Ev Bədii Bu dünya eşq qoxuyar – Xəyal Rzanın şeirləri

Bu dünya eşq qoxuyar – Xəyal Rzanın şeirləri

422

Ay qapımı döyən qız

Ayaqlarım yerimir,
Səsə qaça bilmirəm.
Ay qapımı döyən qız,
Qapı aça bilmirəm.

Dayanmadan döyürsən,
Sanırsan ki, karam, kar.
Son gedən bərk bağlayıb,
Vallah odur günahkar.

Bu qapı taxta deyil,
Necəsə sındırasan.
Bu qapı qanan deyil,
Söz ilə qandırasan.

Könül qapısıdı bu,
Açılmaz hər döyənə.
İnan ki, bel bağlamır,
Hər sevirəm deyənə.

Ayaqlarım yerimir,
Səsə qaça bilmirəm.
Daha döymə qapımı,
Gəlib, aça bilmirəm.

Qırmızı

Həsrət – qara rəngdədir,
Kədər – boz rəngdə…
Ümid – mavi rəng,
Nə qəribə ahəng?!
Sarı – qəribəlikdir…
Ağ – xoşbəxtlik…
Yaşıl – inamdır,
Qalx bir süfrə aç,
Şam yandır.
Sevginin rəngi – QIRMIZI,
darıxma,
Döyər qapımızı…

Evsiz qapı

Salam, yaşıl qapı
Salam, ağ qapı
Köhnə dəmirlərdən
Cağbacağ qapı
Hələ qırmızısı
Sarısı da var
Yarını gözləyən yarısı da var
Sökülmüş uçulmuş köhnə evlərdə
Xəstə, əldən düşmüş qarısı da var…

Salam, evli qapı
Salam, dul qapı
Salam, ağa qapı
Salam, qul qapı
Atılsan kimsənin vecinə olmaz..
Satılsan yox yerdən dolar pulqabı

Salam həyət qapı
Salam yol qapı
Salam, qabaq qapı
Salam, dal qapı
Nəzərdən, fitnədən
Uzaq ol deyə
Boynundan sallanan
Qara nal qapı

Salam, otuz doqquz
Salam, qırx qapı
Salam, söyülməkdən
Üzü tökülmüş
Hər gün min təpiyə
Qonaq edilən
Səbirli, təmkinli,
Ay qırıq qapı

Salam, yaxşı qapı
Salam, pis qapı
Salam, paslı qapı
Salam, his qapı
Salam, qızıl qapı,
Salam, mis qapı
Salam, qara qapı
Avara qapı
Salam, köçkün qapı…
Tər-təmiz qapı.
Salam, evsiz qapı
Ən əziz qapı

 

***
Bu dünya eşq qoxuyar…
Ümidi sındıranlar,
Böyük günah yiyəsi…
Bu gecə gözlərindən,
Gecə qara geyəsi…

Qaranın da ağ günə,
Çıxmağı ağ yalandı.
Qəm eyləmə, çoxunun,
Ömrü belə talandı…

Səhərin gözü kordu,
Görməsə – haqqı çatar!
Bəxt də günəş kimidi,
Gah doğar, gah da batar…

Kor olsa da sevginin
gözləri – eşq oxuyar!
Hər kəs od tutub yansa,
Bu dünya EŞQ qoxuyar!

Səni axtarmağı sevirəm

Necə sevirmişəm axtarım səni,
Gözlərim dörd gəzsin səni hər yerdə.
Başqası özünə dərd eləyərdi,
Mənsə, vurulmuşam bu acı dərdə.

Sevirəm arxanca düşdüyüm zaman,
Keçdiyin yollarda qalan qoxunu.
Sevirəm gecələr yatdığım zaman,
Dəvətsiz gəldiyin şirin yuxunu.

Səni axtarmağı sevirəm ancaq,
Bəlkə də rast gəlsəm, ucuzlaşarsan.
Bəlkə də tapdığım, gördüyüm zaman,
Gözümdən düşərsən, cılızlaşarsan…

Dəymə, qoy axtarım bir ömür boyu,
Gözlərim öyrəşib yolda qalmağa.
Heç yerdə, heç harda rastıma çıxma,
Mənsə, davam edim kölgən olmağa.

