525.az xəbər verir ki, nəşrlərdən biri Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Dünya ədəbiyyatı” dərgisinin “Macarıstan” sayı, digəri isə “Macar ədəbiyyatı antologiyası”dır. AYB ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşlığı, Fondun dəstəyi nəticəsində hazırlanmış hər bir nəşrə 40-a yaxın müəllifin fərqli janrlarda yaratdığıdəyərli ədəbi əsərlərin tərcümələri, eləcə də nəzəri materiallar daxildir.
Nəşrlərin ərsəyə gəlməsinə yaxından dəstək vermiş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyeva giriş sözündə qeyd edib ki, Fond təşkilatın müşahidəçi dövləti olan Macarıstan Respublikası ilə əməkdaşlığa böyük diqqət ayırır: “Fəaliyyəti dönəmində Fond Macarıstan mədəniyyətinin tanıdılması istiqamətində bir sıra layihələrə imza atıb.Macarıstanla bağlı növbəti layihə Fondun dəstəyi ilə “Dünya ədəbiyyatı” dərgisinin“Macarıstan” sayının və “Macar ədəbiyyatı antologiyası”nın nəşr olunmasıdır”.
Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanda macar ədəbiyyatına daim ciddi maraq olduğunu vurğulayan G.Əfəndiyeva ümid etdiyini bildirib ki, oxucular hər iki nəşri böyük rəğbətlə qarşılayacaqlar və Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin daha geniş müstəvidə inkişafı üçün yeni imkanlar açılacaq.
Nəşrlərin hazırlanmasında xüsusi rolu və əməyi olan Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq ədəbi əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu giriş yazısında müasir dövrün mənzərəsinə diqqət yetirərək Macarıstanın Azərbaycanla, türk dünyası ölkələrilə yüksələn əlaqələrini, rəsmi Budapeştin türk dünyası ilə əməkdaşlığı genişləndirmək xətti götürməsini mühüm faktlar kimi vurğulayıb: “Bu faktlar təqdim etdiyimiz nəşrləri həm Azərbaycan, həm də Macarıstan ədəbi mühiti üçün vacib, qiymətli hadisəyə çevirir”.
Macar ədəbiyyatının ölkəmizdə təbliği yönündə indiyədək görülmüş işləri hörmətlə xatırlayan S.Babullaoğlu yeni nəşrlərin özəlliyini bu şəkildə qeyd edib: “Bu nəşrlər bizə macar ədəbiyyatının böyük mənzərəsinə həm klassiklərin, həm də çağdaş ədiblərin yaratdıqları əsərlərin nümunəsində, eləcə də macar ədəbiyyatı tarixinə və Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə aid elmi-nəzəri yazılarla baxmaq imkanı verən ilk irihəcmli işlərdir.Ümidvaram ki, bu nəşrlərlə xalqlarımızın dostluq əlaqələrinə, ədəbiyyatlarımızın qarşılıqlı tanıdılması işinə daha bir önəmli töhfə verilir”.
“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli bildirib ki, zənginliyi ilə seçilən macar poeziyasından buradaŞandor Petöfi, Mikloş Radnoti, Endre Adi, Mihay Babiç, Attila Jojef, Şandor Lejak, Attila Balaş, Anna Kiş, Şandor Çori, Zoltan Nemetvə başqa şairlərin poeziya nümunələri verilib. Macar prozası isə Geza Qardoni, Kalman Miksat, Jigmond Moriç, İmre Kertes, Dördi Şpiro, Peter Nadaş, Peter Esterhazi və digərlərinin yaradıcılığından örnəklərlə təmsil olunur: “Bədii əsərlərdən əlavə, macar ədəbiyyatının tarixi və müasir mənzərəsi, Azərbaycan-Macarıstan ədəbiəlaqələrinin inkişaf yolu haqqında məqalələrə də yer verilib. Macar ədəbiyyatı ilə ətraflı tanış olmaq istəyən azərbaycanlı oxucular üçün bu nəşrlər kifayət qədər dolğun ədəbi mənbələr rolunu oynaya bilər”.
Nəşrlərdəki bədii nümunələri dilimizə Ağasəfa, Davud Nəsib, Yusif Həsənbəy, Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Əkbər Qoşalı, Əsəd Zeynalov, Dürdanə İbrahimova-Hüseynbəyli, Qismət Rüstəmov, Rəbiqə Nazimqızı, Azad Yaşar, Şəfiqə Şəfa, Həmid Piriyev, Sona Səlimli, Rəna Cahangirli, Xatirə Nurgül və Akəm Xaqan çeviriblər.
Nəzəri materiallar bölümündə azərbaycanlı tədqiqatçı Rəna Cahangirlinin və rusiyalı ədəbiyyatşünas Oksana Yakimenkonun məqalələri verilib.
Nadir Yalçın