Ev Bədii Biz olmayacağıq – Şirzad Kamil Xəlil

Biz olmayacağıq – Şirzad Kamil Xəlil

631

(hekayə)

Sibirin qarlı ərazisiylə, Berinq dənizinin sahiliylə gəzişərkən Vatırkin adlı bir kəndə rast gələcəksiniz. Yerli ruslar ona Xatırka deyirlər. Çukça dilində bu sözün mənası “arıq” deməkdir. Bəlkə də, bu ad torpağının bar verməyən olduğu üçün verilib buraya. Kim bilir?!
Bu məkanın toponimi də buna dəlalət edə bilər, çünki Vatırkanın sakinləri əkinçiliklə deyil, balıqçılıqla məşğul olurlar. Bu onların əsas işidir və dolanmaq üçün yeqanə vasitədir. Kəndin aşağı hissəsində Vatırkan çayı axır. Bu səsli-küylü çayın suyu buz kimi, dibi isə balıqla doludur. Bu Vatırkan balıqçılarına həm balıq ovuyla, həm balıq emalıyla məşğul olmağa imkan verir. Bir qədər təcrübəli balıqçılar hətta Berinq dənizinin sahilində də balıqçılıqla məşğul olurlar. Sonra bütün əldə edilən balıq Meynıpilqıno kəndində yerləşən konserv zavoduna aparılır və orada emal edilir. Vatırkan balıqçıları ordan pul və ərzaqla qayıdırlar. Bütün bunları sizə ona görə danışıram ki, günlərin bir günündə tale məni Vatırkana aparıb çıxarmışdı.

O gün səmanın rəngi boz idi, ətraf qara bürünmüşdü.Əslinə qalsa bu əhvalat hələ Anadırda başlanmışdı. Orada mən Akana adlı bir vatırkanlı qızla tanış olmuşdum. Bu qarabuğdayı, saçları qızılı rəngə çalan, xumar gözlü qız məni necə özünə çəlb etdiyini indi də anlaya bilmirəm. Sifətindən mülayimlik və mərhəmət yağan bu qız mənə o qədər əziz idi ki, həyatımı artıq onsuz təsəvvür etmirdim. Akanasız yaşanan hər gün mənə dözülməz görünürdü. Qızın da mənə qarşı laqeyid olmadığını bilsəm də ona ürəyimi aça bilmirdim. Lakin bir gün mən bunu etməyə məcbur oldum, çünki Akana dedi ki, o həmişəlik Vatırkana köçmək fikrindədir. Gələcək ayrılığı düşündükcə ürəyim paramparça olurdu.

– Mən getməliyəm… atam Kukki məni evə çağırır. O çox qocadır. Hələki səhhəti normaldıır və ağlı başındadır, məni ərə vermk istəyir,- deyə qız mənə vəziyyəti bildirdi. Mən hiss edirdim ki, indi ona ürəyimi açmağın əsl vaxtıdır
– Akana! Elədirsə, onda sən elə mənə ərə get. Axı mən səni sevirəm,- deyə mən dilləndim.
– Bilirəm,- qız yavaşca cavab verdi,- amma mən sizin təklifinizi qəbul edə bilmərəm.
– Niyə? Məni niyə rədd edirsən? Axı sən də mənə qarşı laqeyid deyilsən…
– Elədir, amma…- deyə qız əlləriylə üzünü bağlayıb ağlamağa başladı və:
– Əgər mən çukça və yaxud rus olsaydım mən razılaşardım. Lakin mən, kerekəm!

– Kereksən?- deyə mən təəccübləndim.
Düzünü deyim ki, mən indiyə qədər bu xalqın nümayəndəsiylə görüşməmişdim. “Bəlkə bu çukçaların yüksək təbəqəsidir,”- deyə mən düşündüm.

– Nə olsun ki? Sən məni özbək olduğum üçün rədd edirsən? Bizdə də belə ola bilər. Məsələn, peyğəmbər nəslinə aid olan eşonlar öz qızlarını adi insanlara ərə verirlər. İnan mənə, bunlar hamısı boş şeylərdir. Hamımız insanıq, hamımız Adəm bə Həvvadan əmələ gəlmişik. Bu sözlərə nə gərək var axı?
– Yox, Avaz. Siz məni düzgün anlamadınız. Mən sizdən milliyətinizə görə niyə imtina edim axı? Siz özbəklərsiniz, biz kereklərik. Siz hara biz hara. Yox. Məsələ bunda deyil,- deyə qız cavab verdi.
– Bəs onda nə?
– Biz kereklər ən az saylı, demək olar ki, yox dərəcəsində olan xalq hesab edilirik. Bu barədə olan statistik məlumatlar çox acınacaqlıdır. Antropoloqlar bizi planetin 10 ən azsaylı xalqları siyahısına salıblar.
– Nə qədərsiz ki?- deyə mən ümidsiz halda soruşdum.
– Cəmi 8 nəfıər…. bu bizim xalqın faciəsidir. Biz bir azdan yox olacağıq . Anlayırsınız?
– Akana, mən sənin acını anlamağa çalışıram. Kereklərin faciəsi əlbəttə ürək açan deyil, ancaq mən öz həyatımı sənsiz təsəvvür edə bilmirəm. Mənə şans ver…- deyə mən dərindən nəfəs aldım.

