Ev Araşdırma Nəcib Məhfuz “Möhtərəm Cənab”

Nəcib Məhfuz “Möhtərəm Cənab”

44

“Möhtərəm Cənab”dan oxucuya beş möhtəşəm dərs:

Nəcib Məhfuzun “Möhtərəm Cənab” əsəri, insan həyatının görünən uğuru ilə daxili boşluğu arasındakı dərin uçurumu kədərli bir dillə təsvir edən, misilsiz psixoloji romanlardan biridir. Əsas mövzusu, mənəvi rahatlıq, cəmiyyətin dəyər verdiyi zahir, vəzifə və mənsəbpərəstlik olan, “Möhtərəm Cənab” əsəri, bir dövlət məmurunun həyat hekayəsini təsvir edir. Əsər qəhrəmanın daxili təlatümlərini, keçmişlə hesablaşmalarını və həyatının mənasını sorğuladığı bir prosesə fokuslanır. Əsas qəhrəman Osman, cəmiyyətdə vəzifəsi və rəsmi statusu ilə hörmət qazanan, işini ən yaxşı ibadət sanan məmurdur. Lakin, o, uzun illərdən sonra başa düşür ki, “möhtərəm” adlanmaq, əslində daxili rahatlıq və xoşbəxtlik gətirməyib. Onun daxili aləmi tənhalıq, sıxıntı və mənəvi boşluq içindədir. O, karyerası və zahiri hörməti üçün şəxsi arzularından, ailə həyatından, hətta bəzən mənəviyyatdan da imtina edir.

Məhfuzun üslubu minimalizm və simvolizmə əsaslanır. O, geniş və yorucu təsvirlərə ehtiyac duymadan qəhrəmanın daxili aləmini bir-iki cümlə ilə oxucuya agah edir. Əsəri nəql edən qəhrəmanın adı açıqlanmır. Əsərin dili də çox sadədir. Sadə və axıcı bir dil ilə yazılsa da, frazalar və dialoqlar çox düşündürücü və fəlsəfidir. Cümlələr aydın və qısa qurulub, oxucunu yormur. Dərin mənalar olsa da, ifadə tərzi çox aydın və rahatdır, hətta tərcümədən belə üslub aydın sezilir. Tənhalıq, sevgi ehtiyacı, arzuların boğulması kimi mövzular daxili monoloqlarla təqdim edilir, bəzən isə qəhrəmanın iç dünyası çox tez-tez oxucuya birbaşa təqdim edilir. Öz-özünə danışır, düşünür, analiz edir. Bəzi yerlərdə qəhrəmanın xatirələri, xəyalları və indiki zaman arasında keçidlər olur. Bəzən reallıqla xəyallar qarışır.

Nəcib Məhfuzun bu əsəri az personajlı, lakin güclü daxili monoloqlarla zəngin bir əsərdir. Qısa olmasına baxmayaraq, çoxqatlı məna daşıyır. Vəzifənin neməti kasıblarda daha tez görünür, – deyə qeyd edən, Məhfuz cəmiyyətin qatı və sərt qaydalarını tənqid edir. Amma bunu birbaşa demir, hadisələr və qəhrəmanın həyatı vasitəsilə oxucuya hiss etdirir.

Məhfuz, deyir: həyat gözəldir, lakin o, biz insanlardan hikmət istəyir ki, öz şirinliyini bizdən əsirgəməsin. Eyni zamanda o qeyd edir ki, bu hikmət asan ələ düşmür, o Allahın bəzi insanlara hədiyyəsidir. O, düşünür ki, həyat özü bəxş etdiyi amalların hamısından daha əzəmətlidir. Yəni, biz onu doya-doya yaşamalıyıq.

Müəllif dəfələrlə qeyd edir ki, illərdən xain heçnə yoxdur. Zaman qılınc kimidir, sən onu qırmasan o səni öldürəcək.

Nəcib, ulduzları isə daha nəcib təsvir edir, deyir: “Allah gözəl ulduzları ona görə yaradıb ki, gözlərimizi yuxarı qaldırmağa bizi təhrik etsin.”

Qəlbin ən yaxşı bələdçi olduğuna inanan müəllif, möminin də ən yaxşı bələdçisi onun ürəyidir, – deyə qeyd edir.

Müşahidələrim əsasında belə qərara gəlmişəm ki, hər kəs bir gün mütləq özünə qayıdır, öz şəxsinə, öz əslinə, öz maskasız simasına və ya simasızlığına. Elə bu əsərdə də qəhrəmanın “möhtərəm cənab” imici maska kimi dağılır və o, real mənliyi ilə qarşılaşır.

Nəhayət, bu əsərdən özüm üçün öyrəndiyim 5 möhtəşəm dərs:
– Həyatı yalnız karyeraya həsr etmək olmaz!
– Cəmiyyətin insana verdiyi “status” insanın daxili boşluğunu doldurmur.
– Ürəyin səsinə qulaq asmaq çox vacibdir.
– Vaxtında yaşamaq və seçmək lazımdır, çünki zaman gecikənləri bağışlamır.
– Əsl uğur, daxili harmoniya və mənəvi rahatlıqdır.

Sonda böyük bir sual yaranır: Əsl həyat xoşbəxtliyi nədədir?

İlahə Ümidli
11.05.2025