Camal Yusifzadə – 80
Ay qonşu, bu evin yiyəsi hanı?
(Anamın xatirəsinə)
Uzaqdan, uzaqdan,
Çox-çox uzaqdan,
Darıxıb gəlmişəm,qaçıb gəlmişəm,
Ay qonşu, bu evin yiyəsi hanı?
Eyvanda çıxardım ayaqqabımı,
Açdım pəncərəni, açdım qapını,
Görmədim qonağı qarşılayanı
Ay qonşu, bu evin yiyəsi hanı?
Yağış suvağını yuyur bu evin,
Külək şüşəsini döyür bu evin,
Sükut hay- küyünü qovur bu evin,
Zaman taxtasını ovur bu evin,
Ay qonşu, bu evin yiyəsi hanı?
Qapıda soyumuş bir əl yeri var,
Həyətdə qurumuş ayaq yeri var,
Alça ağacının sol tərəfində
Külü laxtalanmış ocaq yeri var;
Ay qonşu, bu evin yiyəsi hanı?
Uzaqdan gəlmişəm, ay ev yiyəsi,
Darıxıb gəlmişəm, uçub gəlmişəm,
Kül olub gəlmişəm, ay ev yiyəsi.
Hər dəfə, hər dəfə ay ev yiyəsi,
Qovrula-qovrula gəlib gedirəm,
Hər dəfə, hər dəfə, ay ev yiyəsi,
Bu həyət-bacadan,
qonum-qonşudan
Soruşub gedirəm;
Ay qonşu bu, evin yiyəsi hanı ?
Payızım oy, qışım oy
Əhməd Oğuza
Payızın başı üstdən
Birər-birər qar gəlir;
Payızım oy, qışım oy.
İndi bilirəm ki, nə itirmişəm;
Birər-birər günlərim;
Birər-birər yaşım oy.
Göy üzündən
Yer üzünə qar gəlir,
Kişilikdən danışmaq
Yaman mənə ar gəlir.
Ümidi vağam olan
Torpağım oy, daşım oy!
Ovcumun arasında
Havalanmış başım oy.
Düzü-dünya ələnibdi ağappaq;
Meşəsi ağ,
Baxçası ağ, dağı ağ;
Dağım, bağım, qarım oy.
Nə yaxşı ki, sifarişlə ələnmir,
Yağır, yağır, yağır oy,
Yağır, yağır özbaşına;
Ayının yuxusuna,
İgidin qorxusuna,
Alçağın baş daşına;
Namərdim oy, mərdim oy!
Hələ məni gözləyən
Diri gözlü dərdim oy.
Varlığım qara təşnə,
Ardıc gözlü ocağım,
Çörək dolu tabağım,
Eşq havalı otağım;
Ocağım oy, eşqim oy.
Laxtalanmış bəxtim oy.
Dostların başı üstə
Qaldırılan taxtım oy.
Payızın başı üstdən
Birər-birər qar gəlir…
Niyə belə soyuqdu?
Vətən mənə dar gəlir!
Vətən mənə dar gəlir.
Bu şəhər yağışa düşüb ömürlük
Bu şəhər yağışa düşüb ömürlük,
Bu şəhər yağışda islanıb tamam.
Gözümü açanı
Dəniz görmüşəm;
Kükrəyən, çağlayan,
Təmiz görmüşəm.
Bu dəniz yağışa düşüb ömürlük,
Bu dəniz yağışda islanıb yaman.
Gözümü açanı
Meşə görmüşəm;
Qızılı yarpağı,
Yaşıl talanı
Yuyulub-silinmiş
Şüşə görmüşəm.
Bu meşə yağışa düşüb ömürlük,
Bu meşə yağışda islanıb yaman.
Gözümü açanı
Duman görmüşəm.
Dumanı həmişə
Daman görmüşəm.
Görmüşəm tül kimi,
Əfsanə kimi;
Sərilib yuxuma,
Məhəbbətimə,
Aparıb huşumu
Sirli aləmə.
Bu duman ömürlük yağışa düşüb,
Bu duman yağışda islanıb yaman.
Yuyula-yuyula
Açılar səhər,
Yuyula-yuyula
Ağarar axşam.
Nə vaxtdır yağışda yuyulmamışam!
Bu şəhər yağışda islanıb tamam,
Bu axşam yağışda ağarıb yaman.
Payız xəstəliyi
Məhəbbət böyük dərdmiş –
közərərmiş
Ayrılıq araya düşəndə.
Pişik gözlərinin qarası kimi
gecələr böyüyərmiş,
Səsi varmış,
Sözü varmış,
Od qoymağa
Közü varmış!
Tənhalığı xoşlayırmış,
Məhəbbət böyük dərdmiş.
Payıza bənzəyirmiş –
sapsarı yarpaqları,
bulanıq buludları,
uzun-uzun yolları…
Arzular həmişə əzabla olur
Tahir Talıblıya
Mənim arzularım –
əbədi kölgəm;
Gah məndən arxada,
Gah məndən öndə.
