizim arzumuzu…
Tanrım… Bizi qul eləmə…

TALE DEDİYİN Kİ VAR…

Düzdür, haqq dada yetir,
Hər istək haqdan gəlir.
Sünbül torpaqda bitir,
Çörək torpaqdan gəlir.

Tale dediyin ki var,
Hər gün səni haqlamır.
Tale qapıya gəlib,
Hər dəm üzünə gülüb,
Qoğal-moğal paylamır,
Noğul-moğul paylamır…
Tale ağıl paylamır…

Əyil, torpağa əyil,
Güzgüdü, baxtdı torpaq.
Tale göylərdə deyil,
Tale torpaqdı, torpaq.

Göz gördüyündən umar,
Əlin işi başqadır.
İşləyən qarışqadır,
Cırcırama baş qatır.

Əlin qabardır?Əhsən!
Zəhmətin batmaz sənin.
Bu torpağa baş əysən,
Tale ağlatmaz səni.

Alnından tər sızırsa,
Baxtın taxtıdı torpaq.
Kürəyin tər-sudursa,
Köynəyin tər-sudursa,
Taxtın baxtıdı torpaq.

“Mənəm! Mənəm!” deyənlər
Dırmaşdılar kürsüyə.
Torpağa baş əyənlər
Baş əymədi kimsəyə.

Tale bir bulmacadır,
Məncə, açması asan:
Ucalardan ucadır
Torpaq üstündə insan!

SÖZÜN HEKAYƏTİ

Hər kəsin sözə xoşu var,
Hər adam sözdən xoşlanır.
Hər sözün iki başı var,
Hekayət ordan başlanır.

Sözün tapmacası olur,
Gec qanan var, tez qanan var.
Sözün əkiz bacısı olur,
Sözü sözə qısqanan var.

Gedir birinə söz dəyir,
Biri göydə qapır sözü.
Söztapmaz gözünü döyür,
Çoxbilmiş tez tapır sözü.

Ha de, nadana yox xeyri,
Nə anlasa, baş-ayaqdır.
Arxadan atılan əyri,
Üzə deyilən söz şaxdır.

Söz çeşməsi bulananda
Dolaşıq-bulaşıq gəlir.
Can yanğısı olan anda
Yaxşı sözdən işıq gəlir.

Tonqalda yanmayan adam
Bir kəlmə sözdən alışır.
Hər söz qaranlıqda bir şam,
Başında şair dolaşır.

Ağasəfa, söz uzatma,
Qalma alışa-alışa.
Sözün kölgəsində yatma,
Sözün işığında yaşa.

 

* * *
Tanrım, hümmətin oldum,
Çox dözdüm, mətin oldum.
Yaşamaq çətin oldu,
Yaşamaq öyrət mənə.

Gəldim, ilişdim, qaldım,
Çaşdım, dolaşdım, qaldım,
Dərdə bulaşdım, qaldım,
Yaşamaq öyrət mənə.

İman-guman yerimsən,
Bir yol boylan, görün Sən…
Nəyim varsa, verim…
Sən Yaşamaq öyrət mənə…

MƏHƏBBƏT ELMİ

Eşqini göydən endirir,
Aşiqə buta göndərir.
Kərəmi külə döndərir, –
Tanrının zülmü belədir.

Sevdalı bülbül olasan,
Oxuyub yüngül olasan.
Gərək yanıb kül olasan, –
Məhəbbət elmi belədir.

 

* * *
Yer yük olur, göy yük olur,
Xəyalları yüyrük olur,
Ürəkləri böyük olur
Balaca adamların.

Gecə alnı düyünlü,
Qulağı səsli-ünlü…
Günəş doğur ki, könlü
Gül aça adamların.

Böyüklərdə şəst-qürur..
Kiçiklər tikir, qurur…
Dünya çiynində durur
Beləcə… adamların…

 

* * *
Köhnə tanışlara tanış gəlmirəm,
Baxırlar, süzürlər çəpinə məni.
Kiçildib, nazildib…Fələyin əli
Döndərib bir kibrit çöpünə məni.

Sanıram bir kibrit qutusundayam,
Bir ocaq qalayan, bir siqar çəkən
Götürüb qoyacaq cibinə məni.

Tabutum bir kibrit qutusu boyda…
Bilməm hansı ildə, neçənci ayda
Gömərlər bir daşın dibinə məni…

DÖZÜM

Mənəm bu daxmanın vəziri, şahı,
Bu həyət-bacanın nökəri mənəm.
Mənim boynumdadır yolun günahı,
Mən özüm özümə qatı düşmənəm.

Məni gözdən salan Tanrıya əhsən,
Tanrı dayım deyil, əmim deyil ki…
Qıy vurub fələklə girərəm bəhsə,
Ürəyim arxayın, əmin deyil ki…

Zamanın ətəyi özgə əlində,
Kasıb daxmamdakı vaxt-zaman ayrı.
Qızım dar daxmamdakı – güzgü əlində,
Güzgüdən keçirir içi-bayırı.

Gündüzlər huş gedir, ağlım uyuyur,
Gecələr bir tabaq ulduz payım var.
Köhnə məzarlıqda oğlum uyuyur,
Taleyin əlində bir qız payım var.

