Ev Bədii Azca lacivərd – Nargis

Azca lacivərd – Nargis

356

Olmazlara meyilli ruhuma toxunan ən qadağan olunmuş rəngsən…

Bir az qırmızı, azca lacivərd…

Azca yalın, azca yalqız…

Bütün boşluqlarıma birnəfəsə doldurduğum yalanım, zəifliklərim, başıma bəla söyüşlərim, qalmaqallarımın açması,

Ağlasığmaz günahlarımın səbəbisən…

Antidepresantım…

Morfinvarı basıram yaralarımın üzərinə səni, sayıqladırsan…

Güvəndiyim dağlarımın qarı!

Qorxuram, hamı eşidəcək günahlarımı, çiynimdəki mələklərim üz döndərib tərk edəcəklər məni…

Bilirəm, inanmayacaq tövbələrimə bu dəfə Tanrı, lənətləyəcək, bağlayacaq üzümə dərgahını… Bizi ilk sən unutmuşdun…

Xatırlayıram, bir dəfə əlində bərk-bərk çobanyastığı tutmuşdun.

Günəşin şüaları dolmuşdu qəmzələrinə, o rəsmdə kiməsə bax beləcə, doğma gülmüşdün…

Sənin göy üzündə par-par yanan ulduzların, Mənim nimdaş, bomboz dünyam…

Ağrılarım, bircə ağrılarım rəngarəngdir.

Səkkizguşəli bir qızmar möhür kimi basılıb ürəyimə… Dağıdır zərrələrimi qadağan olunmuş yad bir hiss… Uçurumlarımdan ən amansız intiharım…

Bəlkə də xətaların səbəbi mənəm. Bəlkə də şikayət etməməliyəm. Oksigensiz qalıram, gülmə! Başa düşmürsən, mən sənə “getmə” – deyə bilmərəm!

Amma getmə!!!