Ev Araşdırma Azərbaycan sufi folkloruna bir baxış – Bilal Alarlı yazır

Azərbaycan sufi folkloruna bir baxış – Bilal Alarlı yazır

1500

Ədəbiyyatımızda sufi, dərviş, mürid, mürşid ənənələrini xatırladan əsərlər çoxdur. “Kitabi-Dədə Qorqud” dastanında “qara donlu dərviş”dən söhbət açılır. Burla Xatun Qazan xana deyir ki, “quru-quru çaylara su saldım, qara donlu dərvişlərə nəzir verdim”.

Göründüyü kimi, dastanın yaradıldığı dövrdə dərvişlər inanc yeri olmuş, hətta onlardan dilək diləmişlər. Sufiliklə bağlı ifadələrə orta yüzilliklərin yazılı ədəbiyyatında daha çox rast gəlirik. Həmçinin, Azərbaycan ərazisində sufilərə məxsus çoxlu sayda pir qəbirlər, məbədlər, abidələr və ziyarətgahlar mövcuddur. Bu da onu göstərir ki, bölgədə İslamın inkişafında sufilərin mövqeyi böyük olmuşdu.

Azərbaycanda təsəvvüf tarixində mühüm yer tutan şəxsiyyətlərdən biri Veysəl Qaranidir. Bu şəxsiyyət Məhəmməd peyğəmbərin dövründə yaşamışdı. Amma tarixi sənədlər Azərbaycanda təsəvvüf hərəkatının X əsrdən başladığını təsdiq edir. Bu dövrdə sufi alimlər yetişmişdir. Buna görə də, həmin dövr təsəvvüf tarixçiləri tərəfindən “təsəvvüfi dövr” adlandırılır. Təsəvvüfi dövrün sufi alimləri Əbu Hüseyn Dündari-Şirazi, Hüseyn ibn Yəzdinyar, Əbu Həsən, Əbu Züra, Əbu Abbas, Əbu Səid Abdal Bakuvi, Əli ibn Məhəmməd ibn Abdullab Bakuvi, Hüseyn Şirvani, Əbu Abbas Əhməd, Əxi Fərəc Zəncani, Baba Fərəc, Xacə Məhəmməd Xoşnam, Hüseyn Mərəndi, İbrahim Təbrizi, Əbülfərəc Əbülvahid Varsani,  Səid Bərdəyi, Əbubəkr Əbhəri və Əbdülqahir Sührəverdidir.

XII yüzillik Azərbaycan təsəvvüfündə təriqətlər dövrünün başlanğıc mərhələsidir.  Azərbaycan bu dövrdən etibarən təriqətlər mərkəzi kimi tanınır. Qeyd olunur ki, təsəvvüf hərəkatı olan əxiliyin Anadolu qolu, həmçinin, təriqətlərdən sührəverdilik, hürufilik,  zahidilik, əfəvilik, xəlvətilik, xəlvətiliyin qolları rövşənilik və gülşənilik təriqətləri Azərbaycanda yaranır və buradan İslam dünyasına yayılır. Azərbaycanda yəsəvilik və nəqşibəndilik kimi təriqətlər də geniş areal qazanır. İslam aləmində yayılmış təriqətlərin və Sufi cərəyanlarının bir neçəsi Azərbaycan mənşəlidir. Azərbaycanda müstəqil sufilər də olmuşlar. Bu dövrdə Azərbaycanda qələndərilik,  bəktaşilik, mövləvilik,  nemətullahilik, məlamətilik kimi təriqət təmsilçiləri də yaşamışlar. Şeyx İbrahim Şirvani, Mərəzəli Diri Baba, Şeyx Rza Sultan, Əfşar Baba ziyarətgahları vaxtilə sufi məbədləri və təkyələri olmuşdu.

Təsəvvüfdə var olmanın və ilahi var olmaya yetişmənin təməlində Eşq dayanır. Allaha yalnız Eşqlə yetişmək mümkündür. Azərbaycan klassik ədəbiyyatında da eşq və ilahi eşq aparıcı mövqedədir. Sufi şairlərə görə həbib, məhbub, məşuq və sevgili Allah deməkdir. Azərbaycanda təsəvvüf ədəbiyyatı nümunələrini Baba Kuhi Bakuvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Fəzlullah Nəimi, Şah Qasım Ənvar, Dədə Ömər Rövşəni, İbrahim Gülşəni, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Əbülqasim Nəbati, Mir Həmzə Nigari, Mirzə Şəfi Vazeh kimi Sufi şairlər yaratmışlar.

