Ev Xəbərlər Pedaqoji Universitetin tələbələri ilə Multikulturalizm və Azərbaycançılıq mövzusunda onlayn konfrans keçirilib

Pedaqoji Universitetin tələbələri ilə Multikulturalizm və Azərbaycançılıq mövzusunda onlayn konfrans keçirilib

1243

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Fəallar Klubunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və Azərbaycançılıq” mövzusunda onlayn konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Təhsil Fəallar Klubunun sədri Kərim Əsgərov tədbir iştirakçılarını salamladıqdan sonra qonaqları təqdim edib.

İlk olaraq çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov multikulturalizm siyasətinin Azərbaycançılığın tərkib hissəsi kimi cəmiyyətin birgəyaşayış modelinə önəm qazandırdığını vurğulayaraq, onun cəmiyyətdə geniş yayılmasını təmin etdiyini, daha da möhkəmləndirdiyini qeyd edib.

A.Qurbanov sözün geniş mənasında multikulturalizm məfhumunun cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti bu müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını əks etdirdiyinə diqqət çəkib. Mərkəz əməkdaşı cəmiyyətdə birgə yaşayan milli azlıqların və dini konvensiyaların nümayəndələrinin etnik-mədəni dəyərlərini qorumaqla multikulturalizm siyasətinin Azərbaycançılığın sosial bazasına dəyər qataraq, bu ideologiyanı ölkədə yaşayan bütün xalqların və etnik qrupların ideologiyasına çevirdiyini bildirib: “Prezident İlham Əliyevin multikulturalizm siyasətinin inkişafı yönündə atdığı ən əhəmiyyətli addım şübhəsiz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasma dair 15 may 2014-cü il tarixində imzalanan fərmandır. Bu mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etməkdir ki, mərkəzimiz ötən müddət ərzində bu yöndə xeyli iş görüb. Məhz bu görülən işlərin sayəsindədir ki, Azərbaycan bu gün dünya multikulturalizminin mərkəzinə çevrilir və bu reallığı aydın şəkildə bütün dünyaya nümayiş etdirir”

Konfransda çıxış edən Xudavəng monastırının vaizi, Alban-udin xristian Dini icmasının sədr müavini Rafiq Danakari Azərbaycanda etiqad azadlığının təmin olunmasından, milli azlıqlar üçün yaradılan şəraitdən, dövlətin onlara diqqət və qayğısından söz açıb. İcma nümayəndələrinin yanvarın 7-də Qəbələnin Nic qəsəbəsində də Milad bayramını qeyd etdiklərini, daha sonra Qarabağda işğal azad olunan ərazilərimizdə eyni ayini keçirdiklərini diqqətə çatdıran Rafiq Danakari Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığını, ölkəmizdə bütün dini məbədlərin əsaslı şəkildə təmir olunduğunu söyləyib. O, Vətən müharibəsi dövründə Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpasının buna daha bir əyani sübut olduğunu vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə təmsilçisi, ankarabaku.com saytının rəhbəri, yazıçı – jurnalist Oktay Hacımusalı Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişinin təmin edilməsində Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi multikulturalizm siyasətindən mühüm bir vasitə kimi geniş istifadə olunduğunu deyib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev Azərbaycanın çoxmillətli dövlət olaraq milli siyasətinin əsas məzmununu belə müəyyən edib: “…Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, m üxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir о qədər zəngin olar”. Mərkəzin Türkiyə təmsilçisi Azərbaycanda həyata keçirilən uğurlu siyasət və Ümummilli liderin bizə miras qoyub getdiyi doktrinlərə sədaqəti nəticəsində Azərbaycan Respublikası dövlət – din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı, multikultural dəyərlərin icrası və yaşadılması üçün hər cür şərait yaradıldığını, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərildiyini xüsusi vurğulayıb.

Tədbirin digər qonağı psixoloq Gülnar Sadiq çıxışında gənclər, xüsusən də tələbələr arasında multikultural dəyərlərin, qarşılıqlı hörmətin və ehtiramın yayılmasının əsas səbəbi kimi bu dəyərlərdir əsrlərdir bir yerdə yaşayan xalqımız olduğunu qeyd edərək, dövlətimizin bu istiqamətdə çox uğurlu maarifləndirmə işi apardığını sözlərinə əlavə edib. Bundan sonra elm və təhsil müəssisələrində bu yöndə maarifləndirici tədbirlərin keçirilməsinin önəminə toxunan Gülnar Sadiq təhsil işçiləri ilə müvafiq dövlət qurumlarının qarşılıqlı əlaqəsinin vacibliyindən də danışıb.
Sonda tələbələri maraqlandıran suallara cavab verilib.