Ev Publisistika ANA DİLİM-RUHUMUN QİDASI

ANA DİLİM-RUHUMUN QİDASI

239

Səfərli Aynur Mətləb qızı 1988-ci ilin 16 avqust tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulub. 1994-cü ildə Rasim Şəfiyev adına Mahmud kənd orta məktəbinin birinci sinfinə gedib.                                                    1996-cı ildə Bakı şəhərində  şəhid Ədalət Abbasov adına № 257-li orta məktəbin üçüncü sinfində təhsilinə davam edib. 2005-ci ildə həmin məktəbi bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub. 2009-cu ildə BDU-nun müvafiq fakültəsini fərqlənmə ilə bitirib. 2011-2014-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin “Ədəbiyyatın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistratura pilləsində təhsil alıb. 2007-ci ilin may ayından YAP-ın üzvüdür. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışıb. 2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə doktorontura pilləsində təhsil alıb. Müdafiə ərəfəsindədir. 2017-ci ildən Azərbaycan Dillər Universitetində çalışır. 2017-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2018-ci ildən isə Azərbaycan Yazıçılar birliyinin üzvüdür. 2020-ci ilin may ayında AYB-nin üzvü olaraq Prezidentin Təqaüd fondunun təqaüdünə layiq görülüb.

“Türk xalqları ədəbiyyatında “Nəsrəddin Xoca” obrazı” (“Elm və təhsil”, Bakı-2014), “Dünya ədəbiyyatı nümunələrinin orta məktəbdə tədrisi” (“Elm və təhsil”, Bakı-2014), “Sevilən romanlar müəllifi Elxan Elatlı” (Namiq Həbibov və Roza Məmmədli ilə birgə) (“Elgün”, Bakı-2017), “Sözün işığında” (“Desk” çap evi, Bakı-2018), “Məhəbbətə açılan könül” (“Desk” çap evi, Bakı-2020) adlı kitabların, 90-a yaxın elmi və publisistik tezis və məqalənin müəllifidir. 50-ə yaxın respublika və beynəlxalq konfrans, simpozium və konqresin iştirakçısı (Antalya, Trabzon, Ankara, Malatya) olmuşdur. Müəllifin məqalələri Türkiyə Cumhuriyyəti, Ukrayna və s. xarici ölkələrin beynəlxalq indeksli nüfuzlu jurnallarında çap olunub.
Ailəlidir.

“Bir millətin mal-dövlətini, hətta vətənini belə əlindən alsan itib-batmaz, amma dilini əlindən alsan yer üzündən silinər və ondan bir nişan belə qalmaz” (Uşinski)

Əsrlərdən bizə yadigar qalan Azərbaycan dili türk dilləri arasında səs və məna incəliklərinə görə bütün dillərdən seçilir. Firudin bəy Köçərlinin dediyi kimi “Hər millətin özünəməxsus ana dili var ki, bu da həmin millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasdır”. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini mükəmməl bilməlidir. Azər­baycan dilinin tarixinə nəzər saldıqda, onun müxtəlif inkişaf ­mərhələlə­rində olduğunun şahidi olarıq. Bu mərhələlər sırasında 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan ­islahatlar öz nəticəsini verməyə başladı. Bu gün Azərbay­can dili ­dövlət səviyyəsində çıxış edir. Belə ki, 15 respublikanı özündə birləş­­dirən ittifaqın nəzdində dövlət dili səviyyəsində müb­ari­zə aparmağın böyük cəsarət tələb etdiyi bir vaxtda­ Ümum­mill­i lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dövlət dili Azərbaycan Konstitusiyasının bir bəndinə daxil edildi. Azərbaycan ədəbi dilinin tərəqqi və çiçəklənmə dövrü olan XX yüzillikdə ədəbi dil məsələsi ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur. Azərbaycan dili­nin səs quruluşuna və qrammatik sisteminə dair kitablar yazılmışdır. Bu mənada mətbuat ana dili, ədəbi dil uğrunda müba­rizənin önündə gedirdi. Ədəbi dil normasının müəyyən­ləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. XIX əsrin II yarısında ana­ dilimizin ­saflığı uğrunda­ M.F.Axun­dzadə və H.B.Zərdabi tərəfindən aparılan mübarizəni XX əsrin əvvəllə­rində Cəlil Məmmədquluzadə və naşiri ­olduğu “Molla ­Nəsrəddin” jurnalı­ davam etdirirdi. C.Məmmədquluzadə xalqın səadəti, azadlığı və tərəqqisi naminə apardığı mücadilənin əsasını ömrünün ­sonunadək ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə təşkil edirdi.

Onun naşiri olduğu “Molla Nəsrəddin” jurnalında çap olunan “Dil”, “Əlifba”, “Dərs kitablarımız”, “Ana­ di­li” və bu qəbildən olan bir sıra məqalələri məhz ana dili prob­le­minə həsr olunmuşdur.

