Xasıyeva Səkinəxanım Akif qızı 1990-cı ildə anadan olmuşdur. 2007-2011-ci illərdə SDU- nun Filologiya fakültəsini bitirmişdir. 2013-2016-cı illərdə ADPU-nun Filologiya fakültəsini Dilşünaslıq (Ümumi dilçilik) ixtisası üzrə bitirmiş və magistr dərəcəsi almışdır. Hazırda ADPU-nun Şamaxı filialında çalışır. (sekine_117@list.ru)
Milli dövlətçiliyimizin yaranması və inkişafında Azərbaycan dili mühüm tarixi rola malikdir. Bu dil təkcə ölkəmizdə yaşayıb fəaliyyət göstərən vətəndaşlarımızın deyil, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan çoxmilyonlu soydaşlarımızın ünsiyyət vasitəsidir.
Türk millətinin tarixi bəşəriyyətin yaranma tarixi qədər qədimdir. Türklər min illərdən bəri tarix səhnəsində yer aldıqları gündən bu günə qədər öz maddi-mədəni irsini ,dilini, yazısını yaratmış və yaymışlar. Bunu sübut edən bir çox faktlar-yazılı abidələr mövcuddur. Onlara misal olaraq Göytürk Orxon-Yenisey yazılı abidələri (“Bilgə xaqan”, “Kül tigin”, “Tonyukuk”, “Ongin”, “Uybat” və s.), Uyğur abidələri (“Kutadğu bilig”, “Altun yaruk”, “Irk bitig” və s.), M.Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri, “Yaradılış”, “Alp Ər Tonqa”, “Oğuz Kağan”, “Oguznamə”,“Gök türk”, “Ərgənəkon”, “Köç”, “Kitabi-Dədə Qorqud” və s. dastanları qeyd etmək olar.
Ümumtürk dilinin tərkib hissəsi olan Azərbaycan dili də bu gün öz tarixi köklərinə söykənərək inkişaf edib müstəqil bir dil kimi öz forma və quruluşu, normaları çərçivəsində yeni-yeni keyfiyyətlər qazanmışdır. Müasir Azərbaycan ədəbi dili tarixən bir çox sınaqlardan keçmiş, təziqlərə məruz qalmış, lakin heç bir zaman öz soykökündən uzaqlaşmamış, ulu türk dilinin qayda-qanunları çərçivəsində inkişaf etmişdir.
Müstəqillik əldə etdikdən sonrakı dövrlərdə Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış,dilimizin təkmizliyi vəinkişafı yönündə çaxsaylı tədbirlərə görülmüşdür. Elə ümummilli liderimiz H.Əliyevin apardığı uğurlu siyasətin tərkib hissələrindən biri də məhz Azərbaycan dilinin inkişafı, saflığının qorunması məsələsi olmuşdur. Bu istiqamətdə bir çox fərmanalara, sərəncamlara imza atmışdır.Hazırda onun siyasətini uğurla davam etdirən cənab prezident İ.Əliyevintəşəbbüsü ilə də dövlət dilinin saflığının qorunmasını və dildən istifadənin daha da təkmilləşdirilməsini, genişləndirilməsini təmin etmək məqsədiləəsaslı addımlar atılmaqdadır.
Məlum olduğu kimi tarixən dünya xalqları bir-biri ilə qarşılıqlı əlaqədə olmuş, bu gün də dünya dövlətləri arasında sosial-iqtisadi, siyasi, mədəni və s əlaqələr gün-gündən artmaqda və inkişaf etməkdədir.Şübhəsiz ki, bu əlaqələr dildən də yan keçmir. Məhz bunun nəricəsində dilə bir çox alınma sözlərdaxil olur və kimlik qazanır. Heç bir dil alınma sözlərdən təcrid olunmayıb və oluna da bilməz.
Dil elə bir canlı sistemdir ki, özü öz daxilində tənzimlənir və inkişaf edir. Doğrudur, dilxarici faktorlar da dilin inkişafını şərtləndirən amillərdəndir. Bu gün dünya elə bir surətlə inkişaf edir ki, istər elim ,istər həyatın digər sahələrində minlərlə yeni anlayışlar, sözlər meydana gelir. Zərurət nəticəsində bir sıra dillər, o cümlədən, Azərbaycan dili də bu kimi sözlərə ehtiyac duyur. Lakin unutmamalıyıq ki, alınma sözləri heç bir dil birbaşa qəbul edib onu mənimsəmir. Bu prosesin özü də uzunmüddətli bir prosesdir və bir neçə mərhələdən keçir. Əgər söz cəmiyyət tərəfindən mənimsənilirsə, bu halda vətəndaşlıq hüququ qazanaraq dilin lüğət fonduna daxil olur. Əks təqdirdə söz dilə heç cür yol tapa bilmir.
