Ev Publisistika HANI FƏRMANIN, DAĞLAR?

HANI FƏRMANIN, DAĞLAR?

1648

Cəmi 52 il yaşadı Fərman Kərimzadə – indi ruhu Azərbaycan torpağını, Vedini, Gəncəbasarı, Beyləqanı, Təbrizi, Dərbəndi, Bakını dolaşan böyük yazıçı, ipək xasiyyətli insan, dostlarının və oxucularının xatirindən heç vaxt silinməyən şəxsiyyət.

1937-ci ilin 3 mart günündə qədim Azərbaycan torpağı Vedidə dünyaya göz açmışdı. Yarandığı gündən müharibələr meydanına çevrilən Vedi torpağı XX əsrdə ən faciəli tarixini yaşadı. Təkcə Vedi yox, İrəvan xanlığının digər Azərbaycan torpaqları da bu cür müsibətlə, xəyanətlə üzləşdilər. Ancaq Vedinin o zaman Abbasqulu bəy Şadlinski kimi nadir, bəlkə də bir daha dünyaya gəlməyəcək sərkərdə, ağsaqqal oğlu vardı. Öz döyüşçü məharəti və ağıllı tədbirləri ilə Abbasqulu bəy iki il erməni generalları ilə vuruşdu, vedililəri mühasirədən çıxarıb Cənubi Azərbaycana apardı, ara sakitləşəndən sonra 1921-ci ildə geriyə-öz doğma torpaqlarına qaytardı. Heyif, Abbasqulu bəydən, yaşasaydı, bəlkə də bu faciələr baş verməzdi. (Sonralar Fərman Kərimzadə Abbasqulu bəyin bu tarixi xidmətini “Vedinin yanı dağlar” publisistik yazısında qeyd edəcəkdi).

İllər keçəcək, taleyin sərt qılıncı həmişə Veinin başı üzərində dolanacaqdı. Nəhayət, 1951-ci ildə Fərmangil də sonuncu köçürülənlərdən olacaqdı. Onlar səfalı Vedidən Azərbaycanın isti, qızmar bir aran rayonuna-Beyləqana gəldilər. Yerli şəraitə, təzə iqlimə alışa bilməyənlərin çoxu buradaca ömürlərini tapşırdılar. Amman ə etmək, bura da Azərbaycan torpağı idi. Fərman burada orta təhsil aldı, sonra Bakıda Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirdi. Qayıdıb Beyləqanda müəllim işlədi, rayon qəzetində çalışdı. Amma ürəyi, canı, ruhu Vedidə qalmışdı.

Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar,
Burda bir el var idi,
Siz deyin, hanı, dağlar?

Hərdən Vediyə-öz kəndinə qayıdırdı Fərman. Görürdü ki, uşaqlıqda qoyub getdiyi ağaclar quruyub, çeşmələr axmır. Bunlara dözmək olardı, amma qədim Azərbaycan kəndlərinin adları hamısı erməniləşdirilmişdi. Hiss edirdi ki, bütün bunların axırı faciə ilə bitəcək, çünki o dəhşətli gün anbaan yaxınlaşırdı.

Fərmanın “Vedinin yanı dağlar” etnoqrafiq eskizləri (“Azərbaycan” curnalı, 1988, № 9) Vedi və vedililər haqqında böyük məhəbbətlə, həm də ürək yanğısı ilə qələmə alınıb. “Mən bu yerdə doğulmuşam. Üzü güneyə baxanda iki əzəmətli zirvə görünür. Zirvənin biri hündürdü, başında qar buz parıldayır. Zirvənin bizə tərəf baxan üzündə nəhəng uçurumlar var. Elə uçurumlardı ki, ona düzəndə dayanıb başını qaldırıb baxanda ürəyində xof, qorxu yaranır. O birisi zirvə isə nisbətən kiçikdir. Tərsinə qoyulmuş fırlanğaca oxşayır. Amma o fırlanmır, buludlar onun başına hərlənir. Bu, Ağrı dağıdı”. Fərman Kərimzadənin şeir yazdığını bu yazı çap olunana qədər mən də bilmirdim. Amma həmin yazıda Fərmanın şair olduğuna da inandım. Köçürülmə siyasətindən sonra Vediyə gələn Fərman sanki dərdini söyləməyə adam tapmır, üzünü suyu quruyan çaya tutub deyir:

Bulaqları guruydu,
Nurdan doğan nuruydu,
Pəhləvandan zoruydu-
Bu çay niyə qurudu?

