Ev Publisistika Ölkəmizdə ana dilinin qorunması və zənginləşdirilməsi dövlət siyasəti səviyyəsində gerçəkləşdirilir

Ölkəmizdə ana dilinin qorunması və zənginləşdirilməsi dövlət siyasəti səviyyəsində gerçəkləşdirilir

1655

Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.
Heydər ƏLİYEV
Ümummilli lider

 

Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Ümummilli ünsiyyət vasitəmiz, ictimai-siyasi həyatda isə rəsmi statuslu dövlət dilimiz olan Azərbaycan dili xalqımızın milli-mənəvi dəyərlər sistemində, tarixən, ən qiymətli sərvət kimi qorunmuş və zənginləşdirilmişdir. Ana dilimiz də eynilə ana torpaqlarımız kimi ötənlərimizi bugünümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu bugünümüzə gətirib çıxarmışdır. 
Azərbaycan xalqının tarixin məhvedici sınaqlarına sinə gərərək yaşamasında, zaman-zaman formalaşmasında önəmli rolu və xidmətləri olmuş böyük şəxsiyyətlərimiz ana dilimizi mənəvi Vətən saymışlar. Ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar.
Doğrudan da, dil, xalq və dövlət anlayışları çoxminillik bəşər tarixinin gedişatında aparıcı yer tutduğu kimi, qloballaşma dövründə də önəmini və aktuallığını qoruyub saxlayır. Çağdaş dünyanın siyasi mənzərəsini əks etdirən, beynəlxalq birlikdə rəngarənglik yaradan suveren coğrafiyaların və dövlətlərin əsasında xalqlar dayanır. Hər bir xalqın başlıca özünəməxsusluğunu isə onun ana dili təşkil edir. Həqiqət budur ki, dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən seçilib-ayrılmaz. Belə bir ifadə də mövcuddur: xalqı onun dili, dövləti isə onun xalqı yaşadır. Elə buna görə də hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər içərisində onun xalqının dilinin qorunması və zənginləşdirilməsi də daim diqqətdə saxlanılır.
Bütün bunları nəzərdə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqın bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Doğrudan da, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.
Bugünkü dövlət müstəqilliyimizin mühüm atributlarından  biri də xalqımızın öz ana dilini ictimai-siyasi və mədəni həyatda ali səviyyəyə qaldırması, suverenliyinin önəmli göstəricilərindən birinə çevirə bilməsidir. Dövlət müstəqilliyimiz kimi, ana dilimimizin dövlət dili səviyyəsinə qaldırılması da xalqımızın və onun dahi övladlarının bu yolda məqsədyönlü, əzmkar, inadlı mübarizəsinin nəticəsi olaraq əldə edilmişdir. Bu tarixi nailiyyəti qədərincə dəyərləndirmək, bu qiymətli sərvətə qədirbilənliklə sahib çıxmaq üçün, ən azı,  yaxın keşmişə nəzər salmaq, bu günümüz üçün müəyyən edilmiş ictimai borc və vətəndaşlıq vəzifələrini dönə-dönə xatırlamaq lazım gəlir.
İlk növbədə yada salaq  ki, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı ümum-milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin aşağıdakı tələbi onun Azərbaycan dilinin dövlət dili səviyyəsində qorunması və zənginləşdirilməsi ilə bağlı məramını bütün dolğunluğu ilə hər birimizə xatırladır: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Ana dlimizin misilsiz himayədarı olan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bir qərinəni əhatə edən hər iki dövründə məqsədyönlü şəkildə gerçəkləşdirdiyi ardıcıl tədbirlər, verdiyi tarixi qərarlar nəticəsində Azərbaycan dili artıq  yarım əsrdir ki, ölkəmizin dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ulu öndər ötən əsrin 60-70-ci illərində Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görmüş, ana dilimizin dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə cəsarətlə nail olmuşdu.
Hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi faktlar gerçəkləşdirmişdi. Məhz ulu öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunması həmin dövr üçün milli nailiyyət və tarixi əhəmiyyətli hadisə idi.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşdirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra isə Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Bundan sonra dövlət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.
Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Həmin sənəddə deyilirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin öz ana dilinə sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər tariximizdə ciddi bir istisnalıq təşkil edir. Böyük rəhbər iftixarla deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”
Bu gün Azərbaycan dili müstəqil Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Ölkəmizdə dövlət səviyyəsində mükəmməl dil siyasəti gerçəkləşdirilir. Bu zəruri siyasətin əsaslarını yaradan isə məhz ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndərin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu strategiyasının önəmli tərkib hissəsi olub bütöv bir sistem təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı son yarım əsrdə verilmiş qərarların əksəriyyətinin altında Heydər Əliyevin imzası durur.
Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı nitqində ölkə Prezidenti Azərbaycan elminin, mədəniyyətinin inkişafı ilə bağlı məsələlər sırasında ana dilimizə qayğını da ön plana çəkdi: “Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik”.
Ümummilli liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə rəhbərinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu.
Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adlı fundamental sənədin hazırlanıb Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilməsi də önəmli tarixi hadisədir. Müasir dövrün tələblərini, konkret olaraq, qloballaşma prosesinin fəlsəfəsini nəzərə alan həmin dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsi və tədqiqinə dövlət qayğısının artırılmasını, ana dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.
Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır.
Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixinin önəmli səhifəsi sayılır. Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və  qorumaq qüdrətinin parlaq ifadəsidir. Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Əgər bir vaxtlar dünya dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdisə, indi birbaşa əlaqə imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır.
Bütün bu həqiqətlər baxımından Azərbaycan xalqının formalaşması, onun dövlətçiliyinin qorunub yaşadılması zəmanəmizdə rəsmi dövlət dili kimi təsbit olunmuş ana dilimizin tarixi ilə sıx bağlı olduğu kimi, siyasi-mənəvi müstəqilliyimizin möhkəmləndirilməsi də xeyli dərəcədə bu misilsiz mənəvi sərvətin çağdaş durumundan güc alır. Əslində, dövlətçiliyimizin itirildiyi dönəmlərdə milli varlığımızın və tarixi coğrafiyamızın qorunması ana dilimizin və özəl mədəniyyətimizin yaşadılması müstəvisində gerçəkləşmişdir.
Buna görə də müstəqil Azərbaycan dövləti onun rəsmi atributlarından biri kimi təsdiq olunmuş rəsmi dilin ölkə həyatının bütün sahələrində maneəsiz işlədilməsinin, qorunmasının və onun taleyi ilə bağlı bütün məsələlərin həllinin təminatçısı kimi öz vəzifəsini əsaslı və davamlı olaraq yerinə yetirir. Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl hüquqi-normativ baza yaradılması müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir.
Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib.
Prezident İlham Əliyevin 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində də dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd etmiş, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirmişdir. Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsini, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələləri daim nəzarətdə saxlayan ölkə başçısının tapşırığı ilə ötən ilin oktyabrında dövlətin dil siyasətini icra edən qurumların və aparıcı media vasitələrinin rəhbərlərinin, tanınmış ziyalıların iştirakı ilə keçirilən “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” movzusunda konfransda ana dilimizin normal inkişafına əngəl törədən çeşidli nöqsanlar ciddi pisləndi.
Həmin toplantıda dövlət dilinin qorunub inkişaf etdirilməsinə yönəldilmiş qanun, fərman, sərəncam və proqramlarda əksini tapmış müddəaların gerçəkləşdirilməsi ilə bağlı ölkə rəhbərinin narahatlığına, mediada ədəbi dil normalarına sayğısızlıqla əlaqədar geniş ictimaiyyətin narazılığına səbəb olan məsələləri dövlət rəsmiləri, Milli Məclisin deputatları, dilçi alimlər, kütləvi informasiya vasitələri rəhbərləri və nümayəndələri ətraflı araşdırdılar, mövcud nöqsanları tezliklə aradan qaldırmaq üçün əsaslı təkliflər səsləndirdilər.
