Ev Publisistika Arzu ömrü uzadır!

Arzu ömrü uzadır!

639

Hafiz Hacxalılın yeni kitabı çıxıb – yeni kitab “Arzu ömrü uzatmır” adlanır.

Yazarın öz kitabına nə ad verməsi onun müstəsna hüququdur, əlbəttə. Əlbəttə, oxucunun, həmkarın, dostun-qardaşın da öz haqq-hüquqları var. Özü hüquq muhafizə orqanında məsul vəzifədə, yüksək rütbədə çalışan əziz şairimizlə hüquq toqquşdurmaq niyyətindən uzağam. Ancaq (bir cümlə ilə) kitabın adının elmi əsası olmadığına inandığımı, bu adın bədii plandan o tərəfə keçmədiyini vurğulamaq istərdim. Ömrü uzun, işi avand olsun, əziz Hafizin.

Hafizin yeni şeirlərində Musa Yaqub intonasiyası, Məmməd Aslan ricəti, Məmməd İsmayil bədii ritorikası, Xəlil Rza Ulutürk Günəşi, Bəxtiyar Vahabzadə əsəbi, Zəlimxan Yaqub təkriri, Eldar Baxış sevdası, Hamlet Kazımoğlu çicəklənməsi… hiss etdim.
Hətta “Bənövşəsi” Qurbani nin “Bənövşəsi” qoxudu sanki:

“Bir anlıq sevincə qaldım tamarzı,
Kədərsiz dinmədi könlümün sazı.
Sən yazı gozlədin, mən də o qızı,
Gözümü yollara dikdim, bənövşə”…

“Ağaclara” şeirisə elə bil paytaxt şəhərində deyil, İsmayıllının Buynuz kəndində yazılıb:

“Tumurcuq yuxusu qaçır gözündən,
“Oyanın” söyləyir yaz ağaclara.
Kuləklər at capıb məktub daşıyır,
Oğlan ağaclardan qız ağaclara”…

“Alca ağacına” da yenə Buynuzda, Musa Yaqubun iş odasının cay axar tərəfə açılan pəncərədi önündə yazılıb sanki…

Hafiz Azərbaycan şairlərini də, dünya poeziyasını da, yaşının, vaxtının yetdiyincə oxuyub, bilirəm. Bilirəm ki, o nə yaşamda, nə yazı masasında təsirə düşən oğul deyil. Mənim çəkdiyim adlara, başqa şairlərimizə, ümumən ədəbi irsimizə sayğısı kimi qəbul etdim ondakı “təsirlər”i. Yəni sevgisi, doğmalıq duyğusu gözdən könülə, könüldən qələmə keçib Hafizin. Yoxsa, Hafizin zəngin dilini, erudisiyasını bilməmiş deyiləm.

Hafizin bir özəlliyi də sevdalı, eşqli şeirlərində, lirikasında da sanki uhulət və suhulətlə davranmasıdır. Həncəri deyərlər, ən eşqli anında da ağıl öz funksionallığını qoruyub, saxlayır… –

“Çıxar xatirəni gün işığına,
Lap istəsən belə adımi unut
Baxıb güzgudəki yaraşığına,
Bir sən ol, bir də ki, daş yaran sükut”… (“Bağışla gözünün yaşına məni”)

Hafizin 40 yaşı tamam olur. Mənim 40 yaşım 2013-cü ildə tamam oldu; o vaxt bəzi dost-tanışlar mənə “40 yaşı qeyd etməzlər”-filan bir sürü söz dedi; hətta 39 yaşımı 40 yaş yerinə bir xudmani məclis təskil edərək qutladilar ki, “40”da da nolar-nolmaz… Sonra daha müdrik davranan dostlar dövrəyə girib, 40 yaş tamamından 3 gün sonraya yubiley tədbiri saldılar. Bir də baxdım urvatlı, sazlı-sözlü bir məclis alınıb. Şükür bugünlərə gəlib çıxmışıq, 50-yə umidimiz var, sonrasına da Tanrı yar olu…

40 yaşın Hafiz Hacxalıl üçün də təhlükəsiz sovuşacağına öz “təcrübəm”dən çıxış edərək, inanıram. Zatən pandemiya bir “bəhanə” yeridir, rəsmi iş-güc, paqon başqa bir əsaslı “bəhanə”dir. Ancaq mən bu bəhanələri sıfırlayan iki əsası vurğulamaqda fayda görürəm:

1. Şuşada dalğalanan bayrağın eşqinə yubileylər keçirmək hər Vətəncanlı oğlun haqqıdır; 2. Şairin yaradıcılığı, yeni nəfis kitabı və bütün bu kamil səbəblərdən çıxış edən dostların xoşməramlı təkidi Hafizi “40”ı gülə-gulə qutlamağa səsləyir.

Hafiz görəvə gəldikdən sonra yazmağa başlayanlardan deyil; o, yaza-yaza görəvdə yüksələn şairdir. Yarızarafat, yarıgerçək: polislər içində şairlərin, şairlər içində polislərin savunmaçısıdır.

Hafizin savunduğu ən ali dəyər Vətən amalıdır, dövlətçilikdir, müstəqillikdir, Türk dünyasının guclü birliyidir. Hafizin diləkləri çin olur. Daha bugünlərdə Türk Dövlətləri Təskilatının yaranması Hafizin 40 yaşadək yaşadığı xoşbəxtliklərdəndir.

Ən umdəsi: Şuşada bayrağımız qürurla dalğalanır, Xankəndinin, Xocalının, Əsgəranın yalnız Şuşadakı bayrağımıza susamaqla qalmayacağına qəti inamımız var. Bu inamı bizə şanlı Azərbaycan Silahli Qüvvələrinin necə bir qüdrətə malik olmasını bilməyimiz verir. Şair özü də DİN mərkəzi aparatında məsul vəzifə daşıyır; şair özü Dag Borçalının İlməzli elində doğulub; şair Bütov Azərbaycanı, Türk Birliyini ülkü edinmiş bir aydınımızdır.

Və bu təcallada Dağ Borçalının, Göycənin, Zəngəzurun, İrəvanın ləyaqətli gələcəyi görsənir. Bunlar Hafizin şeirlərində ilmüdam
şəkillənib.

Hafiz nədən yazır? – Şeirin ilkin və güncəl mövzularının hər birindən. Formada da məhdudluğu yoxdur, hecasa heca, sərbəstsə sərbəst… Məhdudluq, fikir darlığı Hafizə yad məsələlərdir. Onun üfüqü geniş və aydındır. Gənc sair fəhmi ilə yazdıqlarınin çin olduğunu “40”a çatmamış görən Hafizi bundan sonra durdurmaqmı olar?)

İrəli, əziz dost!

Uğur sənə əla yaraşır!

Turanın, Ziyadxanın, Dənizin var olsun!
Öpürəm!

P.s. Hekayələrin, içsəslərin də əladır. Hələ desən, “Dostlar yazır” da…

Sayğılarla,
Əkbər QOŞALI