Ağır elləri vardı,
Coşqun selləri vardı,
Pələng qolları vardı,
Bu çay niyə qurudu?

Sağı dağ, solu qaya
Kimi salardı saya?
Bəyəm göz dəydi çaya?
Bu çay niyə qurudu?

O naşı ki deyildi,
İlbaşı ki deyildi,
Göz yaşı ki deyildi
Bu çay niyə qurudu?

F.Kərimzadə yazırdı ki, Vedinin adına ilk dəfə 1514-cü ildə “Sultan Səlimin səfər ruznaməsi”ndə rast gəlirik. Vedi Azərbaycanın ən qədim adət-ənənələrini, yaşayış tərzini özündə parlaq şəkildə əks etdirən bir məkan idi. Yazıda çox mətləblərdən söz açılır. Amma bir ştrix üzərində dayanmaq istəyirəm: “Vedi toylarının öz adətləri vardı. Toya çağıran at belinə qalxıb bir torba qırmızı alma götürüb toya çağırılan adamlara verirdi. Qırmızı alma verilən adam toya sahibinə kömək eləməliydi. İndiyə qədər vedililər arasında belə bir zərbül-məsəl var: “Dalıncan qırmızı alma göndəririk”. Gəlini üzüaçıq ata mindirərdilər. Qaynata da atın yüyənindən tutub, dartıb aparardı. Nə indiki kimi yemək vermək imkanı vardı, nə də qızıl-filan istəyirdilər”.

1988-89-cu illərdə Vedinin qara günləri başlandı və o qədim Azərbaycan torpağında daha azərbaycanlı izi-tozu qalmadı. Bircə xatirələrdən başqa. O iki ildə şəxsən mən Fərman Kərimzadənin əzablarının, mənəvi ağrılarının şahidi olmuşam. Biz hamımız Fərmanı təbiətən şux, nikbin, deyib-gülən bir dost kimi tanıyırdıq. O iki ildə (əslində iki il yox, bir il yarımdan da az), Fərmanın zahirində cddi bir dəyişiklik görmədik, sən demə, onun yuxusu ərşə çəkilirmiş, gecə-gündüz rahatlığı yox imiş, bütün bu ağrı-acıları içinə, ürəyinə yığırmış. Fərman həmişə torpaqlarından qovulmuş vedililərin yanında olurdu, bəzən onların müsibətlərini çatdırmaq üçün Moskvaya qədər gedib çıxırdı.

Və günlərin birində bu ağrılar, müsibətlər Fərmanın ürəyinə güc gəldi, o ürəyi əbədi dayandırdı.

1989-cu ilin 17 mart günüydü (təsadüfə bax, martda doğuldu, martda da dünyadan getdi), Fərman Kərimzadə təzəcə 52 yaşını arxada qoymuşdu. Yeni tarixi romanlarını qələmə alacaqdı. Artıq o, bu canrda bir yazıçı kimi sözünü demişdi, amma ürəyi dolu idi.

Fərman sağ qalsaydı, 20 Yanvar və Xocalı qırğınlarının şahidi olacaqdı. O, dünyasını dəyişəndə hələ torpaqlarımızın çoxu əldən getməmişdi, Fərman onları da görəcəkdi. Neçə belə fəlakət və müsibətlə üzləşəcəkdi. Amma Fərman onları görmədi, görsəydi ürəyi bunlara tab gətirərdimi? Onun cüssəsi, boy-buxunu əsl igid cüssəsiydi, amma bu nəhəng insanın ən zəif yeri onun ürəyiydi. O ürək ki, daş deyildi, qaya deyildi, zərif güldü, çiçəkdi…

Fərman Kərimzadə müstəqil Azərbaycan yolunda ilk şəhid yazıçılarımızdan oldu. Sonra Hafiz Baxış şəhid oldu, sonra Nizami Aydın, sonra Xəlil Rza Ulutürk.. onların ölümü bir daha sübut etdi ki, doğrudan da, Vətənin ən ağır günlərində sənətkar xalqın dərdinə necə yana bilər, ömründən keçər.

