Ev Publisistika Azərbaycançılıq və Azərbaycan dili

Azərbaycançılıq və Azərbaycan dili

3328

Azərbaycançılıq ideyasının əsas atributlarından biri Azərbaycan dilidir. Ulu Öndər Heydər Əliyev dönə-dönə deyirdi: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir.

Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.

Dili milli ruhun, milli ideologiyanın güzgüsü hesab edirlər. Dil nəinki xalqın ideologiyasının, hətta xalqın özünün formalaşmasında əsas rol oynayır. Alman tədqiqatçısı V.Humbolt da xalqın mənəvi xüsusiyyətlərinin onun daşıyıcılarının dünyagörüşünün dildə ifadə tapdığını göstərir. Xalqın mənəvi özünəməxsusluğu və dilin quruluşunun çox dərin köklərlə bir-birinə bağlı olduğunu, dilin xalqın ruhunun xarici təzahürü, ruhu, ruhunun isə onun dili olduğunu iddia edən Humbolt insanı əhatə edən gerçəkliyin və ətraf mühitin dillə şərtləndiyini, dilin danışıqlar üzərində tam hakim olduğunu göstərir. Humbolt insana, onun təfəkkürünə, dilinə və obyektiv gerçəkliyə özünəməxsus münasibət bəsləyərək, milli xüsusiyyətləri bir qədər şişirdirdi. Humbolt dilə ideal varlıq kimi baxmışdır: “Dil daxili varlığın orqanıdır, hətta bu varlığın özüdür.”

Dil nəinki xalqın ideologiyasının, hətta xalqın özünün formalaşmasında əsas rol oynayır. Azərbaycan tarixində azərbaycançılıq milli ideologiyanın formalaşmasında XX əsrin əvvəllərində ədəbi dil uğrunda gedən mübarizə mühüm rol oynadı. Azərbaycan ədəbi dili uğrunda mübarizə aparanlar “azərbaycançılar”, dili geniş türk dünyası anlamında başa düşənlər isə “osmanlıpərəstlər” adlanırdı. Bu mübarizə azərbaycançılıq, milli özünüdərkin və milli şüurunun formalaşmasında həlledici rol oynadı. Bu mollanəsrəddinçilər və fyüzatçılar arasında gedən mübarizə idi. Fyuzatçılar azərbaycançılığı, Azərbaycan ədəbi dilini müdafiə edənləri kəskin tənqid edərək göstərirdilər ki, Qafqaz türkləri (azərbaycanlılar) bütün digər türk xalqlarının eyni dil formasını, müəyyən dəyişikliklər edilmiş Osmanlı variantını qəbul etməlidirlər.

Onlar Azərbaycan dilinin mücərrəd anlayışlar ifadə edə bilmədiyini, dərin mühakimələrdən məhrum olduğunu, Qafqaz türklərinin (azərbaycanlıların) zehni inkişafdan geri qaldıqlarını ifadə edirdilər: “Ana dili dediyimiz bu lisanın əsrlərdən bəri tərəqqi edən ərsami-siyasət, fəlsəfə və fünun ilə münasibəti olmamış, binaənəleyh o yoldakı təkamül və tərəqqidən mərhum qalmışdır.”

Azərbaycan dili uzun əsrlər boyu cilalana-cilalana formalaşmış, inkişaf etmiş və azərbaycançılıq xalqın milli şüuruna, ideologiyasına, zehni inkişafına təsir etmiş, ictimai həyatın bütün sahələrini əhatə edən düşüncələri ifadə etmişdir.

Azərbaycan ədəbi dili orta əsrlərdə formalaşsa da, XIX-XX əsrlərdə milli dilə və milli dövlət dilinə çevrilmişdir. “Azərbaycanda dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında” Fərmanda Azərbaycan dilinin qədim dövrlərdən böyük inkişaf yolu keçdiyi şifahi, yazılı dillə yanaşı bədii, elmi, fəlsəfi üslubun inkişafı, eləcə də, azərbaycançılığın, milli şüur və ideologiyanın formalaşmasına təsir mexanizmi açılıb göstərilmişdir: “Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır… Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşdirilməsində nəzəri-dilçilik ideyaları təzahür edir.

XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur.” Bu dövrdə milli dilə, sonralar isə milli dövlət dilinə çevrilən Azərbaycan dili da da zənginləşmiş ideoloji mübarizənin mərkəzində durmuşdur.

Azərbaycançılıq ideologiyası Azərbaycan mədəniyyəti və sivilizasiyasının təməlini təşkil edən güclü mənəvi qüvvədir. Şərq, dünya, Avropa mədəniyyətlərinin sintezini özündə birləşdirən çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün ən mühüm ideologiya olan azərbaycançılıq tarixi zərurətdən yaranmışdır.

Beləliklə, azərbaycançılıq milli-etnik, ümumbəşəriliyin və mədəniyyətlərin müxtəlifliyinin vəhdəti olub xalqın milli-tarixi və mədəni yaddaşında və genində qorunub saxlanmış, islamçılıq, türkçülük, müasirlik, Avropa, Asiya, Qərb və Şərq dəyərlərini özündə birləşdirmişdir. Məlumdur azərbaycançılıq milli Azərbaycan ieologiyasının aparıcı tərkib hissəsi olmuşdur.

