Ev Araşdırma Azərbaycan ədəbi dilinin zənginləşməsində Məmməd Araz yaradıcılığının rolu

Azərbaycan ədəbi dilinin zənginləşməsində Məmməd Araz yaradıcılığının rolu

1697

        Eyvaz  Məhəmmədəli oğlu Eminalıyev 1963-cü ildə anadan  olmuşdur. 1981 -1985-ci illərdə  Azərbaycan Dövlət  Pedaqoji İnstitutunun  (indikiADPU) filologiya fakultəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.  Filologiya üzrə fəlsəfə doktorudur. Hazırda ADPU-n un Şamaxı filialında kafedra müdiridir.

 

Dilin inkişaf  tarixində  ədəbi şəxsiyyətlərin rolu danılmazdır. Əsl sənətkar, məsələn, İ,Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif  öz  sənət dühası, dil və üslubi ilə nəinki yaşadığı dövrü , hətta özündən  sonrakı  bir neçə  əsri  və ədəbi mühiti də təsir  dairəsində saxlayır. Onların fərdi üslubu bədii ədəbiyyatın üslubları silsiləsinin ümumi və eyni zamanda spesfik  (məsələn, musiqi,teatr və s. kimi sənətin  başqa növləri)  inkişaf  qanunauyğunluqları  ilə  vəhdət təşkil etmişlər. M.Arazın bədii dilindən  danışan əksər tədqiqatçılar belə bir fikirdə yekdildirlər ki, o,  bir ədəbi şəxsiyyət kimi xalq mövqeyində  duraraq, ədəbi dili ümumxalq dilində  uğurla işlənən söz və ifadələrlə zənginləşdirilmiş, doğma ana dilimizi  daha da xəlqiləşdirmişdir ki, bu da çox az sənətkara nəsib olan xoşbəxtlikdir. Dəhnə, hodaq, xış, bərə, vərdənə, gavahın, mərz, sicim, yarmaca, macqal, dürmək,  novdan, kərənti, güzəm, yapağı, təndir, quşqun, kimi xalq danışıq dilindən götürülmüş sözlər  M.Arazın  poeziyasında əriş-ağac kimi bir-birini tamamlayır.  Təbii axarda, məzmuna, təsvir olunan  hadisəyə uyğun işlənən bu tipli xalq ifadələri  onun yaradıcılığında milli koloriti gücləndirir.

Azərbaycan  ədəbi  dilinin inkişafında xüsusi  tarixi xidmətləri olan İ. Nəsimi təsadüfən yazmamışdır ki;

Gərçi  Nəsimi sözün dadını verdi, vəli,

Dadə gətirdi ani ləfzi- şəkərbarımız.

İ.Nəsimi  ümumxalq  dilində  canlı danışığa üstünlük verir, ana  dilinin  “şəkər saçan”şirinliyindən bəhs açır, bu məqamda xalqa məxsus şair kimi öz mövqeyini də qəti  müəyyənləşdirmiş olurdu: şair sözə nə qədər sığal, bədii məna versə də , yenə də onun şeirini “dada”  gətirən xalq dilinin zənginliyi, canlı danışığın şəkər saçan şirinliyi, “şəkərbarı”dır.  Poeziyasında milli folklor və klassik ədəbiyyatdan gələn ənənələri ləyaqətlə davam və inkişaf etdirən M.Araz sənətə gəldiyi gündən öz dovrünün, mühitinin tələblərini ödəmək üçün mövcud və zəruri olan ədəbi imkanlardan , ənənələrdən yaradıcılıqla yararlanmağı  vacib bilmişdir. Eyni zamanda  öz qarşısında ciddi tələb və vəzifələr qoyaraq dərin fəlsəfi fikirlərini sadə. Anlaşıqlı  bir dillə oxucularına çatdırmış,  nəticədə ümumxalq məhəbbəti qazanmışdır.

Tpqır  bildim,  quşqun bildim yaltağı,

Alçağa  da alçalan  göz  alçağı.

Xalq deyim tərzindən, canlı danışıq dilindən gələn bu ifadədə şairin qəzəbi, nifrəti çox əyanidir. Bunu şeirdən  “tapqır” və “quşqun” sözləri heyrətamiz bir şəkildə qüvvətləndirir. Məlumdur ki, tapqır atın  belində yəhərin dal tərəfə sürüşməməsi  və yanalra əyilməməsi üçün döşünün  altından keçirilən qayışa deyilir. Quşqun  isə atın belində yəhərin qabaq tərəfə  sürüşməməsi üçün onun quyruğunun altından  keçirilən qayış ümumiyyətlə, iş heyvanlarının quyruğu altından    keçirilən  qayışdır. Azərbaycan  dilinin  izahlı lüğətində bu sözlərin izahı belədir. Araz  xalq dilinə  məxsus ifadəni çox böyük uğurla işlədərək  onun məna çalarlarından qeyri-adi  formada  yararlanır. Yaltaqlığın mənəviyyatsızlıq, riyakarlıq, qeyri-insani keyfiyyət olması haqqında çox deyilib,  lakin bu mənəviyyatsızlığın  tapqır, quşqun  ifadələri  ilə ifşası  məhz  M.Araza məxsusdur.