Fərman Kərimzadə dünyadan yetkin, kamil bir sənətkar kimi köçdü. Gəlin təsəvvür edək ki, o, “Qarlı aşırım”dan başqa heç nə yazmayıb. Elə bircə bu roman kifayətdir Fərmanı yaşatmağa.

O, yaradıclığa 60-cı illərin əvvəllərində başlayıb. Daha doğrusu, ilk kitabları da (“Sonuncu eksponat”-1961, “Ömrümüz-günümüz”-1963, “Heykəl dilə gəlir”-1965) o illərdə işıq üzü görüb. Ancaq etiraf etmək lazımdır ki, bu kitablarda toplanan hekayələr Fərmanı o qədər də tanıtmadı.

1971-ci ildə isə Fərman Kərimzadə “Qarlı aşırım”la (kitab halında çapından əvvəl “Uluz”da dərc edilmişdi) Azərbaycan tarixi romanında yeni bir səhifə açdı, çox tezliklə yetmişinci illərin sayılan yazıçılarından birinə çevrildi və həmin roman əsasında film də çəkildi, bu da onu daha da məşhurlaşdırdı.

“Qarlı aşırım”a qədər Azərbaycan tarixi romanı İsmayıl Şıxlının “Dəli Kür” romanı ilə yeni bir mərhələyə qədəm qoymuşdu,-bu artıq danılmaz faktdır. Uahandar ağa öz milli qüruru, bəylik, kişilik missiyası ilə Azərbaycan ədəbiyyatında yeni bir hadisənin əsasını qoydu. İnsanı təkcə sinfi-siyasi ədəbi platformadan deyil, həm də bir insan kimi, yaxşı və naqis cəhətləri ilə vəhdətdə təsvir etmək lazımdır. Milliliyi bolşevik obrazlarında, kommunist xarakterində axtaranların əksinə olaraq İ.Şıxlı Uahandar ağada da kəşf etdi. “Qarlı aşırım” da bu yolu, həyatı və insanları sinfi mənsubiyyətindən asılı olmayaraq, həm də bütün insani keyfiyyətlərilə təsvir üsulunu seçdi.

“Yoxuşlar” (Əbülhəsən), “Saçlı” (Süleyman Rəhimov), “Tərlan” (Mehdi Hüseyn), “Qəhrəman” (Əli Vəliyev)…bu romanlar otuzuncu illər kollektiv təsərrüfat uğrunda gedən mübarizələri əks etdirirdi və nə qədər maraqlı, sənətkarlıq baxımından gözəl romanlar olsa da, hər halda, dövrün ədəbi ştamplarından xali deyildilər.

“Qarlı aşırım” romanında da hadisələr keçən əsrin iyirminci-otuzuncu illərində cərəyan edir. Burada da sinfi mübarizədən söhbət gedir. Amma müəllif sinfi toqquşmaların təsvirindən daha çox, bu konfliktdə, bu toqquşmada iştirak edənlərin ürək dünyasına enir. Kərbəlayı İsmayıl quruluşla barışmır və onun məntiqi də tutarlıdır: “Mənə dəyən kimə dəysəydi, indiyə qədər on dəfə silah götürərdi. Adamın varına da toxunarlar, torpağını da götürərlər, nə olar, elə bilərəm əl çirkidi. Bəs hörmətə sözün nədir? Kişiliyə sözün nədir?Axı, birdən-birə hər şeymi adamın əlindən almazlar”. Onun dostu, amma indi bolşevik mövqeyini qəbul edən Abbasqulu bəy də öz inadında haqlıdır. Çünki o, nahaq qan tökməyin, qırğının əleyhinədir. Beləliklə, iki dünyagörüşü üz-üzə gəlir.

“Qarlı aşırım” xarakterlər romanıdır. Fərman Kərimzadə obrazların adi hərəkətlərini də ustalıqla canlandırır, həm də bu hərəkətləri üzdə, zahirdə deyil, daxili aləmdə də əks etdirirdi.Romanda təsirli səhnələr çoxdur. Kərbalayı İsmayılla Abbasqulu bəyin görüşü yaxud Qəmlonun qəddarlığını üzə çıxaran səhnələr romanı oxuyan hər kəsin yaddaşındadır. Xüsusilə, Abbasqulu bəyin qətlə yetirilməsi səhnəsi çox ustalıqla qələmə alınıb, burada hər bir cümlənin, hər bir ştrixin öz məna yükü var. əgər belə demək mümkünsə, Fərman Kərimzadə bu səhnəni təsvir edərkən böyük bir kətan üzərində cizgilər yaradırmış, bu cizgilər get-gedə toranlıqdan çıxıb Qəmlo ilə Abbasqulu bəyin -birincisinin qəddar, ikincisinin ölərkən də qürurlu olduğunu- obrazlarını canlandırırmış.

