Ev Bədii Elman Tovuz – Milyonlar yığışar söz işığına

Elman Tovuz – Milyonlar yığışar söz işığına

1172

Elman Tovuz – 60

Söz işığı

O qədər işıqlar var ki dünyada,
Hamısı görünməz göz işığına.
Göylərin gülşəni günəş də, ay da
Çox da güvənməsin öz işığına.

Tonqal var, yandımı, yeri bilinməz,
Çınqı var, illərlə izi silinməz…
Ruhun isinməsə canın isinməz,
Əlini tutsan da köz işığına.

Ay Elman, sən deyən haqqın səsidir,
Şeir – kainatın “söz” nəfəsidir.
Dünyanın ən böyük möcüzəsidir:
Milyonlar yığışar söz işığına!

Demə

Əyilən çəpərə əl uzat sən də,
Demə hasarımı hördülər, ya yox.
Gördün yıxılan var, yapış qolundan,
Demə qaldıranda gördülər, ya yox.

Öyünmə, tac deyil hələ papağın,
Amalı dağ ol ki, ucalsın dağın.
Hər yerdə söz açıb, saldığın bağın,
Demə bəhərini dərdilər, ya yox.

Ellərə örnək ol bir sənət ilə,
Dayan qulluğunda dəyanət ilə.
Ay Elman, yaz-yarat məhəbbət ilə,
Demə qiymətini verdilər, ya yox.

Tovuzdanam mən

Yolçu, ayaq saxla, bir Allaha bax,
Nə yaman süzürsən uzaqdan məni?
Canımdı, qanımdı bu su, bu torpaq,
Göyərdir illərdir düz haqdan məni…

Salam ver bu halal əlimə, qardaş,
Söylə, adın gəlsin dilimə qardaş!
Odum-ocağımdır elim, a qardaş, –
Qoruyur istidən, sazaqdan məni.

Götür qələmini, yaz, Elmanam mən,
Oğuz-türk oğluyam, təmiz qanam mən.
Başına döndüyüm Tovuzdanam mən,
Boylansan görərsən Qazaxdan məni.

Bal arısıyam

Arılar min cürə çiçəyə baxar,
Mənsə ağ ölüsü, al arısıyam.
Xallı çiçəklərdən qaçar arılar,
Mənsə ağ çiçəkdə xal arısıyam.

Alov dilimini közdən çəkirəm,
Qəlbə gözəlliyi gözdən çəkirəm.
Ən gözəl ətiri sözdən çəkirəm,
Dəymiş arısıyam, kal arısıyam.

Elmanam, dillənim, gör əhvalımı,
Hayana istəsən çevir valımı…
Ürəyin koğuşu tutmur balımı,
Neyləyim, mən belə bal arısıyam!

Ağladır

Hər kəs bu dünyada bir dərd əsiri:
Kimi ah ağladır, aman ağladır;
Kimini aldadır son ümidləri,
Bu zalım, bivəfa zaman ağladır.

Hər yolda gün olur, dumanlıq olur,
Yol da var, kölgətək qaranlıq olur.
Sevincin nəşəsi bir anlıq olur,
Yaman dərd adamı yaman ağladır.

Kim aşmaz bu dağı qalar düzdə ki…
Hanı o dərd əhli – bu Tovuz təki?!
Məni bir Habilin dizi üstdəki,
Bir də içimdəki kaman ağladır…

Deyəsən

Əyin-başım təzələnmir nə vaxtdır,
Dərdim hər gün təzələnir deyəsən.
Bəlkə məni əzizləmək günahdır,
Elə dərdim əzizlənir deyəsən.

Tapıb məni ta binadan seçdimi…
Çarəsini axtarmağım gecdimi?
Qəm ilməsi barmağıma keçdimi,
Kələf kimi çözələnir deyəsən.

Düşündükcə, ürəyimdən ah çıxır,
Kimə desəm, dodağından “pah” çıxır.
Uşaq kimi gah gizlənir, gah çıxır,
Bu dərd mənlə məzələnir deyəsən.

