Ev İctimai Azərbaycan–Özbəkistan qardaşlığı: tarixi köklərdən strateji tərəfdaşlığa

Azərbaycan–Özbəkistan qardaşlığı: tarixi köklərdən strateji tərəfdaşlığa

25

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə və Özbəkistanda mətbuat üçün bəyanatı Azərbaycan – Özbəkistan münasibətlərinin bugünkü mahiyyətini və gələcək perspektivlərini anlamaq baxımından mühüm siyasi mənbədir. Prezidentin açıqlamalarında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan – Özbəkistan əlaqələri yalnız dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə çatması ilə səciyyələnmir. Bu münasibətlərin arxasında ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Məhz bu amillər siyasi müttəfiqliyə möhkəm ictimai-mədəni zəmin yaradır.

Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin “ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə” yüksəlməsi xüsusi vurğulanır. Bu ifadə təsadüfi siyasi qiymətləndirmə deyil. Son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivliyi, imzalanmış strateji sənədlər və institusional mexanizmlərin yaradılması münasibətlərin sistemli xarakter aldığını göstərir. 2024-cü ildə Azərbaycanın dövlət başçısının Özbəkistana dövlət səfəri, 2025-ci ildə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri və bu səfərlər zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” ilə “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirib.

Bu prosesdə dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimadın da xüsusi çəkisi vardır. Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə münasibətlərini səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulan əlaqələr kimi səciyyələndirir. Belə siyasi münasibətlər, təbii olaraq, dövlətlərarası əməkdaşlığın daha geniş sahələrə yayılmasına imkan verir. Ali Dövlətlərarası Şuranın yaradılması da bu baxımdan mühüm institusional addımdır. Şuranın fəaliyyəti siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, müxtəlif istiqamətlər üzrə prioritetlərin əlaqələndirilməsinə xidmət edir.

Azərbaycan – Özbəkistan münasibətlərinin mühüm üstünlüyü onun yalnız siyasi müstəvidə qalmamasıdır. Bu gün iqtisadiyyat, investisiya, sənaye, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və digər sahələrdə çoxsaylı layihələr həyata keçirilir. Prezident İlham Əliyevin verdiyi məlumata görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon dollara çatıb və əvvəlki illə müqayisədə üç dəfədən çox artıb. Azərbaycan – Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti də qarşılıqlı investisiyaların təşviqi baxımından mühüm mexanizm kimi təqdim olunur.

Lakin bu münasibətləri yalnız iqtisadi rəqəmlərə bağlamaq olmaz. Bu əlaqələrin əsas gücü mənəvi və mədəni yaxınlıqdadır. Azərbaycan və özbək xalqlarının ortaq türk tarixi, dil və mədəni əlaqələri, ədəbi irsi və mənəvi dəyərləri əsrlər boyu qarşılıqlı təsirin müxtəlif formalarını yaradıb. Bu baxımdan Nizami Gəncəvi və Əlişir Nəvai irsi xüsusi əhəmiyyət daşıyır. Nizami Gəncəvinin adını daşıyan Özbəkistan Milli Pedaqoji Universiteti iki xalqın ədəbi-mədəni yaddaşının müasir təhsil məkanında birləşməsinin rəmzi nümunələrindəndir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu universitetin böyük Azərbaycan şairinin adını daşıması qürurverici faktdır.

Bu baxımdan elm və təhsil əlaqələrinin genişlənməsi bu qardaşlığın gələcəyə yönəlmiş ən mühüm istiqamətlərindən biridir. Çünki dövlətlərarası münasibətlərin dayanıqlılığı yalnız siyasi sənədlərlə deyil, yeni nəsillərin bir-birini daha yaxından tanıması ilə də təmin olunur. Azərbaycan və Özbəkistan vətəndaşlarının qarşılıqlı olaraq digər ölkədə təhsil alması, elmi konfransların, mədəniyyət günlərinin və təhsil proqramlarının keçirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. 2025–2026-cı tədris ilində 176 Azərbaycan vətəndaşının Özbəkistanda, 67 Özbəkistan vətəndaşının isə Azərbaycanda təhsil alması artıq bu əlaqələrin praktik məzmun qazandığını göstərir.

Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin yaradılması da elm və təhsilin Azərbaycan–Özbəkistan münasibətlərindəki simvolik və praktiki rolunu aydın nümayiş etdirir. Bu layihə işğaldan azad edilmiş ərazilərin bərpasına verilən dəstək olmaqla yanaşı, özbək elmi irsinin Azərbaycan təhsil məkanında yaşadılmasının da mühüm nümunəsidir. Belə təşəbbüslər siyasi münasibətləri insanların gündəlik həyatına, xüsusilə də gənc nəslin dünyagörüşünə gətirən humanitar körpülərdir.

Prezident İlham Əliyevin açıqlamalarında Azərbaycan – Özbəkistan münasibətlərinin regional əhəmiyyəti də xüsusi yer tutur. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin edilməsi Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Prezidentin “C5” formatının faktiki olaraq “C6” formatına çevrildiyini vurğulaması Azərbaycanın artıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında daha fəal rol oynadığını ifadə edir. Bu prosesdə Özbəkistanın xüsusi rolu danılmazdır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Daşkəndin dəstəyi Azərbaycanın regional əməkdaşlıq mexanizmlərinə daha fəal inteqrasiyasına mühüm siyasi zəmin yaradıb. Eyni zamanda Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı ortaq tarixi və mədəni irsin siyasi və institusional müstəvidə qorunmasına xidmət edir. Bu əməkdaşlıq türk dünyasında iqtisadi, nəqliyyat, humanitar və elmi əlaqələrin daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır.

Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlərin mühüm nəticələrindən biri də budur ki, Azərbaycan – Özbəkistan qardaşlığı keçmişə bağlı münasibət deyil, gələcəyə istiqamətlənmiş siyasi və strateji layihədir. Ortaq tarix və mədəniyyət bu münasibətlərin mənəvi əsasını təşkil edir, qarşılıqlı siyasi etimad və müttəfiqlik isə həmin təməli müasir dövlətlərarası əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirir. Bu mənada Azərbaycan və Özbəkistan münasibətləri türk dünyasında tarixlə müasirliyin necə uzlaşdırıla biləcəyinin nümunəsidir. Bir tərəfdə Nizami və Nəvai kimi klassiklərin yaratdığı ortaq mədəni yaddaş, digər tərəfdə isə müasir iqtisadi layihələr, universitetlərarası əməkdaşlıq, nəqliyyat dəhlizləri və regional inteqrasiya imkanları dayanır. Prezident İlham Əliyevin müsahibə və bəyanatlarının ümumi məntiqi də məhz bu vəhdəti ortaya qoyur: Azərbaycan – Özbəkistan münasibətləri tarixi qardaşlığın siyasi müttəfiqliyə, mənəvi yaxınlığın isə konkret və qarşılıqlı faydalı əməkdaşlığa çevrildiyi yeni mərhələyə daxil olub.

Pərvin Eyvazov

filologiya elmləri üzrə fəlsəfə doktoru,

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi

Mənbə: crrossmedia.az