Müzakirələrdə işıtirak edən tanınmış ziyalılar bildirdilər ki, müasir dövrdə qloballaşma prosesi dövlət dilindən istifadəilər  sahəsindən də yan keçməmişdir. Fasiləsiz təkmilləşən informasiya-kommunikasiya sistemləri, insanların texnoloji yenilikləri sürətlə mənimsəmələri, maneəsiz informasiya mübadiləsi imkanlarının artması dövlət dilini zənginləşdirməklə yanaşı, onu mənfi təsirlərə də məruz qoyur. Belə hallar həm cəmiyyətdə, həm də onun güzgüsü olan mətbuatda özünü qabarıq büruzə verir. Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq.
Bu il iyulun 18-də isə ­Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sənədə əsasən, Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Görkəmli dilçilik mütəxəssisləri birmənalı olaraq qeyd edirlər ki, dil, sadəcə, ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Azərbaycan dövləti bu həqiqətə sonsuz sayğı ilə yanaşaraq ana dilimizin saflığının qorunmasını, onun öz imkanları və qardaş türk dilləri ilə sıx təmasda inkişafını daim himayə edir, neqativ halların qarşısının alınması üçün təsirli tədbirlər həyata keçirir. Bütün bunlarla yanaşı, ana dilimizin dövlət dili statusuna heç də həmişə sayğı ilə yanaşılmaması, dildən istifadə zamanı onun sabitləşmiş normalarının pozulması da ciddi narahatlıq doğurur.
Yol verilən belə nöqsanlar, əsasən, sözlərin düzgün yazılmaması, mənanın aydın və səlis ifadə edilməməsi ilə bağlıdır. Azərbaycanda yazılı mətbuatın səviyyəsi kifayət qədər yüksəkdir. Mətbuat kütləvi hadisə olduğundan işçilərin hamısının peşəkarlığı çox çətin məsələdir. Azərbaycanda ədəbi dilin qorunmasına ictimai nəzarət seyrçilikdən fəal ictimai qınağa və əməli işlər görülməsinə yönləndirilməlidir.
İctimai rəydə narahatlıq doğuran bir önəmli məsələni də unutmaq olmaz. Azərbaycan dilinin imkanlarının genişləndirilməsi, dilin zənginləşdirilməsi prosesində ədəbiyyat və elmlə yanaşı, medianın da rolu böyükdür. KİV insanlarla gündəlik ünsiyyətdə olduğundan onun dil normalarının pozulması ilə bağlı yol verdiyi nöqsanlar daha çox diqqəti cəlb edir və haqlı ictimai narahatlıq doğurur. Bu gün milli mətbuat, televiziya və radioda müşahidə olunan qüsurların başlıca səbəbi aidiyyəti qurumların öhdələrinə düşən işi layiqincə yerinə yetirməməsi ilə bağlıdır.
Digər bir məsələ yeni sözlərin, eləcə də əcnəbi leksik vahidlərin dilə lüzumsuz daxil edilməsidir. Son onilliklərdə cəmiyyətimizdə baş verən ciddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bununla belə, öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq. Mütəxəssislər qeyd edirlər ki, aparıcı dünya dillərinin Azərbaycan dilinə, dilimizin isə digər dillərə təsiri qaçılmazdır. Burada əsas məsələ jurnalistlərin həmin sözləri necə işlədə bilmələridir. Dövlət başçısı  İlham Əliyev də AMEA-nın yubileyində bu məsələyə toxunaraq bildirmişdi ki, bizim dilimiz gözəl dildir və yersiz əcnəbi sözlərdən istifadə etmək lazım deyil.
