Ev Bədii Alnımızdandır göy üzü – Cahandar Aybərin şeirləri

Alnımızdandır göy üzü – Cahandar Aybərin şeirləri

364

Alnımızdandır göy üzü

Kiçikdi, gözlərimizdə
qara kiçik, ağ kiçikdi.
Dünya çox böyük deyil ki,
gözlərimiz çox kiçikdi.

Baxırsan, baxırsan göyə,
deyirsən, nədi o göy rəng?
Gedib, Tanrıya çatmayan
dualardı o göyərən…

Əli çatırsa, yazırsa,
Tanrı alnımıza yazı, –
çox da hündür deyil, demək,
alnımızdandı göy üzü.

Yerdən dəyir

Tanrı göydən daş atmır ki,
adama daş yerdən dəyir.
Demə, dəyməz mənə bir daş,
qardaş, vallah, birdən dəyir…

Axtarma ağ ipəkləri,
qalmaz suyun köpükləri..
Bizə ömrün təpikləri,
xeyirdən, ya şərdən dəyir.

Getdi qolun heyi nədən?
Qəbrim çatmır çiyinə də,
bu dünyanın göyünə də,
başım enib hərdən dəyir.

Qalır hamı

Hər gün məni çəkir rəssam,
ətrafımda nə var çəkir.
Üz-gözümdə sevinc, gülüş,
əllərimdə qabar çəkir.

Dərin nəfəs alır hamı,
məni yola salır hamı,
o tərəfdə qalır hamı,
aramıza divar çəkir…

Ayaq düşmür cığırına,
su da axmır çuxuruna,
ruhum çayın axarına,
MƏN adda bir avar çəkir.

Qəbirdə

Öləni boğur qəbirdə,
danışmadığı söz dərdi.
Sürə bilmədiyi ömür,
almadığı nəfəs dərdi.

Ölüm boyu çəkilməyən,
qaranlıqda çıraq dərdi.
Hər gün görünməyən günəş,
açılmayan sabah dərdi.

Bu dünyada qalanlardan,
ölən, ya ölməyən dərdi.
Hərdən qəbrinin üstünə
gələn, ya gəlməyən dərdi.

…Tək-tənha dərd çəkə-çəkə,
əriyir adam qəbirdə.
Dözməyib, sümüyünəcən
çürüyür adam qəbirdə

Darıxmaq

Sən olan uzağın əksi
gözlərimin ağındadı…
Vüsal bizdən milyon
sevgi ili uzaqlığındadır.

Şəkilin də üzür məni,
baxma, bəzəyir odamı.
Hər şəkli bir az ölməyi,
hər şəkli qoyulan yersə,
bir az qəbridi adamın.

Səni yerdə tapmaq üçün,
gözüm həmişə göydədi…
Darıxmaq elə soyuqdu,
burnumun ucun göynədir.

Axx

Başımı kəsib tulla ayağımın altına,
görüm ki, başım var…
Mənim “alın yazım” olmasa da,
“alın qışım” var.

Bir damcı ehtiyat su saxlamaqçündü,
susuz qalan dodağımın çatları…
Nə qədər gözəl olsa da,
zaman qandalıdı qol saatları.

İlahi, uçmazdı, sürünərdi,
versəydin hansı quşa bu ömrü…
Bir gün bir “axx!” deyib,
ikiəlli qapaz kimi “vuracam başa” bu ömrü…

Alın yazısına etiraz

Sənət və həyat müəllimim, anam Sadəgül xanıma

Kimə üz tutmayım, nə etməyim ki,
neyləyim, bu qəmlə çürümək çətin.
Hər gün eyni yolu eyni küçədə,
eyni ayaqlarla yerimək çətin.

Batıram dənizin zülmət dibinə,
məni aydınlığa çıxartmır su da…
Heç bu yağışın da xeyiri olmaz,
yenə quru çıxar göy üzü sudan.

