Ev Xəbərlər II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı təşkil olunacaq

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı təşkil olunacaq

466

İyunun 5-dən 11-dək ölkəmizdə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı təşkil olunacaq.

Ötən il türkdilli ölkələrdən alimlərin, yazarların iştirakı ilə 3 gün davam edən bu festival böyük marağa səbəb olmuşdu.

Festivalın təşkilində məqsəd kitabı təbliğ etmək və kitaba olan marağı artırmaqdır. Həmin festivalın bu il də keçirilməsi nəzərdə tutulur.

Bu sözləri AzərTac-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza deyib.

Budəfəki festival tədbiri AMEA-nın önündəki park ərazisində təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edəcəklər. Bundan əlavə, orada tədbirlər üçün böyük səhnə qurulacaq. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılacaq.

Eyni zamanda, müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunacaq. Bundan başqa uşaqlarla bağlı xüsusi layihələr nəzərdə tutulub. Gündəlik olaraq uşaq saatları keçiriləcək və uşaq tamaşaları nümayiş olunacaq. Bu layihə ilə bağlı müxtəlif qurumlarla əməkdaşlıq nəzərdə tutulur.

Həmçinin bizim builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir. Hər il iyunun 5-də bizdə “Şairlər günü” layihəsi həyata keçirilir. Bu il də XI “Şairlər günü” layihəsi elə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı ilə birləşdirilərək ümumi formatda təşkil olunacaq”, – deyə X.Rza bildirib.