Ev Publisistika Əkbər Qoşalı poeziyasında Vətən mövzusunun poetik dərki

Əkbər Qoşalı poeziyasında Vətən mövzusunun poetik dərki

1096

Mərziyyə Nəcəfova

filologiya elmləri doktoru, dosent

Ədəbiyyat, söz sənəti yaşadığı dövrün cəmiyyətdə baş verən siyasi-ictimai-sosial olayların, önəmli tarixi proseslərin portretidir. Bütün hisslər, duyğular, ovqatlar keçici və dəyişəndir bəlkə. Lakin onlar sənətə çevriləndə əbədilik, ölməzlik statusu qazanır, toplumun, xalqın, millətin qan yaddaşı olur. Həm də, bu tarix daha etibarlı, daha səmimi təsir bağışlayır. Zamanın bütün mənfi və müsbət tərəfləri, əlamətdar hadisələr, baş verən haqsızlıqlar, müharibələr, iğtişaşlar, ədalətsizliklər həmin dövrdə yaranan əsərlərin, özəlliklə də (müharibələrdə olduğu kimi) əsasən poetik örnəklərin məzmununda təcəssüm edir. Yaşadığımız Qanlı 20 Yanvarda,
I və II Qarabağ müharibəsində Azərbaycan poeziyası ardıcıl şəkildə gerçək hadisələri əks etdirməklə yanaşı, mübarizlik əzminin güclənməsində də önəmli rol oynadı.

Əkbər Qoşalı çağdaş poeziyamızın seçilən vətənpərvər nümayəndələrindəndir. O, başdan-başa İlahi ədalətə, doğma Vətənəninə bağlılığa – vətənpərvərliyə köklənmişdir; o, ruhunda və gördüyü işlərdə əsil Vətən oğludur. İlk şeirlərində belə poeziyasında torpaq, Vətən mövzulu şeirləri diqqət çəkirdi. Qarabağ (Qarabağ – işğala uğramış torpaqlarımızın ümumiləşmiş adı, obrazı kimi götürülüb) torpaqlarının güclü havadarlara malik ermənilər tərəfindən min hiylə ilə ələ keçirilməsinin ağrı-acısı (və qəbuledilməzliyi!) onun yaradıcılığında təcəssüm olunur və vətəncanlı bir qələm adamı kimi onu çox rahatsız edirdi. O, Vətənə olan sevgisini sadə, səmimi dildə əks etdirməsinə baxmayaraq, həsrətin ağrısını və torpaqlarımıza bir an öncə qovuşmaq hisslərini uzun illərdi şeirlərində, digər yaradıcılıq örnəklərində özünəxas forma və üslubda ifadə edir:

Sən mənim alın yazım,
mən bir barmaq qələmlə
ağ kağıza nə yazım?
Bircə onu bilirəm,
sənə qayıtmayınca kürəklərim qısa,
boyum balaca
çiynim əyri
dilim gödək
gözüm kölgəli –
qısası, şikəst olacam,
bu isə yaşamaq deyil
sabah Tanrı deməzmi:
ya İnsan,
mən səni belə ha yaratmamışdım.

Şeirdə bir Azərbaycan aydınının özü ilə söhbəti, yaşadığı əzab və iztirab, itirilən Qarabağ torpaqlarına duyduğu xəcalət hissi ilə yanaşı, qarşıya qoyulan bir məqsəd də var. Qarabağ torpaqlarının azdlığı və Vətən müdafiəsi üçün candan keçmək hissi aşılanır bu misralarda. Torpaqsız yaşamağı yaşamaq saymayan, sürünmək, dili gödəklik, gözü kölgəlilik kimi dəyərləndirən şair poetik harayını oxucusuna ünvanlayır. Digər bənddə Qarabağa sevgisini ana laylası kimi həzin, sakit bir dillə ifadə edir. Qarabağı – itrilən torpaqlarımızı oxşayır, səmimi duyğuları ilə birləşən bu oxşama yalnız həzinlik aşılamır, eyni zamanda, “Torpaqdan pay olmaz!” ifadəsini təkrarən xatırladır. Azərbaycan vətəndaşının içində bir haray yaradır:

Mən sənin özünü sevirəm, sən mənim Qarabağımsan, sən mənim qara bağımsan, sən mənim qaram-ağımsan, sən özündən böyüksən, sən sözümdən böyüksən (sözdən qabaq səsimsən), Qarabağ! (“Qarabağ”)

Şairin torpaq mövzusunda şeirləri ədəbiyyatşünas və tənqidçilərimizin diqqətindən yayınmayıb. Torpaq şair üçün son mənzildir, vətəndir, Şəhidlərimizin can qurban verdiyi müqəddəs varlığımızdır. Əkbər Qoşalının poeziyası haqqında tanınmış tənqidçi, ədəbiyyatşünas alim Vaqif Yusifli yazır: ”Bir qədər şablon səslənsə də, deyim: Əkbər Qoşalı torpaq şairidir, vətənpərvər şairdir, amma torpağı da, Vətəni də standart ”sevgilər”lə tərənnüm etməkdən uzaqdır. Bir şair kimi dərk edir və anlayır ki, Torpağı və Vətəni sevirsənsə, bu sevgini poetik sevgiyə çevirməlisən”.

