Ev Bədii “Reinkarnasiya” – Yaşar Süleymanlının hekayələr kitabının təqdimatı oldu

“Reinkarnasiya” – Yaşar Süleymanlının hekayələr kitabının təqdimatı oldu

18

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

Moskvada yazıçı və şair Yaşar Süleymanlının “Reinkarnasiya” adlı hekayələr toplusunun ədəbi təqdimatı keçirildi. Azərbaycanda qeyd olunan Şairlər Gününə həsr olunmuş bu tədbir Azərbaycan diasporunun mədəni həyatında əlamətdar bir hadisəyə çevrildi. Tədbir ədəbiyyat adamlarını, tərcüməçiləri, oxucuları və mənəvi dəyərləri qoruyanları bir çətir altında birləşdirdi.

Bu görüş sadəcə bir kitab təqdimatı deyildi. Bu – dövrlərin, dillərin və ruhların söhbəti idi. Bu – müasir dünyanın ritmində səslənən Azərbaycanın səsi idi.

Gecənin moderatorları – sözə, mədəniyyətə və ədəbiyyata olan dərin sevgiləri ilə seçilən Afaq Şıxlı – şairə, tərcüməçi, həkim, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi, eyni zamanda bu kitabın ön söz müəllifi və redaktoru; Sevinc Şamil qızı Qurbanova – Azərbaycan Mədəniyyətinin İnkişafı Fondunun vitse-prezidenti, qəlbinin dərinliyində ədəbiyyat sevgisi daşıyan ziyalı gənc xanım.
Tədbirin təşkilatçısı isə Azərbaycan mədəniyyətinin hüdudlardan kənarda yaşaması və qorunması üçün yorulmadan çalışan, Azərbaycan Mədəniyyətinin İnkişafı Fondunun sədri, iş adamı və xeyriyyəçi Şamil Qurbanov idi.

Afaq Şıxlı çıxışına Yaşar Süleymanlının “Yenə qələm, yenə kağız, yenə mən…” şeiri ilə başladı. Şeiri rus dilinə gənc şairə Nilufər Şıxlı tərcümə etmişdi. Bu şeir gecənin bütün ab-havasına səmimilik və ədəbi dərinlik bəxş etdi.

Sevinc Qurbanova tədbir iştirakçılarını salamlayaraq vurğuladı: “Bu günkü axşam yalnız bir müəllifin yox, bütün söz adamlarının bayramıdır. Ədəbiyyatı bir həyat tərzi olaraq yaşayanlar, sözə inananlar üçün bu, maraqlı bir görüşdür. Ədəbiyyat – zamanın nəfəsi, millətin nəbzidir.”

Afaq Şıxlı öz çıxışında bildirdi ki, Yaşar Süleymanlının “Reinkarnasiya” adlı yeni kitabı – sadə insanların həyatından bəhs edən, səmimi və dəqiq müşahidələrlə zəngin hekayələr toplusudur. Müəllifin qəhrəmanları sanki bizim qonşularımız, həmkarlarımız, qohumlarımızdır. Onların talelərində zaman əks olunur. Bu hekayələrdə həm ağrı, həm nəvaziş, həm yumor, həm də ümid var.

Tədbirdə tərcümə mövzusuna da xüsusi diqqət ayrıldı. Kitabı rus dilinə tərcümə edən Cavid Abbasova da səmimi təşəkkür sözləri söyləndi.

Gecəni Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov və onun müavini Qaşım Əliyev kimi mədəni və diplomatik çevrələrin nümayəndələrinin çıxışları daha da zənginləşdirdi.

Tədbirdə hekayələr və şeirlər səsləndi. “Sən mənim şeirimin anası oldun” adlı poetik nümunə iki dildə təqdim olundu: azərbaycanca – pedaqoq və türk dili üzrə mütəxəssis Leyla xanım Fərəcovanın, rus dilində isə Afaq Şıxlının tərcüməsində, rejissor və qiraətçi Ülviyyə xanım Əzizovanın ifasında səsləndirildi.

“Şəhərin məşhur pişiyi” adlı hekayə xüsusi rəğbətlə qarşılandı. Filoloq və pedaqoq Xalida Səmədova əsəri yüksək bədii zövqlə və incə duyğularla təqdim etdi.

Şair Yaşar Süleymanlının şeirlərini Gülnur Alışova, Leyla Orucova və Məhsəti Əliyeva da səsləndirdilər. Eyni zamanda, tədbirdə “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov, şairlər Aliş Əvəz və Reyhanə Aslan da çıxış etdilər.

Asəf Quliyev və Gülnur xanım Alışovanın ifasında səslənən musiqi nömrələri isə bu ədəbi görüşə son dərəcə zərif və duyğulu notlar qatdı.
Gecənin sonunda aparıcılar bu sözlərlə çıxış etdilər:
“Qoy ədəbiyyat bizi birləşdirməyə davam etsin – məsafələrə, dövrlərə və talelərə baxmayaraq. Yazanlara – ilham, oxuyanlara – açıq ürək və aydın düşüncə, hər birimizə isə sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayırıq.”

Təqdimat dostcasına çay süfrəsi ilə başa çatdı. Burada müzakirələr və ədəbi dialoqlar davam etdi.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2025)