Ev Bədii Çəkilib hər yerdən, sözdə göründüm – Şeirlər

Çəkilib hər yerdən, sözdə göründüm – Şeirlər

322

Zakir MƏMMƏD

***
Bu, Allahın qismətidir,
Yazılanlar ta yazılıb.
Sevənlərin ayağına
Həmişə xəta yazılıb.

Yaza nə var, qışa nə var!
Ya yel əsər, ya gilavar.
Ürəyimdə qabar-qabar
Bütün qan-qada yazılıb.

Bu dağda ki dağdı hələ.
Köhnə bağlar bağdı hələ.
Zakir Məmməd sağdı hələ –
Bir yerdə bu da yazılıb.

 

***
Ürəyindən keçənlərin
İçində ola bilsəydim!
Sən yüz ölçüb, bir biçəndə
Biçində ola bilsəydim.

Gözündə ucala bilsəm,
Mən bunu bacara bilsəm!
Dərsindən üç ala bilsəm…
Vecində ola bilsəydim.

Çox götür-qoy edəcəksən.
Axır, kama yetəcəksən;
Sən də köçüb gedəcəksən.
Köçündə ola bilsəydim!

Yol

Bu yolu gəl gedək, izn ilə gedək.
Bir az ağır-ağır, hüzn ilə gedək.
Beş ilə, on ilə, yüz ilə gedək;
Gedib çıxa bilək mənzil başına.

Bu yol haqq yoludur, düz adam gedir,
Qoşulub hər yerdən yüz adam gedir.
Bu yolu başacan az adam gedir,
Gedib çıxaq gərək mənzil başına.

Getdikcə bu yol da qurtaran deyil.
Yol gedən – yol kəsib artıran deyil.
Bu yol gedənləri qaytaran deyil.
Aparıb çatdırar mənzil başına.

İlahi qüvvə

Fələyin cəhrəsi, sapı da mənəm,
Bu evə, bu göyə qapı da mənəm.
Qoyub saxlamağa qabı da mənəm.
Məndən az o yanda ilahi qüvvə.

Bir zaman bir dəli atında gəzdim;
O uzaq dağların ardında gəzdim.
O uca göylərin altında gəzdim.
Üstümdə dayandı ilahi qüvvə.

Dildədir soyuqda, istidə Allah.
Dildədir şəfada, xəstədə Allah.
Fikrimin altı da, üstü də Allah.
Məni saxlayan da ilahi qüvvə.

Dərində yaşadım, üzdə göründüm.
Əyri də göründüm, düz də göründüm.
Çəkilib hər yerdən, sözdə göründüm.
İçimdə oyandı ilahi qüvvə.

 

***
Məndən hələ də gen gəzib
Əllərimdən tutan sevgim.
Uyub vaxtın dillərinə
Baxtını unudan sevgim.

Qalxar bir dağın başına.
Dönər o yerin qışına.
Könlümün isti aşına
Soyuq sular qatan sevgim.

Bu könlüm nələr etmədi…
Bu eşq dastanı bitmədi.
Yəqin, kamala yetmədi
Bu ağılsız nadan sevgim.

Gözəllər gözəli

Döydüyüm qədim qapının
Ardında gözəllər gözəli.
Yardıma çox ehtiyacım var,
yardımda gözəllər gözəli.

Gözəllər gözəli, dünyada
iş aşırmaq nə gözəlmiş!
Fəsil-fəsil qışda-yayda
yaşamaq nə gözəlmiş!

Bir dəfə bir çöp yandırıb
keçərəm o işıqda burdan.
Adamlar işıq aparırlar
köçüb gedəndə yurddan.

Gözəllər gözəli həyat,
yatan könülləri oyat!

 

***
Yuxarı bağda sənsən,
Gələrəm güllər dalınca.
Mən bir anasız uşağam,
Qaçaram ellər dalınca.

Sözmü düzmüsən yaxana?
Söz paylayırsan baxana.
İzn versəydin yaxına,
Düşməzdim çöllər dalınca.

Nə desən, baldı, – deyirlər,
Sənə halaldı, – deyirlər.
Sevgiyə: laldı, – deyirlər,
Düşmüşəm lallar dalınca.

 

***
Nəfsim min dağ dolaşır,
Allahım birdi, gözəl;
Sənə: sevirəm,- demək
Nə böyük sirdi, gözəl!

Bu, necə ömürdü ki,
Sıxır təkliklər məni.
Dörd yanım qayalıqdır,
Ötür kəkliklər məni…

Ən böyük qəlb içində
Ən böyük əsirlər var.
Yenə Allaha şükür,
Nə yaxşı bu sirlər var..

 

***
Qoy sənə tamaşa edim
Hündür yerdən düş aşağı.
Dünyayla sövdəmiz çoxdu,
Beş yuxarı, beş aşağı.

Yol qoy, çoxdu gedən-gələn,
Mən Kərəməm, bu eşq lələm.
O qədər ləngəm, tənbələm,
Göydən baxır eşq aşağı.

Sev məni, axı adamam,
Mən bir az ağır adamam.
Gəlmişəm, fağır adamam,
Dayanmışam başaşağı.

 

***
Bu yer də qutu kimidir.
Alıb bir qutu göndərək.
Dünya lotuluq eləsə,
Biz də bir lotu göndərək.

Himayə edir oğrunu.
Dünya itirib ağlını.
Döyüşə Qoç Koroğlunu,
Bir də Qıratı göndərək.

Bu, BMT, bu da NATO.
Haqqa qoyulub kvota.
Düşmənə təcili nota,
Dosta bayatı göndərək.

Hər adama bir ad verib.
Uçmağa qol-qanad verib.
Allah bizə həyat verib,
Biz də həyatı göndərək.

 

***
Göyün sən baxan yerindən,
Bir ağ ulduzla qayıtdım.
Dünyayla duz-çörək kəsdim,
Əlimdə duzla qayıtdım.

Dön dağa, dağı qucaqla,
Ana torpağı qucaqla,
Könlünü buz kimi saxla,
O dağdan buzla qayıtdım.

Dünyada bərkidim, bişdim,
Yeddi qat quyuya düşdüm,
Bir gün ayağına düşdüm,
Yanına sözlə qayıtdım.

Tural Adışirinin təqdimatında