Xalq dili xəzinəsinin qapıları “Molla Nəsrəddin” vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir. Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar.­ Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləş­dirilməsi haqqında” fərmanı da Azərbaycan dilinin qorunması və inkişafı baxımından əhəmiyyətlidir. Ciddi, strateji münasibətlərin ortaya qoyulduğu, dil tarixini dolğunluğu ilə əks etdirən fərman bir növü Heydər Əliyevin əsəri idi. Burada onun qurduğu dövlətin milli dil siyasəti əks etdirilmiş, həmin dövlət uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunmuşdur. “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. “Dil – millətin mənəviyyat bayrağı, milli mənliyi və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!” deyən Ümummilli lider ana dilini həddən artıq sevir və hamıya nümunə olmaq üçün çıxışlarında dəfələrlə deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı Azərbaycan dilindən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə danışırıq”.

Zaman-zaman dilimizin rus-Avropa, türk-osmanlı və ərəb-fars sözlərinin axını nəticəsində korlanması ziyalıları düşündürmüş, dilin təmizliyini, saflığını sübut etmək, dili yad sözlərdən, yad təsirlərdən qorumaq uğrunda çalışmağa vadar etmişdir. XX əsrin əvvəllərində bu problem təkcə “Molla Nəsrəddin” jurnalını yox, “Arı”, “Zənbur”, “Babeyi Əmir” jurnallarını da eyni dərəcədə düşündürmüşdü. Əli Nəzmi “Zənbur” jurnalında “Dil məsələsi” şeirində yazırdı:

Dil var ikən gəlin lisan deməyək,
Döndərib farscaya zəban deməyək.

Dil məsələsi Cənubi Azərbaycanı da narahat edən problemlərdəndir. Həmin dövrdə Güney Azərbaycandan olan M.Ə.Möcüz də “Sən osan, mən buyam” şeiri ilə dildə yad təsirlərə qarşı ittiham irəli sürürdü. Ürək ağrıdıcı məqamlardandır ki, “Türkün dilitək dadlı, gözəl dil olmaz”- deyən Şəhriyarın xalqının bu gün ana dilində təhsil almaq hüququ yoxdur. Qədim tarixi köklərə malik olan bir xalqa dilsizlik siyasəti yeridilsə də, cənublu soydaşlarımız öz ana dilini qəlbində, yaddaşında, gündəlik danışığında göz bəbəyi kimi qoruyub saxlayır. Onlar doğma dildə düşünüb, yad dildə yazmaqla dilsizlik faciəsini yaşamış olurlar.       Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Dövlət Proqramında Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafı, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri öz əksini tapmış, televiziya və radiolarda Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır.

Dövlət başçısının imzaladığı sərəncamlarda nitq mə­dəniyyəti məsələləri qətiyyətlə qoyulur. Prezident İlham Əliye­vin “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli Sərəncamı dilçilər qarşısında böyük vəzifələr qoyur.­ İna­nırıq ki, bu Sərəncamın icrası istiqamətində cəsarətli, düşünül­müş və ciddi addımlar atılmalıdır.

Təqdirəlayiq haldır ki, bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir.­ “Ana dili” abidəsinin ucaldılması da bu mənada atılan uğurlu addımlardandır. Son illər Muxtar Respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklope­diyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir.
Təəssüf hissilə bunu da qeyd etməyi borc bilirəm ki, bəzi ailələrimiz dilimizin incəliklərini bilmədikləri üçün, “dil fərdi psixoloji aktdır” problemini unutduqları üçün ana dili məsələsini ikinci plana çəkirlər. Bu gün ailələrimizin bir çoxunda uşaqlarını 1-2 yaşından etibarən qeyri-dildə danışdırırlar. Onlar unudurlar ki, uşağın psixolinqvistik mexanizmi 12 yaşadək formalaşır. Məhz bu dövrdən sonra uşaqlar qeyri-dili yaxşı mənimsəyə bilərlər. Ana dili bazası möhkəm olan insanlar poliqlot olurlar. Macar poliqlotu Kota Lomb deyirdi ki, “mən 37 dildə sərbəst danışıram. Bu dillərin hamısını doğma macar dili bazasında öyrənmişəm”. Bu problemi dünyanın bütün psixoloqları və linqvistləri təsdiq edirlər”. Heydər Əliyevin fərmanı ilə 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması da onu ifadə edir ki, bu günə gətirən yol o qədər böyük, şərəfli və keşməkeşlidir ki, xalq öz dili uğrunda apardığı mübarizə üçün qürur, iftixar hissi keçirə bilər. Hər il 21 fevralın bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması bunu göstərir ki, dil amili bütün millətlər və dövlətlər üçün eyni dərəcədə mühümdür. Ulu Öndərin azərbaycançılıq ideyasının davamçısı, dilimizin qayğısına qalaraq, onun təmizliyi və saflığı uğrunda böyük əzmlə, cəsarətlə mübarizə aparan Prezident İlham Əliyev də bir çox dil bilməsi ilə yanaşı, öz ana dilinə dərin hörmət və məhəbbətini ifadə edərək deyib: “Müasir Azərbaycan ədəbi dili siyasi, ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim öz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti var”.

Bu gün hamımız Azərbaycan dilinə münasibətdə, dili­mi­zin saflığının qorunmasında vətəndaşlıq mövqeyi göstər­məliyik. Çünki ana dilini sevmədən vətənpərvər olmaq müm­kün deyil. Ulu öndər Heydər Əliyevin də dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətən­pərvərlik formulu yoxdur”.