Ev Bədii Qürbətdən süzülən qərib bir işıq.. – Şeirlər

Qürbətdən süzülən qərib bir işıq.. – Şeirlər

1826

Baloğlan Cəlil
Başqırdıstan, Ufa

Mən şeir yazmıram,
şəkil çəkirəm

Hər gün dərdlərimin şəklini çəkib,
Sonra üz-gözünə sığal çəkirəm.
Başqa şəkillərə çəkməsin deyə,
Hər şəklin altında mən qol çəkirəm.

Mən şeir yazmıram, şəkil çəkirəm,
İlahi dərdlərin şəkillərini…
Görəndə çəkilməz əzab çəkirəm,
Cənnətdə cəhənnəm sakinlərini.

Nə Adəm, nə Həvva burda görünməz,
Yurdları ruhunu satana qalıb.
Mələklər çəkilib gedərgəlməzə,
Dünyanın cənnəti şeytana qalıb.

Hanı halal-haram, hanı tərəzi,
Bəlkə, günahları çəkən səhv çəkib?
Bəlkə də, Allahın xəbəri yoxdu,
Cənnətdə cəhənnəm əhli kef çəkir…

Bu da bir şeirdi, Göydən asılı,
Cənnətə cəhənnəm gəlib qarışıb.
Nə yaxşı arada dəyir gözümə
Qürbətdən süzülən qərib bir işıq…

Mən kiməm, nəçiyəm, şeir uydurum?
Şeir Allahındı, mən də Allahın.
Mən yalnız şeirin şəklin çəkirəm,
Adını çəkirəm gündə Allahın.

Mən şeir yazanda şair oluram

Mən şeir yazanda şair oluram,
Mənə özgə zaman şair deməyin,
Hər gün ürəyimdə edam günüdü,
Sizi aldatmasın şeir deməyim.

Mən şeir yazanda şair oluram,
Şair şeir gələn anda doğulur,
Şeir də zindana bənzəyir bir az,
Şair ömrü boyu zindanda olur.

Mən şeir yazanda şair oluram,
Çernilə çevrilir qanım da mənim.
Şeirlə başlanır şairliyim də
Şeirlə qurtulur canım da mənim.

Yalnız bu qurtuluş bircə an çəkir,
Yenə çəkilirəm dərd qucağına.
Sözlərim insafsız cəllada dönür,
Qələmim çevrilir dar acağına.

Qələmim çevrilir dar ağacına,
Hərdən qərib-qərib dillənirəm mən.
Asılıb qalıram söz-kəndirimdən,
Azadlıq eşqiylə yellənirəm mən.

Mən şeir yazanda şair oluram,
Bunu dostlarımın yadına salın.
Şeir də zindana bənzəyir dedim,
Məni şeir adlı zindana salın..

Mənim şeirlərim

Mənim şeirlərim-körpə gülüşü,
Körpə sevincidir, körpə qəmidir.
Mənim şeirlərim hələ yol gələn,
Qar altda göyərən çiçək kimidir.

Qar altda göyərən çiçək sözlərim,
Dibçəkdə böyüyən gülə oxşamır.
Mənim şeirlərim Vətəndən uzaq,
Vətənə boylanan qərib axşamı…

Qürbətdə yaşayan qar çiçəyitək
Səsinin ətrinə qısılıb qalıb.
Payızda ağlayan ağaclar kimi
əlləri göylərdən asılı qalıb.

Qar altda göyərən qar çiçəklərim,
Gedib gül açmadı yar sinəsind ə .
Zülmət gecələrin şamına döndü,
Əriyə-əriyə qar sinəsində .

Ömürlük sürgün

Səhərdən axşama qaçıram elə,
Deyirəm, mən də bir ağ günə çıxım.
Tutum ağ günlərin ağ əllərindən
Şükürlər içində sağ günə çıxım.

Mən özüm dünyada bir gün görmədim,
Gözlərim yol çəkdi o gündən ötrü.
Dedim, uşaqlara bir gün ağlayım,
Yaşadım, ölmədim o güldən ötrü.

Məni uzaqlara aparan mənim
Qara buludlarda bir Gün kimidi.
Vətənsiz bir ömrə ömür demərəm,
Qürbət də ömürlük sürgün kimidi.

Bu dünya-evimdə mənim tək hanı
Vətəndə sərsəri, qürbətdə qərib.?!
Könlünə dəydiyim o gözəl pəri
Yenə göz yaşını mesaj göndərib.

Səhərdən axşama qaçıram elə,
Gecələr yatıram dərdi-sərimlə.
Hər sabah Günəşin çəkib şəklini
Asıram evimdə öz əllərimlə.

