Ev Bədii Bir dərdimi çəkəmmədin, ay gözəl – Rəssam-şairlərdən şeirlər

Bir dərdimi çəkəmmədin, ay gözəl – Rəssam-şairlərdən şeirlər

689

27 fevral – Dünya Rəssamlar Günüdür. 

Azərbaycanın iki tanınmış rəssam-şairinin şeirlərini təqdim edirik:

MƏMMƏD DƏMİRÇİOĞLU

* * *
Adam olan- edam olur dünyanın
Qəpiyinə, quruşuna bənd olub.
Eşq əhlinin gözü, könlü durulur,
Bir çiçəyin duruşuna bənd olub.

Sevən kəsin gözlərində çay gözəl,
Ürəyinə oxlar atan yay gözəl…
Bir dərdimi çəkəmmədin, ay gözəl,
Dəli könlüm bir qoşuna bənd olub.

Sevə-sevə oxşayasan Kürə sən,
Axa-axa könüllərə girəsən.
Hara gedir Dəmirçoğlu görəsən,
Bu yolların yoxuşuna bənd olub?

Dərd əhlinə avazı xoş neylərin,
Eşq əhlinə yer dayazdı, göy dərin.
Axır bir gün uçacağam, göylərin
Alabəzək bir quşuna bənd olub.

* * *
Evinizin pəncərəsi bağçaya,
Pəncərə tək açılıbdı bağ çaya.
Məni sorsan, çıx bağçaya, bax çaya
Çayda batan çilik-çilik ay mənəm.

Yuyub getdi o dağların daşını,
Görəmmədin gözlərimin yaşını.
Bağçanızın ayağını, başını
Yarpız-yarpız öpüb gedən çay mənəm.

Qərib gecə ayrılığa yoldu, bax,
Qara-qara saçlarını yoldu bax,
Pəncərədən durna səsi doldu, bax,
Köçüb gedən qatarını say – mənəm.

* * *
Sevda quluyam, azmışam,
Sevginə tuş eylə məni.
Sıx köksünə, sal könlünə,
Qəfəsdə quş eylə məni.

Neynirəm şəkəri qəndi,
Neynirəm şəhəri, kəndi,
mənim işim könülnəndi,
Könül ver, nuş eylə məni.

Qərq oldum sevda sehrinə,
Baxma qəhr olmuş təhrimə.
Qonaq gəl könül şəhrimə,
Gəl də, bihuş eylə məni.

* * *
Könül, qanlar çiçəklədin,
Çatlayan nar oldunmu heç?
Eşq ilə sevdaya vardın,
Bir kəsə yar oldunmu heç?

Verən bu dünya mülkünü,
Gələr bir gün alan günü,
Nəfsinə qul olan günü
Utanıb xar oldunmu heç?

Çiçək açır – solum deyə,
Sular axır – dolum deyə,
Bağlarda bar olum deyə
Dağlarda qar oldunmu heç?

Solan güllər solmaq deyil,
Dolan göllər dolmaq deyil,
Yaşamaq var olmaq deyil,
Dünyada var oldunmu heç?

ADİL MİRSEYİD

* * *
Bir dəli şeytan deyir
Sən də at şeirin daşını
Çıx get qara Afrikaya
Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap
Bir də köndələn daxma
Heç kimə məktub yazma
Güzgülərə də baxma

Nə din, nə dil, nə də Vətən
Hamısı çıxsın yadından
Amma bir gün uçan yerdə
Vursunlar qanadından

gecə yağışı

bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm
göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm

necə inanırdım bəxt ulduzuma
mən sözün sehrinə bel bağlayırdım
gecələr yuxuma girərdi allah
mən ona sirr verib sirr saxlayardım

nə tüfəng asılıb divardan nə saz
bəlkə öz ömrümü uydurmuşam mən
bəlkə yüz il əvvəl oynamalıydım
bəlkə bu yuxudan gec durmuşam mən

nə bir at kişnəyir nə köpək hürür
divar saatı da susub qorxuda
yüz il öncə yağan yağışın səsi
bu gecə oyadıb məni yuxudan

göylərdən qovulmuş mələyəm bəlkə
bəlkə də bir sərxoş meyxanəçiyəm
bir gecə oyandım yağış səsinə
bilmədim hardayam kiməm nəçiyəm

uzun gecənin şeiri

Bəzən vağzallarda qatar gecikir
hardasa dağlarda bahar gecikir
gecikmiş məhəbbət romanları var
aynada xatirə dumanları var

mən şeir yazıram gecə yarısı
sancır ürəyimi bir bal arısı
ağlama gözünün yaşlarını sil
gecəyə qar yağır umrumda deyil

hanı rahatlığım dincliyim hanı
o qafası sərxoş gəncliyim hanı
mən sənin ömründən çıxıb gedərəm
alnıma bir güllə sıxıb gedərəm

pəncərə önündən bir kölgə keçir
mənim gümanımdan bir bəlkə keçir
çox uzun bir gecə dekabr ayı
sanki gülümsəyir oyuncaq ayı

gəl otur yanımda səssiz sədasız
ayrılaq bu gecə qansız qadasız
son dəfə bir şeir oxuyum sənə
hər şeyi təzədən başlayaq yenə

alnımda tanrının bir qəmli şeiri

nə günahın sahibiydim belə uzun yaşadım
otuz yaş da qocalıqdı mənimçün
gicgahımda bir ağrı var
qəfil sancır gicgahımda bir damar
güllə yeridi bəlkə

bir nar çiçəyi açıb
könlümün budağında
güllə yeridi bəlkə

gözlərimdə bir qürbət qaranlığı
aydınlanan yerdəcə
içimə qorxu salan nədir birdən birə
mən səhrada tənha atlı

alnımda tanrının bir qəmli şeiri
alnımda bir öpüş yeri
güllə yeridi bəlkə

Tural Adışirinin təqdimatında