Ev İctimai Ana dili – milli kimliyin sütunu: Prezidentin çağırışı və elmi baxış

Ana dili – milli kimliyin sütunu: Prezidentin çağırışı və elmi baxış

124

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin tarixi, müasir vəziyyəti və perspektivləri ilə bağlı mühüm məqamlara toxunub, dilimizin saflığının qorunması və gələcək taleyi ilə bağlı yarana biləcək narahatlıqları səsləndirib, milli dil məsələsində hər kəsi mübariz olmağa səsləyib.

Dil və milli kimlik mövzusu həmişə elm adamlarının, ziyalıların, şairlərin və dövlət xadimlərinin toxunduğu aktual məsələlərdən biri olub. Azərbaycan xalqının taleyi elə gətirib ki, o, mürəkkkəb siyasi-coğrafi şəraitdə, böyük dövlətlərin əhatəsində olduqca çətin və keşməkeşli hadisələrin şahidi olub. İmperiya maraqları təkcə xalqımızın müstəqilliyini deyil, həm də milli-mənəvi dəyərlərini, o cümlədən dilini də təhlükə altında saxlamışdır. Buna baxmayaraq, ata-babalarımız daim böyük iradə nümayiş etdirərək dilimizin varlığını öz həyatları bahasına qorumuş və bugünkü nəsillərə ötürmüşlər. Belə mürəkkəb şəraitdə azadlığımız və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan görkəmli Azərbaycan ziyalılarının fəaliyyət mərkəzində ana dili məsələsi də aparıcı istiqamət olmuşdur. Milli-ideoloji ruhun formalaşmasında, xalqın öz mənəvi gücünü, iradəsini ortaya qoymasında ana dili mühüm vasitə olub, bu gün də elədir. Ona görə də həm quzey, həm də güney Azərbaycan şairlərinin (məs.: B.Vahabzadə, M.Şəhriyar və b.) yaradıcılığında ana dili məsələsi həmişə aparıcı xətt olmuşdur. Həmçinin görkəmli dövlət xadimləri də daim Azərbaycan dilinin inkişafına diqqət və qayğı ilə yanaşmışlar, xüsusilə sovet dövründə milli dil uğrunda aparılan mübarizədə bunu açıq-aşkar görmək mümkündür. XV əsr Azərbaycan ədəbiyyatının tanınmış şairi N.Kişvəri özünü müasiri –  özbək əsilli türk şairi və mütəfəkkiri, türk dilində ilk “Xəmsə” müəllifi Ə.Nəvai ilə müqayisə edərək yazırdı ki, “Kişvəri şeiri Nəvai şeirindən əksüg iməs, Gər bəxtünə düşsəydi Sultan Hüseyni-Bayqara”. Və uca Tanrının XX əsrdə Azərbaycan xalqının taleyinə yazdığı qüdrətli sərkərdə – güclü dövlət başçısı Heydər Əliyev bütün sahələrdə olduğu kimi ana dilimizin qorunması, tanınması və tərəqqisi uğrunda uzun illər böyük əmək sərf etmişdir. Ana dilimizə dərindən vaqif olan Ümummilli Liderimiz yaxşı bilirdi ki, dil hər bir xalqın milli varlığı kimi, onun milli fərdiliyini özündə ehtiva edən çox mühüm bir amildir. Xalq şairimiz B.Vahabzadənin dediyi kimi: “Mənim ana dilim-mənin kimliyim, Pasportum özümə öz hakimliyim”.

Məlumdur ki, dil insanlar arasında ən vacib ünsiyyət vasitəsi kimi siyasətlə birbaşa bağlı olan ictimai hadisədir. Buna görə də onun ictimai həyatda, dövlət quruculuğunda tutduğu mövqeyi müəyyənləşdirməyə həmişə böyük ehtiyac hiss edilir. Bu məsələnin həlli isə ancaq dövlət müstəvisində dilin siyasi sferasının düzgün şəkildə genişləndirilməsindən asılı olub perspektivli inkişaf nəticəsində baş verir. Müstəqil dövlətin dil siyasəti onun varlığı, inkişafı, gələcəyi məsələsidir. Bu baxımdan cənab Prezidentin dilimizin tarixi və gələcək taleyi ilə bağlı görüşləri olduqca ciddi çağırışdır.

Dünyada, demək olar ki, saf dil yoxdur. Xalqlar arasında söz mübadiləsi həmişə olub, bundan sonra da olacaqdır. Biz müxtəlif xalqlarla qonşuluq şəraitində yaşamış və ya siyasi-mədəni əlaqələr qurmuşuq. Bu əlaqələrin kökləri, ümumən, tarixi yaddaşımızın izləri dilimizin hafizəsinə də əbədi həkk olmuşdur. Vaxtilə proseslər elə getmişdir ki, türkcə məişət dili səviyyəsində ünsiyyətə xidmət etmiş, görkəmli türkoloq, professor Bəkir Çobanzadənin dediyi kimi, “məscid və mədrəsələrə girmədiyindən” (yəni tədris dili kimi işlənmədiyindən) ədəbi səviyyədə ərəb-fars dillərinin güclü təsirinə məruz qalmışdır. Atalarımızın gözəl bir sözü var: “Dama-dama göl olar”. Və bu təsirlər də damla-damla milli yaddaşımızın göstəricisi olan dilimizdə elə dərin kök salmışdır ki, bu gün adi dil istifadəçisi bunun fərqinə varmır, ziyalı və mütəxəssisələr üçün də bu proses qarşısıalınmaz bir hala çevrilib. Hətta illərlə şəxs adlarının qoyulmasında əcnəbiçiliyə (ərəb-fars dillərinə) meyillilik güclü olub, indi də Avropa mənşəli adlara üstünlük verilir. 

