Öləcəyəm haçansa
Yuyacaq cəsədimi
günah boyda birisi
Öləcəyəm haçansa
Arxamca hey söyəcək
məndən kənar gəzənlər
Tutacaq tabutumu
içki içən qonşumuz
Uşaqlıq dostlarımın
İşləri çox olacaq
Beş ildir məndən küsən
qardaşım hönkürəcək
Hər dəfə ağlatdığım
anam ağı deyəcək
Saçın yolacaq bacım
Başın sıxacaq atam
Sonra unudulacam
90-cı illərin
soyuq payızı kimi
Adamlar xatırlayıb
deyəcəklər yavaşca
Belə bir adam vardı
Sonra başqa birisi
söhbəti dəyişəcək
Ağac meyvəli idi
Çoxluca badam vardı
Başqası danışacaq
Berlindəki oğlundan
Bakıdakı qızından
Bir ər vardı dünyada
Bir ata yaşayırdı
bir vaxtlar bu küçədə
İndi oğlu tələbə
Dostlarıyla sümürür
siqareti eləcə
Atasının aldığı
pencək həsrət qoxuyur
İnildəyir jaketin
saplarında xatirə
Gülür böyük şəhərin
cahıl oğullarıtək
Bir dekabr var idi
Onun beşi var idi
90-ci il idi
Havanın nəmişliyi
Qarı, qışı var idi
Bir körpə doğulmuşdu
Sevinmişdi qohumlar
Öpülmüşdü çoxluca
Gəzmişdi qucaqları
Qəlbləri, beyinləri
Böyümüşdü beləcə
Evlənib ailə qurmuş
Bir oğlu da olmuşdu
Bir oğlu da olmuşdu…