Ev Araşdırma Bakıda Əbdülhəmid Çolpanın fotoşəkli tapılıb

Bakıda Əbdülhəmid Çolpanın fotoşəkli tapılıb

1101

Umud BEKMUHƏMMƏD
Tədqiqatçı

“Bakı arxivində böyük özbək şairi Əbdülhəmid Çolpanın (1893-1938) canlı obrazının (kinolentində) tapılması elmimiz və sənətimiz üçün bir yenilik hesab edə bilərik”, – deyə əndicanlı tarixçi professor Rüstəmbek Şəmsutdinov bildirib.

XX əsr klassik özbək ədəbiyyatını cədidçi Əbdülhəmid Süleyman oğlu Çolpansız (1898-1938) təsəvvür etmək çətindir. Azadlıq və Eşq tərənnümcüsü olan, eyni zamanda istiqlalçı şair Ə.Çolpanın həyatı və yaradıcılığı, adı tarixdə “böyük terror” kimi keçən 1938-ci il repressiyasının qurbanı olduğu üçün müstəqillik dövrünə qədər tədqiq edilməyib.

Yalnız müstəqilliyimizin ilk illərində Azad Şərafuddinov, Naim Kərimov, İbrahim Haqqul, Dilmurad Qurbanov, Şirəli Turdiyev, Azərbaycanda Xəlil Rza, Almaz Ülvi və başqa onlarla fədakar ədəbiyyatşünasların səyləri ilə Ə.Çolpanın ədəbi irsi və şəxsiyyəti tədqiq edilməyə başladı və bu proses hələ də davam edir.

Məlum ki, Ə.Çolpanın obrazını əks etdirən fotolar məlumdur. Lakin fotoların əksəriyyətində Çolpanın 1930-1937-ci illərdəki şəkilləri təqdim edilir. Yəni Çolpanın gənclik şəkli yaxın günlərimizə qədər əldə olmayıb. Nə xoş hadisə ki, əndicanlı professor Rüstəmbek Şəmsutdinovun Azərbaycandakı araşdırmalarında film lentlərindən Çolpanın indiyədək məlum olmayan obrazını tapıb.
Rüstəmbek Şəmsutdinov – tərix elmləri doktoru, “Miras” Beynəlxalq Elmi-Praktiki Ekspedisiya İctimai Fondunun sədri, “Vadinamə” jurnalının baş redaktoru, Əndican Dövlət Universitetinin Repressiya Qurbanları Muzeyinin direktorudur. Özbəkistan tarixinə dair bir çox monoqrafiya və vəsaitlərin muəllifidir. Onun “Vətən tarixi”, “Özbəkistan tarixi” əsərləri ali təhsil müəssisələri üçün 4 dəfə təkrar nəşr edilmişdir. Özbəkistanın əməkdar mədəniyyət işçisi Rüstəmbek Şəmsutdinov xarici ölkələrin arxivlərində yaradıcılıq ezamiyyətində olarkən ölkəmizin tarixinə dair bir çox sənədləri əldə edərək elmi istifadəyə verib. Bakıya növbəti ezamiyyətlərinin birində araşdırmalar əsasında Çolpanın gənclik şəklini taparaq Əndican muzeyinə təqdim edib.

Professor Rüstəmbek Şəmsutdinovla söhbətimiz onun qardaş Azərbaycana, Bakıya olan elmi səfərinin təəssüratları ilə bağlı oldu.
– Rüstəmbek domla (müəəlim), ilk növbədə, Çolpanın fotosunun Bakıda tapılmasından söz açmazdan əvvəl, Azərbaycana səfərləriniz barədə söhbətlərinizi dinləmək istərdik.

– Azərbaycan və qardaş Azərbaycan xalqının dünya sivilizasiyasında özünəməxsus yeri olması haqqında çox danışmaq olar. Xüsusən də xalqlarımız arasındakı dostluq münasibətləri romanların, dastanların mövzusu ola bilər. Mən ilk dəfə 1984-cü ilin 23-26 mayında beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda olmuşam. O vaxt Moskvada – SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunda doktoranturada oxuyurdum. Bakıya ilk səfərimdə müəllimim, akademik Y.A.Polyakovla getmişdim. Həmin elmi səfərimiz zamanı ustadımın dəstəyi ilə Azərbaycan va digər ölkələrdə tanınmış akademiklər – Əlisöhbət Sumbatzadə və Püstəxanım Əzizbəyova ilə tanış oldum. Məşhur şərqşünas alim, tək azərbaycanlıların deyil, bütün türk xalqlarının fəxri Ziya Bünyadovla 1994-cü ildə Ankarada tanış olduğumu da fəxrlə xatırlayıram. O zaman Türkiyədə keçirilən Beynəlxalq Türk Dünyası Xalqlarının Tarixi Qədimdən bu günə Təşkilat Komitəsinin iclaslarında iştirak etmək və Ziya Bünyadovun çıxışlarını dinləmək şərəfinə nail olmuşam.

