Ev Publisistika Ana dili hər bir xalqın milli kimliyidir

Ana dili hər bir xalqın milli kimliyidir

1757

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.
Əlifbaya keçid hər zaman  çox mürəkkəb məsələ kimi böyük tarixi bir prosesi əhatə edir. Azərbaycanda coxlu sayda əlifbalar dəyişib, lakin dəyişikliyin xalqımızın mədəniyyətinə, tarixinə, dilinə nə qədər ziyan vuran məsələ olduğunu çox gözəl dərk etmişik. Amma latın qrafikasına keçidin isə müsbət çəhətləri çoxdur. Bilirik ki, ölkəmizdə yeni əlifbaya keçid 10 ilə qədər davam edib. Bu proses ötən əsrin 90-cı illərin əvvəllərindən başlayıb, 2001-ci ildə isə yekunlaşdı.
Azərbaycanda latın əlifbasına ilk olaraq məktəblər, ikinci dövlət müəssisələri, sonuncu isə mətbuat keçdi. Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutdu. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu.  Beləliklə, görülən işlərin nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.
Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur.

Lalə HÜSEYNOVA, “Azərbaycan Ordusu”