Ev Xəbərlər Buludxan Xəlilov: “… onlar dili tətbiq edərkən ayrı-ayrı mütəxəssislərlə hesablaşacaqlar”

Buludxan Xəlilov: “… onlar dili tətbiq edərkən ayrı-ayrı mütəxəssislərlə hesablaşacaqlar”

321

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, Dövlət Dil Komissiyasının üzvü, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, ədəbi dil pozucularına qarşı cərimələrin tətbiqi bu sahədə mövcud problemlərin həllində mühüm rol oynayacaq. “Ümumiyyətlə, respublika ərazisində müxtəlif  lövhələrdə, tablolarda, reklamlarda dil normalarına lazımi qaydada riayət edilmir. Burada ədəbi dil qaydaları pozulur və bu da ölkə ictimaiyyətinin diqqətini cəlb edir. Hətta onu da demək lazımdır ki, bu məsələ nəinki dilçi mütəxəssisləri, bütövlükdə, ölkə ictimaiyyətinin hər bir üzvünü narahat edir, onlar ədəbi dil normalarına riayət edilməsini tələb edirlər. Bu səbəbdən də Nəsimi adına Dilçilik İnstitutunun ədəbi dil qaydalarının pozulması ilə bağlı cərimələrin tətbiqinə dair hazırladığı layihə, təklifin Nazirlər Kabineti tərəfindən qəbul edilməsi təqdirəlayiq işdir. Bu istiqamətdə Baltikyanı ölkələrdə çox böyük bir təcrübə var. Uzun müddətdir o ölkələrdə ədəbi dil normalarını pozanlar cərimə olunur. Dil normalarının praktik olaraq həm şifahi, həm də yazılı istifadəsi pozulursa, orada buna yol verənlər cərimələnir. Bu təcrübə var və Azərbaycanda da bunun tətbiq olunması çox qanunauyğun bir haldır. Burada narahat olmağa dəyməz. Bəzən vətəndaşlar narahat olurlar ki, dil qaydalarını pozan təşkilat və müəssisələrlə yanaşı, onlara da aid edilə bilər. Xeyr, aid deyil. Cəmiyyət bilməlidir ki, bu onlara tətbiq edilməyəcək. Bu cərimələr ədəbi dil qaydalarına riayət etməyən və müxtəlif reklam tablolarında, bazar və dükanların üzərindəki yazılarda qaydaları pozanlara aid olunacaq. O qurumlar, təşkilatlar ki, ədəbi dil normalarına riayət etmirlər. Azərbaycan ərazisində kifayət qədər təşkilat, müassisə, qurum var ki, onların üzərindəki yazılarda bəzən dil qaydaları pozulur, eyni zamanda, Azərbaycan dilinin imkanları düzgün tətbiq olunmur, eləcə də Azərbaycan dilinin dövlət dili olması imkanlarına düzgün  əməl olunmur. Ona görə də təşkilatlar, müəssisələr cərimələnəcəklər”.

Bunun da faydasız olmayacağını deyən B.Xəlilov hesab edir ki, bu ona gətirib çıxaracaq ki, dildən istifadə edən müəssisələr, təşkilatlar, qurumlar dilçi mütəxəssislərin tövsiyələrindən istifadə edəcəklər, nəticədə isə problem öz həllini tapacaq. “Bu da ölkə ərazisində reklamlarda, tablolarda, müxtəlif küçə-bazarlarda müəssisələrin, təşkilatların dil qaydaları tətbiq edilərkən normalara riayət etməsinə geniş imkan yaradacaq. Bir məqama aydınlıq gətirmək istəyirəm. İnsanlar elə bilirlər ki, danışarkən şifahi nitqdə dil qaydalarını pozsalar, onlar da cərimələnəcəklər. İlkin mərhələdə bu cərimələr dil qaydalarına düzgün əməl etməyən müəssisə, təşkilat və qurumlara tətbiq ediləcək ki, onlar səhvlərini düzəltsinlər. Bu da onunla bağlı olacaq ki, ayrı-ayrı müəssisələrdə, təşkilatlarda, yerli icra orqanlarında dilçi mütəxəssislərdən istifadə olunacaq. Yerli icra orqanlarına dilçi mütəxəssislərin cəlb edilməsinə çox böyük ehtiyac var. Bu mənada ki, bu dilçi mütəxəssislər ayrı-ayrı icra strukturlarında, inzibati ərazilərdə dil qaydalarına əməl olunmasına nəzarət etməli və bu məsələdə qurumlar dilçilərlə məsləhətləşməlidirlər. Dil qaydalarının pozulub-pozulmamasını onlardan öyrənməlidirlər. Bunun nəticəsində də müxtəlif bölgələrdə, rayonlarda, mərkəzi şəhərlərdə dil qaydaları düzgün tətbiq olunacaq. Cərimələrin tətbiqi də, bir növ, icra strukturlarını, dili tətbiq edən müəssisə və təşkilatları məsuliyyətə cəlb edəcək və onlar dili tətbiq edərkən ayrı-ayrı mütəxəssislərlə hesablaşacaqlar”.

B.Xəlilovun fikrincə, hansısa rayon ərazisində reklam lövhələri hazırlanarkən qurumlar mütəxəssislərlə məsləhətləşəcək və bu da işin xeyrinə olacaq. Cərimələrin tətbiq edilməsi ərazi idarəetmə orqanlarının məsuliyyətli olmasına səbəb olacaq. O qeyd etdi ki, Monitorinq Mərkəzinin noyabrın 1-də fəaliyyətə başlaması da faydalı olacaq. “Bu barədə ölkə başçısının sərəncamı olacaq. Monitorinq Mərkəzinin fəaliyyətə başlaması bu sahənin nizama, qaydaya düşməsinə səbəb olacaq. Bu sahə nəzarətə götürüləcək” – deyə B.Xəlilov vurğuladı.

İradə SARIYEVA