Bakıda ikinci dəfə 2016-cı ilin dekabr ayında olmuşam – Şirvanlı Mərdan Camalovun oğlu Həsənin toyunda iştirak etməyə getmişdik. Mərdan Camalovla Kislovodskdakı “Zarya” sanatoriyasında istirahətdə olarkən tanış və dost olmuşduq. Toy günlərində Bakıdan böyük dostlar qazandığım, şəhərin diqqətəlayiq tarixi-memarlıq abidələrini, o cümlədən Əlişir Nəvainin heykəlini ziyarət etdiyim və çoxlu təəssüratlar aldığım da yadımdadır.
Bakıya üçüncü səfərim mənim üçün böyük yenilik oldu. Əslən əndicanlı olan, həmyerlim Çolpanın canlı obrazını Bakıda tapdım.

– Elmi yenilik olan bu səfər təəssüratlarınız barədə ətraflı məlumat verə bilərsinizmi?
– 2017-ci il 9-16 oktyabr tarixlərində Bakıya səfərimizin əsas məqsədi Çolpanın həyat və yaradıcılığına həsr olunmuş sənədləri, fotoşəkilləri və kinoxronikaları tapmaq, elmi araşdırmalar aparmaqla yanaşı, gördüyüm işləri ictimaiyyətə çatdırmaq idi. Çünkü 22 yaşlı Çolpanda1920-ci il sentyabrın 1-7-də Bakıda keçirilən “Şərq xalqlarının Bakı qurultayı”nda iştirak etmişdir. Bundan əlavə, Azərbaycan və Özbəkistan arasında sosial, iqtisadi, mədəni, təhsil əlaqələrinin, dostluğunun tarixinə dair digər sənəd və materiallar əldə etmək məqsədində idim.

Bu niyyətlə Bakıya gələndə Həsənbəy Zərdabi küçəsi 593 ünvanında yerləşən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin direktoru, tarix elmləri namizədi Emin Məmmədağa oğlu Sərdarov bizi hərarətlə və mehribanlıqla qarşıladı. O, arxivdə 45 ildən artıq fəaliyyət göstərən, Azərbaycanın əməkdar mədəniyyət xadimi Sima Babayevanı çağırıb, Şərq Xalqlarının I Qurultayının materialları ilə tanış olmamızı, onların kserokopiya və elektron nüsxələrini çıxarmaqda bizə köməklik göstərməsini xahiş etdi. Biz Sima Babayeva ilə sənədlər saxlanan fonda daxil olduq. Arxiv araşdırmalarımız nəticəsində məlum oldu ki, qurultayın stenoqrafik hesabatı yoxdur. Lakin həmin konqresin yekunu olaraq və xüsusi qərarla nəşr olunmuş “Народи Востока – орган Совета пропаганди и действий народов Востока” jurnalının 1920-ci il oktyabr sayını tapdıq. Konqreslə bağlı ətraflı məlumat bu jurnalda dərc olunub. Jurnalın elektron surətini çıxarıb əldə etmişik. Biz də araşdırmalarımızı Azərbaycan Milli Kitabxanasında davam etdirdik və oradakı ən mühüm kitabların, eləcə də Bakıda nəşr olunan bəzi qəzet yazıların surətlərini əldə edə bildik.
Araşdırmamız zamanı 50 ilə yaxın arxivə rəhbərlik etmiş 80 yaşlı tarixçi alim Ataxan Paşayev, eləcə də Azərbaycan Respublikası kino və fotoxronika arxivinin direktoru Vüqar Tapdıqlı, onun müavini Aida xanım, kinooperator Y. Y.Varnovski ilə görüşdük.

Onların köməyi ilə biz qurultayın kinoxronika lentlərini tapıb nəzərdən keçirdik. Bizə lazım olanları seçdik. Qurultay heyəti, yığıncaq zalını, natiqlərin nitqlərini, qurultaydan əlavə başqa yerlərdə keçirilən tədbirlərin xronikası kinolentindən biri “Sartyanki-Uzbeki” adlanırdı.