M.Arazın  poetik  nitqində  canlı danışıq  elementləri, kənd  fraziologoyası  özünə  məxsusdur,  orjinaldır  və  dilimizin zənginləşməsinə  xidmət  edir:  dovşan qorxaqlığı , kəklik  küsəyənliyi, nehrəbel  kürsək tulası kimi  təşbehlər,  çiçəyi çırtdamaq kimi danışıq  idiomları,  daş dilində  söhbət, sükut  nəqliyyatdır,  məzar  fəsli,  ağ  hörüklü  bulaqlar,  dodaqdan  yanmış  acı yaşıl- mavi  uşaqlıq  və s. kimi  onlaral yeni  ifadə- təşbehlər  poeziyaya  bir nəfəs, dilə  təravət  bəxş  etdi. Təsadüfi  deyil ki,  professor  Tofiq  Hacıyev  M.Arazın  novatorluğunu  şairin  şeirlərinin  struktur  quruluşunda,  vəznində  yox, həyat  həqiqətini  sənətkar  deyimi ilə oxucuya  çatdırmaq  bacarığında,  dilinin  xəlqiliyində  görürdü.

Novator  şair  R.Rza  vaxtilə süni şəkildə  dilə  gətirilən ( uçastok, avariya, sort, pozisiya,  transpor,  populyarlaşdırmaq və s.),  yaxud  dildə qarşılığı olduğu  halda lüzumsuz  işlədilən  ( rifahi – hal, sərf- nəzər,  əhvali – ruhiyyə və s.) sözlərin  əvəzinə doğma  dilin  özündə  olan, dialektlərimizdə  yaşayan  ifadələrlə əvəzlənməsini  vacib  bilir, buna  konkret  nümunələr  də  göstərirdi. Bu ənənənin  davamçısı  olan  M.Araz  canlı danışıq  dilindən  aldığı  söz  və  ifadələri  cəsarətlə poeziyaya  gətirdi, tənqid  olundu, lakin zaman  sübut etdi ki, şair  haqlıdır.

M.Araz Azərbaycan  ədəbi  dilində  sözyaratma  prosesində  yenilikçi  şair kimi  tanınır. Bu sahədə  onu  Rəsul  Rza  ilə  müqayisə  edirlər.  O, morfoloji  ( heykəlləşmək, torpaqlaşmaq, gedərgi, bölgəbazlıq) ,  sintaktik  üsulla  ( nağaraqarın , qayadöşlü, dalğasındıran, ağlıçaş)  yaratdığı,  həmçinin  dialektlərdə işlənən ( binə-yer, məkan;  irişmək- çatmaq ;  kirimək- susmaq;  çəhlim -iz; daşqır- taxılın  içində  olan daş  qırıntıları ;  gəvəzə – çoxdanışan;  səllimi – özbaşına; həvə- xalçaçılıqda alət)  söz və  ifadələri  təbii  bir  axarda, məqamında  işlədərək  orijinallıq  nümayiş  etdirmişdir.

 

Mənim  çöl əlifbam macqal  dilində

“O” keçdim – deməli,  orağı  yağla.

“C” keçdim – deməli,  cütü  qulaqla …

Nə yaxşı  əlifba “A” – dan başlanır,

Atadan  başlanır,

Anadan  başlanır.

 

M.Arazın  bədii  dilinə heyvanlığını  gizlətməyən şair  Məmməd  Aslan  yazırdı ki, “ bu  poetik  həqiqətdir ki, böyük  söz  sərraflarının  timsalında  bir dildən  yeni “dillər” puçurlayıb  pöhrələyir. Dilimizin  Füzuli  dili var, Vaqif  dili , Hüseyn Cavid dili, Səməd Vurğun dili… nəhayət , Məmməd Araz  dili var. O dil  ki, onda ancaq  Məmməd  Araz  özü “danışır”.

Azərbaycan  poeziyasının  bənzərsiz  nümayəndələrindən  olan  Məmməd  Araz ana dilimizin  qorunmasında, inkişafında və  zənginləşməsində  müstəsna xidmətləri olan  yenilikçi  sənətkardır.

Ədəbiyyat

  1. Araz. Dünya sənin, dünya mənim. Bakı, Azərnəşr, 1983.
  2. Araz. Həyatın və sözün rəngləri.(Publisistik  məqalələr). Bakı, Gənclik, 1975.
  3. Ağamusa Axundov. Dilin estetikası. Bakı, Yazıçı, 1985
  4. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə III cild, Bakı, Elm, 2007
  5. Bəkir Nəbiyev. Tənqid və ədəbi prosses. Bakı , Azərnəşr, 1976