Niyə dözməliyəm bu ağrılara,
niyə etməliyəm hələ dözümü?
Oxuya-oxuya pozuram daha,
Tanrının yazdığı alın yazımı.

Kor sevgiyə baxış

Bilmir ki, dünyanın harasındadı,
gəzir hansı eldə-obada, bilmir.
Əlbəttə, sevginin gözləri kordu, –
çox vaxt çox adamı tapa da bilmir.

Eh, kor gözlərini bu dünya boyda
qaranlığa döyür, döyür, yıxılır.
Durur addım atır, daşa-divara,
ağaca, “adama” dəyir, yıxılır.

Bəlkə, sevgi yoxdu?
Amma sevirik!
Seviriksə, “varam” deməsi üçün,
elə “əsas”ıyıq onun əlində…
Sevginin gözləri kordusa əgər,
biz də ƏSAsıyıq onun əlində.

Körpü və heç nə

Hərdən yuxumuz da xaraba qalır,
sübhədək yuxuda bayquş görürük.
Necə də tənbəldi ayaqlarımız,
onların üstündə çox iş görürük…

Niyə bu körpüdən keçmədin sən də?
Baxırsan, solunda, sağında körpü…
Su adamı boğanda əcəl olur,
adamlarsa suyu boğanda, – körpü.

İnsançün çətindi məscidə getmək,
duaçün müşküldü gümbəzi keçmək.
Bir körpü yoxdusa dənizin üstdə,
demək, asandı bir çayı keçməkdən –​
dünyada ən nəhəng dənizi keçmək.

Aldatdılar səni

İllərdi sevgiylə açdığım cığır elə bil
səninmiş, büküb apardın.
O qədər cehizdən gözün doymadı,
hələ bir yolu da söküb apardın?!

Atan da, anan da saxlamır səni,
toy da bəhanədi köçəsən evdən.
Musiqi səsiylə, mahnı səsiylə,
səs-küy salırlar ki, qaçasan evdən.

Səni həyatından alıb-ayırdı,
ömründən qaçırdı gəlin maşını.
Sən ölməyə getdin, özün bilmədin,
toyla aldatdılar sənin başını…

Bu qəbir

Görən, kimdi axı fırlayır belə,
niyə fırlayır bu Yer kürəsini?!
Dayanmır, fırlanır, fırlandıqca da
altında qalırıq Yer kürəsinin…

İlahi, bilirəm nədi bu qəbir,
həyatın adamı sıxmağıdı ki!
Dəfn…adamların biri-birinin,
elə boyun yerə soxmağıdı ki!…

Hər gün baxır göydən yerə Tanrı da,
həzz alır, yaşayır qəbristanlıqla.
Tanrının ən xoşbəxt və ən kədərli,
RƏSM SƏRGİSİDİ qəbristanlıqlar!

Səni unutmaq

Nəsə görür kor olanda da, –
görmədiyini görür adam.
Yaddaşım çox güclüdü,
çətin səni unutmağı unudam…

Ayrılmamışıq, ikimiz də
bir planetdə yaşayırıqsa.
Bir yayda istiləniriksə
və bir qışda üşüyürüksə.

Məndən küssən də, nə peşmanam,
nə xəyal dalğınlığındayam.
Qəlbinə dəydimsə, deməli,
qəlbinin yaxınlığındayam.

Çəkməçinin nağılı

Ana, baxıram bədənimə, düşünürəm;
oynaqlar nəyin qırıqlarıdı?
Hələ də qovulur göydən, bu yağış,
bu dolu, bu qar – Adəmin qalıqlarıdı.

Ana, quşçün uçmaq, canın
göydə sürüməyi öyrənməkdi.
Yerimək – yeriyə bilməyənəcən
yeriməyi öyrənməkdi.

Və…
Tanrı deyir,
hamımızdan çox razıdı…
Ana, ayaqqabılar ölümün
bizi udan dar ağzıdı…

Ev

Ay qapıma gələn qonaq,
gəl içəri gir, evim var.
Çörəyim daşdan çıxmadı,
daşdan çıxan bir evim var.

