Ev Bədii Salam, Xocalı dərdim – Xocalılı şairin şeiri

Salam, Xocalı dərdim – Xocalılı şairin şeiri

1701

Salam, Xocalı dərdim

Mən qoynunda doğuldum, sən içimə köçmüsən,
Nağıl dili olmasın, qıl körpüdən keçmisən,
Nəyinə güvənmişəm, nəyimə and içmisən?
Toyuna, bayramına bir vaxt salam verərdim –
Salam, Xocalı dərdim!

Qırxqız mehi mizrabın, Qarqar qopuzun idi,
Çölün də, çınqılın da şəkərin, duzun idi,
Qoynuna qısılanda qolların uzun idi.
Sənə ana deyərdim, mənə oğul deyərdin –
Salam, Xocalı dərdim!

Əlim ətəyə çatmır, əlim göylərə dəyir,
Ələyənlər ələyib əyilməzləri əyir,
Yetim uşaq görəndə yaralarım göynəyir.
Bu dərd tək mənim olsa ürəyimdə çəkərdim –
Salam, Xocalı dərdim!

Qara, qərib daşı var hər əyilən xurcunun,
İstəyi gizli deyil burnumuzun ucunun,
Sağlığını istəyir axı borclu borclunun.
Sənin dərdin olmasa bəlkə çoxdan ölərdim –
Salam, Xocalı dərdim!

Məni daştək kündələ, məni qum kimi yoğur,
Bu dünyanın havası məni dördəlli boğur,
Üzümə bahar doğmur, üzümə payız doğur.
Əlim əlinə dəysə ayağını öpərdim –
Salam, Xocalı dərdim!

Mən qanımı görmüşəm düşmənin qaşığında,
Eşqim dəli olubdur həsrət yaraşığında,
Tonqal çatacağam mən bu dərdin işığında.
Sevincim inciməsin, mən dərdimə güvəndim –
Salam, Xocalı dərdim!

Ürəyin ülkər qızı, idrakın nizəsi var,
And mənə köhnə dostdur, sözümün təzəsi var,
Sevincin sirri bəlli, dərdin möcüzəsi var;
Pencər kimi biçilib, xəncər kimi göyərdim –
Sağ ol, Xocalı dərdim!
Sağal, Xocalı dərdim!
Salam, Xocalı dərdim!

Ələmdar Quluzadə