Olmadı

Sıxıldım taleyin məngənəsində,
Danışdım, olmadı, susdum, olmadı.
Ədalət axtardım haqqın səsində,
Kimsənin yolunda qəsdim olmadı.

Bir sevda çaxmamış hələ gözümdən,
Hicran yollarını saldı üzümdən…
Bəzən taleyimdən, bəzən özümdən
İncidim, olmadı, küsdüm, olmadı.

Elmanam, elə ki endim yəhərdən,
Duman da, çiskin də gördüm səhərdən.
Halımı soruşan olsa da hərdən,
Kədərdən vəfalı dostum olmadı…

Öldürməsin

Min qəza, min qədər sıxsın əlimi,
Məni bir ağıldan çaş öldürməsin.
Söndürüb odunu yanan qəlbimin,
Qəhər talan edib, yaş öldürməsin.

Allahın vurduğu sillədən ölüm,
Yıxılıb ən hündür pillədən, ölüm.
Köksümə sıxılan güllədən ölüm,
Arxadan atılan daş öldürməsin.

Elmanam, deməyin qanadsız quşam,
Həmişə hər yerdə bütöv olmuşam.
Əzrail nə bilir yaz doğulmuşam,
Deyin, öldürəndə qış öldürməsin…

Dünyanın
(özümə)

Qəm eyləmə, bu həyatın dərsi bu,
Öz içində buynuzu var dünyanın.
Qoşa yatır: avandı bu, tərsi bu,
Neynəyəsən, hər üzü var dünyanın.

Yaxşı anın, yaman günün – yazıdı,
Nə oyundu, nə taleyin nazıdı…
Nə çəkmisən, çəkdiklərin azıdı,
Hələ soyuq payızı var dünyanın.

… Varın olsa əldən gedər etibar,
Daşan selə tab gətirməz hər divar.
Bir canındı, o da gedib, nəyin var,
Barı Elman Tovuzu var dünyanın

Gəlməz

Nə çoxdu dünyada dərdə mübtəla,
Deyərəm, kiminsə xoşuna gəlməz.
Kimdir o, günahı olmayan, desin!
Vallah, dərd adama boşuna gəlməz.

Kimin ki, boynunda yatar günahlar,
Qoynuna qor dolar axşam-sabahlar.
Köksünü dindirər amanlar, ahlar,
Səbəbsiz əl üzün tuşuna gəlməz.

Elman, dərd adamı yaxalayanda
Min cürə qorxular oyanar canda.
Bəs niyə insanın, dərdsiz olanda,
Bircə yol şükr etmək hüşuna gəlməz?

Qərənfil

Düşəndə yadıma o illər mənim,
Əzəl sən gəlirsən önə, qərənfil.
Öpüb oxşayanda bir gözəl səni,
Paxıllıq edərdim sənə, qərənfil.

Heç demə, fələyin hər işi varmış,
Qaydasız oyunu – döyüşü varmış.
Alqışın altında qarğışı varmış,
Nə deyim dövrana, günə, qərənfil.

Necə bəyənməyim düz ilqarını,
Gəlib bəzəyirsən el məzarını.
Kimi qardaşını, kimi yarını…
Sən görüş gülüsən yenə, qərənfil.

Deyə

Bəzən yan keçirəm mən bilərəkdən,
Bir xain halımı sormasın deyə.
Nə qədər ağrılar keçir ürəkdən,
Dözürəm, qəddimi qırmasın deyə.

Quru xəyalımdır göylərdə süzən,
Cismimdir yerlərdə dolaşıb-gəzən.
Qayıdıb enirəm yolumu bəzən,
Yoxuşlar gözümə durmasın deyə.

Elmanam, hər sözü hədə bilmirəm,
Hər öyüd verəni Dədə bilmirəm.
Yağının üstünə gedə bilmirəm,
Yaxınım arxadan vurmasın deyə.

Ətrin

Heyif ki, sonadək çəkə bilmədim,
O, məni özümdən alan ətrini…
Çəkib ciyərimə əkə bilmədim,
Ruhumu, canımı çalan ətrini.

Ağlım ürəyimin əlini sıxdı,
Anladım, könlümün gözü açıqdı!
Açıq pəncərələr yarışa çıxdı –
Böldülər otağa dolan ətrini.

Elmanam, nə danım, çaşıb da qaldım,
Yaxşı ki, nəşəsi hüşumda qaldı!
Bir azı üstümdə-başımda qaldı,
Haraya apardın qalan ətrini?

Olaydın mənim

Hərə bir ağaca salıb meylini,
Bəhər-bar ağacım olaydın mənim.
Zərnigar Valehin, Gülgəz Abbasın…
Sən də yar ağacım olaydın mənim.

Qar-boran alsa da hey sağı, solu,
Fələk əyməyəydi açdığım yolu…
Hər qolu-budağı sevgiylə dolu,
Dövlət-var ağacım olaydın mənim.

Elmanam, çin olmur hər düşündüyün,
Yamandır taleyin vurduğu düyün.
Bu eşqin yolunda asılsam bir gün,
Özün dar ağacım olaydın mənim…

Bir də

Sevgilim, deyirəm, nə olaydı, kaş,
Ağlımız-gözümüz çaşaydı bir də.
O, mənə naz satan pərişan saçlar
Tökülüb üzündən aşaydı bir də.

Bu həyat nə qədər gözəl olsa da,
Onu da sevgidir gətirən dada.
Arada yüngülcə cəzalansa da,
Əllərim həddini aşaydı bir də…

Gün doğub könlümün istəklərinə,
Yenə qayıdaydı o günlər, yenə!
Elman da götürüb söz dəftərinə
Bir sevgi nəğməsi qoşaydı bir də.

Ay gözəl

Bəhanə gəzirdim dəli olmağa,
Axır ki, qarşıma çıxdın, ay gözəl.
Fələk ha çalışdı, yixa bilmədi,
Sən elə asanca yıxdın, ay gözəl…

Nə dönüb bir selə, yolumu kəsdin,
Nə qara yel olub üstümdən əsdin.
Vaxtım olmayanda mənə tələsdin,
Gəlmədin, olanda vaxtın, ay gözəl.

Elmanam, olsam da adlar içində,
Qəribəm doğmalar, yadlar içində.
Atsalar donardım odlar içində,
Sənsə soyuğunla yaxdın, ay gözəl..

Sən gəlməsən

Payız gələr, yağar yağış, qopar yel,
Yanar ürək, yaşarar göz, susar dil.
Sən gələrsən, günəş doğar elə bil,
Sən gəlməsən yollarıma çən düşər.

Lal nəğmənin zili nədi, bəmi nə,
Sevən qəlbin ahı nədi, qəmi nə…
Sən gələrsən, qılınc çallam qəminə,
Sən gəlməsən saçlarıma dən düşər.

İki közlə iki ocaq qalanar,
İki gözdə iki həsrət bulanar…
Sən gələrsən, iki könül calanar,
Sən gəlməsən vüsal bizdən gen düşər.

Bəlkə

Uzanan əlimə əl uzat, gülüm,
Bu hicran karvanı dayana bəlkə.
Həsrətin buludu çəkə əlini,
Yenə də gün doğa bu yana bəlkə.

Qəlbə od daşıya baxışlarımız,
Vüsal nəğməsini çala tarımız.
Sevincdən süzülə göz yaşlarımız,
Düşüb dodaqlarda su yana bəlkə.

Elmanam, dönməyək o sirli izə,
Umu-küsüləri vurmayaq üzə.
Gəl elə sarmaşaq bir-birimizə,
Don vuran duyğular oyana bəlkə…

Düşdü

Dünyanın nəyi var, böldü payladı:
Cığırlar enişə, yoxuşa düşdü;
Çiçəklər bahara, bəhrələr yaya,
Küləklər payıza, qar qışa düşdü.

