Anam, mən şəhid oldum…
Şəhidlik necə olur –
Mən ona şahid oldum.
Yurduma qurban oldum
Şirin canımla, anam.
Suvardım torpağımı
Qızıl qanımla, anam.
Şahanə dur, şax dayan,
Sil gözünü, ağlama
Oddan paltar gey, anam.
Məğrur dur, yas saxlama,
Anam, xeyir-dua ver.
Qisasımız alınsın,
Yurdun hər addımında
Zəfər marşı çalınsın.
Sancılsın bayrağımız
qanımız axan yerə,
Toqquşduqca mərmilər
şimşəklər çaxan yerə.
Onda qanım tökülən
Torpağa qoyaraq baş
Ağlarsan hönkür-hönkür,
Sızlarsan yavaş yavaş.
Alındıqca halallıq
torpağın daşlarından
Anam, göyərəcəyəm
Sənin göz yaşlarından.
Vaqif ASLAN