“Qəmlo Abbasqulu bəyin sürüşdüyü yerə gəldi. Qar tapdalanmışdı. O isə yox idi. Qəmlo qarın üstündə qırmızı ləkələr gördü. Bu ləkələr, izlə bərabər, çayın o biri sahilinə gedirdi. Qəmlo izi tutub yeridi. Qoca bir palıd kötüyünün yanına gəldi. …Başını qaldırıb palıdın budaqlarına baxdı. Ağacın içində çobanlar ocaq qalayıb ortasını yandırmışdılar. Deyəsən, təzə yandırmışdılar, oradan hələ də tüstü çıxırdı. Qəmlonun ağlına gəldi ki, bu, Abbasqulu bəydir, papiros çəkir.

Qəmlo kötükdən qorxurmuş kimi geri çəkildi. Tüfəngi üzünə qaldırdı. Tətiyi yavaş-yavaş dartmaq istədi, barmağının gücü çatmadı. Qüvvəsini toplayıb birdən-birə dartdı. Güllə palıdın qabığından bir parça qoparıb qarın üstünə saldı. İkinci gülləni atmamış yenə geriyə çəkildi. Elə bil palıdın gövdəsi böyümüşdü, üstünə gəlirdi. Güllə yenə də əvvəlki yerdən dəydi. Qarın üstünə ağac ovuğu səpələndi. Üçüncü gülləni bir neçə addım da kənardan atdı. Ona elə gəlirdi ki, kötük yerindən qopub şaqqıldayacaq, dağı-daşı titrədəcək, onu altına alıb əzəcəkdir. Bu, adi kötük deyil, adamdı, Abbasqulu bəyi öldüyü anda ayaq üstə saxlamaq üçün dayanıb.

Güllənin beşi də qurtardı. Tüstü kötüyün üstündə hələ də yavaş-yavaş burulurdu. Yavaş-yavaş axıb gedən qandan buğ qalxırdı”.

Roman haqqında görkəmli tənqidçi Yaşar Qarayevin bir fikrini xatırlatmaq istərdim: “F. Kərimzadənin “Qarlı aşırım”ı-ölüm, qorxaqlıq və onların hər ikisindən ucada duran İnsan və onun ləyaqəti barədə ibrətli hekayədir. Konkret inqilabi-tarixi motiv burada məhz ümumbəşəri əxlaq və mənəviyyat problemi səviyyəsinə qalxa bilir”.

Səksəninci illərin əvvəllərində Fərman Kərimzadə Şah İsmayıl Xətainin həyatından söz açan “Xudafərin körpüsü”“Çaldıran döyüşü” dilogiyasını qələmə alır. Xatırladaq ki, həmin illərdə Şah İsmayılın anadan olmasının 500 illiyi qeyd olunurdu. F.Kərimzadə ilə yanaşı Əlisa Nicat “Qızılbaşlar”, Əzizə Cəfərzadə “Bakı-1501” romanlarını yazdılar. Xətaiyə -bu böyük sərkərdəyə, dövlət xadiminə və gözəl şairə birdən-birə dörd roman həsr edilməsinin səbəbi məlum idi: Xətai Azərbaycan tarixinin ən önəmli səhifələrini yazsa da, Azərbaycan ədəbiyyatında onun bədii obrazı yaradılmamışdı. Bir sıra tarixi mənbələrdə isə Xətainin xidmətləri kiçildilir, yanlış məlumatlar çatdırılırdı. Azərbaycan alimi Oqtay Əfəndiyevin tədqiqatlarında isə bu yanlışlıqlar aradan qaldırıldı. F.Kərimzadənin romanı da bu mənada bədii ədəbiyyatın Xətaiyə, onun şəxsiyyətinə böyük marağın ifadəsi idi. “Xətai möcüzəsi” adlı məqaləsində F.Kərimzadə yazırdı: “Hərdənbir yolumuz rayonlara düşür. Bir rayonun katibinin hərəkəti məni lap heyrətə gətirdi. O, özünü çox məşğul göstərir, heç kəsi yanına buraxmırdı. Hətta Respublika Dövlət mükafatına layiq görülmüş bir şairi də (şairin məqsədi o idi ki, təzə çıxan kitabını katibə hədiyyə eləsin) saatlarla qapı dalında gözlədib qəbul etmədi. Amma nə rayonun planı dolub, nə də sosial inkişaf var. Bəs Şah İsmayıl Xətai bütün işləri görə-görə şairlərlə, rəssamlarla, rəiyyətlə görüşməyə necə vaxt tapırdı? Onun da sutkası 24 saat deyildimi? 24 il ərzində öz ölkəsini bütün dünyaya tanıtmadımı? Öz əsərlərini necə, yazmağa vaxt sərf etmirdimi?”

