Ev İctimai Dil tarixşünaslığında məktəb yaratmış alim – Akademik Tofiq Hacıyev fenomeni

Dil tarixşünaslığında məktəb yaratmış alim – Akademik Tofiq Hacıyev fenomeni

42

(mərhum elmi rəhbərimin 90 illiyi münasibətilə)

2026-cı il mayın 1-də görkəmli türkoloq alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü, BDU-nun Türkologiya kafedrasının müdiri (1984-2015), AMEA Dilçilik İnstitutunun direktoru (2013-2015), akademik Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 90 illik yubileyidir. 

Parlaq zəkası və intellekti, türkologiya sahəsində böyük nüfuzu və bənzərsiz ziyalı obrazı ilə yaddaşlara ədəbi həkk olmuş akademik Tofiq Hacıyev Azərbaycan xalqının elmi və ictimai fikir tarixində mühüm iz qoymuş ziyalılarımızdan biri idi. Onun çoxşaxəli elmi fəaliyyəti Azərbaycan sərhədlərini aşaraq bütün türk coğrafiyasına, bütövlükdə türkologiya elminə böyük uğurlar qazandırmışdır.

Tofiq Hacıyev, ilk növbədə, görkəmli dilçi alim idi – dil tariximizin müdrik bilicilərindən biri idi. Onun türkoloji kontekstdə apardığı ardıcıl və sistemli araşdırmalar yalnız nəzəri baxımdan deyil, həm də konseptual bütövlüyü, prinsipiallığı və milli-mənəvi dəyərlərə bağlılığı ilə diqqəti cəlb edir. Bu əsərlərdə dilə münasibət sadəcə elmi obyekt kimi deyil, xalqın tarixi yaddaşı və milli kimlik göstəricisi kimi təqdim olunur. Dil tarixşünaslığında müdrik, eyni zamanda yenilikçi mövqeyi ilə fərqlənən alim dilimizin tarixi inkişaf məsələlərinə və çağdaş problemlərinə həssaslıqla yanaşmış, bu baxışlarında milli köklərimizə və mənəvi irsimizə dərin bağlılıq nümayiş etdirmişdir.

Onun elmi konsepsiyasının ana xəttini türkçülük və azərbaycançılıq ideyalarına söykənən sağlam və obyektiv elmi mövqe təşkil edir. Müəllifin əsərlərində elmi həqiqət əsas meyar kimi götürülür, mübahisəli məsələlərdə açıq və əsaslandırılmış fikirlər sərgilənir. Xüsusilə Azərbaycan dilinin etnogenezi və qlottogenezi kimi mürəkkəb problemlərin araşdırılmasında, eləcə də milli ədəbi dilimizin inkişaf tarixinin sistemli şəkildə təqdimində onun fundamental tədqiqatları mühüm elmi baza formalaşdırmışdır. Bu əsərlərdə diqqət çəkən digər məqam isə ziddiyyətli və zərərli konsepsiyalara qarşı sərt və arqumentli münasibətdir. Tofiq Hacıyev elmi müstəvidə yanlış yanaşmaları təkzib edir, bu cür baxışların yayılmasına şərait yaradan mövqeləri sərt tənqid edərək öz prinsipial mövqeyini çəkinmədən ortaya qoyurdu. Bu görüşlər, əslində, yalnız elmi polemika deyildi, həm də milli maraqların mübarizcəsinə müdafiəsi idi. Onun irəli sürdüyü ideyalar və ümumi elmi mövqeyi, mahiyyət etibarilə, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dili ilə bağlı konseptual baxışları ilə səsləşir. Bu baxımdan, akademikin yaradıcılığı təkcə dilçilik elminin inkişafına deyil, həm də milli-ideoloji düşüncənin formalaşmasına mühüm töhfə kimi qiymətləndirilə bilər. Bu obyektiv və düzgün mövqeyi 1997-ci ildə Azərbaycan Yazıçılarının X Qurultayında ana dilimizin qorunmasından və inkişaf etdirilməsindən bəhs edərkən Ulu Öndər Heydər Əliyevin çıxışında aydın şəkildə görmək olar: “Burada professor T.Hacıyev çıxış elədi və Türk Yazarları Qurultayından bir xatirəni yadına saldı. Bilirsiniz, bu hadisə məni sevindirdi. Çünki professor Hacıyev biz dil haqqında müzakirələr apararkən belə mövqedə idi ki, bizim dilimizin adı başqa cür olmalıdır. Biz isə qəbul etdik ki, Azərbaycan dili olmalıdır. Amma onun o sözləri məni həm də ona görə sevindirdi ki, demək, bizim Türkiyədən gələn alimimiz, dostumuz bizim dilimizin qiymətini bilibdir. İş onda deyil ki, bunu mən danışıram, sən danışırsan, ya o birisi danışır. İş ondadır ki, bu dilimizin qiymətini verə bilibdir… Professor Hacıyev mənə deyir ki, siz o şirkətləri məcbur edin ki, onlar Azərbaycan dilini öyrənsinlər. Vaxtilə bura mərkəzdən Azərbaycan KP-nın ikinci katibi vəzifəsinə rus millətindən adamlar gəlirdi. Mən onlara Azərbaycan dilini öyrədə bilmirdim. Neçə dəfə deyirdim, öyrənin Azərbaycan dilini, öyrənmək istəmirdilər. Amma Rusiyanın səfiri öyrənir, Amerikanın səfiri öyrənir, İngiltərənin səfiri öyrənir, Fransanın səfiri öyrənir. Bunlar böyük hadisədir, böyük nailiyyətdir”.