Özümdən özümə bir yol salmışam

Gözə görünməyən dərdl ərim kimi
Mən də bu dünyaya tənha gəlmişəm
Özümdən özümə çıxdığım yola
Karvan ləngərində pünhan gəlmişəm.

Özümdən özümə bir yol salmışam
Kimsə əllərimdən tutmayıb mənim.
Bəzən öz özümdən elə qaçmışam
Dostlarım tüstümə yetm əyib mənim.

Özümdən özümə bir yol salmışam,
Mən özüm özümü tanımaq üçün.
Özüm öz içimdə cihad etmişəm
Özümü özümdə sınamaq üçün.

Özümdən özümə çəkdiyim yolun
Əvvəli özüməm, son ucu -Tanrı.
Arabir düşürəm onun yadına –
Boylanır yoluma göz ucu Tanrım.

Mən özüm özümü gəzmişəm elə-
Sən demə bir yol da özüm imişəm.
Xəbərim yox imiş özümdən Allah,
Mən də bir mübarək Sözün imişəm

Sinəm açılmamış qala qapısı

Susub danışmayan qapı kimiyəm,
Kimsəyə zərrəcə xətərim yoxdu.
Ancaq o üzümdə nələr baş verir,
Dostların onlardan xəbəri yoxdu.

Dost əli əlimdən yapışmasa da,
Dərdləri tez gəlir tapır sinəmi.
Hərdən sinəsinə döyən tapılır,
Döyən tapılmayır qapı-sinəmi.

Susub danışmayan qapıyam-dedim,
Gözəl qapıların içində itən.
Mənəm içəridən sökülən qala,
Bir qala… tənhalıq içində bitən.

Sinəm açılmamış qala qapısı,
Çoxunu xoş üzüm-çölüm yandırır.
Heç kəsin içimdən xəbəri yoxdu,
Min ildir içimi içim yandırır.

Bənövşə

Qış kəsib qapını, yazdan xəbər yox,
Sığınıb təbiət qara, bənövşə .
Ağ ipək yaylığı salıb çiyninə ,
Baş açıq gedirsən hara, bənövşə?

Bu torpaq qardaşsız bacı kimidi,
Dərəsi açılmış ovcu kimidi.
Bu dünya özü də ovçu kimidi
Amandı düşərsən tora, bənövşə .

Həsrətəm üzünün şən aynasına,
Gecələr əriyən şam aynasına.
Gəl bax gözlərimin can aynasına,
Doyunca saçını dara, bənövşə .

Sən ki bu dünyada ətir şahısan,
Ürək titrəyişi, könül ahısan.
Bəlkə boynubükük eşq Allahısan
Səcdəyə gəlmisən Yerə, bənövşə .

Çöl-çəmən bilir ki, gəzirəm sənsiz,
Bu eşq dənizində üzürəm sənsiz.
Sənsizəm, min ildir yazıram sənsiz,
Düz əlmir yenə də ara, bənövşə .
Ara Baloğlanı, ara, bənövşə!

Bizim evimizin damı damardı

Damı lığdan idi, suvağı gildən ,
Palçıq evimizin buxarı vardı.
Yağış başımıza döysə də, onda
Bizim ömrümüzün axarı vardı.

Torpaq divarını, döşəməsini,
Anam əlləriylə mala verərdi.
Dünyanın ən ağır dərdi- sərini
O kiçik daxmada yola verərdi.

Aradan nə qədər illər keçsə də,
Gözümdən çəkilmir o divar , o dam.
Payız yağışları başlayan kimi,
Fikir dərysına dalardı atam.

Tutub gözləriylə dayandırardı,
Gah əsən küləyi, gah da yağışı.
Palçıq evimizin damı damardı,
Hər dəfə yağanda göyün qarğışı.

Atam namaz üstə dua edərdi,
Allaha çatmazdı yalvarışları.
Külək aparardı dualarını,
Alıb gətirərdi yağışla qarı.

Elə ki əlini üzərdi göydən,
Durub pəncərədən çölə baxardı.
Gözünün önündə evinin damı,
Yağış sularında batıb axardı.

Palçıq evimizin damı damardı,
Yığışıb yağışla dava edərdik.
Sonra bir sərçənin qanadlarında,
Allahın yanına uçub gedərdik.

Damı lığdan idi, suvağı gildən…
Palçıq evimizin buxarı vardı.
Yağış başımıza döysə də, onda
Bizim ömrümüzün baharı vardı .
27.02.21

Gəl

Məni məndən alıb getdin,
Məni məndən alanım gəl.
Qaytar məni el-obama,
Yad ellərdə solanım gəl.

