Ev Bədii Bir həsrətli baxışdan yetim qalır pəncərə…

Bir həsrətli baxışdan yetim qalır pəncərə…

1450

Aybəniz Əliyarın şeirləri

Zakir Məmmədin təqdimatında

 

***
Yenə tutmur ev – eşik,
Atım özümü çölə.
Ağacda sərçə olum,
Fəvvarədə şəlalə.

Dost axtarım özümə,
Dost gəzim bütün gecə.
Küçə pişiklərindən,
Küçə itlərinəcən…

Dinləyim sübhə qədər
Hər tini, hər divarı,
Gündüzün səs-küyündən
Yorulan qovaqları…

Gecə küssün, yenə də
Çıxarmasın cınqırın…
Qarışdırım yolların
Daşın, qumun, çınqılın…

Yenə tutmur ev-eşik,
Sığmır ürək heç yerə.
Bir həsrətli baxışdan
Yetim qalır pəncərə…

 

***
Qəşəng-qəşəng qar yağır,
şaxta da yaman kəsir.
İlk çərşənbədir həm də,
qarlı Su çərşənbəsi.

Şükür göydə Tanrıya,
yerdə bəndəyə şükür.
Torpaqları da aldıq,
düşmənin əlindəki…

Neçə gündən bir ancaq,
xəbər tutur gündəmi.
Gül körpələr doğulur
Şəhid övladı kimi…

Biri bahar xonçası,
biri bayram tonqalı…
Adamın bu xəbərdən
nəfəsi donub qalır.

Qələbənin dadını
yaşatdı bizə onlar.
Qar yağır qəşəng-qəşəng,
qəlpələrlə dolu qar…

Ürək sevinə bilmir,
yarımçıqdı sevinci…
Qar da eləcə yağır,
çərşənbələr də keçir.

 

***
Nə var yuxudu bir az,
Nə var ağrıdı həm də.
Nə var yalandı bir az,
Nə var doğrudu həm də.

Bir az ümiddi həyat,
Bir az həyatdı ümid.
Bir az təzədən təzə,
Bir az boyatdı ümid.

Hər şey ağrıyır bir az,
Hər şey bir az da gülür.
İnsan hər şeydən doyur,
İnsan hər şeydən ölür.

Sevinc hər şey deyil ki,
Qəm oldu nə var, nə yox.
Ürəyim meydan yeri,
Cəm oldu nə var, nə yox.

Bir az doğma, dost olduq,
Bir az da başqa… başqa…
Bir az gizli ağladıq,
Bir az da aşkar… aşkar…

 

***
İşıq sönüb, qaranlıqdı otaqda,
Üz ağartmır pəncərədən düşən nur.
Boş-boşuna gözləyirəm bayaqdan,
Gözlərimin işığına qəm qonur.

Divarlarda bir ayrılıq şəkili,
İşığını soyunubdu pəncərə.
Qaranlıqlar ürəyimə çəkilir,
Ürəyimdən od saçılır hər yerə.

Özümə də xoş gəlməyir ev halım,
Bir sükutun ağrısına batmışam.
Soba da yox, odun tapım, köz salım,
Yığışdırıb, çoxdan söküb atmışam.

Bu soyuqluq, bu qaranlıq yad gəlir,
Evdə sanki bir yabançı hava var.
Şəhərdəki muzeylərdə dincəlir,
Kənddən gedən mis qəfədan, samovar.

İşıq sönüb, zülmət çöküb tor kimi,
Bu tələyə düşən ova oxşadım.
Sirr deyirəm, gizləyirsə sirrimi,
Bu qaranlıq çox adamdan yaxşıdı.