Türk dünyasının ortaq milli-mənəvi sərvəti sayılan “Dədə Qorqud kitabı”nın 1300 illik tarixə malik olmasının böyük auditoriyalar qarşısında təsdiqini tapmasında akademik Tofiq Hacıyevin də səmərəli elmi xidmətləri olmuşdur. Onun bu istiqamətdə apardığı tədqiqatlar və irəli sürdüyü elmi arqumentlər həm akademik mühitdə, həm də ictimai düşüncədə ciddi nəticələr kimi rəğbətlə qarşılanmışdır. Məhz bu yanaşmalar nəticəsində “Dədə Qorqud kitabı”nın tarixi ilə bağlı elmi məlumatlar daha aydın və əsaslandırılmış şəkildə elmi ictimaiyyətə təqdim olunmuşdur. Görkəmli alim çıxışlarının birində bu məsələyə toxunarkən demişdir: “Ümummilli lider Heydər Əliyevin Azərbaycan yazılı ədəbiyyatı ilə bağlı verdiyi tapşırıqlar, bu istiqamətdə imzalanan fərmanlar bəzi mübahisəli məqamlara son qoyulmasında mühüm rol oynayıb. Türkiyənin dədə qorqudşünasları deyirdilər ki, Dədə Qorqudun tarixi 16-cı əsrdən o yana getmir. Ancaq Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin keçirilməsi ilə bağlı fərman verdi və bu yubiley keçirildi. Bununla bağlı bir çox tədqiqatlar aparıldı, kitablar nəşr edildi. UNESCO da bunu qəbul etdi və bununla da Azərbaycan yazılı ədəbiyyatının tarixinin 7-ci əsrə gedib çıxdığı öz təsdiqini tapdı”.

Tofiq Hacıyev 30 ildən artıq Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri olmuş və onun rəhbərliyi dövründə kafedra Azərbaycanda əsas türkoloji mərkəzlərdən biri kimi nüfuzunu genişləndirmişdir. Bakı Dövlət Universitetinin türk dövlətlərinin ali təhsil müəssisələri ilə türkologiya sahəsində elmi əlaqələrinin inkişafında, habelə ortaq elmi fəaliyyətlərin həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi, yüksəkixtisaslı kadr hazırlığı istiqamətində Türkiyənin nüfuzlu universitetləri ilə, o cümlədən Türk Dil Qurumu ilə əməkdaşlığın möhkəmlənməsində Tofiq Hacıyevin rəhbərliyi altında Türkologiya kafedrası da mühüm rol oynamışdır.