Qartalı zirvəyə, kəkliyi daşa –
Bir ünvan söylədi hər yaranmışa;
Çağırdı bülbülü gül ilə qoşa,
Təklənib yaşamaq bayquşa düşdü.

Ay Elman, zəmanə çaldığın çaldı…
Vaxtında olanda zəhər də baldı!
Kənddəki gözəllər qarıdı qaldı,
Şəhərdə oğlanlar qarğışa düşdü.

Şeir kitabımı varaqlayan qız

Şeir kitabımı varaqlayan qız,
Heyif ki, sevinə bilməyəcəksən…
Bir vüsal nəğməsi soraqlayan qız,
Min həsrət nəğməsi dinləyəcəksən.

Mənim şeirlərim düyünlü, dağlı,
Oxusan, dondurar səni qış kimi.
Yaralı qartalam – ayağı bağlı,
Sən isə uçursan qaranquş kimi.

Ahım səmalara nuş olsun deyə,
Mən dərdi yazıram hər gecə, hər gün.
Bir dəliqanlıya xoş olsun deyə,
Sən şeir gəzirsən “xatirə” üçün…

Kədər topa-topa, qəm yığın-yığın,
Yazmışam tufanla, yağışla, gözəl.
Yoxdur bu kitabda sən axtardığın,
Sən Allah, sən məni bağışla, gözəl.

Hələ vaxt olacaq səndən yazmağa,
Ay vüsal nəğməsi soraqlayan qız.
Dərd verdin, gəlmədin dərd azaltmağa,
Şeir kitabımı varaqlayan qız…

Qaçmayaq

Hara getsə, bu yurd-yuva bizimdir,
Dağımızdan, düzümüzdən qaçmayaq.
Nəsimilər vətənidir bu vətən,
Soyulsaq da, sözümüzdən qaçmayaq.

Soran kimdi – kimin kimə qəsti nə?
Yanmış odda alov nədi, tüstü nə…
Dik yeriyək düşmənlərin üstünə,
Nişan alsa gözümüzdən, qaçmayaq.

Hər birimiz bir vicdana dam olaq,
Qara gələn qaranlığa şam olaq…
Harda olsaq – bütöv olaq, tam olaq,
Hara qaçsaq, özümüzdən qaçmayaq.

Bilər

Dostlar, sərtliyini sal qayaların
Çırpılan yağışlar, küləklər bilər.
Titrəyən əllərin həyacanını
Əzəl güllər bilər, çiçəklər bilər.

Kim bilər şimşəyin yer davasını,
Min yerə yozulan nər davasını?..
Hər günün xeyirlə şər davasını
Bilsə də, göydəki mələklər bilər.

Xilqət var, hikməti qayadan keçər,
Xilqət var, abırdan-həyadan keçər;
Nələr sabahına mayadan keçər,
Zaman dediyimiz ələklər bilər.

Aranda alimin, dağda çobanın
Dili şeir desə qaynayar qanın…
Könül dəftərində elin, obanın,
Varsansa, ay Elman, ürəklər bilər.

Yaddaşımda

Baxma ki, gözümə görünməyirsən,
Salmısan silnməz iz yaddaşımda.
Özümə bu qədər yaxın deyilkən,
Qurmusan taxtını düz yaddaşımda.

Axşamım belədir, səhərim belə…
Qalmır heç yadımda naharım belə.
Mənim, qışa dönüb baharım belə,
Sənsə gül açmısan buz yaddaşımda.

De, mənmi dəliyəm, dəlimisən sən,
Taleyin sehirli əlimisən sən…
Ya məni sağaldan zəlimisən sən, –
Yapışıb qalmısan, qız, yaddaşımda?!