Azərbaycançılıq bütün azərbaycanlıların milli-mədəni vəhdəti kimi çıxış edir. Y.Qarayev azərbaycançılığın məhz bu cəhətinə görə Azərbaycanda qüdrətli mənəvi qüvvə olduğunu xatırlayır: “Taleyüklü, ulusal bir sərvət kimi milli vəhdət ideyası ərazidən də əvvəl əhaliyə aid bir ideyadır”. O, milləti məhv etməyə hazır bir cəmiyyətin (etnos, tayfa, qrup, tirə, qövm) gec-tez torpağın bölünməsinə, ərazinin itməsinə də gətirib çıxara biləcəyini göstərir: “Ərazi vəhdətini bir problem kimi ümummilli vəhdət ideyasından ayırmaq qeyri-mümkündür. “Azərbaycan” sözü bütün qövmlərin vəhdət və birliyi deməkdir. Bunu göz bəbəyi kimi qorumaq, qədrini-qiymətini bilmək lazımdır. Təkcə qövmü yox, sinfi vahidləri və qütbləri də (təbəqə, qrup, qat, silk, firqə…) mən eyni, bütöv milli vəhdətin tərkib hissələri hesab edirəm”.

Azərbaycançılıq ümummilli ideologiya, milli vəhdət və milli-mədəni vəhdət məfkurəsi kimi cəmiyyətdə səfərbəredici, birləşdirici, ruhlandırıcı rol oynayır. Milli mədəniyyət azərbaycançılıq milli ideologiyasının ideya mənbəyi olduğu kimi, həm də ideologiyanın dövlət və xalq üçün zəruri mənəvi, siyasi fəaliyyətinə təkan verən dil, mentalitet, milli xarakter və milli psixologiyanın ifadəsi kimi də çıxış edir.

Milli mədəniyyət və milli ideologiya qlobal mədəniyyətə qovuşaraq ümumbəşəri mənəvi-mədəni dəyərlərlə birləşir, Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi qlobal və yerli düşüncə tərzlərinin birliyini yaradır, ölkədə və ölkədən xaricdəki bütün azərbaycanlıların mənəvi imperativinə çevrilir.

Dünyanın ən nadir mədəni sivilizasiyalarından və milli-etnik tərkibilə özünəməxsus bir demokratik, hüquqi dövlət olan Azərbaycanda müxtəlifliyin vəhdəti hakimdir. Azərbaycanda reallaşan mədəniyyət və milli ideologiya “Azərbaycan xalqının ortaq dəyərlər və davranış münasibətləri adlı məkanın formalaşmasına, etnik şüurda hər bir qatın statusunu sezməyə imkan verir, özünün real, tarixi-mədəni varlığının subyekti olmasına şərait yaradır.

Azərbaycanda mədəniyyətlər və dinlərarası durum, etnik-milli-bəşəri müstəvilərin ahəngdar mövcudluğu baxımından dünyaya örnək ola bilər”(16. 257).

Heydər Əliyev azərbaycançılıq ideologiyasını və azərbaycanlıların ortaq mənəvi-mədəni dəyərlərini “ən başlıca sərvət” hesab edirdi.

Azərbaycanda bütün etnik birliklərin nümayəndələri bir azərbaycanlı, Azərbaycan vətəndaşı kimi tolerantlıq, humanizm, xeyirxahlıq şəraitində azərbaycançılıq ideologiyasını və ölkəmizdə formalaşan mədəniyyəti özünün mənəvi-mədəni sərvəti sayır. Azərbaycanın gələcək inkişafı azərbaycançılıq və Azərbaycan mədəniyyətinin birləşdirdiyi bütün xalqların və dünya azərbaycanlılarının birgə fəaliyyətindən asılıdır.

Qüdrətli şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin – azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramaları – böyük strategiyanın təməl faktları idi.

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.

Akademik R.Mehdiyev “Heydər Əliyevin siyasi portretinin cizgiləri” məqaləsində yazır: “Hamıya məlumdur ki, xalqın ümummilli mənəvi birliyinin Heydər Əliyev tərəfindən yaradılması konsepsiyasında Azərbaycan dili çox mühüm yer tutur. Heydər Əliyev özü bu dilin parlaq bilicilərindən olmuşdur. Onun nitqləri, çıxışları, müsahibələri yeni siyasi üslubu formalaşdırmış və Azərbaycan dilini o qədər əhəmiyyətli dərəcədə zənginləşdirmişdir ki, tədqiqatçıların hələ neçə-neçə nəsli natiqlik sənətinin bu nümunələrinə müraciət edəcəkdir.”

Ulu Öndər Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi; “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki öz dilimizlə- Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu, reallıqdır.

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də, dünyada yaşayan bütün azərbaycanlıların dili olsun.”

Ulu Öndərin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir… İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər.” Bu sətirlərdə Heydər Əliyev siyasətinə, Onun ideologiyasına qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru