Bir #şəhər düşünün – adı “qara” ilə başlasın, daşkömürün vətəni olsun, qara günlər görsün amma namərdlərə, namərdliklərə ağ bayraq qaldırmasın, sakinləri alnının tərini, əlinin qabarını ağgünlərə ünvanlasın və #böyük 🇰🇿Qazaxıstanın ağüzü olsun! – #Qaraqanda (#Қарағанды, #Караганда) derlər adına – Qazaxıstanın mərkəz-günbatarında yerləşir. “#KarLaq” – “Qaraqanda Həbs Düşərgəsi” burada yerləşib – indi muzeydir – o qara günlər getsin gəlməsin! Qaraqanda qardaş 🇰🇿Qazaxıstanın böyük poladəritmə zavoduna da evsahibliyi edir – “tarixin domnapeçlərində bişən” ata-anaların balaları, nəvə-nəticələri poladiradəlidir amma şairə-şeirə kövrəkqəlbli, dost-qardaşa gülürəklidir.
Ən çox daş kömürü ilə tanınan Qaraqandaya girər-girməz kömür qoxusu vurur adamı – nə hikmətdir bilmədim, uşaqlıqdan ev-eşikdə odun, sonralar qaz yandıran mənə kömür qoxusu doğma gəldi, xoş gəldi. Görünür bu, Qaraqandanın kömürünü yox, kömürçülərini şüuraltı ilə düşünməkdən irəli gəlir; Qaraqandanın ağüzlü insanlarının, şeir-sənət ustadlarının yaratmış olduğu #mədəniyyət iqlimindən irəli gəlirdi bu… Kömürçülərin yalnız əli ilə deyil, müstəqil 🇰🇿Qazaxıstan üçün ürəklə, coşğun ruhla işləməsindən qaynaqlanırdı yəqin bu yəqinlik…
Qardaş 🇰🇿Qazaxıstana bu dəfəki səfərimdə yeni səhifə Qaraqanda oldu. Dəyərli yeni nəsil şairi, Qazaxıstan #YazıçılarBirliyi Qaraqanda filialının başqanı Janat Jańqashúly məni və #könül dostlarım Yılmaz Okuklu ilə Selim Yuhayı festivala çağırmışdı. Əvəzsiz bavurum Dövlətkərəy Кapulı bizi Astanadan Qaraqandaya quşqanadında çatdırdı – yolboyunun şirin zarafatları, keçmişdən-gələcəkdən söhbətlərimiz (və əlbəttə, şairin maşını ustalıqla idarəetməsi) vaxtın necə keçdiyini hiss etdirmədi. Deyirəm, #türk xalqlarına müstəqil dövlət gərək, bütün dostlara Dövlətkərəy!
Uzun sözün qısası, “#Қарағанды_көктемі” (“Qaraqanda yazı”) 2023” Poeziya festivalına yetişdik. Gözəlmi? – Gözəl! Dolumu? – Dolu! #Festival kimi festival təşkil olunmuşdu!
Janat, əziz bavurum, sən bacardın!
Eşq olsun sənə!
Festival çərçivəsində ziyarət etdiyimiz Dostluq Evi, Akademik Bukenov adına #Universitet və ən önəmlisi, “KarLaq”… Qaraqanda səfərimizə özünəxas qeyri adilik, rəng qatdı. Astanadakı “#ALJİR”i az-çox bilirik amma “KarLaq” Azərbaycanda çox da bilinmir. Tək kəlmə ilə: Dəhşətdir! #Totalitar cəmiyyətin, stalinizmin, #SSRİ despotizminin, işğalın bir xalqın timsalında necə fəlakətlər yaşatdığını göstərən bir muzeydir “KarLaq”. – İndi muzeydir, XX yüzilin #Stalin repressiyaları illərində rəsmən cəhənnəm olub orası… Aclıq, səfalət, hüquqsuzluq, istibdad, işgəncə və ölüm… Ölüm – öldürülən üçün qurtuluş idi o illərdə, o yerlərdə… İnanmayacaqsız, “xalq düşməni”nin ölüsünü təhvil verərkən ailə üzvlərindən “güllə pulu” alırmışlar – “xalq düşməni”ni öldürməkçün qullanılan güllənin xərci ödənməliymiş..! Allah, sən saxla, Allah! “KarLaq” böyük Qazaxıstanın böyük dərdlərini, kədərli tarixini və müstəqilliyinin dəyərini idrak etdirir… Levon Mirzoyanlar, İosif Stalinlər, gorbagorlar sürüsü və addımbaşı “xalq düşməni” arayan zehniyyət bir daha heç yerdə heç vaxt peyda olmasın!
***
Qazaxıstan Yazıçılar Birliyinin Qaraqanda filialı, Qaraqanda (İcra) Hakimatı və #TÜRKSOY Yazarlar Birliyinin adından keçirilən festivalda #ustad #qazax şairləri ilə görüşmək, köhnə dostlarla bağırlaşmaq, #gənc qazax ədəbiyyatçıları ilə fikir alış-verişində olmaq, ustadların gənclərə nə dediyini, gənclərin nə düşündüyünü bilmək imkanımız oldu.
Serik Aksunqaroğlu, Ğalim Jaylıbay kimi görkəmli şairlər yalnız Karaqandanın deyil, bütövlükdə Qazax ədəbiyyatının başucalığıdır.
Bəli, gözəl şeirlər dinləmək, öz çıxışlarımıza alqışlar almaq nəsibimiz oldu.
Öz qardaş önərilərimizi səsləndirdik, “Gənc qazax şeiri”, “Qazax prozası” antologiyalarını Azərbaycanda çıxarmağı vəd etdik.
#Kımız, #şubat içdik, özgü qazax yeməklərindən daddıq, hədiyyə aldıq, hədiyyə verdik, #çapan geydik; dərdləşdik, uğurlaşdıq, bağırlaşdıq və ayrıldıq…
Ağüzlü insanların Qaraqandası, bəlkə bir də gəldik… Gəlməsək də, getmədək də, sən salamat qal!
Bayrağın uca olsun, 🇰🇿Qazaxıstan!