Tofiq Hacıyev ömrünün sonlarında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə təyin ediləndən sonra da gənclik həvəsi və enerjisi ilə çalışmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”  23 may 2012-ci il tarixli sərəncamına uyğun olaraq Dövlət Proqramının hazırlanması və onun icra olunmasında görkəmli alimin mühüm rolu olmuşdur. Onun rəhbərliyi ilə dilçiliyin inkişafı istiqamətində islahatlar aparılmağa başlanılmış, dövlət dilinin tətbiqi problemləri ilə bağlı ciddi şəkildə monitorinqlər həyata keçirilmiş, Dilçilik İnstitutunda “Qaynar xətt” yaradılmış, uzun və gərgin fəaliyyətin nəticəsi olaraq “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, habelə müxtəlif dəyərli elmi əsərlər işıq üzü görmüşdür.

Tofiq Hacıyev təxminən 50 ildən artıq elmi-pedaqoji fəaliyyəti dövründə onlarla doktoranta və dissertanta elmi rəhbərlik etmiş, onların yetişməsində mühüm rol oynamışdır ki, bu gün Azərbaycan filologiyasının nüfuzlu simaları sırasında onun yetirmələrinin adı fəxrlə qeyd olunur.

Böyük xoşbəxtlikdir ki, görkəmli alim mənim də elmi rəhbərim olmuşdur. Ali təhsilin doktorantura səviyyəsi üzrə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasına qəbul olandan sonra Tofiq müəllimin elmi rəhbərliyi ilə “Bəkr Çobanzadənin elmi yaradıcılığında dil tarixi məsələləri” adlı fəlsəfə doktoru dissertasiyası üzərində tədqiqat aparmağa başladım. Bilmirəm, təsadüfdür, ya yox, ondan bir müddət əvvəl isə Tofiq müəllimin təşəbbüsü ilə, BDU-da əvvəllər Bəkr Çobanzadənin adını daşımış “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasına işə qəbul edilmişdim. O vaxta qədər böyük filoloq B. Çobanzadə haqqında müəyyən məlumatlara sahib olsam da, onun zəngin yaradıcılığına dərindən vaqif deyildim. Ona görə də Tofiq müəllimin belə bir mövzuda dissertasiya işi yazmağı mənə etibar etməsinin məsuliyyətini ilk vaxtlarda aydın dərk etməmişdim. Çünki nə vaxtsa B. Çobanzadə ilə bağlı tədqiqat aparacağım ağlıma belə gəlməzdi: həm də mövzunun konkret bir istiqaməti vardı – dil tarixi məsələləri. Ancaq zaman keçdikcə, B. Çobanzadəni yaxından tanıdıqca elmi rəhbərimin mənim üzərimə nə qədər böyük məsuliyyət qoyduğunu və mövzunun ağırlığını dərk etməyə başladım. Və sonradan onu da başa düşdüm ki, Tofiq müəllim gənc tədqiqatçılara verdiyi elmi işlərdə mövzuların elmi çəkisi ilə iddiaçının intellektual səviyyəsi arasındakı mütənasibliyə biganə qalmırmış. Bir də bu axtarışlarda Tofiq müəllimin B. Çobanzadə sevgisinə şahid oldum və anladım ki, onun üzərimə belə bir məsuliyyəti qoyması heç də təsadüfi deyilmiş. Birinci növbədə, Tofiq müəllim, yeri gəldikcə, öz elmi baxışlarında B. Çobanzadənin görüşlərinə arxalanır və əsərlərində alimin dünyagörüşünə öz heyranlığını da gizlətmirdi. O, öz elmi dünyasında artıq Bəkr Çobanzadəni dil tarixçisi kimi kəşf etmişdi. İkinci mühüm missiya isə kəşf etdiyi bu irsi araşdırıb, görkəmli türkoloq alimin xidmətlərinə dair yeni faktları üzə çıxara biləcək iddiaçını müəyyənləşdirmək idi. Görünən odur ki, həmin – fəaliyyətinin məhsuldar dövründə yeni əsərlər üzərində yorulmadan çalışan (həmin araşdırmalarında B.Çobanzadəyə müraciətlər də geniş yer tuturdu) Tofiq müəllimin “Azərbaycan ədəbi dilinin tarixi” dərsliyini yenidən nəşrə hazırladığı, xüsusən “Türklər üçün ortaq ünsiyyət dili” əsərini qələmə aldığı müddətdə onunla daha yaxın təmasımız – əsərin əlyazısı və çap nüsxələri üzərində apardığımız elmi-texniki işlər və qarşılıqlı fikir mübadiləsi müəllimimdə müəyyən bir təəssürat yaratmış və iddiaçı axtarışları da uğurla nəticələnmişdi. Beləliklə, hələ doktoranturaya qəbul olunmazdan əvvəl baş verən bu təbii proseslərin nəticəsi olaraq, Tofiq müəllim öz təşəbbüsü ilə rəhbərlik etdiyi doktoranta – mənə Bəkr Çobanzadəni tədqiq etməyi tapşırmışdı. Özü də mövzunu təklif edəndə elə tövsiyələri olmuşdu ki, bu gün geriyə boylananda Cavid əfəndinin gənc Mir Cəlala verdiyi o qiymətli məsləhəti xatırlamamaq olmur. Mir Cəlal müəllim yazırdı ki, “bir gün gənc şairlərin kitabları haqqında məqalə yazmaq istədiyimi biləndə mənə mühüm məsələlərə üz tutmağı tövsiyə etdi: ‘Fikir söyləməli daha vacib əsərlər var, elə əsərləri təhlil elə ki, heç olmasa mövzu sənin zəhmətini qoruyub saxlasın. Füzulidən yazanı yazı özü saxlamasa da, Füzuli saxlayacaq”. Doğrudan da, akademik Tofiq Hacıyevin elmi rəhbərliyi ilə görkəmli türkoloq Bəkr Çobanzadə irsini araşdırmaq və bu tədqiqatın altına Pərvin Eyvazov imzasını atmaq çox çətin və məsuliyyətli olduğu kimi, həm də şərəfli idi.

