Eyvaz Məhəmmədəli oğlu Eminalıyev 1963-cü ildə anadan olmuşdur. 1981 -1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indikiADPU) filologiya fakultəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Filologiya üzrə fəlsəfə doktorudur. Hazırda ADPU-n un Şamaxı filialında kafedra müdiridir.
Dilin inkişaf tarixində ədəbi şəxsiyyətlərin rolu danılmazdır. Əsl sənətkar, məsələn, İ,Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif öz sənət dühası, dil və üslubi ilə nəinki yaşadığı dövrü , hətta özündən sonrakı bir neçə əsri və ədəbi mühiti də təsir dairəsində saxlayır. Onların fərdi üslubu bədii ədəbiyyatın üslubları silsiləsinin ümumi və eyni zamanda spesfik (məsələn, musiqi,teatr və s. kimi sənətin başqa növləri) inkişaf qanunauyğunluqları ilə vəhdət təşkil etmişlər. M.Arazın bədii dilindən danışan əksər tədqiqatçılar belə bir fikirdə yekdildirlər ki, o, bir ədəbi şəxsiyyət kimi xalq mövqeyində duraraq, ədəbi dili ümumxalq dilində uğurla işlənən söz və ifadələrlə zənginləşdirilmiş, doğma ana dilimizi daha da xəlqiləşdirmişdir ki, bu da çox az sənətkara nəsib olan xoşbəxtlikdir. Dəhnə, hodaq, xış, bərə, vərdənə, gavahın, mərz, sicim, yarmaca, macqal, dürmək, novdan, kərənti, güzəm, yapağı, təndir, quşqun, kimi xalq danışıq dilindən götürülmüş sözlər M.Arazın poeziyasında əriş-ağac kimi bir-birini tamamlayır. Təbii axarda, məzmuna, təsvir olunan hadisəyə uyğun işlənən bu tipli xalq ifadələri onun yaradıcılığında milli koloriti gücləndirir.
Azərbaycan ədəbi dilinin inkişafında xüsusi tarixi xidmətləri olan İ. Nəsimi təsadüfən yazmamışdır ki;
Gərçi Nəsimi sözün dadını verdi, vəli,
Dadə gətirdi ani ləfzi- şəkərbarımız.
İ.Nəsimi ümumxalq dilində canlı danışığa üstünlük verir, ana dilinin “şəkər saçan”şirinliyindən bəhs açır, bu məqamda xalqa məxsus şair kimi öz mövqeyini də qəti müəyyənləşdirmiş olurdu: şair sözə nə qədər sığal, bədii məna versə də , yenə də onun şeirini “dada” gətirən xalq dilinin zənginliyi, canlı danışığın şəkər saçan şirinliyi, “şəkərbarı”dır. Poeziyasında milli folklor və klassik ədəbiyyatdan gələn ənənələri ləyaqətlə davam və inkişaf etdirən M.Araz sənətə gəldiyi gündən öz dovrünün, mühitinin tələblərini ödəmək üçün mövcud və zəruri olan ədəbi imkanlardan , ənənələrdən yaradıcılıqla yararlanmağı vacib bilmişdir. Eyni zamanda öz qarşısında ciddi tələb və vəzifələr qoyaraq dərin fəlsəfi fikirlərini sadə. Anlaşıqlı bir dillə oxucularına çatdırmış, nəticədə ümumxalq məhəbbəti qazanmışdır.
Tpqır bildim, quşqun bildim yaltağı,
Alçağa da alçalan göz alçağı.
Xalq deyim tərzindən, canlı danışıq dilindən gələn bu ifadədə şairin qəzəbi, nifrəti çox əyanidir. Bunu şeirdən “tapqır” və “quşqun” sözləri heyrətamiz bir şəkildə qüvvətləndirir. Məlumdur ki, tapqır atın belində yəhərin dal tərəfə sürüşməməsi və yanalra əyilməməsi üçün döşünün altından keçirilən qayışa deyilir. Quşqun isə atın belində yəhərin qabaq tərəfə sürüşməməsi üçün onun quyruğunun altından keçirilən qayış ümumiyyətlə, iş heyvanlarının quyruğu altından keçirilən qayışdır. Azərbaycan dilinin izahlı lüğətində bu sözlərin izahı belədir. Araz xalq dilinə məxsus ifadəni çox böyük uğurla işlədərək onun məna çalarlarından qeyri-adi formada yararlanır. Yaltaqlığın mənəviyyatsızlıq, riyakarlıq, qeyri-insani keyfiyyət olması haqqında çox deyilib, lakin bu mənəviyyatsızlığın tapqır, quşqun ifadələri ilə ifşası məhz M.Araza məxsusdur.