Bu filmdə qurultaylararası fasilə zamanı çöldə danışan Türküstanlı özbəkləri, aralarında özbək araqçını geymiş Çolpanın sevinc dolu canlı görüntüsünü görmək bizi çox sevindirirdi. Tək mənim yox, bir çox başqa alimlərin də, yazıçılar və onların qohumları, dostları bu personajın parlaq mənzərəsini heç vaxt görməmişdilər. Bakıda saxlanan bu gözəl kinolentinin çox dəyərli olduğunu könül dolusu içimizə çəkdik, hiss etdik. Ona görə də xahiş etdik ki, filmi bütünlüklə köçürüb Çolpanın şəkilləri çəkilsin. Bu işi Aidə xanım əməkdaşlarla birgə həll edib bizi çox sevindirdi.

Bundan əlavə, Özbəkistandan özbək pambıqçı ailələrin Azərbaycana gətirilməsinə dair unikal məlumat tapdıq, burada pambıqçılığın yaradılması ilə bağlı sənəd və materiallar arxivin 796 saylı, 2-ci sırasında saxlanılan nadir məlumatları tapdıq. Biz 701-ci işi də nəzərdən keçirdik və ondan surətlər əldə etdik. Onlardan birində Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 8-yanvarda keçirilmiş iclasının ilk protokolu var, 23 məsələ “Azərbaycan Sovet Sosialist Respublikasına 1928-1930-cü illərdə özbək pambıqçılarının köçürülməsi” haqqında (yoldaş Bünyadzadənin məruzəsində qeyd olunur) olmuşdur.
Qərarda belə deyilir:

a. Считать необходимым в 1929/1930 г. Добиться переселения а АССР 500 хозяйств узбеков, как опытных хлопокоробов;
b. признать необходимым немедленно командировать уполноммоченного в Узбекистан для ведения переговоров о переселении означенных 500 хозяйств”.

Nəticə olaraq deyim ki, Azərbaycanın Bakı şəhərinin arxivinə elmi ezamiyyətimiz zamanı bu nadir məlumatları əldə etdik və bunun əsasında “Əndican və Azərbaycan pambıqçılarının əməkdaşlıq tarixindən” adlı məqalə hazırlayaraq “Repressiyaya uğrayan soydaşların xatirəsi” adlı kitabı çap elədik.
Beləliklə, biz Azərbaycan torpağından sevinc dolu hissıərlə qayıdan kimi, Çolpanın Əndicanda yaşayan o vaxtkı 90 yaşlı yeganə qohumu, xəstə olan Hatəm hacı Mirzəxocayevin yanına tələsdik. Hatəm ata o videonu görüb, “Dayan, dayan, bu mənim dayım Çolpanın özüdür, gəncliyi, üz cizgiləri, gözləri və boy-buxunu … eynilə dayımdır”, – deyə sevindi və yerində dirsəkləndi. Hacı ata şadlıq içində bizimlə xeyli söhbət etdi: filmə baxanda heyrətləndim.

Təxminən altmış-yetmiş ildən sonra belə böyük bir şey görmək çox xoş oldu. Şəkillərə baxanda, dörd-beş yaşlarım olan vaxtlarımda dayımı gördüyümü xatırladım, uzun boylu, kostyumda, qara qalstukda vaqondan enərkən məni bərk-bərk qucaqladığı, üzümdən öpüb hələ bir də pay verdiyi və mənim də payı alıb yüyürüb getdiyim yadımdadır. Evimiz Ənicandakı hazırdakı 24 nömrəli məktəbin yanında idi. Kinolentdə dayımın canlı vəziyyəti gözlərim önündə canlandırıldığınız üçün çox sevindik, ruhən təzələndik. Bu işi görən həmyerlimizə çox minnətdarıq”.

Bəli, sevindirici xəbərdir ki, professor Rüstəmbek Şəmsutdinovun Azərbay¬can¬da apardığı elmi araşdırmalar sayəsində filmdə Çolpanın canlı obrazı tapılıb. Bu yenilikdir. Bu gün həmin kinolent və Bakıda keçirilən “Şərq xalqları qurultayı”na aid fotolövhələr və başqa sənədlər Əndican Dövlət Universitetinin “Repressiya Qurbanları Muzeyin”də yer alıb.
Özbəkistanla bağlı nadir məlumatların Azərbaycanda tapılması və nadir irs kimi dəyərləndirilməsi də xalqlarımız arasında dostluq münasibətlərindən xəbər verir.

Mətni özbək dilindən Azərbaycan dilinə hazırladılar:
filologiya elmləri doktoru Almaz Ülvi və şair Rəhmət Babacan