Xəzər Universitetində Kompüter mühəndisliyi və Kompüter elmləri ixtisaslarının I kurs tələbələri arasında intellektual oyun təşkil olunub. Oyunun keçirilməsi tələbələrin şifahi və yazılı nitq bacarıqlarını zənginləşdirmək, qruplar arasında həmrəylik yaratmaq, eyni zamanda əylənərək öyrənmək üçün əlverişli mühit formalaşdırmaq məqsədi daşıyıb.
Universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərli tərəfindən “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni çərçivəsində təşkil olunan bilik yarışında 4 komanda – “Şairlər şurası”, “Nizamilər”, “Qılınc və Qələm” və “Natiqlər” iştirak edib.
Yarışın şərtlərinə uyğun olaraq, tələbələr semestr boyu öyrəndikləri mövzular əsasında öz bilik və bacarıqlarından istifadə ediblər. Nəticədə ümumi balı ən çox olan “Natiqlər” qrupu oyunun qalibi olub.