Ev Bədii Təranə Turan Rəhimli – Şəhidim, sabahım sənə borcludur

Təranə Turan Rəhimli – Şəhidim, sabahım sənə borcludur

1878

Təranə Turan RƏHİMLİ – 50

Şəhidim, sabahım sənə borcludur

Torpaq üstündəki firavan həyat
Torpaq altındakı cana borcludur.
Aldığımız nəfəs, hər bəxtəvər səs
Tökülən müqəddəs qana borcludur.

Xarı bülbülümün ətrində odur,
Salxım söyüdümün çətrində odur,
Tariximin qızıl sətrində odur,
Əsrlər ömrünü ona borcludur.

Hər şəhid – zirvəsi göyü dələn dağ,
Köksündə azadlıq çağlayan bulaq.
Qırılan hər ömrün sonu Qarabağ,
Gələcək o xoşbəxt sona borcludur.

Zəfər payızımın donu qızıldı,
Mənim şəhidimin qanı qızıldı.
44 günün hər bir anı qızıldı,
Millətim o günə, ana borcludur.

Şuşada asılan bayrağa görə,
Əsirliyi bitən yarpağa görə,
Şəhidim, hər qarış torpağa görə
Bu günüm, sabahım sənə borcludur.
4 dekabr, 2020-ci il

Qış lövhəsi

Yaxasını söküb bulud
Qar ələyir küçələrə.
Bəyaz pərdə çəkib bulud
Gündüzlərə, gecələrə.

Ağarıb bəxti Bakının,
Gəlinlik geyinib şəhər.
Qış sirri danışır quşlar
Qar üstündə səhər-səhər.

«Bəyaz güllər» səpələnir
Çölə, düzə ləçək-ləçək.
Naxışlanır pəncərəmdə
Ulduz-ulduz, çiçək-çiçək.

Düzüm-düzüm sırsıralar
Ağacların buz sırğası.
Sirdi, sehrdi, əfsundu
Qarın, çovğunun qovğası.

Mürgü döyür göy dalğalar,
Dənizin yuxusu gəlir.
Təbiətin nəfəsindən
İlk sevgi qoxusu gəlir.

Göylər bərəkət göndərir
Torpağa qar tökə-tökə.
Səttar fırçası gərəkdir
Bu qış lövhəsini çəkə.

Şairlər

Min il özünə yol gəlir
Özünü bilənə kimi.
Yüz kərə dirilib-ölür
Əcəli gələnə kimi.

Hörümçək kimi tor qurur,
Torunu içinə yığır.
Nə dərd var sinəyə çəkir,
Tüstülənib şeir çıxır.

Dağnan, bulaqnan dərdləşir,
Sıxır qayanın əlini.
Daşa danışmaq öyrədir,
Bilmir kor bəxtin dilini.

Allahın gözü üstündə,
Qəlbində Allah işığı.
Qocaldır, böyütmür Allah
İçindəki saf uşağı.

Sözündən asılıb ölür,
Qoymur sözü boğulmağa.
Bezib köhnəlmiş ömürdən
Ölür təzə doğulmağa.

Ömür sürət qatarıdı

Allah, məni kimdi qovan?
Kim bu nəfəsimi kəsən?
Ömrü kimdi tələsdirən?
Kimdi içimdə tələsən?

İllər sürət qatarıdı,
Ay başlayan kimi bitir.
Həftələr hey itələşir,
Günlər qovhaqovda itir.

Gecə-gündüz gözgörəti
Zaman mənə savaş açır.
Saniyəylə yarışıram,
Saatlar əlimdən qaçır.

Xatirəyə hopur anlar,
Hər şey dönüb keçmiş olur.
Tələsik açılır səhər,
Tez-tələsik vədə dolur.

İş-güc caynağına alıb
Ley kimi aparır məni.
Özümə qıymadığım vaxt
Özümdən qoparır məni.

Bu günüm tez dünən olur,
Sabahı qucub gedirəm.
Mən həyatı yaşamıram,
Üstündən uçub gedirəm.

Ömür ovuc içi kimi

Ömür ovuc içi kimi,
Baxıram hardan görünür.
Gizlicə tutub əlindən
Çıxıram burdan görünür.

Yenə tutub gətirirlər
Neçə dərdi böyütməyə.
Gözümün qalan yaşıyla
Təzə dərdi göyərtməyə.

Sallanıb enir quyuya
Son ümid kəndir ucunda.
Gizlənməyə bucaq gəzir
Adam dünyanın suçundan.

Ömür ovuc içi kimi,
Hər yerdən sonu görünür.
Ölüb gedən arzuların
Əlimdə qanı görünür.

Bu eşqin əcəli çatıb deyəsən

Bu eşqin əcəli çatıb deyəsən,
Sən get, əllərini qana batırma.
Daha təsəllidən, ümiddən keçib,
Nə özünü incit, nə məni yorma.

İndi hisslərimi elə don vurub,
Günəşin içinə qoysan əriməz.
Qəlbimə o qədər dərd yeritmisən,
Daha ürəyimə sevgi yeriməz.

Gözünün içində məzar görmüşəm,
«Sevirəm» sözüylə üzümə durma.
Bu eşqin əcəli çatıb deyəsən,
Sən get, əllərini qana batırma.

Sən mənim şəklimi çəkə bilməzsən

Ağacı çəkərsən, daşı çəkərsən,
Yazda beli sınan qışı çəkərsən,
Dünyada nə var – pis, yaxşı, çəkərsən,
Sən mənim şəklimi çəkə bilməzsən.

Oxşada bilərsən qaş-gözümü də,
Rəngini taparsan hər sözümün də,
Çəkərsən içimdə kor dözümü də,
Sən mənim şəklimi çəkə bilməzsən.

Bu qərib ürəyi çəkərsən bəlkə,
İçimdən həsrəti sökərsən bəlkə,
Ruhumu rənglərə tökərsən bəlkə,
Sən mənim şəklimi çəkə bilməzsən.

Gözünün önündən surətim getməz,
Özümü görməyə qüdrətin yetməz,
Ömür payın bitər, o şəkil bitməz,
Sən mənim şəklimi çəkə bilməzsən.

Səni gözlərimin yaşı tutacaq

Məni elə unut, mən də unudum,
Dönüb ürəyimi bir də sınama.
Rəngbərəng dərdlərim özümə qalsın,
Sevgini götür get, məni qınama.

Yenə ümid vermə, köhnə ümidin
Hələ qurumayıb gözünün nəmi.
Yuxuma da gəlmə, xəyalıma da,
Unut öldürdüyün arzular kimi.

Demə bu dünyanın üzü dönükdü,
Qınama taleyə belə əyildim.
Dağdan dözümlüydüm, daşdan səbrli,
Məni sən dəyişdin, belə deyildim.

Daha bu sevginin ölmək vaxtıdı,
Köksümdə sən boyda məzar yatacaq.
Nə ah çəkəcəyəm, nə də adını,
Səni gözlərimin yaşı tutacaq.

Səni sevmədim

Mən səni sevmədim məni yandıra,
Sevgimlə açılan gözünü sevdim.
Dilindən çıxanlar dillərə düşdü,
Mənə demədiyin sözünü sevdim.

Qıymadım od olub bağrını sökəm,
Bəxtimi doğradım sənə bəxt tikəm.
Sevmədim vüsalın şirəsin çəkəm,
İçimdə həsrətin izini sevdim.

Mən səni sevmədim borclu qalasan,
İstədim qəlbimi borca salasan.
Mən sevən deyildim min sən olasan,
Sənin ürəyində özümü sevdim.

Akif Səmədə

Dərvişdi, dağlar yıxmışdı,
Baxtdan, yığvaldan yığmışdı,
Yolçuydu yola çıxmışdı
Haqqa sarı, içində Haqq.

İncə dərəsi deyincə
Kövrəldi, doldu doyunca.
Xramçay, Araz boyunca
Yurd həsrəti – öcündə Haqq.

Bir inamın qurbanıydı,
Təbriz, Borçalı canıydı,
Bir karvanın sarbanıydı,
Yükü ağır, köçündə Haqq.