Bu ev çölündən içinə,
elə hey qaçdığım evdi.
Qapı-bacasın bağlayıb,
sirrimi açdığım evdi.

Öz evinin içində də
elə çöldə qalır adam…
Ha qaçıb girsən də evə,
evin çöldə qalır, adam…​

Yerdən göyə

Deyirlər, ay yazıq insan,
heç bəxtin də gülmür sənə.
Axı mənim eybim nədi,
niyə gülsün bəxtim mənə?!

Bu nə təhər fəsildi ki,
bu nə təhər aydı, qardaş?
Allah yanıb töküldükcə,
elə bildik yaydı, qardaş.

Nəfəsim də dişim altda,
ta əzilmir, keçmir dişə.
Dünya aşa üzüqoylu,
adam yerdən göyə düşə.

Yağış

Bəlkə, göy yerə qarışır,
bəlkə, yer qarışır göyə?
Adamlar qaçıb gizlənir,
balıqlar dırmaşır göyə?

Hava udmağa da qorxur,
qorxur ki, boğular adam.
Bəs görəsən, kimdi göydən
bu havamıza su qatan?!

Və islanır adamların
yenə üz-gözü, paltarı.
Tanrı yuyub göydən asıb
yenə də bulud paltarın…

Səni itirmirəm tapım

Bu qız qanad aça bildi,
sevmədiyin haçan bildi?!
Yaxşı ki, tez qaça bildi,
qalmadı, qaçaq qalmadı.

Səni itirmirəm tapım,
qopum, ta qapından qopum.
Mənə bağladığın qapı,
sənə də açıq qalmadı.

Nə sevgimizə kor olduq,
nə bezdik, nə də yorulduq.
Sevgimiz bitdi ayrıldıq,
şükür, yarımçıq qalmadı.

Koram gözün ağı kimi

Nəsə, bu gün susmur dilim,
axı niyə danışıram?
Yerə baxıb lal oluram,
baxıb göyə danışıram.

Tamam çıxıb ömrün kiri,
nə sümüyəm, nə də dəri.
Mən özümə daha “kiri”,
deyə-deyə danışıram.

Koram gözün ağı kimi,
danışmıram çoxu kimi,
ömrümü pis yuxu kimi,
gedib, suya danışıram.

Candərdi dediyim sözlər

Demə Günəşdi, ulduzdu,
Aydı, yerdi, göydü sevgi.
Əsrlər, qərinələrdi adam dolsa da içinə,
içi dolmur, gör nə qədər
içi boş bir şeydi sevgi.

Hamıçün oldu sevgimiz,
iki adamlıq olmadı.
Bu sevgidə sevgi oldu,
heyif, adamlıq olmadı…

Mən hamıya doğma olum,
mənimsə yadım çoxalsın.
Gəl biz də ayrılaq daha,
dünyada adam çoxalsın.

Güzgülər

Bir vaxt baxıb güzgülərə,
tanımır da adam özün.
Udur hər baxanda bir az,
udur bu güzgülər bizi.

Kaş adamlar qocalanda,
güzgüdə heç görünməyə.
Baxıb ancaq divar görə,
güzgü də heç görünməyə.

Adam nə qaşına, nə də
gözünə baxır güzgüdə.
Özündən arxada qalan
özünə baxır güzgüdə.

Köhnə sevgi

Yaşdı hər şey, aramızda
olan sevgimiz də yaşdı…
Yox, nə mən, nə göy ağlayır,
yağır, adicə yağışdı.

Bu sevgi “gələcək” kimi
həmişə qarşıma gəlir.
Mənim indi səni sevmək
səndən çox xoşuma gəlir.

Neyləyim, yumaq da olmur
bu sevgini bu yağışla.
Təzə deyil sənə sevgim,
bir az köhnədi, bağışla!

Tural Adışirinin təqdimatında