Mənim arzularım əzabla olur;
Gah məndən arxada,
Gah məndən öndə.
Mənim arzularım
bu dünya qədər
köhnə bir kədər,
Əzabı sapsarı bir eşq məsəli, –
Çarmıxa çəkilib yol ayrıcında
Süzülür, üzülür,
büzülür, solur –
əzabla ölür!
Mənim arzularım özüm boydadı;
Bəstəboy, gülərüz,
İlıq, namxuda.
Hələ deyilməyən sözüm boydadı.
Mənim arzularım
gümüşü bir çay,
Yuxulu bir nağıl,
Kəmşirin xülya,
Bəbəyi çat vermiş gözüm boydadı.
Mənim arzularım tənha yetim tək
Kölgəsi yıxılmış qupquru palıd –
Yarpaq ümidiylə
Yaz havasıyla gözləri dolur.
Mənim arzularım –
Mənim Vətənim!
Mənim arzularım əzabla ölür!..
Bir eşq misalı
Bir ovuc torpaq kimi
Ovucumun içindədi dünya.
Ayrılıq da elə,
Sevda da elə.
Anam da elə,
Balam da elə,
Ölüm də elə.
Eləcə ovcumun içindədi,
Bir eşq misalı
Qapanan barmaqlar arasından
Bir ovuc torpaq sürülür.
Ayrılıq da elə,
Sevda da elə,
Anam da elə,
Balam da elə
Ölüm də elə,
Eləcə bir ovuc torpaq kimi,
Ovcumun içindən dünya sürülür-
Bir eşq misalına bərabər.
Atamın kölgəsi
Atamın kölgəsi evimizdə imiş.
Gün düşdü üstünə
üzünü gördüm
Sildim üz-gözünü, toz-torpağını,
Taxçada, boxçada izini gördüm.
Tanrı qismətindən
payı var imiş;
İlahi gülüşün
gözünü gördüm!
Kölgəsi yamanca kədərli idi, –
Həm nəmdi, həm ilıq,
qırış-qırışdı.
Atamın kölgəsi qocalmamışdı.
Atamın kölgəsi evimizdə imiş, –
Baxdım kölgəsinə –
özümü gördüm,
Adana axşamı
müqəddəs gecə
Anam yemək çəkib sağına qoydu –
Sağında atamın dizini gördüm…
Ölüləri içinizdə dəfn edin! –
İçinizdə baş daşı yox, qəbir yox,
İçinizdə heç vaxt,
Heç kim itməyəcək!
Ölüləri ruhunuza dəfn edin –
Kölgələri mütləq evə gələcək!..
Tanrıya sözümüz var
“Sındırmağa qozumuz,
Cırmağa bezimiz var”!
Yalamağa duzumuz,
Öpməyə dizimiz var!
Sevişməyə gözümüz,
Yandırmağa közümüz,
Üfüqlərdə izimiz,
Ruh kimi üzümüz var!
Səhra sonsuz və susuz,
Mən gedirəm, sən də gəl!
Tanrıya sözümüz var,
Tanrıya sözümüz var!
Xoşbəxtlik
Mənim xoşbəxtliklə
Nə işim var ki?
O öz dünyasında,
Öz aləmində –
Əlləri upuzun, gözləri xumar,
Təmtaraq, çal – çağır,
Çılpaq ehtiras!..
Mənim bu sarıdan bəxtim gətirib –
Mənimki kəmdi.
Özgə havasına,
Qan bahasına büsat quranın
Sevinci nəmdi,
Vicdanı dəmdi!
Kədərli olsa da, ağır olsa da,
Mənə kədərimin,
Ümidlərimin külü qalacaq!..
Xoşbəxtlik əbədi olmayır ancaq.
Salam olsun
Üstümüzdə namaza
Duranlara salam olsun.
Yunis İmrə
Yuyulmayan günahın
Yuyanın nə vecinə?
Tövbə qapısı açıq –
Yalana salam olsun!
Baxmağa üz yoxdusa,
Güzgü nəyə gərəkdi?
Bir başı, iki üzü
Olana salam olsun!
Şahlıq İblis xisləti –
Toy içində mavi yas?
Ölümün kölgəsinə
Cücərən göbələyə –
Qalana salam olsun!
Azadlıq bəhanədi
Torpaq üstə ölənə!
Başı kəsik soxanı
Alana salam olsun!
Onsuz da bu həyatdan
Sağ çıxmayacaq heç kim!
Sevə-sevə ölənə, –
Solana salam olsun!
Keçmişdən gələcəyə –
Dan üzünə boylanan
Həyat adlı yuxuya –
Hər ana salam olsun!
Dünya bir pəncərədi
Xəyalların önündə,
Özünə, keçmişinə
Dalana salam olsun!
Seçim Allah rizası,
Cəhənnəm qələbəlik!
Bəndəsini cənnətə
Alana salam olsun!
Tural Adışirinin təqdimatında