Sufilik bir dini baxış sistemi olaraq yazılı ədəbiyyatda iz buraxdığı kimi, şifahi xalq ədəbiyyatında da tamamilə orijinal olan janrların yaranmasına səbəb olmuşdu. Sufi deyimləri, sufi tamaşaları vaxtında yazıya alınmadığından diqqətdən kənarda qalmışdı. Mürşidlərin və müridlərin məsləhətləri, nəsihətləri öyrənilməyə layiq nümunələrdir. Dərvişlərin, qələndərlərin avazla oxuduqları dini şeirlər janr baxımından maraq doğurur. Dərvişlərin qavalla, dəflə olan meyxana yarışları, deyişmələri və bu meyxana gecələrində nümayiş etdirdikləri tamaşalar, ilahi rəqslər və bu ilahi rəqsləri müşayiət edən emosional-deklamatik mənsur şeir parçaları folklor örnəkləri kimi araşdırmaya möhtacdır.

Sufi folkloruna daxildir:

1. Klassik janrlarda olan dini folklor örnəkləri. Buraya qəzəl, qəsidə, müxəmməs, mərsiyə və digər janrlarda söylənilmiş, müəllifləri unudulmuş, dövrün və ifa məqamınin tələblərinə uyğunlaşdırılmış nümunələr daxildir;

2. Aşıq şeiri üslubunda olan dini folklor örnəkləri. Buraya qoşma və gəraylı janrlarında olan dini şeirlər, o cümlədən, dərvişlərin və qələndərlərin deyişmələri daxildir;

3. Xalq şeiri üslubunda olan dini folklor örnəkləri. Buraya bayatı, ağı, şivən, qıyha, bozlama, sızlama və sair şəkillərdə olan mənzum dini parçalar daxildir;

4. Dərviş toylarında oxunan nəğmələr. Bu nəğmələr melodik ritmlə, çox hallarda qaval və dəfin müşayiəti ilə ifa edilir;

5. Dini meyxanalar. Bu tipli meyxanaları dinin özüllərinə bələd olan bədahət sahibləri xüsusi avazla söyləyirlər;

6. Şəbihlər və digər dini tamaşalar.

Göründüyü kimi, dərvişlərin söylədikləri hədislər, müridlərin və mürşidlərin nəsihətləri, deyimləri, müdrik kəlamları, həmçinin, şəbih tamaşaları da Sufi folklor örnəkləridir. Araşdırmalar sübut edir ki, şəbih tamaşalarını əsasən dərvişlər hazırlayıb nümayiş etdirirmişlər. Sufi folklorunda təriqətlər, dini cərəyanlar görünmür. Sufi folkloru əsasən Kərbəla vaqiəsi, şiə əxlaqı, adət-ənənələri ilə bağlıdır.

Orta yüzilliklərdə Xanəgahlar dini mərasimlərin hazırlanma, təşkil olunma və təbliğ edilmə mərkəzləri idi. Xanəgahlar mədrəsələrlə bəhsə girərək Quran dərsləri təşkil edir, klassik şeir formalarında (daha çox əruz vəznində və şifahi xalq şeirləri janrlarında) öyrətimlər aparır, şəbih tamaşaları üçün ssenarilər hazırlayır, meyxanalar qoşub-düzürdülər. Sufilərin apardıqları şənliklər “Dərviş toyları” adlanırdı. Dərviş toylarında dini şeirlər xüsusi avazla və musiqi alətlərinin müşayiəti ilə söylənilir, meyxanalar deyilir, dərvişlərin deyişmələri təşkil olunurdu. Sufi toylarını xüsusi qabiliyyəti olan ifaçı dərviş aparırdı. Onu da deyim ki, qatı dindar olan şəxslər bu gün də övladlarına dərviş toyu edirlər. Dərviş toyunun maraqlı məqamı qadınlar məclisində baş verir. Burada xanım dərvişlər rəqslərin ifasından tutmuş gəlin tərifinədək bütün mərhələləri məharətlə təşkil edirlər. Xanım dərvişlərin söylədikləri bayatılar, döndərməli nəğmələr, hətta təşkil etdikləri deyişmə yarışları bədahətlər üzərində qurulur. Sufilər yas məclislərinə dəvət alır, burada Allahın, Peyğəmbərin, imamların şəninə bədahətlər söyləyirdilər. Yas mərasimlərində ölənin şəninə ağılar, şivənlər, bozlamalar, sızlamalar deyirdilər.