Əkbərin torpaq mövzusunda şeirləri şəhid məzarlarının müqəddəs məkanı kimi də dəyərləndirilir. Bu da təbiidir, 90-ci illərdən üzü bəri Azərbaycan torpaqları şəhidlərimizin qanı, canı ilə daha da müqəddəsləşdi. Qarabağ torpaqlarımızı görmək, ziyarət etmək poeziyamızın əsas mövzularına çevrildi:

Torpaq
ağır gündə bayraq tutmuş,
alnı dərddən qırış-qırış
qat kəsmiş
kişilərin
yerişindən dincələr
qarış-qarış.
Torpağı
hər yerdə şəhid məzarıyla möhürlənmiş
millətn
bayrağı əbədidir!..

Daha bir torpaq şeirində isə fəlsəfi deyim diqqət çəkir. “Torpağa tapşırırıq ölən olanda” başlıqlı şeiri oxucunu dərindən düşündürür, doğma torpağın dəyərini bilməyə səsləyir:

Beləcə,
Dərd dolanar dünyada:
Torpaq-torpaq,
daş-daş,
yazı-yazı,
ürək-ürək.
Deyirəm,
gedim torpaq dərdimi yazım, ürəklər daş olmamış…

Əkbər Qoşalının torpaq itkisini poetikləşdirən şeirləri saysızdır. Ən əsası odur ki, 30-illik torpaq həsrətli şeirlərimizə Ali Baş Komandanımızın və Azərbaycan Ordusunun birliyi sayəsində nöqtə qoya bildik. Və Azərbaycan Xalqı Qarabağ torpaqlrımızın azadlığı adına bir olmağı, mübarizə aparmağı bacardı. Zəfər nəğməmiz poeziyamızın sevinc misralarına çevrilə bildi.

Əkbər Qoşalı “Əziz Şuşa” şeiri ilə həsrətimizi dindirdi və Zəfərimizi, qalibiyyətimizi, ucalığımızı poetikləşdirdi. “Əziz Şuşa” şeirində nə qədər Şuşanın möhtəşəmliyi, gözəlliyi əks edilirsə də, bir o qədər də Şuşanın əvəzedilməzliyi poetikləşdirilib. Biz onu düz 28 il tərk etdik, o isə bizi bağışladı.
Bu tərkedilməzliyin ifadəsi özü dərin bir ağrıdan keçir. Bu ağrı hər bir düşünən Azərbaycan kişisinin üç onillik ağrısı və özünü qınaq əzabıdı, öz vicdanı ilə dialoqudur.

Əziz Şuşa,
Keçmişdən
sual vermirsən,
sağ ol,
Əziz Şuşa sən bizi qınamırsan,
Çox sağ ol! –
Biz səni tərk etmişdik,
Sən bizi tərk etmədin,
Biz səndə olmasaq da,
Can Şuşa, sən bizdəydin!

Uzun illəri aşan Şuşa yanğısı ilə yaşamağa məcbur olan, Şuşa sevdasını içində yaşadan şairlərin bu mövzuda şeirlərində elə bir yanğı var ki, bu yanğı yalnız Zəfər nəğməsi ilə söndürülə bilərdi. Əkbər Qoşalı Şuşaya olan bu sevgini – böyük sevgini şeirində ustaca çatdırıb, təqdim edə bilir.

Canımın canı şəhər,
İnsanlar bir şəhərə
necə aşiq olurlar? –
necə tərif eləyim?
Sevgi ”niyə”siz olur,
sevgi “necə”siz olur,
o “niyə”siz, necə”siz sevgilərdi
and oldu, inama qanad oldu;
O and, o inam idi
oldu – yolumuz oldu,
“Dərələrdən sel kimi,
təpələrdən yel kimi”
bizi sənə, bizi sənə gətirdi.

Müəllifin Şuşaya aparan yolun canımızdan başlaması ifadəsini qiymətli poetik tapıntı kimi dəyərləndirmək doğru olardı. Bu yol 44 günlük bir savaşdan keçmək üçün uzun bir zamandan – 30 illik sınaqlardan keçdi. Şairin söylədiyi kimi bu yol hələ bitmir, bu yol Zəngəzurdan, Göyçədən, İrəvandan keçəcək. Ən əsası da budur ki, o köhnə-yeni yollar Şuşa yolundan aydın görünür.

Şeirin son misralarında ümid işığı qaranlığa boyanmış qədim Azərbaycan torpaqlarını işığa qərq edir. Bu işıqda şairin ürək döyüntüləri çağdaş poeziyamızı zənginləşdirir:

Sənə gələn yolumuz
Canımızdan başladı;
İlahi yazı varsa – alnımızdan başladı.
Yollar sənə gətirdi,
Yollar səndə qurtarmır –
Zəngəzurun, Göyçənin,
İrəvanın yolları
Səndən görünür, Şuşa!
Əlini qəlbimə qoy,
Gör bir necə döyünür…

Qədim Azərbaycan torpaqlarına gedən yol Şuşadan keçdiyi kimi, o torpaqlar üçün döyünən qəlblərdən də keçir.

Vətən üçün döyünən qəlblər var olsun!