Azərbaycan ədəbi dilinin qorunması baxımından dilçi alimlərin, bu sahənin inkişafına məsul elmi dairələrin də üzərinə ciddi vəzifələr düşür. AMEA Dilçiliik İnstitutunda ana dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı qanunçuluğun və dövlət başçısının Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tələblərindən irəli gələn vəzifələri həyata keçirmək məqsədilə son dövrdə bir neçə yeni bölmə — qədim dillər və mədəniyyətlər, sosiolinqvistika və dil siyasəti, kompüter dilçiliyi, monitorinq şöbələri yaradılıb. İnstitutun əməkdaşları vaxtaşırı yoxlamalar aparır, monitorinqlər keçirir və ən başlıcası, mövcud nöqsanların aradan qaldırılması üçün maarifləndirici tədbirlər görür, aidiyyəti təşkilatlara tövsiyələr verir, onlarla müqavilələr bağlayır.
Televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsi məqsədilə Dilçilik İnstitutunda artıq iki ildir ki, “qaynar xətt” fəaliyyət göstərir. KİV-də ədəbi dilin normalarının pozulmasının qarşısını almaq üçün bu sahəyə sistemli, kompleks yanaşma zəruridir. Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün vaxtaşırı dil mövzusunda təlim və seminarların təşkili də önəmli məsələdir.
KİV-də dil qüsurlarının əsas səbəblərindən biri də jurnalistlərin müraciət elədikləri mövzunu, bəhs etdikləri predmeti yaxşı bilməmələri ilə bağlıdır. Media və dil mövzusunda müzakirəldə bu baxımdan jurnalistlərin sahə və mövzular üzrə ixtisaslaması prosesini dərinləşdirməyin vacibliyi vurğulanır. Doğrudan da, dil qüsurlarının aradan qaldırılması üçün media təmsilçilərinin peşə hazırlığının yüksəldilməsi, təhsildə təkmilləşdirmə, ictimai şüurda dilin qorunması, qanunçuluğun gücləndirilməsi vacib məsələlərdir.
Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının son illərdə vaxtaşırı apardığı monitorinqlər KİV-də ana dili normalarının pozulması ilə müxtəlif səviyyəli nöqsanların davam etdiyini aşkara çıxarır və buna qarşı mübarizə üsulları təklif edir. Teleradio dilində əsas narahatlıq doğuran məsələ bir sıra hallarda adi məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsidir. Özəl televiziya məkanında ədəbi dil normalarının pozulması hallarına daha çox rast gəlinir.
Bu qurum bütün televiziya və radio şirkətlərindən tələb edir ki, aparıcılar dövlət dilini mükəmməl bilməli və səlis danışmağı bacarmalıdırlar.
Azərbaycan KİV-nin ana dilimizdən istifadədə yol verdiyi nöqsanlarla bağlı yuxarıda qeyd etdiyimiz konfransda dövlətin dil siyasətinin tələbi olaraq bildirilmişdi: “Son zamanlar Azərbaycan dilinin vergülündən tutmuş üslubuna qədər pozulması halları yavaş-yavaş meyil halı almaqdadır. Əlbəttə, Azərbaycan dili zəif dil deyil ki, hansısa normaların pozulması dilin məhvinə gətirib çıxarsın. Amma bütövlükdə dilin saflığının qorunması, onun inkişafının təmin olunması və bu sahəyə dövlətin ayırdığı diqqət qarşımıza qoyduğumuz məqsədə çatmağın əsas yollarından biridir. Biz bunu mütləq şəkildə həyata keçirməliyik”.
Bu zəruri tələb hər bir soydaşımızı dilimizin saflığını qorumağa, onu zənginləşdirməyə çağırır.
Unutmayaq ki, torpaq fiziki varlığımızın vətəni olduğu kimi, ana dilimiz də mənəvi dünyamızın beşiyidir. Ümummili lider Heydər Əliyevin Azərbaycan dilinə tarixi sevgisinin sonsuzluğu, Prezident İlham Əliyevin ana dilimizin qorunması və zənginləşdirilməsi zərurətinə diqqətinin ciddiliyi hər bir soydaşımızın öz ana dilinə münasibətində örnək və tələb olmalıdır.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”