Hanı Akif Səməd, hanı?
Haqq aşıgı, Haqq dastanı,
Mürəkkəbi şəhid qanı,
Qələminin ucunda Haqq.

Böyüdüm

Qaldım yollar ayrıcında,
Yolumu seçib böyüdüm.
İçimə dolan ağrının
İçindən keçib böyüdüm.

Düşdüm bir qərib həvəsə,
Üz tutdum işığa, səsə,
Çəkdim başa birnəfəsə
Bu eşqi içib böyüdüm.

Girdim həsrətin qoluna,
Daldım ömrün sağ-soluna.
Dərdi geninə-boluna
Boyuma biçib böyüdüm.

Ruhum yüz kərə talandı,
Misralarda daldalandım.
Köksümdə tonqal qalandı,
Yanmadım, bişib böyüdüm.

Səni xatırlamıram

Səni xatırlamıram,
Hansı ildə ölmüsən?
Bəxtini hansı daşa
Çırpıb yüzə bölmüsən?

Bu leysanın yuduğu
İzin hansı sənindi?
O çoxdan unutduğum
Sözün hansı sənindi?

Qapqara təbəssümün
Nədən his çəkib belə?
İçində yaxşı nə var
Nə vaxtdan dönüb külə?

Öldür yadıma gəlmir
Səni harda görmüşəm.
İnan ki, xatırlasam
Demək mən də ölmüşəm.

Tez uyu, şair balası

Bu dərdin sözdə yaşayan,
İçimdə ölən vaxtıdı.
Doğranıb şeirə, misraya
Ömrünü bölən vaxtıdı.

Pəncərəmdə ay doğulub,
Yatağıma qor dağılıb.
Gecə gözümə yığılıb,
Yuxuma gülən vaxtıdı.

Yatıb dağların lalası,
Susub hamının laylası.
Tez uyu, şair balası,
İlhamın gələn vaxtıdı.

Yenə yuxum qaçaq düşüb

Yenə yuxum qaçaq düşüb,
Bu gecə – dözüm gecəsi.
Yeyib bitirəcək məni
Ömrün ən uzun gecəsi.

Oyanacaq xatirələr,
Elə ki, oyaq biləcək.
Keçmişin künc-bucağından
Kimlər tökülüb gələcək.

Fikrim, beynim tutmayacaq
Bu qədər qonaq-qaranı.
İçindən bir cığal çıxıb
Qarışdıracaq aranı.

Yenə üzü bozaracaq
Gün görməyən ayın, ilin.
Qılıncı qından çıxacaq
Sözünü kəsdiyim dilin.

Ölüb gedən arzuların
Qanı üzümə duracaq..
Bu gecənin şimalında
Bir şeiri ayaz vuracaq.

Elə susdum, daş bildilər

Bu nə yerdi, bu nə dövran,
Kim göndərdi bura məni?
Bir yol gördü div adamlar,
Yüz yol çəkdi dara məni.

Duyduqlarım duymadılar,
Dərd yedirib doymadılar,
İçimdə yer qoymadılar,
De, gizlədim hara məni?!

Baharımı qış bıldilər,
Nə etdim çaşbaş bildilər,
Elə susdum daş bildilər,
Hördülər divara məni.

Güzgüdəki mən deyiləm

Qaşdı, gözdü, tanış üzdü,
Ömürdən bir parça izdi.
Boylanıb özümü gəzdim,
Güzgüdəki mən deyiləm.

Buz heykəldi daş güzgüdə,
Donub buz baxış güzgüdə.
Gözüm yaz, yay, qış güzgüdə,
Güzgüdəki mən deyiləm.

Bəxt güzgümdü, bəxt göstərir,
Mənə qızıl taxt göstərir.
Allah, nə xoşbəxt göstərir,
Güzgüdəki mən deyiləm.

Çəkdiklərim saya gəlməz,
Mənim gözüm belə gülməz.
Güzgü məni görə bilməz,
Güzgüdəki mən deyiləm.

Tural Adışirinin təqdimatında