M.Arazın poetik nitqində canlı danışıq elementləri, kənd fraziologoyası özünə məxsusdur, orjinaldır və dilimizin zənginləşməsinə xidmət edir: dovşan qorxaqlığı , kəklik küsəyənliyi, nehrəbel kürsək tulası kimi təşbehlər, çiçəyi çırtdamaq kimi danışıq idiomları, daş dilində söhbət, sükut nəqliyyatdır, məzar fəsli, ağ hörüklü bulaqlar, dodaqdan yanmış acı yaşıl- mavi uşaqlıq və s. kimi onlaral yeni ifadə- təşbehlər poeziyaya bir nəfəs, dilə təravət bəxş etdi. Təsadüfi deyil ki, professor Tofiq Hacıyev M.Arazın novatorluğunu şairin şeirlərinin struktur quruluşunda, vəznində yox, həyat həqiqətini sənətkar deyimi ilə oxucuya çatdırmaq bacarığında, dilinin xəlqiliyində görürdü.
Novator şair R.Rza vaxtilə süni şəkildə dilə gətirilən ( uçastok, avariya, sort, pozisiya, transpor, populyarlaşdırmaq və s.), yaxud dildə qarşılığı olduğu halda lüzumsuz işlədilən ( rifahi – hal, sərf- nəzər, əhvali – ruhiyyə və s.) sözlərin əvəzinə doğma dilin özündə olan, dialektlərimizdə yaşayan ifadələrlə əvəzlənməsini vacib bilir, buna konkret nümunələr də göstərirdi. Bu ənənənin davamçısı olan M.Araz canlı danışıq dilindən aldığı söz və ifadələri cəsarətlə poeziyaya gətirdi, tənqid olundu, lakin zaman sübut etdi ki, şair haqlıdır.
M.Araz Azərbaycan ədəbi dilində sözyaratma prosesində yenilikçi şair kimi tanınır. Bu sahədə onu Rəsul Rza ilə müqayisə edirlər. O, morfoloji ( heykəlləşmək, torpaqlaşmaq, gedərgi, bölgəbazlıq) , sintaktik üsulla ( nağaraqarın , qayadöşlü, dalğasındıran, ağlıçaş) yaratdığı, həmçinin dialektlərdə işlənən ( binə-yer, məkan; irişmək- çatmaq ; kirimək- susmaq; çəhlim -iz; daşqır- taxılın içində olan daş qırıntıları ; gəvəzə – çoxdanışan; səllimi – özbaşına; həvə- xalçaçılıqda alət) söz və ifadələri təbii bir axarda, məqamında işlədərək orijinallıq nümayiş etdirmişdir.
Mənim çöl əlifbam macqal dilində
“O” keçdim – deməli, orağı yağla.
“C” keçdim – deməli, cütü qulaqla …
Nə yaxşı əlifba “A” – dan başlanır,
Atadan başlanır,
Anadan başlanır.
M.Arazın bədii dilinə heyvanlığını gizlətməyən şair Məmməd Aslan yazırdı ki, “ bu poetik həqiqətdir ki, böyük söz sərraflarının timsalında bir dildən yeni “dillər” puçurlayıb pöhrələyir. Dilimizin Füzuli dili var, Vaqif dili , Hüseyn Cavid dili, Səməd Vurğun dili… nəhayət , Məmməd Araz dili var. O dil ki, onda ancaq Məmməd Araz özü “danışır”.
Azərbaycan poeziyasının bənzərsiz nümayəndələrindən olan Məmməd Araz ana dilimizin qorunmasında, inkişafında və zənginləşməsində müstəsna xidmətləri olan yenilikçi sənətkardır.
Ədəbiyyat
- Araz. Dünya sənin, dünya mənim. Bakı, Azərnəşr, 1983.
- Araz. Həyatın və sözün rəngləri.(Publisistik məqalələr). Bakı, Gənclik, 1975.
- Ağamusa Axundov. Dilin estetikası. Bakı, Yazıçı, 1985
- Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə III cild, Bakı, Elm, 2007
- Bəkir Nəbiyev. Tənqid və ədəbi prosses. Bakı , Azərnəşr, 1976