Bu gün cəmiyyətdə dildə mövcud olan bütün və ya əksər alınma sözlərin milliləşdirilməsi kimi yalnış yönə istiqamətlənmiş bir tendensiya formalaşmışdır. Doğrudur, milliləşmə hal-hazırda dilimizin saflığının qorunmasında ən önəmli və effektli məsələlərdən biridir. Hələ keçən əsrində bu xüsusda çox əhəmiyyətli addımlar atılmış, bir çox alınma sözlər milli sözlərlə əvəz olunmuşdur. Bu əvəzolunma prosesi çox uğurlu alınmış, yeni milli sözlər xalq tərəfindən qısa müddətdə qəbul olunmuş və asanlıqla mənimsənilmişdir. Məs, nəfəslik, çimərlik, öndər, soyad, soyqırımı, cangüdən,toplu, toplum, bağımsız və s.Lakin bu o demək deyil ki, dildə olan bütün alınma sözləri bu yolla milliləşdirmək olar. İlk növbədə dilin daxili imkanları buna imkan verməlidir. Əgər bu gün hər hansısa bir alınma sözü milliləşdirmək mümkün deyilsə, bunu məcburi şəkildə etmək lazım deyil. Əks halda dildə özünə yer tapmayan, kütlə tərəfindən qəbul olunmayan bayağı vahidlər yaranmış olacaq. Ola bilər başqa bir türk dilində hər hansısa bir alınma söz uğurla milliləşdirilib. Bu o demək deyil ki, Azərbaycan dilində də həmin söz mütləq milliləşməlidir. Eyni kökdən olsaq da, oxşar fonetik, leksik, qrammatik quruluşa malik olsaq belə hər bir dilin öz daxili inkişaf qanunauyğunluqları var. Dil canlı bir sistemdir.Daima inkişaf edir, dəyişir. Heç bir zaman qondarma şəkildə ona zorla yapışdırılan sözleri qebul etmir.
Bundan başqa dildə alınma sözlərin mövcudluğu onun inkişafını ləngitmir, əksinə dili inkişaf etdirir, lüğət fondunu zənginləşdirir. Alınma sözün milliləşməsinə dilin daxili imkanı çatmırsa, deməli həmin alınmanın işlənməsi labüddür.Alıma sözlər o halda dilə zərbə vurub, onun inkişafını ləngidə bilər ki, onlardan yerli-yersiz istifadə olunsun və ya dildə qarşılığı olduğu halda alınma sözlərə üstünlük verilsin.
Müasir ədəbi dilinin saflığının qorunmasında KİV-in də rolu böyükdür. Çünki geniş auditoriyaya malik olan KİV bu gün hər kəsin evinə asanlıqla daxil olaraq gənc nəsilin maariflənməsində, tərbiyələndirilməsində əvəzsiz rola malikdir. Belə bir ağır, şərəfli, məsuliyyətli yükü öz çiyinlərində daşıyan KİV-lər dilimizin təmizliyinin qorunmasında, ədəbi dilin normalarına uyğun yazılı və şifahi nitqin inkişafında müstəsna rola malikdir. Bu səbəbdən də istər şifahi, istərsə də yazılı kütləvi informasiya vasitəri, xüsusəndə günün tələbi olan sosial şəbəkələrdə ədəbi dilin bütün normalarının qorunmasına xüsusi diqqət yetirməlidirlər. Lakin danılmaz faktdır ki, bəzi hallarda KİV-də, ələlxüsus da, sosial şəbəkələrdə ədəbi dilin normaları kobud şəkildə pozulur.Təbii ki, bunun da müxtəlif səbəbləri var. Əgər biz bu gün dilimizin inkişafı və qorunması haqqında danışırıqsa, bu kimi məsələlərə xüsusi olaraq diqqət yetirməliyik.
Hazırda Türkologiyanın qarşısında duran ən ümdə məsələlərdən biri də məhz ortaq türk dilinin yaradılmasıdır ki, bu da öz növbəsində dilimizin zənginləşməsinə və saflığının qorunmasına öz müsbət töhfələrini verə bilər.Məsələn, bu gün Azərbaycan dilində elə alınma sözlər vardır ki, onun qarşılığı dilimizdə öz əksini tapmayıb. Əgər ortaq türk dili yaradılarsa, bu istiqamətdə əsaslı işlər görülərsə, başqa türk dillərinin imkanlarından istifadə etməklə həmin alınma sözü əsl türk sözü ilə əvəz edə bilərik. Bu minvalla həm dilimizin lüğət fomdu zəngilləşər, həm də dilimiz safaşıb yad ünsurlərdən azad olmuş olar. Eyni ilə bu proses digər türk dillərində də baş verməklə özləşmə meylini gücləndirmiş olacaq.
Hər bir dilin əsas bazasını, lüğət fondunu milli sözlər təşkil edir. Müasir Azərbaycan dilinin də əsasını milli sözlərimiz- əsl türk mənşəli sözlər təşkil edir. Məhz elə bu sözlərin kəmiyyət və keyfiyyətcə üstünlüyü, poetik gücü, çoxmənalılığı, obrazlılığı dilimizin zənginliyini şərtləndirən amillərdir.Dilimizdə olan milli leksemlərin alınma leksemlərdən bir əsas üstünlüyü ondan ibarətdir ki, sözyaratma prosesində alımaları geridə qoyurlar. Təbii ki, bu da milli sözlərimiz vasitəsilə dilimizin təmizliyinin, saflığının qorunmasına öz müsbət töhvələrini vermiş olur.
Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir.Bu gün bu milli sərvətimizi qoruyub inkişaf etdirmək hər bir vətəndaşın ən ümdə vəzifəsi və borcudur.
ƏDƏBİYYAT
- A.Sadıqlı. Ümummilli lider H.Əliyev və Azərbaycan dili. Bakı 2011
- B.Xəlilov. Türkologiyaya giriş. Bakı: Nurlan, 2006.
- N.Cəfərov. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. Bakı, 1995.
- Xudiyev N. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı, 2012.