Prof.dr.Elman Quliyev
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Türkoloji mərkəzin Türk ədəbiyyat bölməsinin müdiri
30 ilə yaxındır ki, çoxəsrlik tarixə malik özbək ədəbiyyatı problemlərinin tədqiqi ilə məşğulam. Araşdırmalarımın nəticəsi olaraq özbək ədəbiyyatının qədimliyini və qədim olduğu qədər də zənginliyini, bu ədəbiyyatın nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın və Orta Şərqdə böyük ədəbi-mənəvi hadisə tipində təsdiq və qəbulunu müşahidə etmişəm. Xüsusi olaraq 50 min misralıq türkcə 4 divan, 10 min misralıq farsca 1 divan, 25620 beytlik türkcə “Xəmsə”, 20 elmi-fəlsəfi əsər müəllifi kimi tanınan Əlişir Nəvai yaradıcılığını özündən sonrakı 500 illik bir dövrdə müxtəlif ədəbi mərhələlərin formalaşma və inkişafı üçün əhəmiyyətli ədəbiyyat və mənəviyyat hadisəsi hesab etmişəm. Lakin bütün bunların fonunda çoxəsrlik tarixə malik Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin mövcudluğu problemlərinə xüsusi diqqət ayırmış, bu istiqamətdə müəyyən araşdırmalar aparmışam. Ə.Nəvainin “Xəmsə”yə daxil etdiyi poemalarında Nizamiyə, Marağalı Əşrəfə, “Məcalisin-nəfais” təzkirəsində Şah Qasım Ənvara olan münasibətindən tutmuş müasir mərhələdə Zülfiyyənin S.Vurğuna olan dərin ehtiramına qədərki 500 illik zaman aralığında özbək mənəviyyatında Azərbaycan ruhuna olan hörmət və sevgini izləyə bilmişəm. Təbii ki, bu cür əlaqə və yaxınlıq digər türk xalqları arasında da mövcuddur. Çünki kökü eyni olan türk xalqları müxtəlif ərazi, region, hətta mühitdə yaşasalar belə, onlar eyni ruhi və mənəvi dəyərlərdən, eyni bədii təfəkkür və düşüncədən heç vaxt uzaq olmamışlar.
1991-ci ildə Azərbaycan və Özbəkistanda milli müstəqilliyin bərpası iki qardaş xalqın bütün sferalarda olduğu kimi, ədəbi mühitdə də əlaqələrinin genişlənməsinə təkan vermişdir. Min illər boyu eyni bədii zövqün, eyni mənəviyyatın yolçuları olan Azərbaycan və özbək yazarları hər iki xalqın ruhi-mənəvi birliyinin möhkəmlənməsi naminə işlər görmüşlər. Xüsusi olaraq, 1988-ci ildən sonra Azərbaycanın üzləşdiyi Qarabağ problemləri zamanı yurd-torpaq itkilərimizə, didərginlik fəryadımıza, bir milyonluq qaçqın-köçkün harayımıza və s. məsələlərə münasibətdə bir çox özbək yazarının içdən gələn duyğularını qardaş təəssübkeşliyinin ən bariz göstəricisi hesab etmək olar. Bu prosesin davamlı olması 30 illik Qarabağ haraylarımızın özbək ədəbiyyatında bu və ya digər dərəcədə yer alması üçün mühüm rol oynamışdır. Türk milli təəssübkeşliyi və qardaşlıq münasibətlərinin nəticəsi olaraq özbək yazarları bədii yanaşmada Azərbaycanın 30 il müddətində üzləşdiyi faicələri kədər, dərd hissi ilə, 44 günlük müharibə uğurlarımızı, qələbə zəfərimizi isə böyük sevinc duyğusu ilə ifadə etmişlər. Çağdaş özbək ədəbiyyatının tanınmış şairi Xasiyyət Rüstəmin yaradıcılığının bu istiqaməti sənətindəki Azərbaycan sevgisi təzahürünün göstəricisidir. Bu mövzu hər şeydən əvvəl Xasiyyət Rüstəmin yaradıcılığı üçün ictimai-siyasi səciyyə daşıyır. Azərbaycanın dərdini dərd, sevincini sevinc kimi yaşayan Xasiyyət Rüstəm özünün poetik mühakimələri ilə üzərinə düşən işin öhdəsindən layiqincə gələ bilmişdir. Maraqlı odur ki, şair heç bir aludəçilik olmadan mövzuya uyaraq yox, onu duyaraq müdaxilə etmişdir:
Mənim dostum çoxdur Azərbaycanda
Onlar dosta, yara sədaqətlidir.