Qayıtma

Özün də bilmirsən bu nə dərd idi –
Mən üzə çıxıram, sənsə batırsan…
Nə oldu: tapanda – gözü dörd idin,
Atanda – gözünü yumub atırsan?

Bu boyda günahı üstünə yığıb –
Bu ürək indicə daş olar, qorxma…
Yanına düşmüşəm – yadından çıxıb,
Gedərəm, yanın da boşalar, qorxma…

İsti nəfəs, – deyə axtarma hədər,
Qar düşər başımı qatdığın yerə.
Səni xatirələr daşqalaq edər –
Qayıtma o, məni atdığın yerə…

Allah

Mən ki çəkdim nə verdinsə,
Yenə də çəkərəm, Allah.
Arzuların qəbri üstə
Lap gül də əkərəm, Allah.

Könlüm saray, evim kaha…
Kimə “yazıq”, kimə “pah”am.
İçimə sultanam, şaham,
Çölümə nökərəm, Allah.

Qoy özümü gendə görüm,
Bəlkə yağış, gün də görüm…
Bir iş tapşır, mən də görüm, –
Nə vaxtdır bekaram, Allah.

Şükür

Aza gileylənmə, çox azdan olur,
Aza da şükür de, çoxa da şükür.
Toxun aclığı var, acın toxluğu,
Aca da şükür de, toxa da şükür.

Bir əl boşalmasa, o biri dolmaz,
Alanı olmasa, qum da satılmaz.
Biri dartılmasa, biri atılmaz,
Yaya da şükür de, oxa da şükür.

Göyün bulududur – yerdə qar olur,
Qar yoxa çıxanda bulaqlar olur.
Ay Elman, nə olur, yoxdan var olur,
Vara da şükür de, yoxa da şükür.

Ürəyimdə

Mənə “daşürəkli” deyən bəxtəvər,
Biləydin, nələr var kaş ürəyimdə.
Sənin kəklik eşqin yuva qurubdur
Mənim o dediyin daş ürəyimdə.

Bilmirəm, nədəndir çaş görünməyim,
O bahar gözlərə qış görünməyim…
Mən necə hicrana xoş görünməyim?
Çəkdiyin dağlar da xoş ürəyimdə.

Daşam, ya deyiləm – həmən Elmanam,
Kiməm ki, Tanrıdan gələni danam?!
Sən üzəsən deyə, ay könül sonam,
Axıb gölə dönüb yaş ürəyimdə…

Olaydın

Düzümdə günəşim ola bilmədin,
Dağımda dumanım, çənim olaydın!..
Qolumun üstündə qala bilmədin,
Düşüb, saçlarımda dənim olaydın!..

Dilindən düşməzdi bir zaman adım,
Qibtə eyləyərdi yaxınım, yadım.
İsti nəfəsinə qızınammadım,
Buz olub canıma qənim olaydın!..

Günə bax, qaradan boyağımmı var,
Dalınca gəlməyə ayağımmı var?..
Dar gündə dirəyim-dayağımmı var,
Xoş gündə ortağım, tənim olaydın!..

Elmanam, qalmışam ətəyində sər,
Özümdən gileyli, səndən bixəbər.
Hər gecə yuxuma girən bəxtəvər,
Allahın altında mənim olaydın!..

Yolumu göstər

Soldur çiçəyimi, qəsd eylə mənə,
“Gülü nağıllı”dan qaçım, ilahi!
Diri qızlıları dost eylə mənə,
Ölü oğulludan qaçım, ilahi!

Haqqın qəfəsində quş ola bilim,
Nahaqqa atmağa daş ola bilim.
Acı həqiqətə tuş ola bilim,
“Dili noğullu”dan qaçım, ilahi!

Varamsa, var olan ölümü göstər,
Yoxamsa, yox olan olumu göstər.
Ağıllı dəliyəm, yolumu göstər, –
Dəli ağıllıdan qaçım, ilahi!

Tural Adışirinin təqdimatında