– Yox ! Mən yalnız kerekə ərə getmək məcburiyətindəyəm. Burda artıq belə bir insan var. Mənim atam Kukki çox istəyir ki, biz evlənək,- deyə qız gözlərini qaldırmadan izah etdi .
– Bəs bizim sevgimiz?- mən az qala ağlayaraq soruşdum.
– Xalqımın gələcəyindən söhbət gedirsə, mən öz sevgimdəm imtina edə bilərəm. Xahiş edirəm məni anlayın və bağışlayın,- deyə qız ağlayaraq məndən uzaqlaşdı.
Sonra Akana Vatırkana getdi. Mən isə ürəyi, qəlbi sınıq halda Anadırda qaldım və düz bir həftə özümə gələ bilmədim.
Akananın varlığı məni sanki izləyir, sakit buraxmırdı. Ayrılığa dözməyib Akananın dalınca Vatırkana getdim.
Xaçxatain qəsəbəsinə qədər vertolyotla sonra maşınla getdim. Dizel stansiyasında çalışan Mişa adlı rus oğlan mənim bələdçim oldu. Vatırkan haqda təəssüratım çox qəribə oldu. Hər yerdə taxta evlər və qarın, yağışın altılda qalıb qaralmış hasarlar. Elə təəssürat yaranır ki, sanki kənddə nə vaxtsa yanğın baş verib. Sarısaçlı Mişanın dediyinə görə kənddə ruslar və çukçalar yaşayırlar. Mən ondan kereklər haqda soruşanda o çiyinlərini çəkib sualıma sualla cavab verdi.
– Bəlkə də var. Nəyinə gərəkdi onlar?
– Mən antropoloqam. Azsaylı xalqların tədqiqatıyla məşğul oluram,- deyə yalan danışdım.

Yeni tanışıma “dünyanın o başından bura məni sevgi gətirib” deməyə cürətim çatmadı. Bəlkə də dərin, səmimi hisslərin çox az olduğu bir zamanda mənim qəhrəmanlığım anlaşılmaz görünərdi.
Kəndə girəcəkdə Mişa soruşdu:
– Ey, antropoloq! Harda yaşamaq fikrin var?
– Heç bu haqda düşünməmişəm,- deyə bir qədər özümü itirdim.
– Gəl gedək bizə. Mən tək yaşayıram. Mənimlə qalarsan. Arvadım Nika qəsəbədə qalıb. Vatırkanı bəyənmir. Ona görə bura az-az gəlir. Gündüzlər mən işdə oluram. Qala bilərsən mənimlə.
Bu oğlanın genişürəkliliyi məni valeh etdi. Vətəndən, ailədən uzaq düşdükdə yad adamın xeyirxahlığı insanı daha çox sevindirir. Bir daha Yaradana şükür edirsən belə hallarda.
Beləliklə, mən Mişanin evində qalası oldum. Taxtadan tikilmiş bu daxma vatırkanın başqa evlərindən heç nə ilə seçilmirdi.

– Bu mənim xalamın evidir. Darya xala 10 ildir ki ölüb, evi də mənə qalıb,- deyə Mişa izah etdi.
– Aydındır,- deyə mən gülümsündüm.
Mişagildə yerimi rahatladıqdan sonra mən kəndlilərdən kereklilər və Akana haqda soruşdum. Çukçalardan biri mənə diqqətlə baxıb:
– Sən Kukkinin qızı üçün gəlmisən? Sən bir qıza bax! Deməli ər axtara-axtara Anadıra da gedib çıxıb! Kukki də deyir ki, kereklərin sayını çukçalar azaldırlar. Bir bilsəydi qızı nə oyunlardan çıxır!- deyə kişi bic- bic gözlərini qıydı.
Başqa vaxt olsaydı həmsöhbətim bu həyasızlığa görə məndən bir-iki qəşəng zərbə alardı. Amma indi mən özümü ələ almağa çalışırdım, çünki o, mən axtardığım adamları tanıyırdı. Məhz həmin adam mənə Kukkinin evini göstərdi və mən dərhal ora yollandım.
Kerqitaqin küçəsində yerləşən köhnə, sökük-salxaq bir evə gəlib çıxdım. Burada mənim xəyallarımın arzusu olan qız atası Kukki ilə bir yerdə yaşayırdı.

Qapını mənə Akana açdı. Qarşısında onu sevən adamı görüb sevindi, lakin tezliklə bu sevinc qorxu və narahatlıqla əvəz olundu.
– Gəldiniz demək,- deyə qız narahat oldu.
– Atanla danışmaq istəyirəm!- deyə mən qətiyyətlə cavab verdim.
Akana məni atasının yanına ötürdü. Kerek dilində Kukki qarğa deməkdir. Kukki və onun arvadı Mita barədə dillərdə gəzən əfsanə bu xalq haqda bildiklərimdən ən maraqlısı idi. Arvadı bu dünyanı çoxdan tərk etmiş Kukki, heç də əfsanə qəhrəmanına bənzəmirdi. Ailəsi haqda mənə hələ Anadırda orakən Akana danışmışdı. Kukki mən təsəvvür etdiyimdən də yaşlı idi. Çox güman ki,onun əsl yaşı Yaradandan başqa heç kimə məlum deyil.