Dünyanın hər üzü mənə doğmadır,
Bəşərin karvanı gözümdən keçir.
Taxtım-paytaxtım da bu dar daxmadır,
Hər işim səbrdən, dözümdən keçir.

Hər kəsin alnında yazı bir cürə,
Mənim də yazımda oğul yası var.
Ruhlara məhrəmdir bu ocaq-hücrə,
Gözümdə ruhların qaraltısı var…
…Gözüm kölgəndədir, qaraltındadır,
Dözür ağrılara paytaxt-ürəyim.
Gözümün işığı qar altındadır,
Dözür, hələ dözür bədbaxt ürəyim…

QIZIL QƏFƏS

Bu kəndim – ruhumun qızıl qəfəsi,
Bu qızıl qəfəsdə uçmağa yer yox.
Bu qızıl qəfəsdə qızır nəfəsim,
Nəfəsim qızdıqca qaçmağa yer yox.

Bu kəndim – ilk nəğməm, ilkin düşüncəm,
Gözü gül axtaran qəfəs quşuyam.
Hava qaralınca, axşam düşüncə
Göynər ağrılara sinəm aşıyan.

Çökməz bu qəfəsə şirin bir yuxu,
Kipriyim qapanmaz, gözüm yumulmaz.
Kəndin – qızıl qəfəs, qəfəsdə, axı,
Şöhrət istənilməz, minnət umulmaz.

Bu qızıl qəfəsim – Şəhid meydanım,
Bu kəndim – içimdə qopan savaşdır.
Bu kəndim – yaramda son damla qanım,
Son anda gözümdə son damla yaşdır…

 

* * *
Seyrəldi görüşlər, soldu gül işlər,
Bitdi qəhqəhələr, getdi gülüşlər,
Dirəndi bu üzüm ayrılıqlara.

Hara aparasan bir düzüm gülü?
Qapım döyüləndə bir gözüm gülür,
Yaş tökür bir gözüm ayrılıqlara.

Bacardıq sevməyi, doğmalaşmağı,
Acımız, suçumuz nə imiş, axı?
İlahi, nə lüzum ayrılıqlara?

Məni, harda görsə, salır atımdan,
Keçir kəsə-kəsə yeddi qatımdan,
Dözüm? Necə dözüm ayrılıqlara?

YAXINLIQ….UZAQLIQ

Yaxınlıqdır uzaq səfər,uzaq yol,
Yaxınlıqdır uzaq yol da,əzizim.
Ayrılıq da gələ bilər,ayıq ol,
Bu dünyanın ayrılıqdır bir üzü.

Yaxın olsaq,yollar gözə görünməz,
Uzaq yolun uzaqlığı bilinməz.
Hicran bizim arxamızca sürünməz,
Günlərimiz parçalanmaz,bölünməz.

Yaxın olsaq,yollara göz dikmərik,
Duymarıq ki,hicran-vüsal qonşudur.
Yaxın olsaq,vüsal dərdi çəkmərik,
Bəlkə hərdən uzaq olmaq yaxşıdır.

Uzaq eldə canımıza od düşür,
Günahımız nədir-deyir,qandırır.
Məhəbbətin odu,közü,atəşi
Uza eldə kül olunca yandırır.

Ürək vurur…
Görüşməyə ümid var…
Vida demir yola çıxan yolçular.
Yaxın…Uzaq…
Qoy uzansın bu yollar.
Ömrün yolu məhəbbətlə ölçülər.

QƏDİM KÜÇƏ…KÖHNƏ ÜNVAN…TANIŞ EV

Qədim küçə…Köhnə ünvan…Tanış ev,
Necə baxım,divarına,daşına.
Yan ürəyim! Pıçılda hey,danış hey,
Qoy desinlər,hava gəlib başına.

Nə bilsinlər,bu yol necə ağırmış,
Hər keçəndə ürəyimdə dağ artıb.
Deyərdilər ,bu saqqalı ağarmış
Küçəmizin yollarını ağardıb.

Ömür keçdi calandıqca ilə il,
Ümidimi yel apardı,yar aldı.
Mən nə qədər ayaq döydüm,elə bil,
O gözəlin ayaqları yer aldı.

Yaxın dosta ərk eləyib deyərdim:
“Mənə görə bu küçəni tanı,sev! ”
Şəkil üstə ağac kimi göyərdim
Qədim küçə…Köhnə ünvan…Tanış ev.

Hanı mənim ürəyimdə od qoyan,
Pəncərədən oğrun baxıb gülənim.
Hanı mənə “gecəquşu” ad qoyan
Bu küçədə indi kimə güvənim?

Eşqim mənə bu küçədə tor qurub
Ərimədi heç bəxtimin buzları.
Mən keçəndə pıçıldaşıb,göz vurub
Niyə gülmür bu küçənin qızları?

Cavanlığım hey çalınar,çapılar,
Məhəbbətim bir sualdı ömürlük.
Taleyimdə bir tilsimli qapı var,
Açılmadı,bağlı qaldı ömürlük!

Tural Adışirinin təqdimatında