Gündəlik ünsiyyətdə əcnəbi leksikaya meyillilik həm də dəb halına çevrilib. Vaxtilə Bəkir Çobanzadə yazırdı ki, türkcədə qarşılığı olduğu halda, biz dilimizdə nəzakətlilik olsun deyə, ərəb mənşəli “nəcis, nəcasət” sözlərini mədəni sayıb işlətmişik, ancaq həmin anlayışın ifadəçisi olan öz sözümüzü isə “qaba, kobud” hesab edib ünsiyyətdən kənarda saxlamışıq. Əslində çox sayda belə örnəklər vermək olar. Məsələn, dilimizdə uzun müddət ərəb mənşəli “qeyrət”, fars mənşəli “namus” sözlərinin işlənməsini xalqımızın milli-mənəvi yaddaşında bu anlayışla bağlı təsəvvürün olmaması ilə əlaqələndirmək kimi çirkin düşüncələr, bəlkə də, əsrlər boyu antimmilli qüvvələr tərəfindən gələcəyə hesablanmış, sadəcə bizim fərqinə varmadığımız məkrli planın çox kiçik bir detalıdır. Halbuki dilimizin lüğət tərkibində müasir ədəbi dil baxımından arxaikləşmiş və ya dialektlərdə ünsiyyətə xidmət edən bu kimi alınmaların qarşılığı olan çoxlu sayda türk mənşəli sözlər vardır ki, vaxtilə siyasi-mədəni şərait nəticəsində ərəb-fars dillərinin təsiri ilə işlənmə tezliyini itirmişdir. Cənab Prezidentin dilimizin lüğət tərkibi ilə bağlı xüsusi çağırışı da məhz bundan ibarətdir ki, beynəlxalq terminlər istisna olmaqla, bu gün dilimizdə yersiz şəkildə işlədilən əcnəbi leksika milli kimliyimizə zərbə vurur, özünün də dediyi kimi, “xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş”. Xüsusilə ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların nitqində əcnəbiləşmənin güclənməsi haqlı olaraq milli kimliyə ciddi təhdid kimi dəyərləndirilir. Və sevindirici haldır ki, bu həssas milli məqam dövlət başçısı səviyyəsində xüsusi narahatlıqla səsləndirilir və problemin diqqət mərkəzində saxlandığı vurğulanır. 

Ali Baş Komandan çıxışında onu da vurğuladı ki, “Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son qoyulmalıdır. Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil”. Bu baxımdan azərbaycanlıların yaşadıqları xarici ölkələrdə onların öz ana dillərində mükəmməl danışmalarına xüsusi şərait yaradılması olduqca vacib məqamdır. Bu məsələdə Azərbaycan dövlətinin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ana dilimizin beynəlxalq miqyasda təbliği, tədrisi və tədqiqi istiqamətində mühüm təşəbbüslər həyata keçirilmişdir. Bir çox xarici ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri yaradılmışdır. Heydər Əliyev Fondunun bu sahədəki dəstəyi də təqdirəlayiqdir. Dilimizin beynəlxalq miqyasda təbliği yönündə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının gördüyü işləri xüsusi qeyd etmək lazımdır. 2018-ci ildə Türkiyədə Azərbaycan dili ilə bağlı ilk dəfə irihəcmli monoqrafik tədqiqat – Fırat Universitetinin professoru Süleyman Kaan Yalçının “Azerbaycan Türkçesi Grameri” kitabı Bakı Dövlət Universitetinin dilçi alimlərinin mənəvi dəstəyi ilə işıq üzü görmüşdür. Şübhəsiz ki, belə nümunəvi addımlar çoxdur. Ancaq bu prosesin daha geniş miqyasda, sistemli və müasir çağırışlar səviyyəsində aparılmasına ciddi ehtiyac vardır. Təbii ki, bu mexanizm dövlət başçısının nəzarəti ilə icra olunmalı və bu işdə maddi-mənəvi resurslarımız düzgün idarə edilməli, obyektiv sistem qurulmalıdır. Ölkəmizin elmi-mədəni, siyasi-iqtisadi əlaqələr qurduğu və soydaşlarımızın yaşadıqları xarici ölkələrdə elm, təhsil və mədəniyyət müəssisələrinin təşəbbüsü ilə Azərbaycan dili və mədəniyyət mərkəzlərinin coğrafiyasının genişləndirilməsi vacib məqamlardan biri hesab oluna bilər. Qeyd etdiyimiz kimi, bəzi ölkələrdə belə təsisatlar vardır. Ancaq işin effektivliyi müasir tələblərə cavab verməli və bunun sferası planlı şəkildə genişləndirilməlidir. 

Əslində, bəlkə də, günümüzün tələbidir ki, ölkəmizdə vahid mərkəzdən idarə olunan belə sistem formalaşdırılsın. Məsələn, Türkiyədə Yunis Əmrə İnstitutunun türk dili və ədəbiyyatının təbliği sahəsində gördüyü işlər hamıya məlumdur. Dünyanın əksər ölkələrində bu institut türk dilinin təbliği ilə ciddi məşğul olur. Düşünürəm ki, gələcəkdə dilimizin qorunması və xüsusilə xarici ölkələrdə yaşayan azərbaycanlılara, o cümlədən çağdaş nəsillərə aşılanmasında, təbliğində həmin ölkələrdə fəaliyyət göstərmək imkanına malik olan belə institut formalaşdırmaq olar.  Və bu prosesə xaricdə yaşayan və fəalliyyət göstərən vətənpərvər iş adamlarını, ziyalıları və gəncləri cəlb etməklə ana dilimizin beynəlxalq nüfuzunu daha da gücləndirmək olar. 

Pərvin Eyvazov
Filologiya üzrə fəlsəfə doktoru