Çoxplanlı, çoxobrazlı, süceti və konflikti çoxşaxəli bu dilogiyada Şah İsmayıl Xətainin həyatı, hakimiyyəti Çaldıran döyüşünə qədər təsvir edilir, müəllif həm tarixi mənbələrin gözü ilə, həm də bədii təxəyyülü vasitəsilə Şah İsmayılı vahid milli dövlətin ilk qurucusu kimi canlandırır. Şeyx Heydər,Ağqoyunlu Sultan Yaqub,Şah İsmayılın nənəsi-Uzun Həsənin anası Sara xatun, Əbu Səid, Uzun Həsən, Məsih Mirzə, Aləmşahbəyim, Rüstəm Mirzə, Hüseyn Lələ bəy…bunlar hamısı tarixi şəxsiyyətlərdir və hər birinin taleyi sonadək izlənilir. İstər “Xudafərin körpüsü”, istərsə də “Çaldıran döyüşü” tarixi hadisələrə və tarixi şəxsiyyətlərə utilitar baxışdan çox uzaqdır. Doğrudur, F.Kərimzadə Şah İsmayılın vurğunu idi, ancaq onun bu əsəri yazmaqdan məqsədi populyarlaşmaq deyildi. Bu romanlar F.Kərimzadənin Vətənçilik ideallarını ifadə edirdi.

Ömrünün son illərində Fərman Kərimzadə daha iki tarixi roman yazdı- “Təbriz namusu”“Qoca qartalın ölümü”.

Görünür, Azərbaycan tarixinin hələ də bəzi qaranlıq qalan, tam açılmayan, lazımınca izah olunmayan mətləbləri Fərman Kərimzadəni çox düşündürürmüş. Kərbalayı İsmayıl-Abbasqulu bəy-Qəmlo-Talıbov dövrünün təsviri canlı yaddaş və xatirələrdən gəlirdi. Şah İsmayıl dövrünin təsviri isə oxuduğu mənbələrdən və böyük hökmdarın poeziyasından əxz olunmuşdu. “Təbriz namusu”nda isə F.Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır.Başlıca mənbə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin əsəridir. Bu əsərdə Elxani hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Ancaq F.Kərimzadə Rəşidəddindən fərqli olaraq tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.Görkəmli yazıçı-tənqidçi Mehdi Hüseyn vaxtilə yazırdı ki: “Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz”. Fərman Kərimzadə də məhz bu yolla getmişdir.

Fərman Kərimzadənin sonuncu tarixi romanı “Qoca qartalın ölümü” idi. Bu romanda XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə, “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır-yazıçı rus imperiyasına işarə edir.O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı İmperiya əvəz edir.

…Fərman Kərimzadə ədəbiyyatda, dostlarının xatirəsində həmişə diridir. Ömrü boyu-52 il ərzində o, çox aşırımlardan keçdi, çox maniələrlə üzləşdi, amma axırıncı aşırımı-xalqın, əzizləri vedililərin böyük dərdləri qalaqlanın axırıncı aşırımı keçə bilmədi. O aşırımda Fərman Kərimzadə heykələ döndü. Ruhu məni bağışlasın ki, onun bayatısını bu cür oxuyuram:

Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar.
Burda Fərman yaşardı,
Siz deyin, hanı, dağlar?

Vaqif YUSİFLİ / filologiya elmləri doktoru