Ev Bədii Başımda haqq sevdası var – Şeirlər

Başımda haqq sevdası var – Şeirlər

418

Allahverdi Təkləli

***
Saçlarından üç tel ayır,
Sinən üstə, qız, tağ elə.
Qısqan məni əsən yelə,
Qısqan məni, qıstaq elə.

Tut əlimdən halaya sal,
Daş qapılı qalaya sal.
Baxışınla bəlaya sal,
Ya da qovur cızdaq elə.

Təkləm buludda gün təki…
Sədd çək dişindən çin təki.
Məni ağzın içindəki
Dilin kimi dustaq elə.

 

***
Anlarsan məni əhli-hal,
Hal olan vaxtı, yavrum.
Kirpik ucunda göz yaşın
Xal olan vaxtı, yavrum.

Göz ki, şırğaya umsunur,
Könüldə sarı sim sınır.
Arı gül üstə sümsünür,
Bal olan vaxtı, yavrum.

Barın budağın əyməmiş,
Qorxuram ki, bir səy Məmiş
Dərər də səni dəyməmiş
Kal olan vaxtı yavrum.

Təkləli, haqdandı yaşın

Könlümün şahı sevdası,
İşimdə haqq sevdası var.
İçimdə Yahi sevdası,
Dışımda haqq sevdası var.

Dilimin hər şikəstəsi,
Ulu Haqqdandı bəstəsi.
Gündüzüm Tanrı xəstəsi,
Duşumda haqq sevdası var.

Təkləli, handa alp yaşım,
Dostun halaldı başım.
Haqqdan bəlalıdı başım,
Başımda haqq sevdası var.

Mən qurda döndüyüm gecə

O bəxt məndə haqdandı ki,
Qonşumun qızı olasan.
Mən qurda döndüyüm gejə,
Sən əmlik quzu olasan.

Yelə dönüb öpəm səni,
Tacı sanar təpəm səni.
Yaram üstə sərəm səni,
Evimin düzü olasan.

Mələksən gəzmə dörünən,
Yıxıqdı könlüm hörünən.
Tanrının mənə görünən,
Bəlkə xan üzü olasan.

 

***
Dəmirqapı-Dərbənd könül,
Yol vergil yoxlayım səni.
Mina boynuna dolanan
Qol vergil yoxlayım səni.

Sən bir ayın haləsi tək,
Mən bir neyin naləsi tək.
Dol bir mey piyaləsi tək,
Dol, vergil yoxlayım səni.

Güldür güləsini mənə,
Sözün giləsini mənə,
Ver haqq çiləsini mənə,
Bəlkə xoş yoxlayım səni.

 

***

Ustuf davran deyəmmədi lal dilim,
Güzgü idim, onun o xam əlində.
Salıb qırdı, çilikləndim min yerə,
Qəfil oldum oxam-oxam əlində.

Qazancına yenik düşsə göz – əlin,
Görərsən ki öz başındı, öz əlin.
Baxışyla evlər yıxan gözəlin,
Nə müddətdi qalıb yaxam əlində.

Təkləli der, könlüm puçur-puçurdu,
Bir ələdi, min gözündən keçirdi.
Öz yayına küsən oxtək uçurdu,
Bir də baxdı yoxam, yoxam əlində.

 

***
Əllərin əlimdə qalır hələ də,
Hələ də əlimdə ləl tuturam mən.
Kimnən rastlaşıram, görüşürəmsə ;
Sənin əllərinlə əl tuturam mən.

Getdiyin yolları, – üç tel ayırıb
Qızımın saçına hörürəm hər gün.
Ta mənim bir işim qalmaz yarımçıq,
İşimi dörd əllə görürəm hər gün.

Yenə pələsəngəm sözün əlində,
Kim isə qeybdən deyir.. yazıram.
Bu gecə yarısı sənin özünə,
Sənin əllərinlə şeir yazıram.

Əllərin əlimdə qalır hələ də…
Bəlkə də sınayır dərd əllə səni.
Hərə sevdasını bir əllə tutdu,
Qoruya bilmədim dörd əllə səni.

 

***
Yan baxıb könlümü girov götürdü,
Elə bil bir qırğı bir ov götürdü.
Birdən axirəti alov götürdü,
Yandırdı görunda atamı gözlər.

Dağ necə dumanı yal üstə tutur,
Gül necə arını bal üstə tutur.
Elə bil oğurluq mal üstə tutur,
Qəfil yaxalayır adamı gözlər.

Təkləli, sözünü xələt eləməz,
Özünü yel kimi bələd eləməz.
Əzrayıl da elə qələt eləməz,
Necə ki can alır badamı gözlər.

 

***
Bir uşaq rəsmi çək Ümmət Qaraca –
Bir az mavidən al, mordan çəhrayı,
bir az da turuncdan narıncı baxsın.
Baxsın o uşağın baxışlarından,

“Dilqəmi”, “Kərəmi”, “Zarıncı” baxsın.
Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Qürubun qanına batır fırçanı.
Ovunu haqlayan qurd nəfəsitək,
Hərdən yanı üstə yatır fırçanı.

Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Buludun üstüylə qaçan bir uşaq.
Xiffəti iməkdən təzə day duran,
Özünə gecələr vətən uyduran,
Gilənar çiçəyi açan bir uşaq.

Bir uşaq rəsmi çək Ümmət Qaraca,
Upuzun yolların yolçusu – gözü,
Qara damlarına bacadı görüm.
Gözündə lillənib qalan həsrəti,
Bu qoca dünyadan qocadı görüm.

Mənim məmləkətim budumu, bəylər

Mənim məmləkətim budumu, bəylər?
Bə niyə qaşları çatıqdı belə?
Bə niyə yanağı batıqdı belə?
Bə niyə üyüşüb üz gətirməmiş,
Qaymağı alınan qatıqdı belə?
Mənim məmləkətim budumu, bəylər?

Axı qumrudusa niyə ötməyir,
Niyə oxumayır qudusa, axı?
Niyə durulmayır sudusa, axı?
Mənim məmləkətim budusa, axı…
Mənim məmləkətim budumu, bəylər?

Gözümün tumruca yaşıdı ki, bu,
Qaralır bir kibrit başıdı ki, bu.
Qapıb tolazlayır kim hara gəldi…
Bəylər, tolamazqı daşıdı ki, bu.

Bir əldən kiçilir yanan şam kimi,
Bir əldən kiçilir, balacalanır…
Dev-dev qalaları qalacalanır.
Mənim məmləkətim budumu, bəylər?
Yoxsa gözlərimmi alacalanır?

Tural Adışirinin təqdimatında