Onların hər biri Vətənə sadiq,
Yolundan dönməzdir, əzəmətlidir.
Fəqət bir istəyim yadında qalsın,
Bircə kəlmədədir, ürəyi, canı.
Bil ki, bircə kəlmə “Qarabağ” sözü
Titrədir, çalxadır Azərbaycanı!
Bu parçada şairin sevgi hissləri misralara hakimdir. Şeirdə misralara hakim kəsilən sevgi hissləri kifayət qədər səmimi və kifayət qədər realdır. Xasiyyət Rüstəm şeirdə 30 il azad Qarabağ düşüncəsi ilə yaşayan, düşmənə nifrət bəsləyən, Qarabağın azadlığı uğrunda hər an nəinki döyüşə, həm də ölümə hazır olan qəhrəman igidlərimizin timsalında vətənə sədaqət, düşmənə nifrət ruhunun böyüklüyünü ifadə edir. Bu tipli şeirlərdə Xasiyyət Rüstəm özünəməxsusluğu ondadır ki, duyğularının böyüklüyü səbəbindən ürəyində ağırlığını qaldıra bilmədiyi vətən sevgisini yaşadır. Mən bu keyfiyyəti tanınmış özbək şairi Xasiyyət Rüstəm yaradıcılığı üçün tısadüf hesab etmirəm. Şairin 2009-cu ildə “Gündəliy”inə daxil etdiyi “Başqa cür yaşaya bilməzdim” başlıqlı yazısında ruhuna hakim kəsilən sevginin mənbəyini hər kəs üçün açıqlayır: “Əgər şeir yazmaq kimi ibadətim olmasaydı sevginin necə olduğunu bilməz, yaxşılığı fərq etmədən yanından ötərdim”. Elə bilirəm ki, Xasiyyət Rüstəm ruhundakı bu möhtəşəmliyi onun şeir pərisi kimi qadın şairə obrazı ilə əlaqələndirmək daha doğru olardı. Çünki türk poeziya mələklərimizin (Məhsəti xanım, Natəvan, Nigar Rəfibəyli, Leyla xanım, Fatma Aliyə, Xalidə Nüsrət, Zülfiyyə və s.) şeir sənətinə yüz illər boyu verdiyi töhfələrin təsiri və davamı olaraq Xasiyyət Rüstəm yaradıcılığında istənilən poetik müdaxilədə zəiflik və pəriyanəliyi müşahidə etmək mümkündür. Xasiyyət Rüstəm yaradıcılığında Azərbaycan mövzusu onun şair-vətəndaş mövqeyinin nəticəsi kimi məhz bu kontekstdə təzahürünü tapır. Buradakı milli-mənəvi duyğular, onun yaratdığı milli psixoloji situasiyalar şairin bu günümüzü dəyərləndirməsi ilə yanaşı, gələcək baxışlarını da formalaşdırmağa imkan verir. Digər baxımdan şairin poeziyasında Azərbaycan obrazının rəngarəng mənzərələri həm özbək ədəbiyyatına, həm özbək-Azərbaycan qardaşlığına, eyni zamanda türk birliyimizə, turançılığa gedən yola xidmət kimi dəyərlidir. Xasiyyət Rüstəmin Azərbaycana sevgi və məhəbbətlə yazılmış “Adı Lalə idi o qızın…” poemasını yaradıcılığı ilə yanaşı, Azərbaycan sevgisinin də şah əsəri hesab etmək olar. Poema Azərbaycan dilinə tanınmış türkoloq, peşəkar tərcüməçi, dəyərli dostum Əkbər Qoşalı və Rəhman Babacan, Elşən Əzim tərəfindən tərcümə edilmişdir. Poema erməni vəhşiliyi nəticəsində Lalənin simasında yurd-yuvasından, tarixi vətən torpaqlarından didərgin düşən soydaşlarımızın faciəli həyatını və haraylarını ifadə etmək baxımından səciyyəvidir. Şəxsiyyətinə, milli qürur və ləyaqətinə, qələminə xüsusi hörmətlər bəslədiyim mərhum millət vəkilimiz Qənirə xanım Paşayevanın əsərlə bağlı fikirlərindən bir fraqmenti yada salmağı lazım bilirəm: “Əsərin süjet xətti son dərəcə maraqlıdır. Yurd-yuvasından körpə ikən didərgin düşən bir qızın vətən həsrətinin ən incə detalları poemada xüsusi sənətkarlıqla ifadə olunur. Hər sətirdə bir yanar ürək çırpıntısı, bir qadın həssaslığının incəliyi, şair qələminin möcüzəsi görünür”. Bir qədər yuxarıdan bədiyyat detalı kimi Xasiyyət Rüstəm yaradıcılığı üçün xarakterik olan zəriflik və pəriyanəliyin mövcudluğundan bəhs açmışdım. Hesab edirəm ki, əsərdə Lalənin hiss və duyğuları ifadə edilərkən zərif cinsə məxsus duyğular şair duyğularından öndə dayanmışdır. Ona görə də biz poemada şairi həm də bir növ ana obrazında görə bilərik. Şairin Laləyə və onun timsalında baş vermiş hadisələrə münasibətindəki həssaslığı və səmimiliyi doğuran bu məqam üzərində düşünməyə dəyər. Şair taleyi erməni vəhşiliyi və düşmənçiliyinin qurbanı olmuş Lalənin ona verdiyi xatirələr dəftərinə yazılanlara öz taleyi və dərdi səviyyəsində yanaşır. Bu yanaşma daxilində Lalənin özündən də böyük olan dərdini ruhuna köçürə bilir:
Lalə, səni başa düşürəm daha,
Dəftərin əlimi yandırıb yaxır.
Və hopar ruhuma hər cümlə, hər söz.
Qarabağ deyəndə oyanar yollar
Və iki dünyamız gələr üzbəüz.
Titrədər qəlbimi indi hər sözün.
Qəm-qəhər bürüyüb şux gəncliyimi
Sənin dəftərini açanda sanki,
Tapıb qaytarıram gəlinciyini.
“Adı Lalə idi o qızın” poemasında qəlbə hakim kəsilən şair duyğularının özünəməxsus ifadəsində ümumi qayə dərinləşir, rəngarəng motivlər bir-birini əvəzləyir. Şair sərt motivlər daxilində ümid və inamın simfoniyasını səsləndirə bilir:
Ağaclar qəmgin Azərbaycanda,
Küləklər hay salır əsib hər yana.
Ey həyat, mərhəmət yağdır bu yurda,
Ürəyini qaytar Azərbaycana!
Yadına düşərmi gülmək? -Yox əsla,
Qara torpağında ağrılar çin-çin…
Açılan qönçə də, göyərən ot da,
Bir savaş hayqırır Qarabağ üçün.
Adını yaşadır, məğrur böyüdür,
Yığılır qoluna tarixin gücü!
O yurdda doğulan, böyüyən oğlan.
Namus döyüşünə hazır döyüşçü.
Xasiyyət Rüstəm uzaq Özbəkistanda yaşasa da, yaratmış olduğu söz və nur körpüsü vasitəsilə Azərbaycana gəlir və bu diyarı qarış-qarış gəzmək imkanı əldə edir.
Lakin bu torpağa ruhən bağlı olduğundan könlünün gözü ilə böyük şairimiz Məmməd Araz demişkən, “Azərbaycan dünyasında baxır dünyaya”. Xasiyyət Rüstəm Azərbaycana yanaşmasında böyük bir ülviyyət, uşaq sadəlövhlüyü çərçivəsində ana sevgisi sərgiləyərək haqqa çağırış haraylarını poetik şəkildə ifadə edir:
Uzaqda olsam da, barışmıram heç
Qapılıb qalmıram öz həyatıma
Harda müharibə oldu desələr,
Ancaq Azərbaycan düşür yadıma.
Məzarlar cürbəcür, məzarlar fərqli,
Ölkələr bənzəmir biri-birinə.
Hərəsi bir tarix saxlar özündə;
Öz ana bildiyim Azərbaycanın,
Şəhid məzarları getməz gözümdən.
Poemanın ana xəttini Lalə ilə bağlı səslənən fikirlər təşkil edir. Lakin Xasiyyət Rüstəm bu poemanı 2020-ci ilin iyul ayında Tovuzda gedən döyüşlər zamanı yazdığı üçün oxucu bədii informasiya tipində Tovuz döyüşlərindən də xəbərdar olur. Qarabağdan çox uzaqda yerləşən bu bölgədəki erməni təxribatlarının yada salınması onların Azərbaycan xalqına və dövlətimizə olan düşmənçiliyini, əsassiz torpaq iddialarını, eyni zamanda mənfur erməni xislətini göstərmək məqsədi daşıyır. Əslində bu döyüşün Lalənin keçmişi və ümumilikdə taleyi ilə heç bir əlaqəsi olmasa da, şair haqlı olaraq, insan taleyinin məhvi və faciəsində müharibə səbəblərini önə çəkmiş olur.