Tofiq müəllim apardığım araşdırmaların bir hissəsi ilə tanış olub, mənə öz tövsiyələrini versə də, təəssüf ki, amansız ölüm bu işi onun himayəsi ilə yekunlaşdırmağa imkan vermədi və mən bu çətin yola tanınmış dilçi alim, professor Tofiq Müzəffər oğlu Hacıyevlə davam edib, onun rəhbərliyi altında işi uğurla yekunlaşdırdım. Yaxşı xatırlayıram ki, vəfatından bir neçə ay əvvəl mövzu ilə bağlı son görüşümüzdə Tofiq müəllim ona təqdim etdiyim iki məqaləni oxuyub, məni yanına çağırmışdı. AMEA-nın Dilçilik İnstitutuna rəhbərlik etdiyi həmin dönəmdə işlərinin çoxluğuna və gərginliyinə baxmayaraq, imkan tapıb məqalələrimi oxumaqla qalmamış, onlarla bağlı qeydlərini bildirmək üçün məni direktor otağına dəvət edib geniş söhbət aparmışdı. Hətta bu məqalələrdən birini bəyəndiyi üçün onun “Türkologiya” jurnalında nəşr olunmasını məsul katibə xüsusi tapşırmışdı.

2026-cı ildə anadan olmasının 90 illiyi tamam olan, B. Çobanzadə irsinə böyük rəğbət bəsləyən, mənim akademik karyeramın ilk illərində müstəsna rolu olan, adımı və soyadımı böyük filoloq Bəkr Çobanzadə imzası ilə qoşalaşdıran görkəmli türkoloq, akademik Tofiq Hacıyevə Allahdan rəhmət diləyir, “ruhun şad olsun, ustad”, – deyirəm.

Bu gün Tofiq Hacıyevin mənəvi varlığı onun yetirmələrinin düşüncəsində, auditoriyalarda deyilən mühazirələrdə, yeni tədqiqatlarda yaşayan ideyalardadır. Ona görə də Azərbaycan elmi və təhsili tarixində müstəsna xidmətləri olan böyük alimin adı sürətlə gəlib-keçən zamanın axarında heç vaxt unudulmur; zəngin yaradıcılığı və yetirmələri ilə daim yaşayır, xatirəsi dərin hörmətlə anılır və bənzərsiz elmi ideyaları gələcək tədqiqatlara işıq saçır.

Pərvin Eyvazov

Filologiya üzrə fəlsəfə doktoru 

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının və Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi