Ev Araşdırma ƏDƏBİ DİLİN SAFLIĞININ QORUNMASINDA VƏ ZƏNGİNLƏŞMƏSİNDƏ BƏDİİ ƏDƏBİYYATIN ROLU

ƏDƏBİ DİLİN SAFLIĞININ QORUNMASINDA VƏ ZƏNGİNLƏŞMƏSİNDƏ BƏDİİ ƏDƏBİYYATIN ROLU

2548

Quliyeva Rima Hacalı qızı. 1960-cı ildə anadan olmuşdur. 1977-1982-ci illərdə V.İ.Lenin adına APİ-nin Filologiya fakultəsini bitirmişdir. 2011-ci ildən ADPU-nun Şamaxı filialında çalışır.

 

  ƏDƏBİ DİLİN SAFLIĞININ QORUNMASINDA VƏ   ZƏNGİNLƏŞMƏSİNDƏ BƏDİİ ƏDƏBİYYATIN ROLU

Dil milli müstəqilliyin, suverenliyin, istiqlalın, milli dövlətçiliyin əsas atributlarından, Azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən biridir. Milli dil hər bir xalqın milli oyanış, milli düşüncə tərzinin inkişafında müstəsna rol oynayır. Məhz bunları nəzərə alan mərhum prezidentimiz Heydər Əliyev tərəfindən hazırlanmış və zaman-zaman həyata keçirilən Azərbaycan dilinin inkişaf konsepsiyasına görə dil məsələsi -milli müdafiə məsələsidir. Dili  qorumaq vətəni qorumaq deməkdir. Çünki dil də Vətən qədər, tarix qədər, adət-ənənələr qədər əziz, bayraq kimi müqəddəsdir. Dil olmayınca millət, milliyyət olmaz. Milli mədəniyyətin, təhsilin, elmin təməl ünsürü dildir.

Ana dili- azərbaycan dili ailədən başlayaraq ən yüksək səviyyələrə qədər ictimai həyatımızın bütün sahələri ilə təmasdadır. Ana dili bir mənada, xalqın özüdür, xalqın mənəviyyatıdır.

Bu gün qarşımızda duran ən mühüm vəzifə müstəqil respublikamızın gələcəkdə daha da inkişaf edib, tərəqqi etməsi üçün yeni ruhlu vətəndaşlar, yəni hadisələri müstəqil təhlil edib ondan düzgün nəticə çıxarmağı bacaran, milli-mənəvi dəyərlərimizi qoruyan, dilimizin saflığı və təmizliyi üçün mübarizə aparan vətəndaşlar yetişdirməkdir. Bu vəzifələrin həyata keçirilməsində bədii ədəbiyyatın imkanları daha genişdir. Dilimizi zənginləşdirmək və ondan yerli-yerində düzgün istifadə etmək baxımından ədəbiyyatı sevmək, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini mütaliə etmək, xalq yaradıcılığını bilmək lazımdır.

Xalq yaradıcılığında dilin insanın zehni və ruhu ilə bağlı olduğu göstərilir. Xalq bu fikri belə deyir: “Söz canın cövhəridir”, “Dil insanın özüdür”, “Dili ilə ilanı yuvasından çıxarar”

Dilin əsas vahidi olan söz fikrin ifadəsinə xidmət edir. Ünsiyyət bunlar vasitəsilə yaranır. Yazılı ədəbiyyatımızda da həmişə dil haqqında dəyərli fikirlər söyləmişlər. Klassiklərimiz dili düşüncə ilə, mənəviyyatla, insanın varlığı ilə sıx bağlı olan hadisə kimi qiymətləndirmişlər. Füzuli deyirdi:

Can sözdür əgər bilirsə insan,

Sözdür ki, deyirlər, özgədir can.

Bütün dövrlərdə söz insanın ən iti silahı, onun mənəvi aləmini tanıdan başlıca vasitə olmuşdur. Həzrət Əlinin söylədiyi kimi, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca kimliyi, necəliyi bilinməz.

XII əsr böyük Azərbaycan şairi N.Gəncəvi “Xəmsə”yə daxil olan poemalarında sözün qüdrətindən bəhs etmiş, onu ilahi başlanğıcla əlaqələndirərək mədh etmişdir. O, dilin, bədii sözün, nitqin, yazının, bəşəriyyətin inkişaf tarixindəki misilsiz rolundan, onun müasir həyatda əhəmiyyətindən danışır, sözü insanın canı və özü hesab edirdi. Şairin fikrincə, şeir, bədii söz insanları tərbiyə etmək vasitəsidir:

Kim ki sözə verdi sığal, sahmanı,

Sözlə bişirdi çiy olan insanı.

Məlumdur ki, ədəbi dilin, bədii, obrazlı ifadə imkanları, leksik və frazeoloji əlvanlığı, üslubi çalarları söz sənətinin kamil nümunələrində öz əksini tapır. Müasir xalq danışıq dilinin ən yaxşı keyfiyyətlərinin ifadəçisi bədii əsərin dilidir. Məhz buna görədir ki, hər hansı bir bədii əsərin oxunub öyrənilməsi şagirdlərə öz fikir və hisslərini daha tutarlı ifadə etmək imkanı verir. Onların dilinin, nitqinin inkişaf etdirilməsində bədii ədəbiyyat nümunələrinin böyük əhəmiyyəti vardır. Ədəbiyyatın tədrisi prosesində əsas obyekt şagirdlərdə sözün bədii imkanlarını başa düşmək və ondan düzgün istifadə etmək bacarığını inkişaf etdirməkdir. Odur ki, təlim prosesi zamanı ədəbi əsərlərin bədii dil xüsusiyyətlərinin öyrədilməsinə diqqət yetirmək, şagirdlərin bu sahədə bacarıq və vərdişlərini inkişaf etdirmək diqqət mərkəzində dayanmalıdır. Hər hansı bir bədii ədəbiyyat nümunələrini oxuyan şagird dildən istifadənin müxtəlif imkanlarını əyani şəkildə görür və bu da onun nitqinin inkişafına təsir edir. Nitqində dilin imkanlarından, xüsusilə, bədii çalarlarından eyni şəkildə faydalana bilir. Sözün bədii gücündən istifadə edənlərin nitqi daha təsirli və cazibədar olur. Şagird sözləri düzgün tələffüz etmək, cümlə qurmaq, məntiqi vurğuya, ifadəliliyə əməl etmək, hiss və həyəcanlarını, ideyanı çatdırmaq bacarığını şifahi və yazılı nitqə aid nümunələr, sual və tapşırıqlar sistemindən istifadə etməklə yiyələnirlər. Şifahi nitqin inkişafı ədəbiyyat dərslərində şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi üzrə ardıcıl, sistemli iş aparılmasını tələb edir.

Şifahi nitq sözü, fikri duymağı, onu mətndə mənasını başa düşməyi, zəruri hallarda həmin sözə sinonim seçməyi tələb edir. Hər hansı bir mətnin üzərində iş zamanı şagirdlər oradakı tanış olmayan sözləri, tipin dilində işlədilən dialektizmi, varvarizmi, vulqarizmi, eləcə də termini, neologizmi,  çoxmənalı sözləri, frazeoloji birləşmələri və s. müəyyənləşdirir, mənasını aydınlaşdırır. Öyrəndikləri atalar sözü, məsəl  və aforizmləri nitqlərində yerli yerində işlətmək bacarığına yiyələnirlər.

Təəssüflə qeyd etməliyəm ki, bu gün ölkəmizdə klassik Azərbaycan və dünya ədəbiyyatını mütaliə edənlərlə yanaşı yeni nəsildə biganə yanaşanlar da az deyildir. Bu məsələ bütün ziyalıları, hətta geniş kütləni narahat etməlidir. Hər bir şəxs bilməlidir ki, qüdrətli sənətkarların yazdıqları bədii ədəbiyyat nümunələrində dilin zəngin xəzinəsindən məharətlə istifadə etməsi, onların fikri dəqiq, ifadəli çatdırmağa imkan verən obrazlı söz axtarışları dilimizin zənginləşməsinə xidmət edir, gənc nəslə sözə həssas münasibət bəsləməyi öyrədir.

 

ƏDƏBİYYAT

  1. Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı:Bakı Universiteti, 1991
  2. Əhmədov C.M. Azərbaycan ədəbiyyatının tədrisi tarixindən. Bakı:Maarif, 1971
  3. Həsənli A. Ədəbiyyatın tədrisi metodikası. Bakı:Müəllim, 2012
  4. Həsənli A, Abdullazadə N.Ə. İfadəli oxu. Bakı:Müəllim, 2015