Yağma yağış

Yağma yağış,
Sən yağanda xatirələr düşür yada,
Sən yağanda sənlə birgə ürəyimə yağır o, da.

Yağma yağış,
Gəl ağlama için-için,
Mən dərdimi sənə deyim,
Sən də danış,
Ağlayırsan axı neyçin?!
Yoxsa sən də dərd çəkirsən mənim kimi,
Sənindəmi ürəyinin qırılıbdır sarı simi?!
Mən yağmıram səndən də çox,
Dərd yükünü çəkə-çəkə.
Mən yağmıram bu dərd ilə,
Hər gün biraz çökə-çökə.
Yağmıram ki, yar bilməsin,
Yağmıram ki, yar gülməsin,
Nə hallara salıb deyə,
Mənim boyda bir adamı,
Yağsam çatacaq dadamı?!
Yağma yağış, yağma yağış!
Qulaqlarım kar olacaq,
Guruldama yavaş danış.
Qismətini Tanrı yazıb,
Talehinlə daha barış,

Yağma yağış!
Hə… Bax belə…
Yağmayanda daha gözəl görünürsən,
Yağmayanda başqa qəmə bürünürsən.
Yağmayanda sirr qalırsan,
İnsanları düşündürüb,
Min marağa salırsan.
Qoy elə bu gündən belə,
Yar ağlasın, yar yağsın.
Məndən ötrü, səndən ötrü, ondan ötrü,
Ağ gəlinlik dondan ötrü,
Xoş sevincli sondan ötrü,
Yar aglasın, yar yağsın!
Köz basaraq sinəsini dağlasın.
Yağma yağış, yağma yağış,
Daha yağmamağa çalış.

Bozqurd

Zülmət gecə…
Göy üzündə saysız ulduz…
Qaranlığı yarıb gələn birisi var,
Bir canavar… tənha, yalqız…
Ayağının altındakı yer titrəyir,
Qarşısına çıxsa əgər şir titrəyir.
Ona ancaq düşmən olan olar yemi,
Baxışları ən qorxulu güllə kimi.
Yorulmadan, usanmadan addımlayıb,
Uca dağın zirvəsində qərar tutur.
Bu məkanın kirlənməmiş havasından,
Biraz udur.
Məğrur başın qaldıraraq o ulayır,
Birdən ayın işığında, boz tükləri parıldayır.
Hə, bu bozqurddur…
Ayağının altındakı doğma yurddur.
Ulu Türkün xilaskarı bu bozqurdu,
Tanımayan varmı görən?!
Ayağının altındakı Türkün yurdu,
Tanımayan varmı görən?!
Bəs kimlərdir parçalayan bu torpağı, iki bölən?!
Zülmət gecə… ölü sükut…
Bu sükutu pozan bir səs peyda olur,
Zülmət gecə bulud kimi bu səs ilə bir an dolur.

Auuu…! Auuu…!
Qoy açılsın Türkün yolu,
Bükülməsin Türkün qolu!
Auuu… auuu…
Bədənimdə axan qanım cuşa gəldi,
Türkəm deyə, bu hayqırtı xoşa gəldi.
Auuu…! Auuu…! Ürəyim bu səslə dolu.
Bozqurd sənsən, bozqurd mənəm,
Bu qurd kimi düşmənimi bir gün yenəm,
Auuu…! Auuu…! Qoy açılsın Türkün yolu,
Bu niyyətdən, bu məqsəddən çətin dönəm.

Auuu… Auuu… Qoy ucalsın bu səs göyə,
Nə mutludur o kəslər ki,
Türkəm, Türkəm, Türkəm deyə!
Yol ver Türkün bayrağına,
Qoy döşənsin düşmənləri,
Ulu Türkün ayağına!
Hayqır, susma, sən də ula,
Xəbər çatdır sağa, sola.
Bozqurd hirsi yaman olur,
Səbri bitən zaman olur.
Pəncəsindən qığılcımlar saçılacaq,
Dışlərindən iti güllə açılacaq.
Diz çökəcək qarşısında hər kəs o an,
Bax o zaman, gec olacaq!
Çünki bozqurd vermir aman.
Bükülməzdir Türkün qolu,
Qoy var olsun Türkün yolu,
Auuu…! Auuu…! Auuu…!

Tural Adışirinin təqdimatında