Bu mənsur mətn Tanrıya edilən duadır: “Qüdrətini tam vəsf etmək üçün meşələr qələm dəryalar mürəkkəb olsa da, yenə yazıb qurtarmaq mümkünsüzdür. Sayların sonu qədər şükür sənə. Öz əməlimizində nizamını bizə tapşırma, özün nizamla! Ya Ərhəmərrahimin, bizi bizdən gözəl bilən sənsən, rəhmlilərin rəhmlisi olduğun üçün bizləri bir an da özbaşına buraxma”. Tanrıya duaların çoxu mənzum şəkildə olur. Məsələn, aşağıda nümunə gətirilən Tanrı duası qoşma şəklindədir:

Ya Rəbbim, rəhmini əsirgəmə sən,
Rəhminsiz bir anda yaşıyammaram.
Əlim ətəyindən üzülsə bir an,
Bu ömür yükünü daşıyammaram”.

Aşağıdakı mətn isə daha çox emosional avazla söylənmiş şükranlıq duasıdır:

Yatdım, durdum, yaşadım,
Elədim şükür sənə.
Azdır yenə dincəlmədən
Eləyim şükür sənə.
Bilirəm rəhm edənsən,
Əl açıb şükür edənə.
Allahım şükür sənə,

Seyyid Miryusif ağadan qələmə alınan mərsiyə isə ibrətamiz xarakterlidir:

Əzizim, fanidir dünya,
bu dünyada vəfa yoxdur,
Cəfa çoxdur bu dünyada,
vəli axır səfa yoxdur.

Mərsiyə, sinəzən, nohə, cuşi kimi mənzum Sufi folklor örnəkləri janr xüsusiyyətlərini klassik ədəbiyyatdan alsa da, tamamilə fərqli şəkildədir. Məsələn, mərsiyələrin çoxu gəraylı, qoşma və bayatı formasındadır ki, bunlar da Azərbaycan şifahi xalq ədəbiyyatına xas janrlardır. Yaxud hədislər dini rəvayətlər sayılır və rəvayətin bir növüdür. Dualar və bəddualar artıq folklorun janrları kimi sabitləşmiş şəkildə araşdırılır.

Mərsiyələr Sufi folklor ənənəsinə uyğun şəkildədir və demək olar ki, bu nümunələrdə mərsiyənin klassik janr tələbləri deyil, şifahi xalq şeirinin üslubi keyfiyyətləri üstünlük təşkil edir.

Sufi folklorunun epik növündə dərvişlər və qələndərlər haqqında nağıllar üstünlük təşkil edir. Belə nağıllarda dərvişlər xeyir-dua verən ağsaqqallar kimi təsvir olunur, müqəddəs sayılır, ziyarət olunur, dərvişin yaşadığı Xanəgah ibadətgah kimi qələmə verilir. Dərvişlərin bir neçəsi isə qoşma və gəraylı şəklində dünyəvi şeirlər qoşur, daha çox nəsihət və məsləhət xarakterli bədii nümunələr yaradırdılar. Dərviş və qələndər lətifələri, rəvayətləri, əfsanələri də janr baxımından maraq doğurur.

Bir maraqlı faktı da yazmağı vacib bilirəm. Qadın dərvişlərə və yalnız xanımlara məxsus ziyarətgahlar xüsusi diqqət çəkir. Duaların kökündə xəstə uşaqlar, uşaq arzusunda olanlar, övladı hərbi xidmətdə, uzaq məmləkətdə olanlar durur. Ziyarətgahlar dini mərasim və bayramlarda (Aşura günü, Orucluq, Qurban və Novruz bayramlarında) daha gur olur. Yığılan nəzirlər imkansız adamlara paylanır. Ən maraqlı məqam isə qadınların bu dağılmış Sufi məbədinin yerində avazla qəmli nəğmələr oxumalarıdır. Görünür, bu oxunan nəğmələr də Sufilərin söylədikləri mərsiyələr qədər dəyərlidir. Təəssüf ki, Sufi məbədlərini ziyarət edən qadınların bu folklor mərasimi kimsənin diqqətini çəkməmişdir və tədricən unudulub getməkdədir.

Birmənalı şəkildə demək olar ki, Sufi qadınlar və onların yaradıcılığı diqqətdən kənarda qalmışdır. Çox təəssüf ki, qədim və orta yüzilliklərin inanclarını əks etdirən qəbirüstü abidələr də yetərincə araşdırılmamışdır. Hər bir mədəniyyətin ayrılmaz bir hissəsi olan adət-ənənələr və bu adət-ənənələrin tərkib hissəsi olan dəfn mərasimləri, təkcə xalqların mədəniyyətlərini deyil, həm də bu xalqların tarixinin əlaqəli şəkildə öyrənilməsində əvəzedilməz rol oynayır.

Sufi folklorunun toplanılması, öyrənilməsi və araşdırılması həm ilahiyyatçılar, həm də folklorşünaslar üçün maraqlıdır. /525-ci qəzet/

Bilal ALARLI
filologiya üzrə fəlsəfə doktoru,
ADPU Cəlilabad filialının müəllimi.