Sinəm üstə əriyir şam,
Pərvanələr dönur axşam.
Mən səninçün doğulmuşam,
Gözlərində qalanım gəl.

Gül üstündə şehim mənim,
Dağda bitən ahım mənim.
Ay sevgi Allahım mənim,
Mən başına dolanım gəl.

Soyuq qürbət bükür məni,
Vətən dərdi çəkir məni.
Ağla məni, hönkür məni,
Həzin layla çalanım gəl.

Söz deyirəm aram ilə,
Bu dünyanı quran ilə.
Aram yoxdu haram ilə,
Ömrüm, günüm, halalım gəl…

Mən-Baloğlan Cəlil İdrisi

Mən ən böyük şair ola bilərdim, ən böyük!
Vaqif kimi, Füzuli kimi,
Haqq yolunda diri-diri soyulan Nəsimi kimi.
Ürəyi Azərbaycanda
sümükləri hələ də Hələbdə qalan
İmadəddin Nəsimini deyirəm,
Eşidirsiz məni?!
İmama dönən Nəsimini.

Amma mən nə Vaqif, Nə Füzuli,
Nə də Nəsimi oldum.
Nə də haqq yolunda Diri-diri soyuldum.
Mən adı yuxarılarda Səslənməyən
adi bir şair oldum.
Adi bir şair.

Məni nə televiziya dəvət edir
Nə də Milli Məclis.
Bir-iki şair dostum
Tanıyır məni,
Bir də ki, o qız-Sevdiyim qız.
İndi mən-Baloğlan Cəlil İdrisi
Bir -iki söz yiyəsi
Yalnız və yalqız
Qürbətdə
Oğlanlarımçün yaşayır,
O qız üçün yazır,
Vətən üçün ölürəm…

Dünya qərib axşamıdı

Səsin gəlmir ay qız niyə,
Çəkildinmi yoxsa göyə?
Boylananda Ay-güzgüyə
Məni orda görürsənmi?

Aydan arı, sudan duru,
Adamlarmı səni qırıb?
Mənim kimi qərib-qərib
Sən də ömür sürürsənmi?

Dünya qərib axşamıdı,
Göz yaşları ağ şanıdı.
Kimsə məni oxşamadı,
Xəbərin var, bilirsənmi?

Könül vermərəm özgəyə

Könül vermərəm özgəyə,
Yalan uyduran güzgüyə.
Məni sevən o qız guya,
Baxır yollara-yollara.

Baxmaz daha, baxmaz vara,
Ürəyində bir Aypara.
Hərdən dönüb buludlara,
Yağır yollara-yollara…

Qaldı duman, çən qayada,
Bir yarımçıq can qayada.
Deyir Baloğlan qayıdar,
Çıxır yollara-yollara.

Bəndə tək

Sən də çıxıb getdin daha,
Məni qoydun tək və tənha.
Bir az oxşadım Allaha
Yer üzündə hər bəndə tək.

Dalğalandı ümman dərdim
Ürəyimi açıb sərdim
Nə istədin onu verdim
Elə dedin ver bəndə tək.

Harda qaldın, harda axı
Qayaları yıxdı ahım.
Qayıt mənim eşq Allahım
Yalvarıram bir bəndə tək.

Dünya

Bu yol məni hara çəkdi?
Sözlərimdən dara çəkdi.
Dünya qara hörümçəkdi,
Yollar onun torudurmu?

Yarı daşam, yarı adam,
Qəbrimə var yarım addım,
Mən dünyadan yarımadım,
Dünya məndən yarıdımı?

Qolum bağlı, əlim təkdi,
Məni şəhid qanı çəkdi,
Bu qırğında öləcəkdim,
Allah məni qorudumu?

Öz ağlını yeyib dünya,
Nağılını deyib dünya,
İp əyirən əyri dünya
Küpəgirən qarıdırmı?!

Qürbətin dadı

Mən qürbətdə nələr çəkdim?
Çəkdiyim hər bir ah bilir.
Nələr çəkmədim qürbətdə,
Bircə onu Allah bilir.

Allah bilir, mən bilirəm;
Qürbət nədir, qərib nədir.
Qəriblikdə keçən günüm,
Hər biri bir qərinədir.

Bir anasız vətən kimi,
Yər də, Göy də qürbət dadır.
Allah da gözə görünmür,
Bəlkə o da qürbətdədir.

Bəlkə o da qürbətdədir –
Su üstündə pampıq kimi.
Hər gün batır gözlərində,
Ümüd dolu bir ağ gəmi.

Göz dikdiyim Xəzər-qərib,
Ruhumun göy qanadıdır.
Üzü gülən məmləkətəm,
İçim Hələb meydanıdır

Tural Adışirinin təqdimatında