Mənim Akananı sevdiyim və onunla evlənmək arzumu və etirafımı sakitcə dinlədikdən sonra qoca əsəbi halda soruşdu:
– Sənin millətin nədir, oğlan?
– Mən özbəyəm !- deyə qürurla cavab verdim.
– Özbəklər yaxşı xalqdır. Onlar haqda çox eşitmişəm. Səninlə söhbətim bunu bir daha təstiq etdi. Ancaq bir həqiqəti anlamağa çalış. Mənim qızım yalnız kerekə ərə gedəcək. Sən gərək bura gəlməyəydin. Akananın başqa seçimi yoxdur.
– Amma mən sizin qızınızı sevirəm.
Kukki gülümsədi, lakin üzündəki təəssüf hissini gizlədə bilmədi. Sonra qoca mənə ürəyini açdı.
– Bu yersiz eşq macəralarına görə bizim xalq batır. Bu yaxınlarda bir rus tanışım mənə dedi ki, müharibədən sonra kereklərin sayı 100 nəfərə çatmışdı. Düşünürəm ki, o vaxt hələ bizim xalqı xilas etmək olardı. Təəssüf ki, biz o şansı əlimizdən verdik. Biz gərək uşaqlarımızın sayını artıraydıq, qızlarımızı ancaq kereklərə ərə verəydik, qəbilə şəklində yaşayaydıq. Başqa millətlərə qızlarımızı ərə vermək əvəzinə gərək çox arvadlılığı qəbul edəydik. Amma biz hər şeyi əksinə etdik. Və nəticədə nəyə nail olduq? Çukçalar nəhəng bir balina kimi bizi uddular. Mənim rus tanışım buna assimilyasiya deyir. Mən bilirəm ki, biz əvvəllər çox olmuşuq. Tədricən biz başqa xalqların içində ərimişik. Köçkünlük, epidemiyaılar, təbii kataklizmalar, müharibələr və bax belə aşiqlər bizim qızlarımızı aparırdılar və bu prosesi daha da sürətləndirirdilər.

– Böyük Vətən müharibəsi başlayanda mənim atam yalvarırdı ki, kerekləri cəbhəyə aparmasınlar. Onda Timofey Vozduxov adlı bir komandir atamı sakitləşdirib dedi:
– Elədirsə bir nəfər də kerekli cəbhəyə getməyəcək. Sonra da öz əsgərlərinə əmr etdi:
– Əlində silah tutmağı bacaran bütün kerekliləri məhv edin! Dayanmadan! Onlar cəbhəyə getməyəcəklər!
– Elə təkcə bu kifayət etdi ki,bizim çoxumuzu məhv etsinlər. Bəli, bizim oğullarımızı cəbhəyə aparmadılar. Onlar elə öz vətənlərində öldülər. Kim bilir… Bir azdan bizi barmaqla sayacaqlar. İndi çəmi 8 nəfər kerekli qalıb.O da ancaq Vatırqanda,Meynıpilqınoda və Xaçxataində. Başqa kəndlərdə kereklilər heç qalmayıb. Amma bir zaman bizim sayımız 1000 çatırdı. Ola bilsin ki, bir müddətdən sonra kereklilər tamamilə qırılsın. Amma nə qədər ki, biz varıq və öz dilimizdə danışırıq, biz öz xalqımız uğrunda mübarizə edəçəyik. Ona görə də siz məni anlamalısınız. Mən qızımı sənə ərə verə bilmərəm. Məhəbbət! Sevgi! Xahiş edirəm get və bir də buralara gəlmə. Ola bilsin ki, bir zaman buralara yenidən gələrsən, amma onda biz daha olmayacağıq. Akana, ötür qonağı…

Kukkinin yanından çıxanda sanki ürəyimdən iri bir daş sallanmışdı. Onun həqiqətinin qarşısında mənim sevgim heç nə idi. Bu həqiqətə artıq mən özüm də inanmağa başlamışdım. Evdən çıxanda mən son dəfə Akananı qucaqlayıb öpdüm. O müqavimət göstərmədi. Onun badamı gözləri dolmuşdu.
– Tez gedin burdan, çox soyuqdur. Bir azdan qaranlıq düşəcək,- deyə qız narahat olaraq ətrafa baxdı.
Onu hələ də qollarım arasında tutaraq:
– Akana, mən hər şeyi anladım. Mən burda qalmamalıyam. Mən gedirəm. Sən mütləq kerekliyə ərə get. Məni unut. Biz artıq bir-birimiz üçün yoxuq,- dedim.

Mən onunla sağollaşıb getdim.Bir daha geri dönmədim. Akananın ağlamağını eşitsəm də artıq vəziyyəti dəyişmək gec idi. Kəndin sakit küçələriylə addımladıqca iri qar lopalarının yerə yağdığını gördüm. Gecə olsa da səma açıq və aydın idi…