Lakin şair bütün əsər boyu toxunduğu məsələləri Lalənin taleyi fonunda dəyərləndirməyə çalışır. Müəllif Lalə adlı qızcığazla Azərbaycanda görüşür, amma onun taleyi ilə bağlı düşüncələrini Daşkənddə tamamlayır. O, Lalənin dəftərindən bir tale kitabı kimi istifadə etsə də, Lalə ilə görüşlərini xəyalında hər zaman canlandırır və xəyalən onunla tez-tez görüşür. Poemada rast gəldiyimiz “Lalə, hardasan?”, “Lalə, səni başa düşürəm daha”, “Adı Lalə idi o qızın” və s. müraciət və informasiya xarakterli poetik nümunələrdəki fikir həm Laləni, həm də Azərbaycanı özündə ehtiva edir. Müəllif məqsəddən asılı olaraq bunları gah obraz, gah da simvol kimi canlandırmış, bədiilik daxilində şair-vətəndaş mövqeyini nümayiş etdirmişdir:
Unudub aləmi, cümlə cahanı,
Bütün dərdi ilə, yanğısı ilə.
Mən qucub ağladım Azərbaycanı!
Adı Lalə idi o qızın!
Və yaxud,
Nədənmiş bu qızın pərişan halı,
Laləyə baxıram kirpiyində nəm.
Sanki şəklinin də canı varıydı.
Mən o gün bir dərya göz yaşı ilə
Sanki qucaqladım Azərbaycanı.
Adı Lalə idi o qızın!
Sözlə əbədi yolçuluğa davam edən şair “Adı Lalə idi o qızın” poemasında Laləni bütün iztirabları ilə yanaşı, bir Azərbaycan gözəli kimi təqdim etməkdən də yan keçmir. Lakin Laləyə məxsus bu gözəllik görkəmi sırasında onun daxilindəki pərişanlığın doğurduğu kədərin də verilməsi canlı bir həyat tablosunu xatırladır:
Əsl Azərlərtək qəşəngdən qəşəng,
Gözləri xumardı vücudu incə,
Əynində ipəkdən qırmızı köynək,
Saçları pərişan, dodağı qönçə
İndi yenə onu görmək istədim,
Sızladım, yarama duz səpildi, duz…
Amma yaşla dolu gözləri ilə
İki dünyaya da baxırdı məyus…
Adı Lalə idi o qızın!
Lirik duyğuların özünəməxsus tərənnümü Xasiyyət Rüstəm yaradıcılığında önəmli yer tutur. O, ictimai-siyasi, məhəbbət, təbiət təsvirli və s. şeirlərində həyat və mənəviyyat faktorlarını lirik duyğular şəklində mənalandıra bilir. Bu şeirlərdə yeni bir səpki, yeni bir orijinallıq görünməsə də, misralarda bədii cəhətdən mükəmməl poetik cazibədarlığı müşahidə etmək mümkündür:
Həyatda heç kimdən almaram rüsxət,
Dünyanı şar kimi aldım əlimə.
Allahım, fəqət sən,
Cürət ver, cürət.
Özümü göstərim, gülüm ölümə…
Lakin Xasiyyət Rüstəm şeiriyyətində elə nümunələr vardır ki, bu nümunələr obrazlı düşüncə baxışı ilə yanaşı, poetik baxışın orijinal mənalandırılması keyfiyyəti ilə də seçilir:
Ağaclar danışsa –
Düz danışardı.
Ağaclar ağlasa
Gerçək ağlardı.
Sirr versən
Sirrini o gizlədərdi
Güvənsən
Yaxşı dost çıxardı ondan…
Belə hesab edirəm ki, özbək şeirinin zəngin ənənələrindən bəhrələnən vətəndaş yanğısı, türk bədii təfəkkürünə məxsus düşündürücü və ibrətamiz keyfiyyətləri ilə seçilən Xasiyyət Rüstəm yaradıcılığı bundan sonra da öz uğurları ilə oxucularını sevindirəcəkdir.